03 dekabr 2024 tarixində Xəzər Universitetində Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz başlıqlı elmi konfransda 16 məruzə və çıxış dinlənildi, aktiv müzakirə edildi.
Konfrans iştirakçılarının ortaqlaşa gəldikləri nəticələri istimai fikrə təqdim edirik:
Sovet dönəmində formalaşmış rəsmi Azərbaycan tarixçiliyi yad rejimin diqtəsi ilə ifrat dərəcədə ideologiyalaşdırılmış və siyasiləşdirilmiş, tariximiz obyektivlikdən uzaq şəkildə təqdim edilmişdir. Tarix elmi qarşısında milli kimliyi saxtalaşdırmaq, təhrif etmək vəzifəsi qoyulmuşdur. Milli şüura sahib tarixçilərimiz gerçək milli tariximizin yaradılması üçün fədakarlıq etmişlər, milli mövqedə durduqları üçün də təqiblərə məruz qalmışlar.
Müstəqil Azərbaycanda Sovet tarixçiliyinin yaramaz təsirlərindən və konsepsiyalarından qurtarmaq üçün müəyyən addımlar atılmışdır. Milli tariximizin adekvat təsvir və təhlilinə yönəlmiş onlarla kitab, yüzlərlə məqalə yazılmışdır. Müsbət meyllərin olmasına baxmayaraq Sovet dönəminin qalıqları hələ də ortadadır.
Konfrans iştirakçıları vətəndaşların tarix şüurunun problemli olduğunu qeyd etmiş, ayrı-ayrı tarix faktı haqqında fikirlərini bölüşmüşlər. Tarix elminin elmi prinsiplərə dayanmalı olduğu vurğulanmışdır. Tarix məsələlərinin daha geniş miqyasda müzakirəsi arzu edilmişdir.
Üçüncü Türkçülük Calışmaları iştirakçıları; milli tarix elminin və şüurunun indiki durumundan narahat olduqlarını bildirir, bu sahədə kəskin dönüşün yaranmasını millətləşmə sürəcinin imperativlərindən biri sayırlar.
Bakı, 03 dekabr 2024.