M.Ə. Rəsulzadəni (1884-1955) yenidən kəşf etməyimizdən 30 ildən artıq vaxt keçır. Rəhmətlik Mövsüm Əliyevin Rəsulzadə mövzusunda yazdığı (bildiyim qədərincə ilk yazı) məqalədən aşağı-yuxarı 35 il keçir. Bizim də Rəsulzadənin xatirəsinə həsr etdiyimiz kitabın yayımından tam 34 il keçir. Uzun illər keçməsinə, bu böyük şəxsiyyət haqqında irili-xırdalı minlərlə yazının çıxmasına baxmayaraq, hələ də Rəsulzadə irsinə sahib olmaq sahəsində problemlər qalmaqdadır.
Müxtəlif cərəyanları və dünyagörüşlərini təmsil edən yazarlar bu mövzuya müxtəlif yanaşma sərgiləmişlər. Adından, etnik mənsubiyətindən tutmuş siyasi fəaliyyətinə və ideoloji irsinə qədər fərqli yanaşmaların şahidi olmuşuq. Görünən o ki yaxın gələcəkdə də fərqli, hətta bir-birini rədd edən yanaşmaların şahidi olacağıq.
Ən asan və mübahisəsiz saydığımız məsələdən başlayaq. Rəsulzadənin adi nədir? Rusca anketlərdə və başqa qaynaqlarda “Мамед Эмин” yazılmışdı. Türkiyədə Məmməd Əminin qarşılığı təbii olaraq “Mehmed Emin”dir. Ömrünün sonunadək bu adla tanınmış, bu adla yazılarını imzalamışdır. Məzarının üstündə də bu ad həkk olunmuşdur. Günlük həyatda “Emin Bey” müraciəti yayğın idi. 1990’larda vətəni Azərbaycanda kitablarda, məqalələrdə adı “Məmməd Əmin” olaraq keçmişdir. Bir sıra tarixçi və publisist dostların yazılarında bu şəkildə də davam etməkdədir. Amma son illərdə bu şəxsiyyətin iradəsinə zidd olaraq “Məhəmməd Əmin” (ya da “Məhəmmədəmin”) yazmaq dəb olmuşdur.
Bizcə, yanlış, keçici bir haldır. Zira İslamçı və İslamçı olmayan fikir sahiblərinin bu “düzəlişini” qəbul etmək mümkün deyildir. Rəsulzadənin adının Rus/Sovet standartına uyğun olaraq bitişik yazılması (“Məhəmmədəmin”, “Məmmədəmin”) yersiz mühafizəkarlıq nümunəsidir. Ərəb orijinalındakı “Muhəmməd” adı hər xalqın dil, mədəniyyət xüsusiyətlərinə uyğun olaraq yazılır və tələffüz edilir. Hətta Ərəb xalqlarının bu adın tələffüzündə də fərqlər vardır. Burada dəyişik şəkillərin (Muhamməd, Mühəmməd, Mohəmməd, Muxammed, Maqomed, Mehmed, Moe və s.) ortaya çıxması təbiidir. Bizcə, düşünməyə dəyər: Azərbaycan vətəndaşlarının əksəriyyətinin adı Ərəb orijinalından və tələffüzündən fərqlidir. “Məhəmməd” adında israr edənlər, öz adlarının da Ərəb orijinalına uyğun olub-olmadığına baxsınlar.
Doğum tarixi ilə bağlı başqa bir “düzəlişin” də anlamı yoxdur. Sağlığında da, vəfatından sonra da doğum tarixi olaraq “31 yanvar” göstərilir. Bu gün durub, yox, Məmməd Əmin Bəy, Siz səhv edibsiniz, Sizin doğum tarixiniz filandır demək ciddi iş deyildir. Adınızı da ərəbləşdirdik, çünki adınızın ərəbcə yazılışı bu (مُحمّد) imiş.
Etnik mənsubiyəti ilə bağlı təhriflər də var idi, indi də var. Rəsulzadənin milliyəti nədir?
Özü “Türk” deyir. Son əsərlərindən birinin də başlığını özünü nəzərdə tutaraq Bir Türk Milliyətçisinin Stalinlə İxtilal Xatirələri qoymuşdur. Mübahisə yeri qoymayan bu hal belə gərəksiz şəkildə, daha önəmlisi qəsdən təhrif edilir. Bəzi çağdaşlarımız inadla onu “Türk” deyil, “azərbaycanlı” sayır. Burada sonuncunun “a”sına da diqqət buyurmanızı təklif edirik. 1990’ların başında qocaman tarixçi Ə. Sumbatzadə ən son məqaləsinin mövzusunu bu məsələyə həsr etdi. M.Ə. Rəsulzadə Xalqımızın Adı Haqqında başlıqlı yazıda mərhum akademik inadla Rəsulzadənin coğrafi mənsubiyyət bildirən “Azərbaycanlı” sözünün etnonim olduğunu (“azərbaycanlı”) iddia etdi.[1] Bu yanlış yanaşma başqa Türkofobların yazılarında da davam etməkdədir. Azərbaycanda (hər ikisində də) at oynadan Türk düşmənçiliyinin Rəsulzadə şəxsiyyətinə də aid edilməsi və onu Türklüyündən qopartmaq cəhdi düşündürücüdür. Əcaba, Türk düşmənləri, ya Stalinçi konformistlər bu milli dəyərin (Rəsulzadə şəxsiyyətinin) üstünə getməklə bu Türk ölkəsində/dövlətində Türklüyü yoxmu sayırlar?
Rəsulzadə siyasət və dövlət adamı olmaqla yanaşı, həm də bir alimdir. Əsərlərində üzvü olduğu millətin tarixi, etnik özəllikləri və davranış biçimləri haqqında önəmli fikirlər irəli sürür. Bir sıra məsələlərə yanaşması elmi fikir tariximizdə bir ilk sayılır.
Rəsulzadəyə görə Türk kimliyi
Rəsulzadə məşhur Azərbaycan Cümhuriyyəti kitabında Azərbaycandakı Türklərin kimliyinə ümumiləşdirici bir baxışı ortaya qoyur: “Azərbaycanlılar milliyət etibarilə Türk, din etibarilə İslam, mədəniyyət-i əsasiyə etibarilə şərqlidirlər.”[2] Burada və başqa əsərlərində “Azərbaycanlı” (“İranlı”, “Bakılı”, “Naxçıvanlı”… kimi) sözü coğrafi mənsubiyyəti bildirən “Azərbaycan əhalisi” anlamında işlədilmişdir. “Azərbaycan xalqı” ifadəsi də eyni anlam daşıyır. Əsərlərində tez-tez rast gəldiyimiz “Azəri”, “Azəri Türkü” etnonimlərinin də kəsrəviçiliklə heç bir əlaqəsi yoxdur. Osmanlı/Türkiyədə ‘hansı Türklər?’ sualını cavablandırmaq üçün işlədilmişdir.
Bu əsərdə Azərbaycandakı Türklüyün etnoqrafik tərifi verilir: “Kəndi ləhce-yi məxsusəsi ilə Anadolu Türkcəsinə yaxın bir şivə ilə qonuşan Azərbaycan Türkü, müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük Türk ağacının bir dalıdır [budağıdır]. Azəri Türkləri’nin hal-i hazırda oturduqları yerlər minə’l-qədim Türk xalqı ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kimi vilayətlər və gərək Muğan, Aran, Qarabağ kimi məmləkətlər daima Türk elinin oturağı və Türk xanlarının ovlağı olmuşdur. Bu yerlər kəndilərində, bir çox Türk sülalələrinin irili ufaklı hökumətlər qurduqları və illərlə səltənət sürdüklərini görmüşlərdir.”[3]
Türklərin bu coğrafiyada “ta qədimdən” (minə’l-qədim) yerləşməsindən bəhs edən Rəsulzadə, Xəzərlər, Çingiz və Teymur dönəmləri ilə bu sürəcin davam etdiyini vurğulayır və “Səlçukilər zamanında buralar, artıq qəti bir suretde Türk məmləkəti halına qoyulmuşdur.”[4] Əsrimizin Səyavuşu və Qafqaz Türkləri başlıqlı əsərlərində Azərbaycanın qədim dövr tarixi mövzusundan bəhs edilir. Rəsulzadəyə görə, Midiyalıların “kim olduğu indiyə kimi şübhəlidir.” Bununla belə Bisütun kitabələrindəki üçüncü lövhənin “Turani cinsdə [böyük ehtimalla bu dilin aqlütinativ-əkləməli olduğuna işarədir] bir dildə olması şübhə yaratmır.” İskitlərin/Skiflərin, Xəzərlərin bu bölgələrdə yerləşməsi bilinən tarixi faktdır. Turanlı Tomris Hanım da İranlı Keyxosrovun başını Kür çayının kənarında kəsmişdir. Buradakı Ariyalılar “yerlilər deyildir. Onlar buraya doğudan gəldilər.”[5]
Diqqət çəkən özəlliklərdən biri də 21. yüzil soydaşlarından fərqli olaraq Rəsulzadənin yerli-gəlmə, oturaq-köçəri məsələsinə görə qətiyyən kompleksə düşməməsidir. Orta çağlarda hərbi gücün yarım-köçərilərdə olması və onların yeni dövlətlərin qurulması, eləcə də rəqib dövlətlərin yıxılmasındakı rolu vurğulanır. Rəsulzadəyə görə, bu coğrafiyaya tarixin dəyişik dönəmlərində dalğa-dalğa köç etmiş Türklər, onlardan əvvəl buralara köçmüş “yerlilərin” yerini dar etməmişlər, onları zorla assimilyasiyaya heç qalxmamışlar.[6]
Milli tariximizin ən həssas və acılı məsələlərindən biri – orta çağlarda Türk sülalələrinin dil və mədəniyyət sahəsində siyasəti haqqında Rəsulzadənin fikirləri çox maraqlıdır. Azərbaycan Şairi Nizami başlıqlı məşhur əsəri bu mövzuda qiymətli fikirlər daşımaqdadır. Səlçuklularda və onlardan sonra gələn sülalələrdə hakimiyyətin Türklərdə olmasına, sarayda və orduda danışıq dilinin Türkçə olmasına baxmayaraq, Farscanın nədən ədəbiyyat, elm və idarəçilik (dövlət) dili olması izahat tələb edən məsələdir. Rəsulzadənin diqqət mərkəzində Səlçuklu, dolayısı ilə Nizami dönəmidir. “Bağdad xəlifələrini dini bir simvol halına gətirərək, siyasi iktidarı kəndi əllərinə alan Türk sultanlarının, idarədə Ərəbcədən başqa bir dil qullandırmaları anlaşılabilən bir olaydır; fəqət bu dil, nədən Türkcə deyil də, Farsca oluyor?”[7] Bu önəmli suala Rəsulzadənin cavabı budur: 1) Hakim sülalələr köcəri idilər; köçərilərin yeni gəldikləri ölkələrdə yerli mədəniyyətə uymaları bilinən bir haldır. 2) Bu coğrafiyanın şəhər həyatı “İranın əski mədəni gələnəklərinin etkisini [təsirini] daşıyırdı.”[8] 3) “Yerli münəvvərlərin bilgi və təcrübələrinə ehtiyac vardı.” 4) Uzun zaman təmasda olduqlarından Türk sülalələri üçün Ərəb dilinə nisbətən Farsca daha asan gəlirdi. 5) Ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət halında olan Türk sultanları “güvəndikləri yerli ayan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli Əcəmin dilini nəinki qəbul edir, həm də onun yayılmasında rol oynayırlar.“
Burada ən azı üç əlavəyə gərək olduğunu düşünürük. 1) Səlçukluların və başqa Türk sülalələrinin hərbi gücünün yarım-köçəri tayfalara dayalı olmasını təyid etməklə yanaşı, digər bir faktı da göstərməliyik. Səlçuklulardan çox əvvəl (ən azı Göytürk, Xəzər, Qaraxanlı, Qəznəlilər dönəmində) böyük bir coğrafiyaya hökm edən Türk sülalələri və elitləri şəhər mədəniyyətinə sahib idilər, Türkcə ədəbiyyat doğmaqda idi (Balasaqunlu Yusuf, Kaşqarlı Mahmud, Yüqnəkli Əhməd). 2) Səlçuklular indiki İran coğrafiyasına yazı dili olaraq gətirdikləri Dəri ləhcəsini (dərbar-saray sözündən) sıradan insanların başa düşmədikləri üçün daha uyğun vasitə sayırdılar; bu ləhcəni Samanilər dönəmindən qalan mirzələr təbəqəsi bilirdi; bu ləhcə xüsusi olaraq mədrəsələrdə öyrədilirdi. 3) Səlçuqlular və digərlərinin qurduğu dövlətlər ərazi baxımından son dərəcə geniş idi; bu dövləti təkbaşına idarə etmək Türk elitinin imkanları xaricində idi. İş bölgüsü yaranmışdı; Türklər siyasi və hərbi sahələri kontrolu altında saxlayırdılar; Ərəb ünsürü dini və elmi sahədə üstün mövqelərə sahib idi. Farsların boynuna düşən isə kargüzarlıq-vergi işləri və ədəbiyyat-təbliğat sahələri idi.[9] Bu durum əsrlər boyu dəyişməz qalmış, hakim Türk eliti ilə məzlum Türk kütləsi arasındakı qopuqluq millətləşmə sürəcinin başlanmasına qədər, hətta ondan sonra da davam etmişdir.
Rəsulzadə, Azərbaycan Cümhuriyyəti kitabında başqa bir önəmli məsələnin üstündə durur. Oxumuş elitin (havass’ın) özünü “İranlı” saymasına baxmayaraq, buradakı Türklərin dili, mədəniyyəti ilə Türk qaldığını yazır: “Rahləsi üstündən enməyən Fuzulisi, Koroğlu ilə bağrı yanıq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların ruha sinən türküləri, çocukların sevə sevə oxuduqları maniləri, anaların yavrularını uyuturkən çağırdıqları ninniləri – havassın düşüncəsiylə – kəndisini İranlı bilən bu xalqın müthiş bir dəlalətdə olduğunu göstərməkdədir: -Hayır, deyil, sən Türksən! deyirdi.”[10]
Azərbaycan Cümhuriyyəti əsərinin sonrakı bölümündə müəllif, bu ayrışmanın yaranma səbəbləri üzərinə gəlir, məktəbin və idarənin rəsmi dili olan Farscanın oxumuş kəsimin farslaşmasındakı rolundan bəhs edir. Belə bir durum Rəsulzadəyə görə, tuhafdır, dramatikdir: “Türkcə, avam ve köylü lisanı addolunmuş [sayılmış], lisan rəsmi və ədəbi olmak üzrə Farsca taammüm eyləmiş [sayılmış], nəticədə tuhaf bir millət meydana gəlmişdi: Dili başqa, yazısı başqa bir millət!”[11] Rusiyanın Quzey Azərbaycanı işğalından sonra hələ kimlik problemini çözə bilməyən xalqın bu dəfə ruslaşdırma siyasətinə hədəf gəldiyi bildirilir. Açıq Söz qəzetinin qurulduğu 1915’də “özəlliklə Türk kəlməsi ilə türkçülük məsləyinə [fikrinə] qarşı hasmane [düşmanca] bir əlaqə göstərilirdi.”[12]
Dönəmin başqa fikir adamları kimi Məmməd Əmin Rəsulzadənin də düşüncəsində tarixi qəhrəmanlar mövzusunun önəmli yeri vardır. Türk tarixinə yön vermiş dövlətqurucu böyük şəxsiyyətlər Əmir Teymur, Çingiz Xan, Şeyx Şamilin adı hörmətlə çəkilir. Gəncəli Cavad Xanın işğala qəhrəmanca dirənməsi örnək göstərilir. Sovet rejiminin sırıdığı qəhrəmanlardan Babək haqqında Rəsulzadənin aşağıdakı fikri diqqət çəkir. 19. yüzildə belə “babəki” sözü Azərbaycanda söyüş kimi işlədildiyi halda birdən-birə Sovet hakimiyyəti Babəki vətənpərvərliyin simvolu halına gətirdi. Sovetlərin “islamiyyət əleyhdarı olan bu simanı idealizə etməsi”nin əsas səbəbi düşmənçilik hislərini güneyə (İrana, Türkiyəyə, İslam aləminə), vətənsevərlik duyğularını isə şimala (Rusiyaya) yönəltmək məqsədi daşımışdır.[13]
Rəsulzadənin İrandakı Türklərlə Farsları qarşılaşdırması onun bu ölkədəki müşahidələrinə dayanır. Onun təsbitlərinə görə, “İran Türkü, başqa Türk qardaşı kimi biraz mühafizəkardır. Azərbaycanlı bir Türk, Şirazlı bir Farsdan daha mütəəsibdir. Türk, Fars qədər hür-əndiş [azad fıkirli] deyil, fəqət onun qədər əzimsiz və laubali deyildir: Türk daha mətin və daha sebatkardır.”[14] Rəsulzadəyə görə, Türklərin bu cəngavərlik xüsusiyyəti indiki İran coğrafiyasındakı dövlətləri əsrlər boyu ayaqda saxlayan əsas amillərdən biri olmuşdur.
Rəsulzadənin milli kimlik məsələlərinə yanaşmasında milli rəmzlər də mühüm yer tutur. Milli bayrağımızdakı göy rəngin (Türklük rəmzinin) Elxanlılar dönəminin bayrağından aldığını bildirir. Ən çox yayılmış milli rəmzlərdən mifik Bozqurd da Rəsulzadənin diqqətini çəkmişdir. Qurtuluş sözünün qədim Qurd oluş (qurtulmaq, azadlığa çıxmaq) sözündən törədiyi ehtimalı da onu məxsusdur.
Rəsulzadə üçün milli kimliyin önəmli komponentlərindən biri də qonşu dövlətlərin timsalında dostunu-düşmənini tanımaq bacarığıdır. Vətəni Azərbaycanı o “kiçik Türkiyə” sayır,[15] Osmanlı/Türkiyə ilə hər cür əlaqənin genişlənməsinin tərəfdarıdır, “Türkiyə, Azerbaycan’ın sığınacak yeridir” deyir. Osmanlı ilə 4 iyun 1918 tarixli müttəfiqlik müqaviləsinin altında onun da imzası vardır. Həyatının xeyli hissəsi Türkiyədə keçmiş, məzarı da Ankaradadır.
Qacar İranına münasibəti qarışıqdır. Hakimiyyətin xalqa zidd siyasətini kəskin tənqid etməklə yanaşı, ozamankı İran dövlətini Türklüyün önəmli məskənlərindən biri sayır. Pəhləvi İranına münasibətində yerli məzlum Türklər mövzusu müəyyənedici yerə sahibdir.
Rusiyaya münasibətini özətləyən bu fikri məşhurdur: “Tarixi ənənəsi Türk və İslam dünyası ilə mücadilədən ibarət olan Rusiya.” Bununla belə Rusiya müstəmləkəçiliyi müəyyən müsbət izlər də buraxmışdır. “Rus istilasının iyiliyi bu oldu ki, Azərbaycanlılar özlərini ictimai bir vücut, xüsusi kültür toxumlarını daşıyan bir cəmiyyət, yəni Ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar.”[16]
Məmməd Əmin Rəsulzadə milli şüurun səviyyəsinə, ümumiyyətlə milli kimlik məsələlərinə həssaslıqla yanaşan düşüncə adamlarımızdan biridir. Əsrimizin Səyavuşu əsərindəki bu təsbit məşhurdur: “Bir çox zaman Azərbaycanlılar kəndi Türklüklərini və Türk soyundan gəldiklərini bilməyərək xalis İranlı kimi yaşadılar. Bu, o zaman idi ki, bütün Türk aləmi az çok İran təsirində bulunuyordu; o zaman idi ki Sultan Səlim Farsca şeirlər yazıb oxuyor, az qalsın bunu rəsmi lisan elan ediyordu.”[17] Türklər arasında milli şüurun yaranmasına mane olan birinci amil Fars dili və ədəbiyyatına bağlılıq idisə, ikinci amil Şiiliyə aşırı sarılmaq idi.
Rəsulzadə həyatı boyu üzvü olduğu millətin ehtiyaclarını arayıb-araşdırmış, onun problemlərini çözərək yüksəlməsini arzu etmişdir. Siyasətçi və dövlət adamı olaraq vətəni Azərbaycan üçün fədakarlıq etmişdir. İlk qurduğu gizli dərnəyin qarşısında “dərnək mənsublarının milli hislərini təhrik etmək, Rus məktəblərində oxudulmayan Türkcəni öz-özünə ilərlətmək” kimi məqsədlər qoyanda;[18] ilk mətbu yazısında Bakı küçələrində yad dilin hakim olmasını protesto edəndə də, Ankarada gözlərini həyata yumanda da millətini (Türklüyünü) və vətənini (Azərbaycanı) düşünmüşdür.
Rəsulzadəyə görə Türkçülük və Turançılıq
Gənc Rəsulzadə millətinə, milli dəyərlərə bağlı olmaqla yanaşı, “özümüzün geridə qalmasını, işlərimizin pərişan olmasını” görmüş, amma çağdaşlarının “müsəlmandan adam olmaz” düşüncəsini və deyinməsini qəbul etməmişdir. O daim milli problemlərin, geriliyin üstünə getmiş, milli problemlərin həlli üçün yollar təklif etmişdir.[19] Bu mənada onun Milli Dirilik (1914) başlıqlı silsilə məqalələri diqqət çəkir. Rəsulzadəyə görə milli gücü (diriliyi) artırmağın birinci şərti özünə, öz adına sahib çıxmaqdır. Ümmətçi yanaşmanın qalığı olan “müsəlmanam” kimliyindən qurtulmanın çoxdan zamanı gəldiyini deyir. Millətin yaranmasında din birliyinin həssas rolu vardır, amma “biz Rusiya müsəlmanları milliyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik.” Bu üzdən də milli kimlik məsələlərində yanlış yoldayıq: “Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil mahiyyətimizin ünvanını təşkil edən Türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməktəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan [irəli] gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq.”[20]
Məqalələr silsiləsinin elə birincisində Rəsulzadə mübahisəli bir mövzuda çox cürət tələb edən müzakirə açır. Dostlarından birinin inkişaf etmiş millətlərin (Rus, məsələn) ağalığı nəticəsində insanlıq parlaq nəticələrə nail olub; belə bir şəraitdə “milliyətpərvərlik naminə inad edib də İslam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda görürsünüz?” sualı ortaya çıxır. Bu formal məntiqə qarşı gənc Rəsulzadənin (30 yaşındadır) cavabı belədir: Alman, Fransız, İtalyan millətləri bağımsız olmasaydılar bugünkü dünya mədəniyyətlərinə töhfələri (örnəklər verir) bu qədər böyük olmazdı. Bağımsızlıq əleyhdarları, eləcə də senzuranı tərk-silah etmək üçün Rusiyanı misal çəkir: “Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, Rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn, Alman milləti tərəfindən kamilən təmsil (assimilə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacakmı idik? Məlum ki, yox!” Adı çəkilən Rus iftixarları sırasını doldurmaq başqaları üçün mümkün deyildir. Çünki “…ruslaşmış bir müsəlman balası, yaxud təmsil olunmuş bir Erməni dığası, yaxud döndərilmiş bir Yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da böylə bir Rus ola bilməz.” Millətlərin gəlişməsi və bəşər mədəniyyətinə xidmət etməsi üçün onun müstəqil olması haqqında başqa gərəkcələr də verən müəllif məqalənin sonuna doğru metodoloji önəm daşıyan bir fikir irəli sürür: “Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı tərcih edirəm.”[21]
Rəsulzadəyə görə, milli gücü artırmağın digər yolu milli idealı (millli vicdan və milli iman) kütlələr arasında yaymaqdır. Millət xadimləri tərəfindən irəli sürülən və formulə edilən hər ideya milli ideala/doktrinə çevrilməz. Bunun üçün də milli ideoloqların irəli sürduyü “milli əməllər layihəsi xalqın əsil düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə, məzkur əməl səri bir surətdə xalq arasında intişar edər və bollu tərəfdarlar qazanar.”[22] Müəllif növbəti dördüncü məqalədə yenidən bu məsələyə qayıdır, 1905-1906’lardakı kimi duruma (…biz bir təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili-nicatı nə tərəfdə gördüyünü bilmiyorduk.) düşməmək üçün gəlişmələrə hazır olmaq zərurətindən bəhs edir. Rusiyanın yenidən siyasi böhrana düşəcəyi və bu perspektivə hazır olmaq üçün milli idealın, milli kadronun və milli mətbuatın yetişməsi gərəkliyi fikrini irəli sürür. Sonrakı məqalələr əsasən milli qurumlar təsis etmək, dilinə sahib çıxmaq, dini ortamı milliləşdirmək, doğru-dürüst tarix şüuru yaratmaq və yaymaq, adət və ənənəyi qorumaq haqqındadır.
Milli Dirilik silsiləsinin çapından az sonra Rəsulzadə Açıq Söz qəzetini təsis etdi (1915). Bu, ilk dəfə başında Bir Türk qəzetəsidir yazan mətbuat orqanı oldu. Bu qəzet başqa bir yenilik də gətirdi: Milli doktrinin Ziya Gökalp versiyası (Türk millətindənəm, İslam ümmətindən, Qərb mədəniyyətindənəm) qəzetin başına yazıldı. Mirzə Bala Məmmədzadə bu hadisənin həssas rəmzi məna daşıdığını yazır: “Bu surətlə Rəsulzadə Məmməd [Əmin] bəy ‘ümmət’ və ‘ümmətçilik’ dövrünü rəsmən qapatmış, ‘milliyət’, ‘Türk milliyətçiliyi’ dövrünün başlandığını elan etmişdir.”[23]
Məmməd Əmin Rəsulzadənin Türklük və Türkçülük haqqında fikirləri sədri olduğu Türk Ədəmi-Mərkəziyyət Partiyası Müsavatın[24] ilk məramnaməsində (1917)[25] də öz əksini tapdı. Sənədin giriş qismində millətin tərifi verilmiş, Rusiya imperiyasındakı Türklərin bir millət olduğu təsbit edilmişdi: “Millət – dili, dini, ənənatı, mədəniyyəti, ədəbiyyatı,, tarix və adatı bir olan cameyi-bəşəriyyəyə deyilir… Bu nöqteyi-nəzərlə bütün Türklər bir millətdir.” Federativ xalq respublikası şəklində yenidən qurulması istənilən Rusiyada “Türk millətinin cümlə qövmlərinə aid ümumi məsələləri həll və təsviyə etmək üçün milli və mədəni ittifaq təşkil olunmalıdır” (17. maddə). Təhsilin dili sahəsində konkret müddəalar müəyyən edildi: İbtidai və ədadi [orta] məktəblərdə tədris dili, hər bir muxtariyətli əyalətin əksəriyyət əhalisinin söylədiyi dil və şivədə olmalıdır (71. maddə); Ədadi məktəblərdə Rus dili ilə Osmanlı şivəsinin lisan olaraq tədris edilməsi məcburi olmalıdır (72. maddə); Ali məktəblərdə Osmanlı şivəsi ilə tədris edilməlidir (73. maddə). Növbəti ikinci qurultay (dekabr 1919) ideoloji əsasları təsdiq etdi. Müsavat Partiyasının 1936-cı ilin avqust ayında qəbul etdiyi Yeni Proqram Əsasları Türklük və Türkçülüyə münasibətini daha da dəqiqləşdirdi: “Müsavatçılıq böyük Türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir.”[26]
Yeni Proqram Əsasları (1936) Azərbaycanın və bölgənin dəyişmış geopolitik şərtlərini nəzərə alması ilə diqqəti çəkir. Birinci və ikinci qurultaydan sonra köklü siyasi dəyişikliklər olmuş, Azərbaycan yenidən Rusiyanın (bu dəfə Sovet-kommunist qiyafəsində) sömürgəsinə çevrilmiş, Türkiyə Cümhuriyyəti ilə Sovetlərdəki Türk xalqları arasında dəmir pərdə çəkilmiş, buradakı Türklərin milli kimliyi Moskvanın istəkləri istiqamətində dəyişməyə başlamışdı. Güney Qafqazın siyasi mühacirəti Qafqaz Konfederasiyası Paktını imzalamış, mübarizəni birlikdə davam etmək qərarı vermişdi. Yeni Proqram Əsaslarındakı dəyişiklik haqqında partiya rəhbərliyi izahat verməyi lazım bilmişdi: “Müsavat, Azərbaycanın təkbaşına qurtulamayacağını və yalnız Kafkasya Konfederasyonu bayrağı altında hürriyyət və istiqlalına qovuşa biləcəyi prinsipindən hərəkət edərək Rus istilasına qarşı bütün savaşlarda Kafkasya millətləri ilə bərabər və müttəhid olaraq hərəkət etmək şüarını müdaiə edir.”[27] Elə buradaca yeni şərtlərdə Türk birliyi fikrinin gərəkdirdiyi vəzifələr qeyd edilir: “Müsavat, məhkum Türk elləri arasındakı kültürəl bağlılığı daha ziyadə təqviyəyə [gücləndirməyə] çalışaraq ilk sırada bütün Türk elləri üçün ortaq alfabe və ortaq ədəbi dil qəbulu yolunda mücadilə edir və eyni zamanda düşmanın ortaq olduğunu gözə alaraq Moskovaya qarşı savaşda işbirliyi yapılmasına çalışır.”
Bu, yeni şərtlərin diqtə etdiyi gerçəkçi bir yanaşma idi. Rəsulzadə (və başqa mühacirət liderləri) 1930’larda artıq Yeni Turan məfhumu işlədir. Yeni Turan konseptinə görə Türk xalqları öz dövlətlərini qurmalı, bu dövlətlər və xalqlar arasında sıx əlaqələr yaranmalıdır. Coğrafi mövqeyi və başqa keyfiyyətləri baxımından Azərbaycanın, Yeni Turanın qurulmasında açar rolu oynayacağı da önəmli öncəgörümlərdən biridir.[28]
Rus imperializminin nümayəndələri rəngindən asılı olmadan (qırmızı, ya ağ) hamılıqla Türk birliyi fikrindən daim narahat olmuş, müxtəlif yollarla onu gözdən salmağa çalışmışlar. Bu kampaniyada Rəsulzadənin “Rusiyanın kölələri” adlandırdığı Rus olmayan şəxslər də fəal rol almağa çalışmışlar. Avropadakı siyasi mühacirət arasında Müvəqqəti hökumətin keçmiş başçısı Kerenskinin yazdığı Rus Xalqı Üzərində Diktatura başlıqlı məqalə geniş yayılmışdı. Özünü demokrat, radikal, sosialist sayan müəllif, məqaləsində Rusiyadakı məzlum xalqlar faktına belə ironiya ilə yanaşmış, Rusiyanın dağılacağı və onun üzərində yadların diktaturasının qurulacağı fikrindən dəhşətə gəldiyini ifadə edirdi. Rəsulzadə, Kerenskinin bu isterik fikirlərinə etiraz etmiş, məqalənin daşıdığı məqsədi ortaya qoymuşdur. Rəsulzadəyə görə, məqalə müəllifinin hədəfində Türk xalqlarının milli hərəkatları, özəlliklə Türklər arasında birlik fikrinin (Turançılığın, pan-Turanizmin) olmasıdır. Bununla Kerenski Qafqazdakı qeyri-Türk xalqlarını qorxutmaq, Rus xalqında şovinist ruh yaratmaq istəmişdir.[29]
Rusiyadakı Türk milli hərəkatının Çex milli hərəkatı ilə müqayisəsi maraqlıdır. Palatskinin Rusiyanın yardımına aşırı güvənməsi yerinə Qavliçek adlı Çex ideoloqu Slav birliyi fikrinə “sadiq qalmaqla bərabər, bir realitə olmaq üzrə Çexlərin bizzat kəndi qüvvətlərilə xilas olacaqları prinsipini ortaya qoydu.”[30]
Erməni ideoloqlarının Rusiya mühacirlərini Türklərə qarşı düşmənçiliyə təhrik etmələri ilə bərabər, Farslar, Kürdlər, Bəluclar, Giləklər, Ermənilər, Əfqan və Hindliləri “aryan birliyində” birləşdirib, Turanlılara qarşı yönəltməsi də Rəsulzadənin gözündən qaçmır. Qafqazdakı xalqların əməkdaşlığına ziyan vuracaq bu məkirli siyasətin dönüb-dolaşıb Ermənilərin özünə zərbə vuracağını böyük mütəfəkkir illər öncə görmüşdür. Xondkaryanın iftiralarına cavab olaraq yazdığı məqalədə Rəsulzadə uzaqgörənliklə təsbit edir: “Fəqət bu yolun Erməni millətinə çox bahalıya mal olduğu artıq bütün cahana məlumdur. Yanlış yolun neresindən dönülürsə kārdır!”[31]
Məmməd Əmin Rəsulzadənin bütün yazılarında olduğu kimi, Türkçülük və Turançılıq mövzusundakı yazılarında da bir kübarlıq, tolerantlıq vardır, mütləq yanaşma, baltalama yoxdur. Və bu tolerantlıq süni xarakter daşımır, təbii şəkildə məsələlər bir-birini tamamlayır. Rəsulzadəyə görə, Azərbaycanda Türkçülüyü, Turançılığı müdafiə edənlərin Qafqaz Konfederasiyası fikrinə mənfi münasibəti yoxdur. “Slavyan birliyi fikri Çexoslovak dövlətinin təşəkkülünə mane olmadığı kimi, Türk birliyi fikri də, Azərbaycanın Qafqaz Konfederasyonuna girməsinə mane olamaz!… Azərbaycan istiqlalçılığının Türk birliyi fikrindən əzəmi surətdə mülhəm olduğunu [doğduğunu] inkar etməməklə bərabər, siyasətdə realizm mutakidi [təqibçisi] olan Azərbaycan milliyətçiləri üçün bu fikrin sadə hars [kültür, milli mədəniyyət] sahəsində qəbuli-tətbiq olacağı āşikardır. Buna görə də biz müstəqil Qafqaz Konfederasyonu fikrini zamanın ən aktual bir tezi olaraq müdafiə ediyoruz.”[32]
Sonuc
Məmməd Əmin Rəsulzadə üçün “mən kiməm, millətim nədir” sualına ikili cavab olmamışdır. Taleyinə yazılan Türklüyü ilə yeniyetmə yaşından ömrünün sonunadək barış halında olmuş, bu millətə güvənməsi ona güc vermişdir. Bu gün durub onun milli kimliyini (Türklüyünü) sorğulamaq, yerinə coğrafi kimliyini (“azərbaycanlı”) pərçimləmək cəhdini bu Türk ölkəsində Türkofobiyanın bir təzahürü kimi dəyərləndirmək gərəkdir.
Bütün ömrü boyu mənsub olduğu millətə bağlı qalmış, onun problemlərini çözməsi, yüksəlməsi üçün çalışmışdır. Ən çətin şərtlərdə belə aşağılıq kompleksi yaşamamışdır. Onun millətləşmə, milli yüksəliş konsepti bu gün də aktualdır. Bu baxımdan Rəsulzadə Türkçülüyün görkəmli nümayəndələrindən biri sayılır.
Rəsulzadə vətən Azərbaycanı Türk Dünyasından heç zaman ayırmamış, haqlı olaraq onu Turan coğrafiyasının ən həssas bölgəsi saymışdır. Eyni zamanda ümum-Türk bütünləşməsi sürəcində Azərbaycanın mühüm rol oynayacağını da illər öncə yazıb, soydaşlarına miras qoymuşdur. Dəyişən şərtlərdə Turançılıq fikrinin yeni təqdimatı – Yeni Turan konsepti Rəsulzadənin Turançılığın görkəmli ideoloqu olduğunun sübutudur.
[1] Ə. Sumbatzadə, M.Ə. Rəsulzadə xalqımızın adı haqqında, Xalq qəzeti, 31.01.1992.
[2] Mehmed Emin Resulzade, Azerbaycan Cumhuriyeti, İstanbul: Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneği, 1990, s. 7.
[3] Yenə orada, s. 7. Azərbaycanlıların / Azərbaycan əhalisinin Türk olması haqqında Rəsuzadənin başqa əsərlərində də vurğular vardır. Məsələn, baxın: “Azərbaycanlılar Türkdürlər; Türklər də Ergenekon tilsimində iki yüz il qaldılar.” Məmməd Əmin Rəsulzadə, Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi, Bakı: Gənclik, 1991, s. 54.
[4] Yenə orada, s. 8.
[5] Mehmet Emin Resulzade, Asrimizin Siyavuşu, Ankara: Azerbaycan Kültür Derneği, 1989, s. 30.
[6] Məsələn, baxın: Mehmed Emin Resulzade, Kafkasya Türkleri, İstanbul: Türk Dünyası Araştırmaları Vakı, 1993, s. 8.
[7] Mehmet Emin Resulzade, Azerbaycan Şairi Nizami, Ankara: Milli Eğitim Basımevi, 1951, s. 19.
[8] Yenə orada, s. 20.
[9] Elxanlılar dönəmində Fars dili idarəçilik sahəsindən çıxarıldı. Yerini Moğol və Uyğur Türkcəsi tutdu. Qazan Xanın İslamı qəbulundan sonra Farsca yenidən əski statusuna malik oldu. Mehmet Emin Resulzade, Azerbaycan Şairi Nizami, s. 21.
[10] Mehmed Emin Resulzade, Azerbaycan Cumhuriyeti, s. 9.
[11] Yenə orada, s. 10. Rəsulzadə İran Türkləri əsərində də 20-ci yüzilin başlarında Türklərin bu əcayib durumundan danışır. “Hülasa Arapça nasıl bir lisan-i dini ise Farisice de o derece bir selahiyet ve nüfuzu haiz lisan-i tahrirdir [yazı dilidir]. Türkçe konuşulur, Türkçe nutuk edilir, Türkçe vaazlar söylenir. Fakat yazıya gelince hep Farisi kesilir.” Mehmed Emin Resulzade, İran Türkleri, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s.31.
[12] Mehmed Emin Resulzade, Azerbaycan Cumhuriyeti, s.27-28.
[13] Məmməd Əmin Rəsulzadə, Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi, s. 108.
[14] Mehmed Emin Resulzade, İran Türkleri, s. 21.
[15] Türk etnosunun ən böyük dəyəri – “Azerbaycan Cumhuriyeti, alem-i İslam”da teşekkül eden ilk cumhuriyettir. Bu cumhuriyet aynı zamanda bir Türk hükumetidir; tabir-i diğerle küçük Türkiye”dir.” Mehmed Emin Resulzade, Azerbaycan Cumhuriyeti, İstanbul: Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneği, 1990, s. 5.
[16] Mehmet Emin Resulzade, Asrımızın Siyavuşu, Ankara: Azerbaycan Kültür Derneği, 1989, s. 34.
[17] Mehmet Emin Resulzade, Asrımızın Siyavuşu, s. 33.
[18] Məmməd Əmin Rəsulzadə, Bir Türk Milliyyətçisinin Stalinlə İxtilal Xatirələri, Bakı: Qanun, 2010, s. 20-21.
[19] Bəsirət, 12 aprel 1914, N 1. Alıntı: Azərbaycan publisistikası antologyası, Bakı: Şərq-Qərb, 2007, s. 480
[20] Azərbaycan publisistikası antologyası, s. 494.
[21] Yenə orada, s. 490-491.
[22] Yenə orada, s. 496.
[23] Mirza Bala Mehmetzade, Milli Azerbaycan Hareketi, [yersiz], 1938, s. 76.
[24] İndiki Müsavat Partiyası ilə qarışdırılmamalı; ideoloji və siyasi baxımdan fərqli siyasi qurumlardır.
[25] Azərbaycan Respublikası Dövlət Arxivi, fond 894, siyahı 10, iş 60, vərəq 1-21; Mirza Bala Mehmetzade, Milli Hareketi. Milli Az. Müsavat Azerbaycan Halk Fırkası Tarihi, s. 84-86.
[26] Milli Azerbaycan Müsavat Halk Fırkası Bülteni, yıl 1, Eylül 1936, Nr 1, s. 9.
[27] Milli Azerbaycan Müsavat Halk Fırkası Bülteni, sayı 4, 1962, s. 36.
[28] Nəsib Nəsibzadə, Yeni Turanın təşəkkülü və Azərbaycanın missiyası, Dünya, 1993, sayı 1, s. 20-21.
[29] М.Э. Расул-заде, О пантуранизме в связи с кавказкой проблемой, Париж: Издание КНК, 1930, с. 13-19.
[30] Mehmet Emin Resulzade, Milli Tesanüd, Ankara: Azerbaycan Kültür Derneği Yayınları, 1978, s. 37.
[31] Yenə orada, s. 39.
[32] Yenə orada, s. 37.