Prof. Nəsib Nəsibli,
Ankara Universitetinin müəllimi
Millət haqqında nəzəriyyələr arasında simvollara/rəmzlərə ən çox önəm verən etno-simvolçu məktəbdir. John Amstrong, Anthony D. Smith, John Hutchinson, Adrian Hastings və davamçıları millətlərin ortaya çıxmasının təməllərini simvollara bağlamışlar. Etnosun ən qədim dönəmlərində görünən və geniş yayılan bu simvollar (və ya etnik rəmzlər) sonrakı millət dönəmində milli dəyərə çevrilmişdir. Çağdaş millətlərin hamısının qədim çağlarından gələn totemi, bayrağı, himni… vardır.
Milli simvollar toxunulmaz, adətən dəyişməz ortaq tarixi dəyər sayılır. “Milleti millet yapan kaidelerin içinde, milli semboller de bulunduğu için bir milleti yıkmak isteyenler onun milli sembollerine de hücum ederler. Bir toplumun milli sembolleri olmadı mı artık sürüleşmiş demektir.” (Atsız).[1]
Biz öz simvollarımızı yetərincə tanıyırıqmı? Bu simvollara yetərincə ehtiyac və sayğı duyuruqmu?
Quzey Azərbaycanın baş şəhərinə gələn qonaq, təsəvvüründək iBakının olduğundan daha modern görünüşə sahib olduğunu bildirir. Şəhər mərkəzinin təmiz və yaşıl görüntüsü qonağı da, diqqətli yerli sakini də məmnun edir. Türk yurdu Azərbaycanın paytaxtı milli görünüşünə görə necə, seçilirmi? Şəhərin hər tərəfindən görünən üçbaşlı Alov Qüllələri buranın məhz Türk yurdunun paytaxt şəhəri olduğunu göstərmir. Sovet dönəmində sırınmış Odlar yurdu anlayışının yansımasıdır. Bir dəfə qafası qarışıq bir Güneyli Azəri yeni tikilmiş bu binaları görüb, məni kinayə ilə ‘təbrik’ etmişdi: ”Bakıda bəyəndiyim ən gözəl bina atəş binalarıdır. Beləsi heç Tehran’da da yoxdur.” Bu Azeri’ni məmnun edən dəhəmin əyri-üyrü binaların atəşpərəstliyi, yəni Fars dəyərini çağrışdırmasıydı.
Bir az geri dönüb, milli dəyərlərimizə vecsiz münasibətimiz haqqında yaxın tariximizdən bir örnək verək. Əhməd Ağaoğlu’nun oğlu, keçmiş nazir Səməd Ağaoğlu 1966’da şəxsi avtomobili ilə Sovet Ermənistanı’nda dövlət sərhədini keçir, Ermənistan’ı və Gürcüstan’ı dolaşandan sonra ata yurdu və doğulduğu Azərbaycan torpaqlarına ayaq basır. Səyahətdən aldığı təəssüratlar əsasında yazılan qiymətli Sovyet Rusya İmparatorluğu başlıqlı əsərində Azərbaycan’da diqqətini çəkən ilk özəlliyin buranın kosmopolit olmasıydı.[2]
Dövlət atributları ilə milli simvolları qarışdırmayaq, onlar üst-üstə düşə də bilər, fərqli də ola bilər. Millət və dövlət çox yaxın anlayışlardır, ancaq fərqli özəlliklərə də sahibdirlər. Biz bu yazıda dövlət atributları mövzusuna toxunmayacağıq.
Başlıca milli simvolumuz bayrağımızdır.
Millət-dövlət bayrağı
Bu bayraq həm də Azərbaycan Respublikası’nın rəsmi dövlət bayrağıdır. Millət-dövlət birliyinin təcəlli etdiyi əndər faktlardandır. Hər şeydən öncə məhz bu özəlliyinə görə bizim üçün dəyərlidir. Bayrağımızın ikinci özəlliyi mücərrəd keyfiyyətləri deyil, 20. yüzilin başlarında formulə edilən milli doktrini əks etdirməsidir. Mavi – Türklük və milli şüurun; qırmızı – çağdaşçılıöın; yaşıl – İslamın, əxlaq dəyərlərinin rəmzidir.
Üçrəngli bayrağımızın fikir babası Əli Bəy Hüseynzadə-Turan’dır. Milli məfkurənin formalaşması baxımından onun Həyat’da çap etdirdiyi Bizə hangi ilimlər lazımdır? məqaləsinin böyük önəmi olmuşdur.[3] Məhz bu məqaləsində Hüseynzadə ilk dəfə məşhur üçlü düsturunu – Türk qanlı, İslam imanlı, Firəng qiyafəli olalım!- formulə etdi. Buradaca çox önəmli bir xüsusu da əlave edək: O, 1907’dəbu şüarı Türk qanlı, Müsəlman etiqadlı, Firəng fikirli, Avropa qiyafəli kimi ifadə etdi.[4] Yəni çağdaşlıq üçün xarici görünüşün dəyişməsinin yetərli olmadığını, ondan daha önəmlisi fikirlərin (qafanın içinin) dəyişməsinin əlzəm olduğunda israr etdi.
Fövqəladə uğurlu ifadə olunmuş bu düsturu millətçi kəsim milli doktrin olaraq qəbul etdi. Daha sonralar isə müstəqil milli dövlətin – Azərbaycan Demokratik/Xalq Cümhuriyyətinin bayrağındakı rənglər bu şüardakı ideoloji-siyasi cərəyanların simvoluna çevrildi (9 noyabr 1918). Az sonra siyasi Türkçülük bu düsturu Osmanlı’da əsas olaraq götürdü və azca dəyişdirərək (Türkləşməli, İslamlaşmalı, Avropalaşmalı!) özünün şüarına çevirdi.
Uzun Sovet illərində (1920-1991) bu bayraq qan ağlayan könüllərə endi, rəsmi yerini minlərlə məsumun həyatına mal olmuş Sovet rejiminin simvolu tutdu. 5 fevral 1991 tarixindəqırmızı əski parçasından imtina edildi. Ədalət yerini aldı, üçrəngli milli bayrağımız Azərbaycan Respublikası’nın rəsmi dövlət bayrağı oldu. 2009’dan etibarən 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Millət-dövlət bayrağının üçüncü qiymətli özəlliyini də göstərməliyik: Bayraqdakı dəyərlər ayrı-ayrılıqda bir-birini rədd edən kimi görünsə də birlikdə uyum yaradır.
Öncə vurğulayaq: Bayraqdakı ay və ulduzun birlikdə olması əski təsəvvürlərə görə xoşbəxtlik əlamətidir. Üç axımın – Türkçülük, Çağdaşçılıq və İslam’ın bir yerdə olması və ayrı ayrı üç rənglə ifadə olunması həm də uyum/tolerantlıq olarak nitələndirilə/səciyyələndirilə bilər. Bir-birindən fərqli bu anlayış və dəyərlərin bir yerdə olmasının, bir-birini rədd etməməsinin önəmli bir şərti vardır: onlar bir-birini dəngələməli, mütləqhal almamalıdır. Hüseynzadə’yə görə Türk qanlı olmaq Türk şüuruna sahib olmaq, millətləşmə deməkdir. İfrat halı – irqçilikdir; İrançılıqdır; Rusçuluqdur; kosmopolitizmdir. Qəbul edilə bilməz.
İslam imanlı olmaq isə mənəvi sahə ilə məhdudlaşır; dın siyasətə qarışmamalıdır. Əslində bu, laiklik/sekulyarizm prinsipidir. İfrat halı fanatizmdir; siyasi İslam’dır.
Əli Bəy Hüseyinzadə’nin 1905’dətəklif etdiyi formulda üçüncü prinsip Firəng qiyafəli olalım’dır. Qərbçiliyin ifrat halı kosmopolitizmdir, milli dəyərləri itirməkdir; xarici dəyərlər və güclər qarşısında təslimçilikdir. Burada diqqət çəkən bir xüsusu təkrar vurğulayaq. İki ildən sonra bu prinsip Firəng fikirli, Avropa qiyafəli şəklinəgətirildi. Yəni milli doktrinə sərbəst düşüncəprinsipi əlavə edildi. Fövqəladə məntiqli bir düzəlişdir: Sərbəst düşüncə, dini ehkamlardan arınmış azad düşüncə- olmazsa olmazlardandır. Avropa’nın Renessans’la başlatdığı və Reform dönəmində əsasən çözdüyü problemdir. İndiki Müsəlman dünyasının isə əksik tərəfi – inançlı insanların sorğulama kültürünü yaxın buraxmamasıdır.[5]
Məsələnin tarix və rəsmiyyət tərəfinə qısacagöz atdıqdan sonra mövzumuz gərəyi əsas problemin üstünə gələk:
Bir əsrdən artıq zaman keçmişdir. Biz nə qədər milli doktrindəki hədəflərə çata bilmişik? Türkləşmə/Türk şüuruna sahib olmuşuq? Çağdaşlaşma yönündə nə qədər irəliləmişik? Nə qədər Əli Bəy Hüseynzadə’nin vurğuladığı azad düşüncə sahibi olmuşuq?Əxlaq dəyərləri nə qədər günlük həyatımızda dəyər sayılır və onlara əməl edilir?
Bayrağımı sevirəm demək azdır; vətəndaş nə dərəcədəbayrağını tanıyır, dərk edir?
Himn, dövlət atributudur, eyni zamanda milli simvollardan biri sayılır.Böyük şair Əhməd Cavad millətimizin ruh halını 102 il əvvəl qələmə aldığı şeirində belə ifadə etmişdir:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
1990’larda himnin sözləri müzakirə mövzusuna çevrilmişdi. Bəzi şairlər daha yaxşı şeir qoşa biləcəklərini iddia etdilər. Özəlliklə şeirdəki ‘militarist ruh’ birilərini rahatsız etməkdəydi. Dirəniş olduğu üçün bunlar da, arxasındakı iqtidar da geri çəkilməli oldu. Xoşbəxtlikdən bu tarixi abidə rəsmi statusunu qorudu.Milli simvolkimi bu himnin daim var olmasışüurlu vətəndaşınən təbii arzusudur.
Bayraqla bağlı qoyulan sual himnimiz üçün də keçərlidir: Vətəndaş nə dərəcədə himnin sözlərini əzbərə bilir? Məmur kütləsi nədən rəsmi toplantılarda himni oxumaqda çətinlik çəkir?
Bozqurdqorxusu
Hər millətin öz sevimli canlısı və ya canlıları vardır; mifik törəyiş hekayələri adətənbu canlılara bağlanır. Onların siyahısı çox genişdir. Buraya ayı, qartal, başqa quş növləri, əjdaha, şir, aslan, bəbir, tülkü, kenquru, zebra, xoruz, ceyran, fil, gərgədan, timsah, müxtəlif balıq növləri… daxildir. Onlarvirtual məkanda milli heyvanlar adı ilə bilinir. Müqəddəsləşdirilən heyvanların elmdəadı bildiyimiz totem’dir.
Bozkır kültürünə sahib Türklərin sevdiyi heyvanlar arasında at və qoçun başda gəlməsi anlaşılan gerçəkdir. Hakimiyyət simvolu və boy rəmzi olaraq çeşidli quşların, özəlliklə ikibaşlı qartalın (məs., Səlçuklularda) təsvirləri yayğındır. 12 heyvanlıq Türk təqvimi məşhurdur.
Türklərin törəyişi haqqında müxtəlif əfsanələr vardır. Bunların arasında Ergenekon ən yayğınıdır. Onun da müxtəlif versiyaları mövcuddur.[6]Populyar versiyalardan birinin qısa mezmununu xatırlayaq:
Boylardan biri öz yurdunda düşmənlərin qəfil hücumuna məruz qalır. Hamısı qılıncdan keçirilir. On yaşında bir oğlan uşağı salamat qalır. Düşmənlər uşağın çox kiçik olduğunu görüb, ona yazıqları gəlib öldürmürlər. Yalnız uşağın ayaqlarını kəsib, bir bataqlığa atırlar. Bir dişi qurd uşağa ət verərək onu bəsləyir. Uşaq bu şəkildə sağalmış, böyümüş. Uşağı xilas etmiş bu qurd bir vaxtdan sonra ondan boylu qalır. Fəqət uşağın yaşadığı xəbərini alan düşmənlər yenidən onu öldürməyə gəlirlər. Qurd onları görüncə qaçıb, dərin bir mağaraya girir. Mağara böyük bir ovaya açılırmış. Dörd yanı dik dağlara dirənirmiş. Qurd bu mağarada on uşaq doğur. Zaman keçdikcə bu uşaqlar böyüyür və kənardan gətirdikləri qızlarla evlənib artıb-törəyirlər. Bir neçə nəsildən sonra ova onlara dar gəlir. Oradan çıxmaq istəsələr də bir yol tapa bilmirlər. Nəhayət, bir çoban günlərin birində bir qurd görmüş, onu təqib edərkən qurdun bir dəlikdən çıxdığını anlamış. Amma dəlik o qədər dar imiş ki, onu genişləndirmək lazım gəlmiş. Aralarından bir dəmirçi çıxmış, dağın dəmir filizli olduğunu aşkar edib, odun yığıb, dağı əritmiş, Bozqurd adlı qurdun arxasınca Ergenekon adlanan bu ovadan çıxmışlar. Əfsanəyə görə, qədim Türklər bu şəkildə qurtulmuş (qurd olmuş, azadlığa çıxmış), dünya üzünə yayılmışlar.[7]
Bu anlamlı əfsanədəki Bozqurd, Türklərin əsas milli simvoludur. Mustafa Kamal Atatürk dönəmində Türkiyə Cümhuriyyəti’ndə Bozqurd milli simvol elan edilmiş, bir çox yerdəistifadə edilmişdir. Çağdaş Türk dünyasında yenidən Bozqurd simvolu populyarlıq qazanmaqdadır.
Sovet siyasi kültürü ümumiyyətlə millətçiliyin, özəllikle milli simvolların əleyhinə olduğu üçün milli totem mövzusunun yayılmasına da xoş baxmırdı. Amma hakim millətin milli simvollarının yayılmasına göz yumurdu. Moskva Olimpiadası zamanı (1980) Rus totemiayı’nın simvol olaraq istifadəsinə icazə verildiyi çarpıcı bir örnəkdir. Azərbaycan’da çox yayğın olmasa da Bozqurd mövzusunun insanlar arasında yayılması böyük günah sayılırdı. Hətta Bozqurdun faşist ideologiyasının simvolu olduğu (?) fikri də KGB təbliğatçıları tərəfindən yayılırdı.
Milli hərəkat dönəmində Bozqurd’un bağımsızlıq, sərbəstlik, sədaqət simvolu olduğu fikri mediada öz yerini tapdı. Bozqurd işarəti sürətlə yayıldı. Hətta 1992’nin noyabrında Şəmkir’də icra başçısı Qara Tofiq vəşair Məmməd İsmayıl’ın iştirakı ilə Bozqurd heykəlinin açılışı oldu. 1993’ün İyun qiyamından sonra bu cür örnək və təşəbbüslərin qarşısı alındı. Əksinə, İran/Fars simvolu olan şir heykəlləri şəhərlərdəki meydan və küçələri doldurdu…
Zamanında görkəmli fikir adamı Atsız, milli simvolların hücumlardan qorunması məsələsinə diqqət çəkmiş, simvolları mənəvi sahədəgüclü olmanın şərtlərindən biri saymışdır. Atsız’a görə, Türkiyə’də ‘Bozqurd’a köpək deyənlərin’ əsas məqsədi Türklüyün güclənməsindən qorxmalarıdır.[8] Bu fikir Azərbaycan üçün dəkeçərlidir.
Manqurdluq simvolu
Simvollar mövzusu açılmışkən iki əlaqədar məsələdən dəbəhs etmək olar və gərəkdir. Bu da özəlliklə son 40-50 ildə milli fikri rahatsız edən soyad və yazı qaydaları məsələsidir.
Əksər Azərbaycan vətəndaşının soyadının sonu Rus –ov, -yev sonluğu ilə bitir. Əski Rusiya’dakı Иванова холоп, Андреева холоп örneyinde Rus soyadları şəkillənmiş, Rus hakimiyyəti bu şəkli Türk-müsəlman xalqlarına da zorla qəbul etdirmişdir. Hazırda Ərəb adının sonuna bir qayda olaraq Rus sonluğu əlavə etməkləmilli familiyalar quraşdırılır. (Əli’yev, Məmməd’ov, Mustafa’yev kimi). Ətrafımıza baxaq, hansı millət bu cür əcaib yolla özünü ifadə edir? Keçmiş Sovet Türklərindən başqa heç biri! Halbuki Rus imperializminden ən çox Türklər əziyyət çəkmişlər. Problem dəelə bundadır: Milli kimliyinin qatili olan Rusiya’ya aşiq olmaq; Rus kültür orbitindən çıxmağı fəlaket saymaq! Manqurdluğa örnək vermək istəsəniz tarixə enməyə gərək yoxdur!
Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 2 fevral 1993 tarixli Milli Məclisin qərarına görə vətəndaşlar -ov, -yev sonluqlu soyadlarını -lı (sözün kökündən asılı olaraq -li, -lu, -lü), -zadə, -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.Bu qərar Türkiyə’dəki məlum 1934 tarixli soyad qanununa nisbətən yarımçıq sayıla bilərvə yarımçıq sayılmalıdır (özəlliklə -zadə sonluğuna görə). Amma milli şüuru və qüruru inkişaf etmiş millət olsaydıq, bu qərardan istifadə edib adı çəkilən rəzillikdən qurtula bilərdik. Bu bir daha göstərir ki, millət olaraq bizim milli şüur/milli kimlik sahəsində hələ çox işimiz var.
Şüursuzluq problemi birinci növbədə məmur təbəqəsinə aiddir. Onlar –ov, -yev sonluqlarından imtinanı müxalifətçilik sayırlar. Ya da yuxarının müxalifətçilik saymasından qorxurlar.
Sovet dönəmindən qalan yazı qaydaları da anlaşılmaz bir tutuculuqla qorunur. Bu qaydaların çoxusu zamanında Rus dilinin qramatikasına uyğun şəkildə tərtib edilmiş, yerli hökumətin təsdiqindən keçmişdir. İndi də bir dəyişiklik aparmaq üçün Nazirlər Kabineti’nin uyğun qərarı lazımdır. Soruşmaq gərək: Dilimizin yazı qaydaları nədən Nazirlər Kabineti’ndəki məmurdan asılı olmalıdır? İndikilərin dil məsələlərində nə qədər mütəxəssis olduqlarını bilmirik. Amma keçmiş Baş Nazir Artur Rasizadə’nin dövlət dilini heç bilmədiyini hamı bilir.
Nədən millətlərin adı xüsusi isim olduğundan baş hərflərlə yazılmalı olduğu halda kiçik hərflərlə yazılır? Rus dilində millətin adı adətən sifət yerinde işləndiyi üçün (məs., русский народ, армянская нация) dil qaydalarına görə kiçik hərflərlə yazılır. Bu Rus məxrəcinə uyğun olaraq Türk, hətta Azərbaycanlı sözləri də kiçik hərflərlə yazılır (türk, azərbaycanlı). Ölkə adları da Ruscadan götürülmüşdür (Kipr – Kıbrıs, Portuqaliya – Portəgiz kimi). Orijinalı Latın hərflərilə yazılan xüsusi isimlərin eşitdiyimiz şəkildə, təhrif edərək yazmamız da Rus/kiril alışqanlığından qopa bilməmizin əlamətidir. İnternet’də və ya xarici ölkə kitabxanalarında Woodrow Wilson’u Vudro Vilson, Biden’i Bayden şəklində axtarsanız tapa bilməyəcəksiniz.
Bildiyim qədərincə Ruslarda qoşa ad yoxdur. Onlarda olmadığı üçün bizim yazı qaydalarına görə biz də iki adı birləştirmək kimi məntiqsizliyi özümüzərəva görürük (Məmmədəmin, Əlirza kimi). Xüsusi ismin bir hissəsini baş hərflərlə digərini kiçik hərflərlə yazmaq məntiqsizliyi də davam edir: Fətəli xan Xoyski – Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli – Nəsib Bəy Yusifbəyli kimi.
Rus dili analitik/çəkimli dillər qrupuna aid olduğu, şəkilçini adətən sözün önünə aldığı üçün xüsusi ismin Ruscada apostrofla ayrılmasına gərək yoxdur. Amma Türkcəiltisaqi/əkləməli dillər qrupuna aid olduğu, şəkilçini sözün sonuna aldığı üçün ismin adlıq halını apostrofla ayırmağa ehtiyac vardır. Məs., Arifə dedim cümləsindəkimüdrik adamı Arif’ə dedim cümləsindəki Arif’dən ayırmaq üçün apostrofa gərək vardır.
Ruscadakı illəri sifət şəklində vermək qaydadır. Məs., 2021-й год. Bizim Türkcədəki 2021-ci il şəklində kalka tercüməyə nə ehtiyac var? 2021’də yaxud 2000’lərin başında daha məntiqli olmurmu? Həm dədaha estetik görünür.
İndiki yazı qaydalarında gərəkən dəyişikliklər haqqında sosial mediada vaxtaşırı təkliflər səslənir. Özəlliklə dilçilər və uyğun sahə mütəxəssisləri ağlabatan təkliflər irəli sürürlər. Amma görünən o ki Nazirlər Kabineti Sovet mirasindan əl çəkməyi düşünmür. Elə isəaydın kəsim özübu gərəksiz mirasdan imtina etsin. Öz işlərini heç olmasa Rusçu bürokratların insafına buraxmasın. Bu yazıdakı rəsmi qaydalardan sapmalar da mövcud yazı qaydalarına etiraz olaraq dəyərləndirilə bilər.
Son söz yerinə milli simvollar mövsusunda daha bir neçə qeydlə kifayətlənək.
Simvollar çox geniş mövzudur. Biz burada yalnız önəmli saydıqlarımız bəzilərindən bəhsetdik. Bir çox simvoldiqqətdən kənarda qaldı. Azərbaycan Türklərinin Turan, Şuşa, Qız qalası, Qobustan, saz, muğam, xalça, Qarabağ atı, xarı bülbül… kimi simvolları haqqında ayrıca danışılır, hətta bəzən araştırmalara da rast gəlirik. Vurğulanmalı fikir onları milli dəyər saymaq, yeri gəldikdə yadların hücumlarından qorumaqdır. Əks təqdirdə – milli simvollarımızı gözardı etdikcə simvollaşan problemlərlə üz-üzə gəlməyimiz qaçılmazdır.
[1]Atsız, Turancılık, Milli Değerler ve Gençlik, İstanbul: Ötüken, s. 64.
[2] Samet Ağaoğlu, Sovyet Rusya İmparatorluğu, Ankara, 1967, s.13, 24-25.
[3]Həyat,08. 06. 1905, N 2
[4]Ə. H.,‘İntiqad ediyoruz, intiqad olunuyoruz’, Fiyuzat, 1907, N 23, s.355.
[5]Ayrıntılı bilgi üçün baxın: Nesib L. Nesibli, ‘Azerbaycan Bayrağı’, Çelebi, Yıl 1, Sayı 2, Ağustos 2020, s. 112-126.
[6]Onlar haqqında baxın: Bahaeddin Ögel, Türk Mitolojisi,Ankara: İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1971, s.42-43; Mehmet Emin Resulzade, Asrımızın Siyavuşu, Ankara: Azerbaycan Kültür Derneği yayınları, 1989, s. 38; Erol Güngör, Tarihte Türkler, İstanbul: Ötüken, 1989, s.39-40; Altan Deliorman, Bugünkü manası ile Bozkurt, Yeni Orkun, N 12, Şubat 1989, s.3-4; Süleyman Əliyarlı (red.), Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı, 1996, s. 191-192.
[7]Bəzi elm adamları Ergenekon dastanının tarixi əsasının olduğu fikrini irəli sürürlər. Talas çayı ətrafında yerləşmiş, başında Çi-Çi adlı (Çin qaynaqlarına görə) bəyin olduğu bir boy m.ö. 36. ildə Çin imperatorluğuna məğlub olur. Boy mərkəzində yaşayanlar bütünüylə qılıncdan keçirilir. Bu qırğından tək bir uşaq salamat qalır. Bu hadisə bir Çin qaynağında yer almışdır. Sevgi Kafalı, Tarihte Türk Göçleri ve Neticeleri, Atsız Armağanı 2,hazırlayan Sadettin Y. Gömeç, Ankara: Altınordu, 2017, s. 159.
[8]Atsız, Turancılık, Milli Değerler ve Gençlik, s.129.