Prof. Dr. Nəsib L. Nəsibli,
Ankara Universiteti DTCF müəllimi.
Çağdaş elm milli kimliyi (national identity) bir milləti tanımağın və anlamağın ən təsirli vasitələrindən biri sayır. Son zamanlarda uzmanların tez-tez müraciət etdikləri bu vasitə haqqında çeşidli, bəzən bir-birinə zidd təriflərə/tanımlamalara rast gəlirik. Bizim üçün milli kimlik üzvü olduğu millət haqqında soydaşların paylaşılan ortaq təsəvvürləridir. Milli tarix şüuru da bu milli kimliyin mərkəzində yer alan ən önəmli komponentlərindən biridir.
Dünya siyasi təcrübəsi və nəzəriyyəsine göre tarix elmi həqiqətən böyük önəmə sahib bir fenomendir. O, millətləşmə sürəcinin qarşısında maneə də ola bilir, təkanverici güc də. Tarix, fərdlər arasında bölücü güc də ola bilir, birləşdirici amil də. Tarix bilgisi güc verir, əbədiyyət duyğusu oyandırır. Bəzi araşdırıcılar ortaq keçmiş haqqında təsəvvürləri millətin iki ön şərtindən biri sayırlar.
Sovet və Pəhləvi rejimləri dönəmində Azərbaycan Türklərinin keçmişi xeyli təhrif edildi. Azərbaycan’ı və Azərbaycan’dakı Türk millətinin özünü doğru dərk etməsi əngəlləndi. Türklüyü keçmişindən soyutmaq istədilər. Bu siyasətin nəticəsi olaraq hələ də ölkə içində olduğu kimi, xaricində də Azərbaycan, terra incognita [bilinməyən torpaq] özəlliyini qorumaqdadır.
Hazırda keçmiş Sovet tarix konsepti çökmüş, yenisi isə yaranmamışdır. Son illərdə tarix kitablarının partlayışlı artımı da durumu düzəltmək gücündə deyildir. Azərbaycan vətəndaşlarının tarix şüuru ehtiyaca cavab verəcək gücdə deyildir. Millətləşmə sürəcində ortaya çıxan təməl suala – Biz kimik, haradan gəlib, haraya gedirik? – doğru cavab verə bilirikmi? Və ya Nədən bu haldayıq? sualına tam mənasilə cavab tapa bilirikmi?
Bu gün Quzey Azərbaycan rəsmi tarixçiliyində ən az yeddi böyük problemdən bəhs etmək mümkündür. Azərbaycan’ın quzey bölümü artık 30 ildir siyasi müstəqilliyini yenidən qazandığına baxmayaraq, tarix şüuru sahəsində yetərli işlər görülməmişdir. Sovet dönəmində formalaşmış rəsmi tarixçiliyin zərərli tezisləri bu gün də ortadadır. Buradan da bu məqalənin ilk tezisi ortaya çıxmakdadır: Rəsmi tarixçilik ümumiyyətlə müstəmləkə dövründə formalaşmış, bu üzdən də uyğun olaraq dönəmin özəlliklərini hələ də içində daşımaqdadır. Başqa sözlə, bu, müstəmləkə hakimiyyətinin (Rus və Sovet) tarixçiliyidir və dönəmin bütün mənfi özəlliklərini qorumaqdadır.
Rəsmi və ya qeyri-rəsmi İran tarixçiliyinin misssiyası da Türklüyün şüurunu zəhərləmək olmuştur. Bu durum, günümüzdə Türklərin özünü dərk etməsinə mane olmaqdadır.
Tarixçilik Tarixindən
Azərbaycan’da modern tarixçiliyi 19. yüzilin ilk yarısında, Abbasqulu Ağa Bakıxanov’un Gülüstan-i İrəm əsəri[1] ilə yaranmağa başlamışdır. Bu əsər Ortaçağ dönəminin narratif yazılarından fərqli, modern tipli ilk araşdırmadır. Ancaq əsərdə Azərbaycan, İran’ın bir parçası, bir əyaləti olaraq təqdim edilməkdədir. Bakıxanov’un özü əsərində yazdığı kimi, Gilan’dan Bakı’ya köçən bir ailənin nəslindən gəlir. Əsərdə, Azərbaycan əhalisinin Bakıxanov tərəfindən qələmə alınan təsnifatı diqqət çəkir. Bakıxanov öncə Farsları təsvir edir, sonra Ərəblərə keçir. Türklər, Quzey Azərbaycan’ın üçüncü etnosu olarak yer alır. Yazarın Türklərə, özəlliklə Atilla və digər Türk qəhrəmanlarına münasibəti olduqca aşağılayıcıdır. Bu əsər Biz kimik? sualına cavab vermək bir yana, hətta onu daha da qarmaşıq hala gətirməkdədir. Bəlkə də bu səbəbdən dolayı, Sovet dövründə Azərbaycan Elmlər Akademiyası’nın Tarix İnstitutu’na Bakıxanov’un adı verilmiş, hələ də bu adı daşımaqdadır.
Həmin 19. yüzilin birinci yarısında Rus hakimiyyətinin direktivi və sifarişi ilə bir neçə tarix kitabı yazıldı. Qarabağnamələr adı ilə məşhur olan bu əsərlərdə[2] Çar hökumətinə bu əyalətin tarixi haqqında məlumat verilirdi. Bu məlumat da əyalətdə müstəmləkə sisteminin effektiv qurulması və fəaliyyəti üçün lazım idi.
Mirzə Fətəli Axundov/Axundzadə tarixçi sayılmamaqdadır. Ancaq onun Kəmalüddövlə Məktubları,[3] oxumuş kəsim arasında yaxşı tanınırdı və ictimai fikrin yaranmasında ilkin qaynaq rolunu oynamışdır. Kitab tamamilə Pan-İranist ruhda yazılmışdır. Bu özəlliyinə görə İran’da Fars irqçiliyi üçün mötəbər bir qaynaq sayılmaqdadır. Bu səbəbdən də Axundov Pan-İranizmin qurucuları arasında ilk sırada yer almaqdadır. 1880’lərdə xalqın oxumuş kəsimində tarix şüuru bu tip əsərlərin təsiri altındaydı. Bu sürəc, Şahnamə’nin və gerçək tarixə zidd rəvayətlərin mollaxanalarda oxudulduğu bir dövr idi. Bu da çox simvolik və mənalıdır ki, 1888’də Paris’ə gedən gənc Əhməd Bəy Ağayev (daha sonralar Ağaoğlu) özünü o dönəmdə İranlı və Şiə olaraq tanıdırdı.
Həmin İranlı və Şiə kimliyi aşağı-yuxarı millî intibah dönəminə (1905-1920) kimi davam etmişdir. Əli Bəy Hüseynzadə-Turan məşhur Türklər kimdir və kimlərdən ibarətdir? adlı əsərində tarix şüurunun yoxluğundan şikayətlənir. Millî düşüncənin ən önəmli simalarından biri olan Hüseynzadə, 1905’də Həyat gəzetində yazırdı ki, tarixi keçmişlə bağlı “məsələ ilə bu gün deyil, bir neçə əsr əvvəldən bəri iştiğal etmək lazım idi. Mazidə ihmal olunmuş [keçmişdə unudulmuş] bu məsələyi gələcəyə, uzaq gələcəyə tərk etməyib heç olmazsa indi ələ almalıdır.”[4] Bu da bir başqa həqiqətdir ki milli tarix məsələsi “bir, ya iki fərdin işi deyildir”, bu problemin çözümü için “darülfünunlar, məclislər, cəmiyyətlər mövcut olmalı.” Bu böyük düşüncə adamı nədən tarix bilinci məsələsində bu qədər israrlıdır? Çünki Hüseynzade tarix bilincinin millətləşmə sürəcində birinci dərəcəli önəmə sahib olduğunu bilir, bu fikri soydaşlarına da təlqin edirdi.
Məhəmməd Həsən Baharlı’ya qədər Azərbaycan Türk tarixi haqqında diqqət çəkən əhatəli bir əsər mövcud deyildir. Baharlı’nın əsəri də 1920’də basıldı.[5] Füyuzatçılar, Rəsulzadə, Çəmənzəminli və başqa fikir öndərləri tarix bilinci məsələlərinin önəmini məqalələrində dəfələrlə vurğulamışlar. Siyasi muhacirət, özəlliklə Rəsulzadə milli tarixlə bağlı dəyərli əsərlər ortaya qoymuşdur. Məhz bu əsərlərin əsasında yeni, milli tarixçilik yaranmağa başladı.
Sovet rejimi effektiv və davamlı hakimiyyətin qurulmasında tarix bilincinin rolunu dərk edirdi. Bu üzdən də Serebrovski başda olmaqla onlarla neft mühəndisi ilə bərabər Bakı’ya bir tarixçi qrupu da göndərildi. Ratgauzer, Rayevski, Dubner, Steklov, Sef, Anserov kimi tarixçilər Azərbaycan Türkləri üçün “milli tarix” elmini yaratmalı idilər. Onlar da həvəslə bu işə girişdilər. Bir müddət sonra “milli” tarixçilik yarandı. Bu tarixçilik İran’dakı Pan-İranist tarixçiliyə çox bənzədildi. İran’da Azəri, Sovet Azərbaycanı’nda Azərbaycanlı konsepti hakim oldu. Tarix elmi rəsmi ideologiyanın hətta siyasətin önəmli tərkib hissəsi sayıldı. Bu səbəbdən də siyasi hakimiyyətin tam kontrolu altındaydı. Daha doğrusu – Mərkəz’in (Moskova’nın) sərt kontrolu altına girdi.
İkinci Dünya Savaşı’ndan sonra Azərbaycan tarix elmi onlarla istedadlı və əməksevər yerli tarixçilərlə təmsil olundu. Yüz cildlərlə əsər yazıldı. 1960’larda 3 cildlik Azərbaycan tarixi, 1980’lərdə isə onun 7 cildlik versiyası basıldı. Bunların nəticəsi olaraq hazırda milli tarixçiliyin yaranması üçün zəngin empirik material toplanmışdır. Ancaq eyni əsas sual (Biz kimik, haradan gəlib, haraya gedirik?) cavabsız qalmaqdadır. Məsələnin həllinə mane olan aşağıdakı mövcud naqisliklərə göz ataq.
Sovet Dönemi Tarixçiliyin 7 Bəlası
Birincisi; rəsmi Quzey Azərbaycan tarixçiliyi, ifrat dərəcədə ideologiyalaşdırılmışdır. Tarixi prosesin izahı, Marksist materialist tarix tezisləri çərçivəsinə sıxışdırılıb qalmışdır. Bu baxış sisteminə görə, tarixin gedişatı iqtisadi mübarizədən ibarətdir və iqtisadi əsaslar yeganə olmasa da hər halda cəmiyyət tarixinin gəlişməsində son müəyyənedici faktordur. Tarixi araşdırmalar, istehsal vasitələri və istehsal münasibətlərindən ibarət olan bazisin [altyapının] üstqurumu müəyyənləşdirməsi; bu günə qədərki bütün cəmiyyət tarixinin, siniflər mübarizəsi tarixindən ibarət olması; fəhlə sinfinin burjuaziya ilə mübarizəsindən yeganə mütərəqqi idarə şəkli olan proletariat diktaturasının doğması kimi tezislərə dayandırılmalıydı. Marksizmin bu tezislərinə dayanaraq Sovet lideri İosif Stalin də tarixçilər qarşısında bir məşhur vəzifə qoymuşdu: “Tarix elminin ən birinci vəzifəsi istehsal şəraitini, istehsal vasitələri və istehsal münasibətlərinin inkişaf şəraitini tədqiq etmək və ortaya çıxarmaqdır.”[6] Stalin’in ölümündən sonra (1953) kommunist rejimdə milli məsələlər izərindəki senzura nisbətən yumşadıldı. Ancaq bu yumşalmadan tarixçilər deyil, yazıçılar yararlana bildilər. 1960’cı illərdə Azərbaycan ədəbiyyatı hakim ideologiyadan nisbətən uzaqlaşa bildi və ədəbi əsərlərdə yeni milli mövzular ortaya qoyuldu.
İkincisi; Quzey Azərbaycan’da tarixçilik ifrat dərəcədə siyasiləşdirildi. Bu səbəblə Çar Rusiyası’nın Azərbaycan’ın keçmişindəki rolu təhrif edildi. Rusiya’ya, Quzey Azərbaycanı xarici güclərdən və feodal geriliyindən “qurtaran” missiya yükləndi. Sovet dönəmi və sonrakı dönəm tarixi, bilinən səbəblərdən dolayı tamamilə siyasiləşdirilib göylərə qaldırıldı. Rusiya’da Türk-Tatarlara münasibətdə tətbiq edilən zülmü əsaslandırmaq üçün Çar dövründə Tataro-monqolskoe iqo [Tatar-Moğol zülmü] deyilən yanlış və zərərli nəzəriyyə irəli sürüldü. Sovet dövrində eyni nəzəriyyə Azərbaycan tarixçiliyində də yer aldı. Qeyd etməliyik ki, Ortaçağlar Azərbaycanı’nda Elxanlılar dövrü, Uyğur Türkcəsinin yazı dili kimi idari işlərdə istifadə edildiyi yeganə dövr olmuşdur. Başqa bir məsələ gerçək milli qəhrəmanlarla bağlıdır; Cavanşir, Babək, Qubalı Fətəli Han kimilər milli qəhrəman olaraq millətə sırındı. Gerşək tarixi qəhrəmanlardan söz edilmədi. Halbuki xalq övladlarına sevə-sevə Çingiz, Toğrul, Teymur adları verdi, ancaq rəsmi tarixçilikdə bu şəxslər “işğalçı” olarak tanıdıldı. Sovet dövründə Güney Azərbaycan’ın gerçək tarixinin təhrif edilməsi də başqa bir maraqlı faktdır. Tarixçilər oxucularını inandırmaq istədilər ki, Güney Azərbaycan hətta sabah bağımsızlığını qazana bilər; bağımsızlıq mübarizəsində Güney Azərbaycan, Sovet Azərbaycanı’nı gələcəyin modeli olarak qəbul etməli idi.
Quzey Azərbaycan tarixçiliyinin coğrafiyaya pərçimlənməsi başqa bir problemdir. Azərbaycan Türklərinin tarixini ən yaxşı halda Zamua, Aratta’dan başlatdılır. Onların etnik kökü bilinmir, haqqında qaynaqlarda bir neçə cümlə yer almışdır. Milli tarixin məntiqinə görə, “Azərbaycan tarixi” ümum Türk tarixinin bir bölümü olarak qəbul edilməlidir. Başqa sözlə, Azərbaycan Türklərinin tarixi İran araşdırmalarının (İranian Studies) deyil, Türkologiyanın bir bölümü sayılmalıdır. Burada muqayisə üçün əlavə edək ki, Güney’də formalaşmaqda olan tarixçilikdə milli tariximiz ümum Türk tarixinin bir bölümü sayılır. Bu səbəbdən dolayı Təbrizli Əli’nin, Dr. Cavad Heyət’in, Həsən Raşidi’nin əsərlərində tariximiz Türk tarixinin qədim dönəmi ilə başladılır.
Dördüncü problem. Azərbaycan rəsmi tarixçiliyinin fokusu yoxdur. Yuxarıda vurğulanan başlıca suala (Biz kimik, haradan gəlib, haraya gedirik?) cavab yoxdur. Yəni Azərbaycan tarixçiliyi hələ də məşhur etnogenez problemini çözə bilməmişdir. Bu bir tarixi faktdır: İosif Stalin 1937’də babalarınızı Midiya tarixində axtarın əmrini vermişdir. 50 il sonra mərhum Prof. Süleyman Əliyarlı bu hadisəyə dəqiq tanımlama gətirdi: “Ağzımızı dağa dirədilər.” Sırınmış Azərbaycanlı konsepti onillərlə davam edəcək kimlik böhranı yaratdı. Bu konseptə görə, Quzey’də Qafqazdilli tayfalar “Albaniya xalqı”nı, Güney’də İrandilli/Farsdilli tayfalar “Atropaten xalqı”nı yaratdılar. 11. yüzildə gələn Türklərlə birlikdə burada qarışıq, mələz, devşirmə bir xalq yarandı – adı da oldu Azərbaycanlı. Yəni burada Türk xalqı/milləti yoxdur, Azərbaycan – Türk Yurdu deyil, “Odlar Yurdu”ymuş. Bu baxışa görə, hər Azərbaycanlı düşünməlidir və onların çoxu da düşünməyə davam edir: Onun əcdadı/atası, Qafqazdilli xalqın (örnək olaraq Ləzgilərin, Udinlərin və s.) təmsilçisidirmi?! Güney’də isə Kəsrəvizm iddia edir; onun babası Azəri imiş, o da Fars’ın əmisi oğludur. Sonralar bu coğrafiyada peyda olmuş Türklər zorla onların dilini dəyişdiriblərmiş.
Primordializmi (əzəlçiliyi) Azərbaycan tarixçiliyinin böyük problemlərindən biri olaraq qəbul etməliyik. Sovet dövründə Azərbaycan’dakı millətçi tarixçilərin enerjisi daha çox Türk millətinin (‘Azərbaycanlıların’) burada ta əzəldən məskûn olmasına, autohton xalq olması iddiasının sübutuna xərcləndi. Tarixçilər Kreml’in təhriki ilə sübut etməli idilər ki, Azərbaycanlılar buralara Ermənilərdən də öncə gəlmişdilər. Şübhəsiz, bu coğrafiyada qədim izlərimizdən imtina etməli deyilik və milli tarixçiliyin vəzifələrindən biri də qədim tarixi ortaya qoymaqdır. Prof. Süleyman Əliyarlı bunu “doğal dərinləştirmə üsulu” adlandırırdı. Onun fikrinə görə, bu dərinləştirmənin/qədimləşdirmənin obyektiv, inandırıcı olması zəruridir. Adı çəkilən akademik məsələni siyasiləşdirmək yalnız Kreml’in işinə yaradı. Halbuki siyasi problemləri tarixilik prisipi ilə çözməyə qalxmaq beynəlxalq münasibətlər nəzəriyyəsinə görə gülüncdür. Üstəlik, ciddi elmi nəzəriyyələr iddia edir ki, indiki dünyada əvvəlki məskunlaşma yerini dəyişdirməyən xalq yoxdur. Autohton’luğu ilə qürur duyan Erməni irqçisi də bilməlidir ki, indiki Ermənilərin ataları bir zamanlar Balkanlar’dan indi yerləşdikləri ərazilərə gəlmişlər. Erməni əsilli ABŞ tarixçisi Richard Hovanessian bir yazısında bu cür ifrat millətçi/irqçi yanaşmanı ələ salır. Türklərə “gəlmə” deyən Fars irqçisi, Farsların burada autohton olduğu əfsanəsi haqqında heç olmasa Naser Purpirar’ın kitablarını oxumalıdır.
Əzəlçiliyə ifrat bağlılıq tarix elmini gözdən salır. Bu gün Azərbaycan vətəndaşlarının əksəriyyəti tarixi araşdırmaları ciddiyə almır. Azərbaycan Türkləri öz tarixi ilə az maraqlanan toplumlardan, öz tarixinə biganə qalan millətlərdən biridir. Tarixindən dərs almağa da meylli dəyildirlər. Bunun nəticəsi olarak milli şüurun inkişafının əsas faktorlarından biri kimi tarixçiliyin rolu da unudulmuş olur.
Altıncı problem; Quzey Azərbaycan tarix kitabları sanki Azərbaycan vətəndaşları üçün deyil, yadlar özəlliklə Erməni, Rus və ya Farslar üçün yazılır. Azərbaycan tarixçisi öncə düşünür: Onlar nə deyər? Təbii, xarici təbliğat da ola bilər və olmalıdır. Ancaq bu əsərlər öncə və əsasən Azərbaycan vətəndaşları üçün yazılmalıdır. Bir daha təkrar vurğulamakda yarar vardır: Renan və Hegel dönəmindən bu yana tarix şüuru, millətləşmənin həssas bir komponenti sayılmaqdadır. Çağdaş Azərbaycan tarixçiliyində bəlkə də ən çox ehtiyac duyulan keyfiyyət obyektivlikdir.
Rəsmi Azərbaycan tarixçiliyində müqayisəli analiz yoxdur. Üfiqi analizin yoxluğu, qonşular və ya dünya mədəniyyət mərkəzləri ilə müqayisə etməkdən qaçış xarakteristikdir. Halbuki 19. və 20. yüzillər Azərbaycan Türklərinin fikir öndərləri qonşularla müqayisədən imtina etməmiş, bəlli sahələrdə geriliyin varlığını gizlətməmişlər. Müqayisəli analizin yoxluğu, vətəndaşın Türk və İslam aləmində, dünyada Azərbaycan’ın mövqeyini dəqiqləşdirməyə mane olur. Sanki Azərbaycan dünyadan təcrit şəklində mövcud olmuşdur.
Milli tarixçilik
Bağımsızlığın 30. İlində tarixçiliyimiz hələ də milliləşməmişdir. Sovet dönəmindən qalan dövlət yönləndirməsi davam etməkdədir. Halbuki bu sahədə sərbəstlik olmayınca mütəxəssislərin fədakarcasına çalışdığı tarix elmində, uyğun olaraq xalqın tarix şüuru sahəsində normal durumun yaranacağı haqqında düşünmək belə yersizdir. Heydər Əliyev şəxsiyyətinə pərəstiş tarix dərs kitabları və rəsmi medianın əsas mənfi özəlliyidir. Bağımsızlığın əldə edilməsi və torpaq bütövlüyünün qorunmasında böyük xidmətləri olmuş milli-demokratik qüvvələrin rolunun təhrif edilməsi davam etməkdədir. Bu cəhdlər toplumun müqaviməti ilə qarşılaşmaqdadır. Yaxın keçmişin şahidlərinin hələ həyatda olduğu bir dönəmdə bu cür təbliğat bölücü rol oynayır.
Sovet dönəmi tarixinin (1920-1991) ictimai fikirdə layiq olduğu qiyməti aldığını da iddia edə bilmərik. Rəsmi tarix elmi və təbliğatı Sovet dönəmini yüksəliş illəri, Azərbaycan dövlətçiliyinin inkişafı dönəmi, “ikinci respublika” hesab edir. Milli ruhlu azsaylı tarixçilər 27 Aprel’lə (1920) başlayan bu dönəmi Azərbaycan tarixinin ən dramatik dönəmlərindən biri olaraq tanımlamaqdadırlar. Bağımsızlığın itirilməsi, suverenliyin əldən getməsi, milli kimlik sahəsində böhranın yaradılması, ölkə iqtisadiyyatının vəhşicəsinə istismarı və s. ilə yanaşı, bəzi sahələrdə modernləşmə istiqamətində ireliləmə də yer almışdır. Sovet dönəmində naqis de olsa mövcud olmuş sosial müdafiə sisteminin varlığı Sovet dönəmini və sistemini müdafie edənlərin əlində əndər vasitələrdən biridir.
1918-1920. illər “birinci respublika”, bağımsızlıq, suverenlik, ictimai həyatın milliləşməsi, demokratik idarəçilik, “millət olma iradəsinin ortaya qoyulması” (M. Əmin Rəsulzadə) və s. dövrü olaraq müzakirə və mübahisə mövzusu olmayacağı təsəvvürü yaradır. Bağımsızlıq dönəmində bu mövzularda onlarla əsaslı akademik araşdırma ortaya çıxdı. Siyasi mühacirətin bu mövzuda yaratdığı irs də oxucunun istifadəsine verildi. Mövzu akademik baxımdan aşağı-yuxarı aydınlığa qovuşmuşdur təsəvvürü yayğındır. Bununla belə 1918-1920’nin və sonrakı dövrün millət və dövlət qurucuları rəsmi akademiya və təbliğat tərəfindən qısqanclıqla qarşılandı. “İrəvan’ı Milli Şura verdi”, “dövlət bayrağı xarici qüvvələrin təzyiqi ilə qəbul edildi” kimi əsassız tezislərlə bu mövzuda müzakirələr açılır, Azərbaycan Xalq Cumhuriyyəti dönəminin möhtəşəmliyi sual altına alınmağa çalışılır.
Rəsmi tarixçilik və təbliğat Çar Rusiyası’nın Azərbaycanı işğalı ve burada müstəmləkə idarəçəliyi qurması faktına Sovet dönemində olduğu kimi “Azərbaycan’ın Rusiyaya könüllü birləşməsi” ve “feodal əsarətindən qurtarıb, inkişaf etmesı” kimi bayağı tezislərdən əsasən imtina etmişdir. Amma bu dönemin sıradan bir müstemleke dönemi olduğu heqiqetini de ürekle qebul etmekden uzaqdır. Son illərdə Çarlıq rejiminin Azəbaycan’da qurduğu müstəmləkə sistemi haqqında dəyərli araşdırmalar işıq üzü görmüş və ictimai fikrin bu həssas məsələdə əski yanaşmasının veyli derecede dəyişməsində önemli rolu olmuşdur.
Rəsmi tarixçilikdə Ortaçağlar sonrakı dönəmlərə nisbətən az siyasiləşdirilmişdir. Ancaq ciddi təhriflərlə doludur. 1000 illik Türk xanədanlarının mahiyyəti, Azərbaycan əhalisinin etnik tərkibi, qonşu ölkələrlə münasibətlər, özəlliklə Azərbaycanda Türk etnosunun varlığı və sair məsələlər bağımsızlıq dönəmində kəskin tənqidə məruz qaldı. Buradaca günümüz tarix araşdırmalarında anlaşılması çətin olan bir ifratı da dilə gətirməmizdə fayda vardır. Türk xanədanlarına, padşahlara, xanlara sahib çıxan tarixçilərimiz bəzən onları ideallaşdırır, sanki çağdaş oxucuda rəiyyet ruhu yaratmağa çalışırlar. Zamanında görkəmli fikir adamı Əhməd Ağaoğlu böyüklərimizin tarixdəki yerini müəyyən edən metodoloji münasibet (sahib çıxaq, ancaq sorğulamamızı da əsirgəməyək) ortaya qoymuşdur. Bu yanaıma indi də keçərli sayıla bilər.
Qədim dövr tariximiz məsələsində rəsmi Sovet tarixçiliyinin tərsi olan meyl diqqət çəkir. Moskva, Sovet dönəmində Azerbaycanlıların qədim tarixə iddialı olmaq haqqını geri çevirir, onlara “gənc millət” statusunu uyğun görürdü. Bağımsızlıq dönəmində günlük nəzarətin qaldırıldığı yeni şərtlərdə əzəlçiliye ifrat bağlanma müşahidə edilməkdədir. Qəti qənaətimizə görə, çağdaş Azərbaycan coğrafiyasındakı əhalini süni şəkildə Türkləşdirməyə heç ehtiyacımız yoxdur. Bundan daha önəmlisi isə milli tariximizi gənəl Türk tarixi tamindan qopardıb əlahiddələşdirmek meylidir.
Verdiyimiz məhdud sayda örnəklərlə çağdaş tarixçiliyimizdəki durumu özətləməyə çalışdıq. Bu durumun ürekaçan olmadığını göstərmək zorundayıq. Bu, millətləşmə sürəcinin ən mühüm iki amilindən birində (tarix bilinci sahəsində) həssas problemlərin varlığının tesbitidir.
Məsələ Güney Azərbaycan’a gəldikdə daha da qəlizləşir. İran rəsmi və qeyri-rəsmi tarixçiliyi onillərlə Türklüyün şüurunu zəhərləmiş, onu İran dəyərlər sistemində tutmağa, Türklüyündən qopardib utandırmağa çalışmışdır. Xalqın əksəriyyətinin İran tarixçiliyinin aşağılayıcı müddəalarının basqısı altında olduğunu göstərmək zorundayıq. Bu olumsuzluqla yanaşı Təbrizli Əli, Dr. Zehtabi, Dr. Cavad Heyət və Varlıq yazarlarının cəhdləri ilə xalqın bir hissəsi, özəlliklə gənc nəslin milli tarix bilincinə sahibləndiyini də göstərə bilərik.
Sonuc
Bilinən bir gerçəyi bir daha vurğulayaq: Harada olduğunu, haraya gedəcəyini bilmək üçün tarixindən dərs almağa məcbursan; tarix yazmaq onu yaratmaq qədər önəmlidir. Bu yazılan tarix mütləq obyektiv və inandırıcı olmalıdır. Əks təqdirdə bir vaxt təhrif və şişirtmələrə inananlar ve ya özünü inandıranlar, bir gün gəlib gerçəyi öyrənəcək və müalicəsi mümkün olmayan mənəvi yaralar alacaqlar. Öz millətinin tarixini bilmek də yetmir; gələcəyimiz haqqında ciddi fikirlər yürütmek üçün başqa millətlərin, özəlliklə yaxın təmaslarda olmaq məcburiyyətində qaldığımız millətləri də eyni ölçüdə tanımalıyıq.
Əli Bəy Hüseynzade-Turan’ın 116 il öncə soydaşlarının tarix bilgilərinin yoxluğundan şikayətçi olduğunu yuxarıda bildirmişdik. Dramatik siyasi tariximiz bu problemi çözməyə imkan vermədi. Hətta yad tarixçilər bizə yad tezislər sırıdılar. Yaxın keçmişimizdə nə olmuşsa olsun, tarixin millət həyatında üstün rolunu göz önünə alıb, milli tarixçiliyi şəkilləndirmək gərəkdir. Bu da Türkçü tarixçilərin boynunun borcudur.
[1] Аббас-Кули-Ага Бакиханов, Гюлистан-и Ирам, Баку: Элм, 1991.
[2] Qarabağnamələr, Bakı: Yazıçı, 1989.
[3] Mirzə Fətəli Axundzadə, Əsərləri, BakI: Şərq-Qərb, 2005.
[4] Həyat, 1905, N 4.
[5] Məhəmməd Həsən Vəlili-Baharlı, Azərbaycan. Coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahazat, Bakı, 1920 (Yeni baskısı: Məhəmməd Həsən Vəliyev-Baharlı, Azərbaycan. Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk, Bakı: Azərbaycan nəşriyyatı, 1993)
[6] J. V. Stalin, Diyalektik ve Tarihi Materyalizm, Çev. İsmail Yarkın, İstanbul: İnter Yayınları, 1992, s. 21.