Nədən Millət, Nədən Millət-Dövlət başlıqlı son yazımızda millətlə dövlət arasındakı münasibətlərdən və indiki qopuqluqdan bəhs etmişdik.[1] Bu qopuqluğu yaradan və sürdürən sosial-siyasi zümrə bugünkü məqaləmizin mövzusudur. Bu zümrəni yaxşıca tanımadan ölkə siyasətinin mahiyyətinə varmaq mümkün deyildir.
Yerli idarəçi elitin son 200 ildəki macərası kitablıq və ciddi bir mövzudur. Bu yazıda şərti olaraq qapıqulları, nomenklatur və 5. kolon olaraq tanımladığımız zümrənin yarandığı tarixi şəraiti, bu zümrənin siyasi davranışı və psixologiyasını ana xətləri ilə ələ almağa çalışacağıq.
Qapıqulları
Quzey Azərbaycan qarışıq Qafqazı işğal etmiş Rusiya İmperiyası buradakı sömürgə idarəçiliyində fərqli modelləri sınaqdan keçirdi. İdarəçiliklə bağlı çeşidli yanaşmalar müzakirə edildi. Bu müzakirələrdə Rus dövlətinə sədaqətinə etibar edilməyən bu xalqı (`Qafqaz Tatarlarını`) idarəçiliyə yaxın buraxmamaq fikri hakimdi. Rus sömürgə siyasətinin Azərbaycanda əsas hədəflərindən birisi də, təbii ki, xalqın müqavimət gücünü təşkil edə biləcək yerli siyasi elitin[2] güclənməsinə imkan verməməkdi.
Türk siyasi eliti işğal dönəmində Gürcü və Ermənilərdən fərqli davranış sərgilədi. İran dövlətçilik ənənələrindən bezmiş və İran tamından qopmuş Türk xan və bəyləri ümumilikdə 1801-1828’lər işğal sürəcində birmənalı mövqe ortaya qoymadı. Daxili muxtariyyətini qorumaq ümidində olan bu təbəqə Qarabağlı İbrahim Xanın və ailəsinin qətlindən sonra (1806) bu ümidlərin özünü doğrultmadığını görüb, yenidən Qacar İranına meyllənməyə başladı. Azərbaycan Türk elitinin bu cür davranışı Rus hakimiyyətinə yerli `Busurmanlara` etibar etməmək üçün əsas verdi. Əlbəttə ‘tarixi gələnəkləri Türk və İslam dünyasiylə mücadilədən ibarət olan’ (M. Əmin Rəsulzadə) Çarlıq Rusiyası dövlətinin burada fərqli siyasət yürütməsi anlaşılandı. Azərbaycanın coğrafi özəlliyi (Qacar İranı və Osmanlı Türkiyəsi ilə sərhəddə yerləşməsi), Çar Rusiyasını burada İdil-Ural və Quzey Qafqazdakı siyasətindən daha sərt siyasət yürütməyə təhrik etməkdəydi.
Savaşla alınmış bu ölkənin iqtisadi və siyasi baxımdan mənimsənilməsi yerli əhalinin nümayəndələrindən istifadə etmək zərurətini ortaya qoydu. Belə bir zümrə işğal sürəcində Rus hakimiyyətinə həssas xidmətlər göstərmiş bir qrup və onların törəmələri ola bilərdi. Məlumdur ki, Şəmşədil hakimi Nəsib Sultan, Qubanın Buduq mahalının Şeyxəli Xandan narazı olan bəyləri, Quba və Bakıda Bakıxanovlar nəsli, Şirvan xanının qardaşı Qasım Xan, Məhəmməd Həsən Ağanın tərəfdarları və başqaları Ruspərəst mövqe tutmuş, hərbi dəstələri ilə Rus qoşunlarının önündə işğalda fəal iştirak etmişdilər.
Rusiya hakimiyyəti, yeni sömürgələr üçün nəzərdə tutduğu ‘təbii Rus zadəganlığı’ layihəsini Azərbaycanda da gerçəkləşdirmək lüzumunun fərqindəydi. Qafqazda müridizmin genişlənməsi, müstəmləkə hakimiyyətinə yerli əhalinin bütövlükdə soyuq, bəzi hallarda düşmən münasibəti Rus hökumətini siyasətinə düzəlişlər etmək zərurəti qarşısında qoydu. Çar fərmanı Azərbaycanın yüksək sosial təbəqəsinə (xan, bəy, ağa) münasibətdə uzun zamandan bəri davam edən qeyri-müəyyənliyə son qoydu. Müsəlman ali silkinin torpaq hüququ Rusiya zadəganlarının hüququ ilə bərabərləşdirildi. Bununla belə silki imtiyazlar və şəxsi haqlar baxımından bərabərsizlik ləğv edilmədi. Məsələn, Gürcüstanda zadəganların torpaq və silki haqlarını nizamlayan Zadəgan Deputatları Məclisi kimi bir institutun Azərbaycanda yaranmasına Rus hakimiyyəti zərurət görmədi. Azərbaycanda yerli zadəganların fərdi məsələlərinə Tiflisdəki dövlət komissiyaları baxırdı. Hüquq sahəsində ən önəmli bərabərsizlik müsəlmanların dövlət idarəçiliyində iştirakına qoyulan məhdudiyyətlər idi. Gürcü və Ermənilərin nümayəndələri həm Rusiyanın mərkəzində, həm də yerlərdə yüksək vəzifələrə gətirilirdisə, müsəlmanlara bu imkan verilmədi. Başqa müsəlman əyalət və ucqarlarında olduğu kimi, Azərbaycanda da yerlilərin nümayəndələri yalnız aşağı rütbəli vəzifələrdə çalışa bilərdi, müsəlman gəncləri bir qayda olaraq orduya alınmırdı.[3]
Bununla belə yerli əhali ilə təmas gərəyi yerli dili bilən tərcüməçi və başqa kiçik rütbəli məmurlara ehtiyac oyadırdı. Rusiyadakı Türk-Tatarları Ruslaşdırmaq sahəsində tanınmış mütəxəssis olan İlminski, Rusdilli məktəblərin yerlilər arasında populyar olmadığını, onların Rus dövlətindən təcrid və yadlaşmasını nəzərə alaraq, qarışıq proqramlı ‘Rus-Tatar’ məktəblərinin yaranması layihəsini irəli sürüb, hökumətin təsdiqini ala bildi. Bu məktəblərdə təhsil ilk illərdə qismən yerli dillərdə aparılır, eləcə də “Rus sivilizasiyası tərcümədə” öyrədilirdi. Sonrakı illərdə isə dərslər yalnız Rus dilində idi. İlminskiyə görə, bu, Rus olmayanlar arasında Rus dili və mədəniyyətini yaymağın ən səmərəli yolu idi. İlminski həm də Kiril qrafiki əsasında Tatarlar üçün yeni əlifba quraşdırması ilə də tanınmışdı.[4] (İlminskinin layihəsi tam şəkildə Sovet dövründə gerçəkləşdi).
Beləcə yerli idarəçilik sistemində yer almış bir zümrə yetişdirildi. Rus hakimiyyətinin bəslədiyi, Rus kültürü və dövlətinə bağlı bu zümrə milli siyasi-tarixi fikirdə qapıqulları adı ilə tanınmışdır. Bu zümrə haqqında Məmməd Əmin Rəsulzadə sonralar yazacaqdı: “Çarizm, hanların elinden kasp ettiği hakimiyeti, kendine minnettar ettiği beylerle – biraz olsun – bölüşüyordu. İşbu siyaset neticesinde han kapısında kulluk etmiş beylerden ve bu beylere mensup ailelerden çar siyasetine hizmet ve kendi halkına ihanetleri ile temayüz eden [ayrılan, seçilən] tipler zuhur eylemiştir.”[5]
Sömürgə sisteminin gözünə qatılan bu zümrənin canfəşanlığı Rus dövlətinin Azərbaycana və buradakı Türklərə ümumi münasibətini dəyişdirə bilmədi. Qapıqullarına yalnız köməkçi vəzifələr daşımaq qaldı. Rusiya dövlətinin güvəndiyi əsas dayaq xristian xalqların nümayəndələri idi.
İmperiya mərkəzindən göndərilən məmurlarla yanaşı yeni köçürülən Rus (Duxobor, Molokan, Subbotnik, Prıqun, Skops) əhalinin nümayəndələri yerli elitin özəyini təşkil etməliydi. Rus əhalisinin say baxımından sürətlə artırılmasına baxmayaraq, mövcud vəziyyət Rus hökumətini təmin etməmişdir. Rus hökumət dairələrində 20. yüzilin əvvəllərində burada qalıcı olmaq, ya da bir Rus müəllifinin açıqca bəyan etdiyi kimi, “Zaqafqaziyanın gələcəkdə bizdən qopması imkanının qarşısını almaq üçün” burada “Rus əhalinin sayını ən azı yerlilərin sayına çatdırmağı” təklif edirdi. Bu strateji planda Muğan düzündə ən azı bir miyon Rus əhalisinin yerləşdirilməsi təklifi də yer almaqda idi.[6] N. Şavrovun fikrincə, “bu milyonluq Rus əhalisi, Rusiyaya böyük xidmət göstərər, ətraf əhaliyə heç hiss etdirmədən ruslaşdırıcı təsir edər, onunla yaxın əlaqələr qura bilər.”[7]
Azərbaycandakı sömürgə sistemində aktiv yer alan başqa bir ünsür də qonşu xristian əhalinin nümayəndələri idi. Ermənilər, qismən də Gürcülər Güney Qagqazda Rus sömürgə sisteminin şəkillənməsində önəmli rol aldılar.
Rus hökumətinin məlum köçürmə və ayrıseçkilik siyasəti etnosiyasi duruma birbaşa təsir etdi. Köçürülən əhalinin xeyli hissəsi yerli Türk maldar əhalinin otlaq sahələrində, eləcə də Türk mülkədarlara məxsus torpaqlarda yerləşdirildilər. Bu da yerli əhalinin təbii narazılığına nədən olmaqda idi. Bəzi Rus müəlliflərinin ‘yerlilərin düşmən münasibəti’ kimi xarakterizə etdikləri[8] halın yaranmasında bu amilin rolu böyükdür. Maraqlıdır ki, 19. yüzilin sonlarına doğru Erməni milli hərəkatının yaranmasından qorxuya düşmüş Rus müəllifləri, bunda dövlətin yanlış köçürmə siyasətinin də böyük rolunun olduğunu bildirirlər. Vasil Veliçko Ermənilərin Güney Qafqaza köçürülməsi işində ifratçılığın ‘Rus xalq işinə zidd olduğunu’ bildirir və yazır: “İşğal edilmiş vilayətlərin Müsəlmanları acı istehza ilə soruşurlar: Haradadır Ruslar? Bizi kimin üçün işğal etdilər? Hər halda özləri üçün deyil… Nə taciriniz görünür, nə də əkinçiniz. Hər yerdə Ermənilərdi, bizim dünənki qullarımız.”[9]
Beləliklə, Quzey Azərbaycanı hərb yolu ilə, qan tökərək işgal etmiş Rusiya, burada müstəmləkə idarəçiliyi sistemi qurdu. Bu müstəmləkəçi sistem daha çox yerlilərin iştirakı olmadan, birbaşa idarəçiliyi ehtiva edən Fransız müstəmləkə idarəçilik modelinə uyğun gəlirdi.
Çar Rusiyası dönəminin bir başqa özəlliyi də Rus kültürünə və dövlətinə bağlı zümrələrin zəifliyi oldu. Məhz bu səbəbdən də onlar Azərbaycanın bağımsızlığı və demokratik dövlət anlayışına qarşı təsirli bir anlayış və hərəkat qoya bilmədilər.[10] Rusiya partiyalarının yerli şöbələrinin fəaliyyətinə qatılanların əksəriyyəti Ruslar və Ermənilər idi. Rəsulzadənin təxminlərinə görə, Azərbaycanın ikinci işğalı ərəfəsində bolşevik partiyasındakı yerli xalqın nümayəndələrinin sayı 300’dən artıq deyildi.[11]
Çarlıq dönəmində yerli idarəçi zümrənin zəifliyi 1918-1920’lərdə bağımsız Azərbaycan dövləti üçün problemlər yaratdı. Yerli əsgərin yetərsizliyi problemini Osmanlıdan çağırılan (1918) Məhmətcik qismən qapada bildi. Digər sahələrdə yetərli milli kadrların olmaması millət və dövlət quruculuğu işini çətinləşdirən əsas səbəblər sırasındaydı. Bu tarixi vəzifəni azsaylı ziyalı və burjuaziya zümrələri boynuna götürdü. Adı çəkilən ziyalı və burjuaziyanın bağımsızlıq stratejisinin qətiyyətlə ortaya atılması özəlliklə diqqəti çəkir. Güney Qafqazın bağımsızlığının elan edilməsində (22 aprel 1918) əsas rolun Azərbaycan təmsilçilərinə aid olması vurğulanmalı tarixi faktdır. Eyni zamanda əski Rusiya Türkləri arasında yalnız Azərbaycan Türklərinin qətiyyətli bağımsızlıq xəttini ortaya qoyması da başqa bir diqqətçəkən tarixi faktdır.
Milli və demokratik hakimiyyətin təhvili haqqında 27 aprel 1920 tarixli sənədin 5. maddəsində ‘sabiq siyasilər, hökumət üzvləri və millət vəkillərindən heç kimsə siyasi cinayətdə ittiham edilməyəcək’ vəədinə baxmayaraq, işğalçı Sovet Rusiyası təzəcə şəkillənməkdə olan milli elitin kökünü kəsmək üçün əlindən gələni əsirgəmədi.
Nomenklatur
Oktyabr bolşevik çevrilişindən sonra (1917) Sovet Rusiyası, Rus olmayan məzlum millətlərə Avropa social-demokratiyasının dəb halına gətirdiyi `öz müqəddəratını təyin etmə` haqqını verəcəyini dəfələrlə bəyan etdi. Amma bu haqqı ən azı üç mühüm şərtə bağladı. 1. Təyini-müqəddərat haqqı xalqlara deyil, həmin ölkələrin proletariatına veriləcək. [!] 2. Kominternin 2. qurultayı (1919), metropoliyanın (yəni Rusiyanın) kommunist partiyasının sömürgə ölkələri (örnək Azərbaycan) kommunist partiyalarının fəaliyyətinə rəhbərlik etmək haqqı verdi.[!]3. ‘Bizdən olmayanların [yəni yerli muxtar qurumlara kommunistlər başçılıq etməsələr] muxtariyyət haqqı belə tanınmayacaq.’(İosif Stalin). Beləcə bu şərtlər parıltılı təyini-müqəddərat haqqını heçə endirirdi. Sovet Rusiyasının bu fəndini mərkəzdəki və yerlərdəki Rus olmaayaan bolşeviklərin bir hissəsi anlamadı, ölkəsinin və millətinin yenidən işğalına yardımcı oldu. Anlayan kəsim isə muzdlu ÇK məmuruna çevrildi, yəni sadəcə olaraq satıldı.[12] Yüz il əvvəl Rus ordusunun qabağına düşüb bələdçilik edənlər kimi.
Sovet hakimiyyətinin ilk illərində yerli kommunistlər tamamilə vitrin funksiyası daşıdılar. Ali hakimiyyət orqanı hüquqi legitimliyi olmayan müvəqqəti “Azərbaycan İnqilab Komitəsi” (ya Azrevkom) deyilən, Sovet Rusiyasının təyin etdiyi üzvlərdən ibarət orqan sayıldı. Azərbaycan İnqilab Komitəsinin (Azrevkom’un) üzvlərinin hamısı Türkdü.[13] Amma İnqilab Komitəsi ölkə idarəçiliyində ən çoxu verilən qərarların icraçısı idi. Bu qərarları isə Moskva və onun Azərbaycandakı birbaşa təmsilçiləri verirdi. Daha dəqiq desək, günlük prinsipial məsələlər haqqında XI ordunun inqilabi-hərbi şurası (Revvoensovet) qərar verirdi. Hətta xarici diplomatik nümayəndəliklər bütün önəmli məsələlərlə bağlı məhz XI ordunun inqilabi-hərbi şurasına müraciət edirdilər. Yerlərdə yaradılan inqilab komitələrinin tərkibi də XI ordunun razılığı ilə müəyyən edilirdi.
Nərimanovu hələ də sevənlər inciməsinlər. Az bilinən iki acı tarixi faktı xatırladacağıq. Nərimanov və onun kimilərin boynuna ancaq dekor rolü biçilmişdi. Azərbaycanın idarə edilməsində işğal ordusu, Mərkəzdən göndərilən emissarlar və Mərkəzi idarə orqanlarını göstərməklə yanaşı, bu amili də xüsusi vurğulayaq ki, əslində Azərbaycanın idarə edilməsinin başında RK(b)P Qafqaz Diyar Komitəsinin katibi Serqo Orconikidze dururdu. Sovet dövlətinin başçısı Lenin bu missiyanı rəsmi şəkildə məhz ona tapşırmışdı. (1918’in başlarında isə bu görəv Stepan Şaumyana verilmişdi). Ömrünün sonlarına doğru nəhayət bu həqiqəti dərk edən Azrevkom’un sədri Nərimanov, oğluna yazdığı bitməmiş məktub-vəsiyyətdə belə izah edəcəkdi: “Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən [yerli xalqın nümayəndəsi olduğun üçün] təyin etmişlər [buna diqqət buyurun], onda sən daim vicdan əzabı çəkəcəksən, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır.”[14] Hələlik isə 1920 və 1921’lərdə Rusiyanın təyin etdiyi sözdə Azərbaycan lideri Sovetlərin bu məcburiyyətini anlaya bilmir, gah Leninə şikayət edir, gah da özünü lider olaraq təsdiq etdirmək üçün tərəfdarları ilə birlikdə perspektivsiz mübarizəyə girişirdi. Nərimanov hələ Sovet rəhbərliyinin onu niyə sözdə, görünüşdə lider kimi təqdim etdiyini başa düşmür, ona verilmiş roldan xəbəri belə yoxdu. Böyük ehtimalla o ömrünün sonunadək İosif Stalinin və Sovet dövlətinin başçılarının onun boynuna biçdikləri roldan xəbəri olmamışdır. Stalin yazırdı ki, Nərimanov “bizim üçün siyasət yeritməyə görə deyil, bayraq, dekorasiya kimi lazımdır.” Stalinə görə, bu dekorasiya rolu üçün o, “uyğun gələn çoxsaylı müsəlmanlardan biridir. Onun geniş siyasi perspektivinin olmaması elə bir faciə deyildir. Axı, siyasəti o deyil, Mərkəzi Komitə və Xarici İşlər Komissarlığı həyata keçirəcək. Nərimanov bayraq kimi lazımdır… Nərimanovun Uzaq Şərqi tanımaması, onun yaşlı olması və məsələləri gec mənimsəməsi kimi fikirlərə etiraz edirəm. Mənim üçün bunların heç bir həlledici əhəmiyyəti yoxdur, çünki mən heç vaxt fikirləşmirəm ki, Nərimanov Şərq siyasətinə rəhbərlik edəcək, təkrar edirəm, o mənim üçün yalnız bayraqdır, dekorasiyadır.”[15]
1921’in martında Türkiyə ilə Moskva arasında imzalanmış Moskva anlaşmasının 3. maddəsinə əsasən Naxçıvan vilayəti Azərbaycanın tərkib hissəsi olaraq tanınırdı. Həmin ilin oktyabrında imzalanmış Kars anlaşması bir daha Naxçıvanı Azərbaycanın tərkib hissəsi elan etdi. Eyni zamanda RSFSR və Türkiyə Naxçıvanın Azərbaycan daxilində muxtar statusunun qarantorları elan edildi. Maraqlıdır ki, Azərbaycan bolşevikləri artıq Türkiyəyə arxalarını çevirməyə başlamışdı. Naxçıvan məsələsinin yerli əhalinin və Azərbaycanın xeyrinə həll edilməsindən, daha doğrusu, Türkiyə Naxçıvanı Azərbaycanın ixtiyarına verdikdən azca sonra Dr. Rıza Nur, Türkiyə Böyük Millət Məclisinin qapalı toplantısında Sovet Azərbaycanının yerli idarəçilərinin yeni sərhədlər məsələsində mövqeyini belə anladırdı: [Bizimlə] “Hansı müzakirəni daha əvvəl yapmak istiyorsunuz? Azərbaycan məsələsi mi, Erməni məsələsi mi?” sualı qarşısında “Nərimanov dedi ki; əvət ilk olaraq Erməni məsələsini həll etdireceyiz. Yəni onu himayəmi edəcəksiniz, dedim. Nərimanov dedi ki; icabında Ermənilərlə birləşib sizə qarşı cidal [mübarizə] edəcəyiz”. Dr. Rıza Nur davam edir: “Azərbaycan milləti üç buçuk milyonluk Türk xalqını ihtiva edər və bunlar bizim gibi konuşan bir milləttir və münəvvərləri vardır, milliyətini hiss etmiş bir milləttir… Fakat buna rağmən bir hökumət vardır ki, o hökumət, on, on beş komissarın əlindədir və bunların da qırx, əlli yardakçısı vardır. Şu tabiri də mazur görünüz ki bunlar Rusların ən deni [alçaq] alətləridir və Rusdan [daha çox] Rusdurlar. Bütün əməlləri, bütün sayıları Rusya’ya matuftur [bağlıdır]. Yəni Azərbaycan’da Rusya’yı tutmakdır. Əyər burada Ruslar olmasalar buranın xalqı onların hər birini parçalar və hər parçasını da bir dala [budağa] asarlar”.[16]
1923’ün aprelində RK(b)P-nin 12. qurultayında başqa məsələlərlə yanaşı, milli məsələ də müzakirə edildi. Gürcü nümayəndələrinin təkidi ilə qurultayda iştirak etməyən xəstə Leninin Millətlər, ya Muxtariyyətlər Məsələsi Haqqında məktubunda göstərilən prinsiplər müzakirə edildi. Sovet ölkəsindəki xalqlar arasında keçmişdən qalma təsərrüfat və mədəni bərabərsizliyin ləğv edilməsi zərurəti, Rus şovinizmi və yerli millətçilik qalıqlarına qarşı mübarizə haqqında qərar verdi. Gürcü nümayəndələr Qafqazda dövlət həyatının ifrat mərkəzləşdirilməsinə yönəlmiş Orconikidze-Stalin xəttini kəskin tənqid etdilər, bu sıradan Zaqafqaziya Federasiyasının yaradılmasını səhv addım saydılar. Müzakirələrdə iştirak edənlər milli-təmayülçülərin mövqeyini sərt tənqid etdilər. Bununla belə bu qurultayın qərarları Sovet rejimini qəbul etmək və onunla əməkdaşlıq etmək müqabilində, millətlərə öz mədəniyyətini inkişaf etdirmək, öz dillərini sərbəst işlətmək və təkmilləşdirmək, öz respublikalarında yerli kadrları yerləşdirib, onlardan istifadə etmək haqlarına zəmanət verirdi. Məhz bu qurultaydan sonra korenizasiya (yerliləşdirmə) siyasəti haqqında danışılmağa başlandı. Bu yeni siyasət xəttinə görə, partiya sıraları və hökumət dairələrində yerlilərə sadəcə olaraq simvolik vəzifələr tutmaq yetmirdi, onlar daha böyük işlərin görülməsinə cəlb ediləcəkdilər.
AK(b)P MK katibi Əyyub Xanbudaqov qurultayın bu qərarlarından həvəslənərək aşağı-yuxarı bir ildən sonra Bakinskiy Raboçiy qəzetində (27 aprel 1924) Milli Məsələyə Dair başlıqlı bir məqalə çap etdirdi. Bu məqalədə müəllif göstərirdi: “XII partiya qurultayının qərarlarını düzgün həyata keçirmək üçün sözün əsl mənasında onlara hörmət etmək lazımdır. Əks halda biz Rus millətinin ayrı millətlərin üzərində ağalıq etməsinə yol veririk.” Xanbudaqovun tələbləri bunlardan ibarət idi: 1.Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 2.Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək. 3.Azərbaycan milləti öz-özünü idarə etmək çağına çatmış ikən, Moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya ‘yerli millətçilik’ damğası vurur. Buna qəti olaraq son qoyulacaq. 4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri sözdə deyil, gerçəkdən Türkləşdiriləcək. 5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən Sovet hökumətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını sağlamaq üçün Cənubi Qafqaz Pespublikaları Federasiyasının təşkilatı əsası ilə qanunu dəyişəcək.”[17]
Xanbudaqovun bu tezisləri Azərbaycanın idarəçi təbəqəsində həyəcan yaratdı. Moskva dərhal hərəkətə keçib, bu effekti öldürməyə çalışdı. Moskvanın emissarı Sergey Kirov Xanbudaqovun məqaləsindəki tezisləri partiya konfransı və qurultayının müzakirəsinə çıxartdı. Ruhulla Axundov, Mirzoyan, Kirov, Qarayev, Mirzə Davud Hüseynov kimi kommunist liderlər Xanbudaqovun tezislərinə qarşı çıxıb, onu millətçilk və şovinizmdə günahlandırdılar. Xanbudaqov və onun azsaylı tərəfdarları bu tezislərin müdafiəsinə qalxmalarına baxmayaraq, onlar susduruldu. Xanbudaqov gözdən salındı, sonra isə güllələndi (1938).[18]
Eyyub Xanbudaqov ‘işindən’ sonra da millətçilik, anti-partiya qruplaşmaları, sabotaj, pan-Turançılıq, pan-İslamizmə qarşı ‘ifşa kampaniyaları’ aparılır, AK(b)P sıraları bu tipli ‘ünsürlərdən’ təmizləndi. 1927’nin noyabrında AKP’nin 8. qurultayındakı çıxışını Sultan Məcid Əfəndiyev anti-partiya qrupu’nun fəaliyyətinin ifşa edilməsinə həsr etdi, Lenin milli siyasəti ilə razı olmayanların partiyadan qovulmasına çağırdı. 1933’dən sonra bu ifşa kampaniyalarına 30 ildən artıq dövr ərzində AzKP’nin Birinci katibi olmuş Mir Cəfər Bağırovun özü başçılıq etdi. Azərbaycanda milli təmayülçülüyün (uklonun) təzahür formaları olan ‘nərimanovçuluq’ (‘narimanovşina’) və ‘xanbudaqovçuluğa’ (‘xanbudaqovşina’), millətçiliyə, Müsavatçılığa, pan-Türkizmə, pan-İslamizmə və b. ‘zərərli meyllərə’ qarşı mübarizə kampaniyaları aparıldı. Ancaq bu mübarizə yerli kommunist liderlərin özlərini Sovet repressiyalarından qoruya bilmədi. 1937-38’lərin böyük terroru onlardan da yan keçmədi. 1937. il əvvəlkilərdən xeyli fərqli idi. 1920’lərdə repressiya tərəfləri az-çox dərəcədə bəlli idi; bu repressiyaları işğal ordusu və onun beşinci kolonu aparırdı. Ancaq 1937’də qardaş qardaşı, uşaqlar valideynlərini, atalar uşaqlarını, tələbələr müəllimlərini və əksinə çuğullayırdılar. Heç kəs özünü güvəndə hiss etmirdi. Hətta repressiya edən tərəf belə güvən hissinə malik deyildi.
Rəsulzadə Çağdaş Azərbaycan Tarixi adlı əsərində bu hadisəni araşdırmışdır. O yazırdı ki, Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq Müsavatçılıq və pan-Turanizmə qarşı amansız mübarizə aparmış Ruhulla Axundovun özü nə qərib ki ‘pan-Türkizmin zəhərli bir nümayəndəsi və Müsavat Partiyasının zavallı bir agenti’ ittihami ilə mühakimə edildi. Müsavatçı ‘Türkiyə agentlərini’ üzə çıxarmağı özü üçün böyük bir hünər sayan Əli Heydər Qarayev nə hikmətsə məhz ‘Müsavat Partiyası və beynəlxalq faşizmin soysuz bir uşağı’ kimi ifşa edildi. Azərbaycan İnqilab Komitəsinin üzvü, Gəncə üsyanı vaxtı minlərlə sakinin ölümündə birbaşa iştirak etmiş fövqəladə komissar Həmid Sultanov məhz ‘silahlı üsyan qüvvələrinin başçısı’ ittihamı ilə ölüm cəzasına məhkum edildi.[19] Sultan Məcid Əfəndiyev, Dadaşzadə, Hüseyn Rəhimov, Çingiz İldırım, Dadaş Bünyatzadə, Mirzə Davud Hüseynov, Mustafa Quliyev, Qəzənfər Musabəyov, Həsən Səfərov, Xəlfə Hüseynov və b. partiya və dövlət xadimləri müxtəlif ittihamlarla tutulub edama məhkum edildilər.[20] Bu xadimlərin Sovet hakimiyyəti qarşısındakı xidmətləri belə nəzərə alınmadı, onların demək olar hamısı zindanlarda dəhşətli işgəncələrə məruz qaldılar.[21] Repressiyaların davam etdiyi bir şəraitdə yerli elit yaratmaq işləri də sürətləndi. 1937 dövlət terroru bu yeni elitin özəlliklərini də bərabərində gətirdi; bu kəsim lap əvvəldən Sovet/Rus dövlətindən qorxması ilə seçildi, yerli partiya-təsərrüfat nomenklaturu[22] yadlara qarşı bir-birinə arxa durmaq yerinə, bir-birini satmaqda yarışdı. Sovet rejiminin sonlarına qədər belə bu kəsim bütövləşə bilmədi, mütəşəkkil bir təbəqə ola bilmədi.
Nomenklatur Sovet rejiminin hakim sinfi idi. Amma Qərb ölkələrindəki hakim sinifdən fərqli idi. Qərbdəki hakim sinif əsasən istehsal vasitələri üzərində mülkiyyət haqqına sahibdirsə, dövlət-idarəçilik sistemindən vurulub çıxarılanda özəl sektorda statusunu qoruya bilirsə, Sovet hakim sinfinin belə bir lüksü yoxdu. Sovet partiya-təsərrüfat nomenklaturu istehsal vasitələri üzərində ancaq sərəncam vermək səlahiyyətinə sahibdi. Nomenklatur nümayəndələrinin yuxarılardan tam asılılığı da bu `mülkiyyətsizlikdən` qaynaqlanırdı. Mülkiyyətə sahib olmasa da Sovet sistemi nomenklatura bir sıra imtiyazlar verirdi. Bu imtiyazlar siyahısı yetəri qədər uzundur. Yüksək maaş, yüksək keyfiyyətli yaşayış məskəni, yüksək pensiya təminatı, yüksək keyfiyyətli qida ilə təminat, yüksək keyfiyyətli istirahət imkanları, yüksək keyfiyyətli təhsil imkanları… Məhz bu imtiyazlar nomenklaturu sıravi vətəndaşdan fərqləndirir, ona özəl yüksək kastaya aid olmaq, elit təbəqə hissi verirdi. Bu nomenklaturun davranışı, psixologiyası, hətta dünyagörüşü də fərqliydi. Bu kastaya üzv olmağın birinci şərti kommunist ideologiyasına sözsüz sədaqət idi.
Sov. İKP MK Siyasi Bürosunun 2 iyun 1947 tarixli tamamilə məxfi qrifli K.AA/SS 113XK (003)47 saylı direktivi partiya və dövlət ierarxiyasında yüksək vəzifə tutmuş təbəqənin formalaşmasına verdiyi önəmi göstərir.[23] Bu sənəddə nomenklaturun formalaşmasının əsas prinsiplərindən birinin yüksək vəzifə tutmaq üçün bürokratın xüsusi xidmət orqanlarında iş təcrübəsinin olması zərurətidir. Tutduğu vəzifədən asılı olmayaraq həmin şəxs bu orqanlarla sonralar da əməkdaşlıq etmək zorunda idi. Bu sənəd nomenklatur üzvünün qanun qarşısında bərabərlik prinsipindən yan keçərək konkret kastaya mənsubiyyətini təsbit edir. Burada deyilir ki, “Partiyanın təyin etdiyi rəhbərlər işimizə ziyan vurarsa və ya rəhbərlər arasında narazılıq doğurarsa, onları məhkəmə məsuliyyətinə cəlb etmək olmaz. Onlar kobud səhv buraxarsa, vəzifədən azad etməli, uyğun və ya daha yüksək vəzifəyə təyin etməli. Ən pis halda onları hansısa rəhbər vəzifəyə nəzərdə tutmaq və kadr ehtiyatlarına daxil etmək lazımdır.”
Yerlərdə milli nomenklaturun/kastanın üzvü olmanın əlavə şərtləri vardı. Hər şeydən əvvəl, xalqlar dostluğu prinsipinə daim sadiq qalmalı, qatı beynəlmiləlci olmalı, ‘Oktyabr dilini’ yaxşı bilməli… idi. Milli baxımdan qarışıq ailələrin üzvləri, həyat yoldaşı başqa millətdən olan bürokrat, yüksəlmək üçün daha üstün imkanlara sahib idi. Kastadaxili qohumluq əlaqələri (quda örnəyi) çox yayğın idi. Yeni hakim təbəqə (nomenklatur) formalaşdırılarkən əski qapıqulları ailələrinin üzvləri də kənara atılmadı. Başqa sözlə, Çarlıq dönəmində başlanan işlər daha planlı və əhatəli şəkildə Sovet dönəmində davam etdi.
Millətini sevmək, milli dəyərlərinə bağlılıq, obyektiv tarix şüuruna malik olmaq, bir sözlə, millətçi olmaq böyük günah sayılırdı və belə bir şəxsin bu kastada yeri yoxdu. 2-3 nəslin həyatı dövründə bəslənən bu zümrə milli keyfiyyətlərinə görə tarixi manqurd hadisəsinin çağdaş dönəmdə tam qarşılığı idi. Yerli aparatdakı Rus, Erməni və başqa həmkarları arasında arada-bir baş verən fikir ayrılıqları, eləcə də Moskva ilə nadir hallarda görünən qarşıdurmalar bu zümrənin milliliyi ilə deyil, korporativ maraqlarının ödənməsi istəyi ilə izah edilməlidir. Sovet sistemi daxilində hərdən sərgilənən ürkək milli duruş onların Sovetlərin adamı özəlliyini dəyişə bilməzdi. Azərbaycan Kommunist Partiyası və onun yerli kommunist liderləri Moskvanın buradakı sömürgə aləti nitəliyini daşımaqda idi. Bir sözlə, millətçiliklə kommunist ideologiyasının bir arada olmasının mümkünsüzlüyünü Sovet siyasi praktikası açıqca ortaya qoymuş oldu.
Yeri gəlmişkən, sonralar uydurulan ‘milli kommunistlər’ anlayışı da Sovetlərin yerlərdəki siyasətinə xidmət edirdi. Siyasi fikirdə müzakirə və mübahisə yaradan bu mövzu üzərində qısaca durmaqda yarar vardır.
1970-80-lərdə Sovet rejimi ideoloji həyata yeni nəfəs vermək, ‘zəhmətkeşlərin kommunist tərbiyəsinə’ daha artıq diqqət ayırmaq ehtiyacının fərqində idi. Bu məqsədlə Azərbaycanda Kommunist Partiyası liderlərinin yubileylərinin keçirilməsi, müəssisələrdə tez-tez zəhmətkeşlərin yığıncaqlarının toplanması, Bakı və başqa şəhərlərdə kommunist liderlərin adlarının küçə və meydanlara qoyulması, onların nəhəng portretləri ilə küçələrin doldurulması, əski tarixi yer adlarının bu şəxslərin adlarına dəyişdirilməsi xarakterik idi. Bakıda və Azərbaycanın bir sıra şəhərlərində siyasi-təbliğat əhəmiyyəti olan çoxlu heykəl və abidə qoyuldu. Bunların əksəriyyəti Kommunist Partiyasının əski liderləri (Lenin, Kirov, Şaumyan, Əzizbəyov, Caparidze, Fioletov, Məmmədyarov və b.) və kommunist ideologiyasına aid monumental təbliğat vasitələri idi. Bir zamanlar repressiyaya uğramış kommunist liderlərə bir-birinin ardınca bəraət verildi.
Bir qədər gecikmə ilə Nəriman Nərimanovun 100 illik yubileyi təntənəli surətdə qeyd edildi. Yeni rəhbərlik Nərimanov mövzusunu populyarlaşdırmaqla millətə böyük xidmət göstərdiyini iddia edirdi. Halbuki Moskva, dünyagörüşü ‘Azərbaycan Respublikasının daimi xoşbəxtliyi Rusiyaya bağlıdır’ olan, ‘Rusiyanın, onun qarşısında qoyduğu vəzifələri can-başla yerinə yetirmiş’, amma ədalətsizliklə qarşılaşmış, cəfakeş Nərimanov alqısının yenidən gündəmə gətirilməsində, hətta ona Bakıda nəhəng heykəlin qoyulmasına (1972), adına onlarla idarəyə, yaşayış yerinə və s. qoymaqda heç bir təhlükə görmürdü. Əksinə, Sovet dövləti bu uğursuz siyasətçinin Azərbaycan siyasi elitinin mənəvi simvoluna çevrilməsini maraqlarına tam uyğun hesab etməkdə idi.
Nərimanovun heykəlinə ‘balans yaratmaq üçün’ çağdaş dövrdə milli tarixin iki ən ağrılı hadisəsi – Mart qırğınları və Aprel işğalına həsr olunmuş abidələr qoyuldu. Birinci hadisənin əsas müəllifi Stepan Şaumyanın heykəlinin açılışı 1975’in avqustunda oldu. Bu mərasimdə Birinci katib geniş nitq söyləyib, məsələn, deyirdi: “Erməni xalqının böyük oğlu Stepan Şaumyan həm də Azərbaycan xalqına məxsusdur”.[24]1980’nin aprelində işğalçı və cinayətkar XI qırmızı orduya Bakıda çox nəhəng bir abidə qoyuldu. XI Ordu adı verilmiş meydanda Nərimanovun məşum ‘Azərbaycan Respublikasının daimi xoşbəxtliyi…’ şüarı iki dildə iri hərflərlə yazıldı.
Tez-tez keçirilən yubileylərdən biri də 1972’də təşkil edildi. Sovet dövründə Bakıda 1 milyard ton (!) neftin istehsal olunması bayram edildi. Sovetlər Birliyinin inkişafında, 1941-1945 savaşında oynadığı rolun vurğulandığı onlarla təntənəli yığıncaqda heç kim bu neftin nədən Azərbaycan SSR büdcəsinə heç bir qatqısının olmadığını soruşa bilmədi.
Bu arada Moskvanın kollektiv sömürgə/sömürü aparatı – Azərbaycan Kommunist Partiyasının taleyi məsələsinə də aydınlıq gətirmək gərəkdir.
Son kommunist lider Mütəllibov dövrünün (yanvar 1990 – mart 1992) ən önəmli hadisələrindən biri Sovet İttifaqı Kommunist Partiyasının yerli təşkilatı – Azərbaycan Kommunist Partiyasının sonuncu fövqəladə qurultayı (16 sentyabr 1991) oldu və burada bu təşkilatın ləğvi haqqında qərar verildi. Azərbaycandan fərqli olaraq kommunist partiyalarının ləğvi Şərqi Avropa ölkələrində, eləcə də SSRİ-nin xristian respublikalarında xeyli zaman aldı, müəyyən müqavimətin qırılmasından sonra baş verdi. Azərbaycanda kommunist partiyasının bu qədər sakit və şərəfsizcə siyasət səhnəsini tərk etməsi Məmməd Əmin Rəsulzadənin bu təşkilat haqqında söylədiyi fikrin doğruluğunu təsdiq etdi. Rəsulzadə, zamanında Azərbaycanda yerli kommunist ideoloji-siyasi cərəyanın olmadığını, onun Rusiyadan zorla sırındığını vurğulamışdı.
Beləcə, Sovetlərin dağılması ərəfəsində Sovet Azərbaycanı toplumu bir-birinə zidd – ruslaşmış elitə və özünü dərk etmək istəyən, amma milli şüuru qarışmış xalqa bölünmüşdü. Ölkədə kosmopolit modernləşməni birinci azsaylı, amma hakim təbəqə təmsil edir, ikincini təmsil edən xalq isə milli həyatını özü təsəvvür etdiyi kimi qurmaq istəyirdi. Vaxtilə Ziya Gökalpın göstərdiyi təhlükə yenicə bağımsızlığına qovuşmuş Şimali Azərbaycanı təhdid etməkdə idi: “Milli kültürü güclü, ancaq mədəniyyəti [sivilizasiya anlamında] zəif bir millətlə milli kültürü pozulmuş, ancaq mədəniyyəti yüksək olan başqa bir millət siyasi savaşa girəndə kültürü güclü olan millət daim qalib gəlmişdir”. Ermənistanın Qarabağa iddiaları və İkinci Qarabağ Savaşının (1987-1994) acı nəticələrini siyasi və ziyalı nomenklaturun xalqından fərqli durumda olmasında, milli maraqları müdafiə edə bilməməyində də gördük.
‘5. kolon’ məsələsi
Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov liderliyində yerli partiya-təsərrüfat nomenklaturu Ermənistanın Qarabağa iddiaları və Azərbaycanda xalq hərəkatını gərəyincə dəyərləndirə bilmədi. Moskvaya sıx bağlılığı və uyğun olaraq xalqından uzaq düşdüyü üçün ortada qaldı. Halbuki Ermənistanda ‘mövcud iqtidarla müxalifət arasında əsasən mədəni bir ilişki’ vardı.[25] Bu bir yana, Ermənistanda nomenklatur ziyalıların əksəriyyəti milli hərəkatın tərkib hissəsi oldu. İkinci Qarabağ Savaşında məğlubiyyətimizin əsas səbəblərindən biri məhz Azərbaycan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi (Moskvadan mədəd umması) və xalq hərəkatına düşmən kəsilməsi oldu.
Azərbaycanın Qarabağ savaşında məğlub olmasına baxmayaraq, nomenklatur Moskvanın yardımı ilə Elçibəy hakimiyyəti (1992-93) üzərində parlaq revanş qazandı. Əbülfəz Elçibəyin özü sonralar olub-bitənləri təhlil edərək milli-demokratik iqtidarın uğursuzluğunun bir neçə önəmli səbəbini ortaya qoymuşdur. Bu səbəblər sırasında o, məsələn, idarəçilik aparatında hakimiyyətə sadiq olan təcrübəli idarəçi kadrların yoxluğunu vurğulamışdır: “Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyində… bizim hazır kadrlarımız yoxdu. Naziri, yaxud baş prokuroru yeniləşdirməklə köklü kadr dəyişikliyi baş vermir – müəssisənin işində həlledici rol oynayan orta pilləli kadrlar öz yerində qalır. Onları təcrübəli yeni kadrlarla əvəz etmək asan deyil – buna müəyyən zaman lazımdır ki, 3 ilə, 5 ilə yetişsinlər, formalaşsınlar. Bu səbəbdən də biz həmin orta pilləni dağıda bilmədik, o da 3-4 ay bizə qulaq asandan sonra başladı əleyhimizə işləməyə. Azərbaycanda öz hakimiyyətini xalq hərəkatına görə itirmək istəməyən olduqca güclü təbəqə – həmin nazirliklərdə neçə-neçə illər boyunca formalaşmış orta pillə məmurları özlərinə sığışdıra bilmirdilər ki, ‘uşaq-muşaq’ (axı onlar indiyədək məsul vəzifələrdə, demək olar ki, cavan adamları görməmişdilər), ‘yetim-yesir’ (heç kəsin himayəsi olmadan kasıb, tam pulsuz adamın da vəzifə tutmasına onlar alışa bilmirdilər) gəlib onlara başçılıq edəcək.”[26] Bürokratların orta təbəqəsi, yeni milli-demokratik hakimiyyətdən məmnun olmadılarsa, onun yüksək nomenklatur təbəqəsi yeni hakimiyyəti düşməncəsinə qarşıladı.[27] Bürokratiyanın yüksək təbəqəsi də üç-dörd ay gözlədikdən sonra fəaliyyətə keçdi.
Prezident Heydər Əliyev, kadr siyasətinin mərkəzinə şəxsi sədaqəti şübhə doğurmayan nomenklatur nümayəndələrini qoydu. Yeni hakimiyyətin digər xüsusiyyəti bu hakimiyyətin yerliçilik[28] və nepotizm əsaslarına dayanması idi. O, Sovet dönəmində (Birinci katibliyi dövründə) sınaqdan keçirdiyi bu əsasları müstəqillik dövründə də geniş tətbiq etdi. Heydər Əliyev, şəxsi hakimiyyətinin möhkəmlənməsində hələ dağıdılmamış əski KGB şəbəkəsinin imkanlarından da fəal istifadə etdi. Sovetlərdən qalmış əmlakın hakimiyyətdə təmsil olunmuş yüksək rütbəli məmurlar tərəfindən bölüşdürülərək özəlləşdirilməsi məmur təbəqəsinin Heydər Əliyevin şəxsi hakimiyyətini müdafiə etməsini şərtləndirdi. Adambaşına düşən milli gəlirin (bu sıradan maaşların) aşağı səviyyədə olması şəraitində dövlət həyatının bütün sahələrini əhatə etmiş korrupsiya sisteminin bərpa edilməsi, daha da təkmilləşdirilməsi və adi normaya çevrilməsi avtoritar idarəçilik sisteminin çalışmasında həssas rol oynadı. Korrupsiya sisteminə yeni modern əlavə olan məmurlara maaşüstü paket ödənilməsi avtoritar rejimin bürokratik təbəqəni bəsləyib özünün əsas dayağına çevirməsi məqsədinə xidmət edirdi.
YAP hakimiyyəti əski kommunist nomenklaturun dəyişdirilməsi deyil, onun yeni şərtlərə uyğunlaşdırılması və ‘milli elitaya transformasiyası’na çalışdı. İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bu proqram haqqında 2008’də yazdığı məqalədə göstərirdi: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, habelə indi İlham Əliyevin prezidentliyi dövründə yalnız dövlətçiliyə, Vətənə sədaqət, əməksevərlik və məsuliyyət, təşəbbüskarlıq və təvazökarlıq əsas məsələlərdir və bunlar millətin və dövlətin maraqlarını qəti şəkildə həmişə öz mənafeyindən və xeyrindən üstün tutmaq deməkdir. Müasir Azərbaycan elitasının yerinin və rolunun başa düşülməsinin əsası budur”.[29] Ancaq gerçək durumun qərəzsiz dəyərləndirilməsinə görə, mövcud siyasi eliti xarakterizə edən xüsusiyyətlər bəyan edilmiş bu keyfiyyətlər deyil, məhz əski kommunist nomenklatur üçün xas olan talançılıq, rüşvət, eqoizm, təkəbbür, simasızlıq, yerliçilik, nepotizm kimi özəlliklər idi. Hakim YAP-ın qurucularından olan Sirus Təbrizlinin YAP hakimiyyətini simasız quldurlar hakimiyyəti kimi xarakterizə etməsi xalq arasında təqdir görmüş iddialardan idi. Vəzifədən çıxarılmış əski nazir və başqa yüksək rütbəli məmurların şəxsi həyatının, rəsmi fəaliyyətinin mətbuata sızmış məhdud təhlili onların simasız quldurluğu’nun göstəricisi idi. İdarəçi təbəqənin bir başqa özəlliyi də sərhəd bilməz yaltaqlığıdır. Yüksək rütbəli məmur, ‘mən Heydər Əliyevin çörəyini yeyirəm’ deməyi, keçmiş nazir müavininin ‘mən ömürlük İlham Əliyevin quluyam’ deməyi özünə rəva görürsə ondan nəinki elit, sıradan bürokrat belə çıxmaz.
Son illərdə idarə sistemində neqativ halların kütləvi şəkil alması müxalifət nümayəndələri ilə yanaşı iqtidarın da vurğuladığı əsas hallardan biridir. Özəlliklə yüksək səviyyəli təyinatlı məmurların harın həyat tərzi, dövlət büdcəsini dağıtması toplumda müzakirə edilən məsələlərdəndir. Nazir oğlunun restoranda gördüyü ayını kəsib, ona kabab vermək tələbi illərlə dillərdə dolaşdı. Ya da yüksək rütbəli məmurun oğlunun 2 mln dollarlıq (!) qol saatının oğurlanması haqqında Avropa mətbuatında gedən məlumat aylarla müzakirə edildi. Ya da Londonda və Avropanın başqa şəhərlərində bahalı mülklərin alınması, ofşor hesabları haqqında məlumatlar özəlliklə sosial medianın, demək ki kütlələrin müzakirə etdiyi və sərt qınadığı mövzulardandır…
İdarə strukturlarında kütləvi rüşvət, talan və ləyaqətsizlik (tutduğu vəzifəyə layiq olmamaq) yayğın hal aldığından ölkə prezidenti dəfələrlə məmurları ‘özlərini yaxşı aparmağa’, harınlıq etməməyə, oğul-uşağını qudurtmamağa çağırmışdır. Son illərin ən yayğın ifadələrindən biri də ‘5. kolon’ oldu. Prezident Əliyevin siyasi müxalifət haqqında söylədiyi bu ‘5. kolon’ ifadəsi ölkə mediasında, özəlliklə sosial mediada xarici ölkənin/ölkələrin maraqlarını təmsil edən dövlət orqanlarındakı yüksək rütbəli məmurlara aid edildi. Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkov deyilən ‘5. kolon’un simvoluna çevrildi. Əslində bu cür transformasiya anlaşılandır. Çünki Azərbaycanda xarici ölkələrin (özəlliklə Rusiya və İranın) maraqlarına xidmət edən məmurların dövlət orqanlarında kök salması bilinən bir gerçəkdir. Bu mövzu həm də mövcud durumun ciddiliyinin göstərgəsidir. Bu artıq məsələnin daha ciddi bir səviyyəyə çatması – milli təhlükəsizlik/güvənlik məsələsi olmasının təsbitidir.
Sonuc
Çar dönəmində əsasları qoyulmuş, Sovet dönəmində eyni prinsiplərlə bəslənilən hakim idarəçi sinif bağımsızlıq dönəmində köklü dəyişiklik yaşamadı. Digər sosial təbəqələrə (məsələn, ziyalılara, iş adamlarına) nisbətən müqayisəyəgəlməz dərəcədə güclənmiş bu sinif ölkə həyatının bütün sahələrinə nəzarət edir. Ölkənin yaxın gələcəyinin bu sinfin siyasi davranışından asılı qalacağı fikri əsassız görünmür. Bununla belə bağımsızlıq dönəmində haram yollarla zənginləşmiş idarəçi sinif ölkənin sabitliyi və gələcəyi üçün bir problemə çevrilmişdir. Mövcud iqtidarın oliqarxik-bürokratik ailələri öz maraqları üçün təhlükə sayması son illərin yeni gerçəyidir. Arada bir bu zəngin və harın təbəqənin budanması, hətta onun yeni menecer təbəqəsi ilə əvəzlənməsi də problemi gərəyincə çözməyə qadir deyildir.
Azərbaycan, birinci həyati problemini – milli kimlik problemini hələ də həll edə bilmədiyindən, ikincisini – milli siyasi elit problemini də həll edə bilməmişdir. Bu problemi bir qanun, ya prezidentin onlarla çıxışı ilə həll etmək mümkün deyildir. Prezident nə qədər ‘özünüzü yaxşı aparın’, milli maraqlara uyğun hərəkət edin desə də, gözünü açandan rüşvət, yalan, ləyaqətsizlik sistemi görən, bu sistemin imkanlarından yararlanan bir üst düzey məmurun milli elit olmayacağı gün kimi aydındır. Harvard məzunu olsa belə bu gənc menecer milli elit ola bilməz.
Milli elit olmanın ən önəmli şərti milli kimliyə sahib olmaqdır. Gələcək idarəçilərdə millətə və dövlətə sevgi və bağlılığı ilk öncə milli və modern təhsil sistemi formalaşdıra bilər.
Milli elitin formalaşdırılması birinci şəxsə sədaqətə deyil, ləyaqət, yüksək mənəvi keyfiyyətlər, kadrların demokratik seçimi prinsiplərinə əsaslanmalıdır.
Dövlət orqanlarının xarici dövlətlərin maraqlarını təmsil edənlərdən təmizlənməsi mühüm təhlükəsizlik problemidir.
Milli və modern idarəçi sinif məsələsi günümüzün həssas həyati problemi olaraq qalır. Bu problem, ölkə həyatının bütün sahələrində dərin milliləşmə və demokratikləşmə sürəcində çözülə bilər.
[1] https://turkcudusuncebirliyi.com/detail?id=14
[2] Burada və bundan sonra elit sözü toplumun yuxarı sosial təbəqəsi anlamında işlədilmişdir.
[3] 1846’dan sonra xan-bəy uşaqlarının hərbi məktəblərə qəbuluna imkan verildi. Onlar orduda zabit kimi general rütbəsinədək yüksələ bilirdilər.
[4] Serge A. Zenkovsky, Pan-Turkism and Islam in Russia, Cambridge: Harvard University Press, 1967,.p. 29.
[5] Mehmed Emin Resulzade, Kafkasya Türkleri, İstanbul: Türk Dünyası Araştırma Vakfı, 1993, s. 21.
[6] Н.Н. Шавров, Новая угроза русскому делу в Закавказье, Баку: Элм, 1990, s. 1, 61.
[7] Yenə orada, s. 62.
[8] Məsələn, baxın: Василь Величко, Полное собрание публисистических сочинений, С.-Петербург: Издательство М.Д.Муретова, 1904, с. 202; Н.Н. Шавров, Новая угроза русскому делу в Закавказье, с. 39; Firouzeh Mostashari, The Politics of Colonization: Sectarians and Russian Orthodox Peasants in Ninteenth Century Azerbaijan, Journal of Central Asian Studies, vol.1, no 1, Fall/Winter 1996, p. 23-25.
[9] Василь Величко, Полное собрание публисистических сочинений, с.17, 86.
[10] Çox sonralar Rusiyanın Ən Çətin Xalqı adlı əsərində Çeçen milli hərəkatının davamlılığına diqqəti çəkən Dmitri Furman bu davamlılığın nədənləri sırasında Çar Rusiyası dövründə burada Rusiyayanlı elitin yaradılmamasında görür. Onun fikrincə, başqa Qafqaz toplumlarından fərqli olaraq burada ümum-Rusiya ierarxiyasında nəsə bir yer verdikləri, nədə isə danışıb-razılaşa biləcəkləri bir sosial təbəqə yox idi. Дмитрий Фурман, Самый трудный народ для России, Дмитрий Фурман, (ред.), Чечня и Россия: Общества и государства, Москва: Полиформ-Талбури, 1999, с. 9.
[11] Mehmet Emin Resulzade, Çağdaş Azerbaycan Tarihi, Ankara, 1951, s. 7.
[12] Ayrıntılı bilgi üçün baxın: Nesib Nesibli, Sovyet Rejimi ve Türklük: Eski Mirası Yeniden Değerlendirme, Yunus Koç ve Mikail Cengiz (ed.), 100. Yılında Sovyet İhtilali ve Türk Dünyası, Ankara: Hacettepe Üniversitesi, 2018, s.203-210.
[13] Yalnız Abid Alimov (1900-1935) Tatar idi. Rəsulzadə, Azrevkom’un üzvü, sonra isə Sovnarkom’un sədri olmuş Qəzənfər Musabəyovun, eləcə də MİK sədri Səməd Ağamalıoğlunun milliyyətinin Türk olmasına şübhə ilə yanaşır: “…ikisi de Türkçe adlarını bile yazmaktan aciz, tamamiyle Rus harsına mağlup ve milliyyet nokta-i nazarından pek şupheli adamlardır.” Mehmet Emin Resulzade, Azerbaycan Cumhuriyeti, s. 141.
[14] Nəriman Nərimanov, Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub), Bakı: Azərnəşr, 1992, s.66.
[15] Alıntı: Cəmil Həsənli, Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939), Bakı: Adiloğlu, 2012, s. 23-24.
[16] A.g.e., s. 325-326.
[17] Mehmet Emin Resulzade, Çağdaş Azerbaycan Tarihi, s. 11-12.
[18]Ayrıntılı bilgi üçün baxın: Rəna Bayramova, Azərbaycan rəhbərliyində ixtilaflar və daxili çəkişmələr (1920-1925-ci illər), Bakı: Elm, 2007, s.152-167.
[19] Mehmet Emin Resulzade, Çağdaş Azerbaycan Tarihi, s. 20-21.
[20] Baxın: Audrey Altstadt, The Azerbaijani Turks.Power and Identity under Russian Rule, pp. 141-148; Азиза Назарли, XI Красная Армия в Северном Азербайджане: оккупация, расправы, бесчинства, c.110-120.
[21] Qəzənfər Musabəyovu məhbəsdə o qədər döyüb incidiblərmiş ki, kamera qapısı açılanda qaçıb dəmir çarpayının altına girirmiş. Ramiz Haşımoğlu, Söndürülən çıraqlar, Osman Mirzəyev (tərtibçi), “Ağ ləkələr” silinir, s. 29.
[22] Latıncadan gələn nomenklatura sözü siyahı, ad sırası anlamı daşıyır. Sovet dönəmində bu siyahıda yer alan şəxslərin namizədliyinin partiya orqanlarında müzakirə edilib, təsdiqləndiyindən sonra yüksək vəzifələrə təyin edilən siyasi elit anlamında işlədilmişdir.
[23]Elməddin Əlibəyzadə, Azərbaycanşünaslığa giriş, Bakı: Ozan, 2010, s.11; Kommunizmi ifşa edən sənəd, XXI Əsr, 08.04.1995; Məmmədxan Əzizxanlı, Kommunistlər-vətəndaşlarını girovluqda saxlayanlar, Müxalifət.az, 26.02.2015.
[24] Koммунист, 15.08.1975.
[25] Gerard J. Libaridian, The Challenge of Statehood. Armenian Political Thinking Since İndependence, Cambridge: Blue Crane Books, 1999, p. 29.
[26]Adalet Tahirzade, Elçibey’le 13 Saat, İstanbul: Turan Kültür Vakfı, 2001, s. 84-85.
[27] Prezident Elçibəyin Heydər Əliyevi Bakıya, hakimiyyətə dəvət etməsi, özünün isə Bakını tərk edərək Naxçıvandakı Kələki kəndinə çəkilməsi üstündən 30 il keçməsinə baxmayaraq mübahisə mövzusu olaraq qalır. Elçibəyin mətbuat katibi olmuş Ədalət Tahirzadənin dediyi kimi, məhz bu əcaib hərəkətinə görə “Elçibəy sonrakı bütün həyatı boyunca dostlarından və düşmənlərindən, adi soydaşlarından töhmətlər, giley-güzar eşitdi.” (Ədalət Tahirzadə, Əbülfəz Elçibəy, Böyüklərimiz, Bakı: Nurlar, 2014, s. 458.) Bu məqalənin müəllifi ikinci Kələki səfəri zamanı israrlı Nədən hakimiyyəti Heydər Əliyevə verdiniz? sualına “Bu böyük bir səhv idi. Mən bilmirəm, bu səhvimə görə xalqım məni bağışlayacaq, ya yox” cavabını almışdı.
[28] İradə Hüseynovaya görə, nazirlərin 70%-dən çoxu, iqtidar və müxalifətdən olan siyasi xadimlərin 80%-dən çoxu, rayon icra başçılarının və güc strukturları başçılarının isə 60%-i Naxçıvan və Ermənistan əsilli idi. Ирaдa Гусейновa, Беженцы, их положение и роль в современном aзербaйджaнском обществе, Дмитрий Фурмaн (ред.), Aзербaйджaн и Россия: обществa и госудaрствa, с.332. Zurab Todua 2001’də hesab edirdi ki, hakimiyyətin yüksək qatlarında məmurların 70-80%-i, orta və aşaqı qatlarda isə 40-50%-i Naxçıvan-Ermənistan əsillilərdən ibarət idi. Зурaб Тодуa, Aзербaйджaнсkий пaсьянс, Москва, 2001, c. 117. Məsələnin dramatikliyi yalnız bu rəqəmlərdə deyildir. Əliyev hakimiyyətinin və daha sonra siyasi müxalifətin görkəmli nümayəndələri olmuş bəzi siyasətçilər yerliçiliyi normal hal saymışlar.
[29] Ramiz Mehdiyev, Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq, http://midiaforum.az/articles.php?lang=az&page=02&article_id=20081230015258129.