Ölkələrdə avtoritar rejimin varlığının bir sadə izahı vardır. Millətlə dövlət arasında dəngəsizlik mövcudd olur; dövlət millətə məxsus olan hər şeyi, o cümlədən qeyd-şərtsiz millətə məxsus olmalı hakimiyyəti əlindən alır. Problemin həlli – normal milli dövlətin yaranması üçün millətin güclənməsi gərəkdir. Millət gücünü necə artıra bilər?
Ağla gələn ilk cavab beynəlxalq münasibətlər müəllimləri və tələbələrinin müraciət etdikləri məşhur national power/milli güc nəzəriyyəsi ola bilər. Bu nəzriyyənin banisi Hans Margenthau’ya görə, milli gücün tərkib hissələri ölkənin coğrafiyası, təbii ehtiyatları (ərzaq, xammal ehtiyatları), sənaye gücü (texnologiya, liderlik, hərbi qüvvələrin keyfiyyət və kəmiyyəti), əhalisi (yerləşməsi, meyllər), milli xarakter, milli mənəviyyat (psixologiya), diplomatiya və hökumətdir. Buradakı milli xarakter və milli mənəviyyatın millətə birbaşa dəxli vardır, digərləri dövləti xarakterizə edən komponentlərdir. Yəni dövlət gücü anlamına gəlir. Buna baxmayaraq ənənəvi olaraq milli güc nəzəriyyəsi adlanır (Türkiyədə də belədir). Məsələ nəzəriyyənin adındakı nation sözünün Amerika İngiliscəsində olmasındadır. Bilindiyi üzrə Amerika İngiliscəsindəki nation sözü dövlət, people sözü bildiyimiz millət anlamında işlədilər. Eyni izahat dövlətlər arasında təşkilat olmasına baxmayaraq Birləşmiş Millətlər Təşkilatı (United Nations Union) üçün də keçərlidir.
Belə isə dəqiq ifadə etmək üçün millətin gücü anlayışı daha məqbul sayılmalıdır. Millətin gücü nədir və nədən asılıdır?
Adətimiz üzrə Azərbaycan siyasi düşüncə tarixində bu məsələyə münasibəti özətləməklə başlayaq.
Böyüklərimiz nə deyiblər?
Həsən Bəy Zərdabi (1842-1907) hələ gənc ikən xalqlar arası münasibətlərin zindəganlıq cəngi’ndən (həyat uğrunda savaş) ibarət olduğunu anlamışdı. Bu cəngdə məğlub tərəf olmamaq üçün millətini elm-təhsil məsələlərinə önəm verməyə çağırırdı. Milli maarifin təşkili işinə başlamaq üçün xeyriyyə cəmiyyəti qurur. Teatr tamaşaları ilə soydaşlarını ayıltmağa çalışır. Qəzetçiliyimizin ilki Əkinçi”ni yaradır. Əlimərdan Topçubaşı, Əhməd Ağaoğlu və Əli Hüseynzadə-Turan nəslinə ağsaqqallıq edir.
Təxminən eyni zamanda Güney Azərbaycan əsilli Şeyx Cəmaləddin (1836-1897), Müsəlman Şərqinin imperializmə qarşı dayana bilməsi üçün millətin, milli şüurun olmazsa-olmazlardan biri olduğu fikrində israr etdi. Onun fikirlərinin yeni ideoloqlar nəslinin yetişməsində önəmli rolu oldu.
Dönüb-dolaşıb yenə də Əli Bəy Hüseynzadə-Turan’ın (1864-1940) yol göstərən irsinin üstünə gəlirik. Bu böyük fikir adamının Məktubi-Məxsusi’si həcmcə kiçik, amma ən azı doqquz konseptual məsələdən qısaca bəhs edən klassik əsərdir. Burada milli güc/millətin gücü anlayışı (4. tezis) da yer almışdır. Əsərin uyğun bölümündəki fikirləri çağdaş Türkcəmizə axtarmış olsaq dərdədəyən ipucları əldə etmiş oluruq. “Bir millət üçün hər şeydən öncə arzu ediləcək şey gücdür. Zəmanəmizdə millətlərin varlığına, səadətinə yeganə vasitə budur. Bir millətin güclənməsi əhalisinin çoxluğuna, fərdlərinin səhiyyə və sağlığına, soydaşlar arasında mənəvi əlaqələrin artmasına bağlıdır. Əhalinin artması fiziki və mənəvi sağlamlıq, mənəvi əlaqələr sərvətsiz, məhəbbətsiz, əxlaqi dəyərlərsiz olamaz. Bu üzdən ilk öncə cahil olmamağa çarə aranmalıdır. Sərvət qazanmanın yolları öyrənilməlidir. Əxlaqın pozulmasının qarşısı alınmalıdır. Və ələlxüsus qarşılıqlı məhəbbətin artmasına çalışılmalıdır.”[1] Hüseynzadəyə görə milli gücün biləşənləri bunlardır: əhalinin çoxluğu, səhiyyə, milli şüur, əxlaq, təhsil, milli dayanışma. 1905’dəki məşhur düsturda millət doktrini üç biləşəndən ibarətdir: milli kimlik (Türk qanlı olmaq), əxlaqi dəyərlər (İslam imanlı olmaq), çağdaşçılıq (Firəng qiyafəli olmaq). 1907’də üçüncü biləşən qismən dəyişdirildi: Firəng fikirli, Avropa qiyafətli.
1914’də Məmməd Əmin Rəsulzadə (1884-1955) məşhur Milli Dirilik seriya məqalələrini yayınlayır. Məqalələrin birincisində gənc fikir adamı (30 yaşındadır) yazır: “Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar.”[2] Yenidən dirilmək və milli gücünü artırmaq üçün 7 sahədə toparlanmanın olmasını istəyir: müstəqil mənəviyyat, milli vicdan/məfkurə, milli mətbuat, milli dil, dini həyatın milliləşməsi, tarix şüuru, adət-ənənə birliyi.
Azərbaycan siyasi-ictimai fikrində nisbi gerilik halı və milli gücü artırmaq ehtiyacı digər fikir adamlarımızda da rast gəlinən ən ağrılı mövzulardandır. Özəlliklə ayrı-ayrı sahələrdə – təhsil, mədəniyyət, milli kimlik – təxirəsalınmaz işlərin görülməsi zərurəti vurğulanmışdır. Cümhiriyyət qurucuları bu ehtiyaca cavab olaraq milli həyatın dirilişi’ni milli hökumətin fəaliyyətinin mərkəzinə gətirdilər. İlk dəfə milli varlığımız dövlət adlı institutun basqısından çıxdı. Hətta dövlət milli gücü artırmaq üçün işə başladı, xəyallar qurdu…
Yeni, Sovet müstəmləkə sistemində milli gücün artırılması durumun (müstəmləkənin) doğasına zidd idi. Mümkün qədər Türklük zəiflədilməli, dirənişi sırdırılmalı, milli gücün mərkəzində yer alan milli kimliyi bərbad hala salınmalı, milli birlik əlçatmaz xəyal olmalı idi. Gəlin obyektiv olaq: Totalitar Sovet rejimi istəyinə əsasən nail oldu. Səbəbini hansısa subyektin zəifliyində yaxud qüdrətində axtarmaq həqiqətin dramatikliyini qəbul etməməkdir. İndiki durumumuz bu iddianı təsdiqləmirmi?
Mədəniyyətcə gəlişmiş görünsək də ikinci bağımsızlıq dönəminə kültürü pozulmuş halda girdik. Ziya Gökalp’ın məşhur düsturundakı təhlükə bizi təhdid etməkdəydi. Fərqində deyildik. “Harsı [kültürü, milli mədəniyyəti] kuvvetli, fakat medeniyeti zayıf bir milletle, harsı bozulmuş, fakat medeniyeti [sivilizasiya, ümumbəşəri mədəniyyət] yüksek olan diğer bir millet, siyasi mücadeleye girince, harsı kuvvetli olan millet daima galip gelmiştir.”[3] Burada diqqət çəkən böyük ideoloqun milli mədəniyyətə (harsa) verdiyi dəyərdir. Hars milli gücün mərkəzində yer alan dəyərdir.
Son durumu özətləmədən öncə milli güc/millətin gücü anlayışına aydınlıq gətirməyə çalışaq. Yuxarıda fikir böyüklərimizdən gətirdiyimiz örnəkləri də göz önündə tutaraq milli gücün qısaca milləti yaradan ünsürlərin toplamına bərabər olduğunu bir tərəfə yaza bilərik. Bu ünsürlər nə qədər güclüdürsə millətin gücü də o qədər böyükdür iddiasında bulunmaq mümkündür. Quzey və Güney Azərbaycandakı gerçək durumu 5/5 bal sistemində obyektiv dəyərləndirməyə çalışaq.
Milli kimlik: Etnik adın rəsmi tanıdılması. Quzey Azərbaycan–1/5 Güney Azərbaycan – 1/5
Milli kimlik: Tarix şüuru. Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 1/5
Milli kimlik: Qurucu babalar. Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 1/5
Milli kimlik: Tarixi qəhrəmanlar. Quzey Azərbaycan – 1/5 Güney Azərbaycan – 0/5
Milli kimlik: Simvollar. Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 1/5
Milli kimlik: Dost-düşmən alqısı. Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 1/5
Milli kimlik: Dilin statusu. Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 1/5
Siyasi status (millət-dövlət münasibətləri). Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 0/5
Təhsil sisteminin milli və modernlik səviyyəsi. Quzey Azərbaycan – 3/5 Güney Azərbaycan – 0/5
Milli mətbuatın gücü. Quzey Azərbaycan – 1/5 Güney Azərbaycan – 1/5
Əxlaqi durum. Quzey Azərbaycan – 1/5 Güney Azərbaycan – 1/5
Çağdaşlıq səviyyəsi. Quzey Azərbaycan – 1/5 Güney Azərbaycan – 1/5
Milli iqtisadi güc. Quzey Azərbaycan – 1/5 Güney Azərbaycan – 1/5
Milli təşkilatlanma dərəcəsi. Quzey Azərbaycan – 2/5 Güney Azərbaycan – 1/5
Toplam: Quzey Azərbaycan – 29/70 Güney Azərbaycan – 11/70.
5 bal ən yüksək həddir, və ya ideal durumdur. 0- mövcud olmaması, və ya 8. maddədə olduğu kimi düşmən münasibətin olmasını göstərir.
İndi hər maddə üzrə uyğun görülən səviyyənin qısa izahını verməyə çalışaq. Azərbaycan Cümhuriyyətində və İranda Türklüyün etnik adı rəsmən tanınmır. Amma əvvəlki Sovet və Pəhləvi dönəmlərinə nisbətən əhali arasında yayılmış, milli hərəkatın gündəmində yer almışdır. 2. Quzey Azərbaycanda tarix şüuru yüksəlmiş, amma bir sıra məsələlər müzakirə mövzusu olaraq qalmaqdadır. Güneydə tarix şüurunun gəlişməsi yeni nəslin bir qisminə (əsasən milli fəallara) aid edilə bilər. 3. Quzeydə milli qurucu babalar problemi çözülmək üzrədir. Hakimiyyət bu gedişatdan məmnun deyildir. Güneydə milli fikir hələ də yanlış yoldadır, İran/Fars böyüklərindən qopma baş verməmişdir. 4. Sovet və Pəhləvi dönəmində sırınmış yadlar, tarixi “milli qəhrəmanlar” olaraq alqılanmaqdadırlar. 5. Quzeydə müəyyən irəliləmələr vardır. Güneydəki gəlişmə sərt rejimdən dolayı daha məhduddur. 6. Xarici dostlar (Türkiyə örnəyində) və düşmənlər (İran və Rusiya) məsələsi hələ milli şüurda tam oturmamışdır. Güneydə yeni başlanır. 7. Quzeydə milli dil rəqibsiz dövlət dili statusu ala bilməmişdir. Güneydə yalnız mətbuatda və təhsil sistemində könüllü kurslar səviyyəsində istifadə edilə bilər. 8. Quzeydə Türk milləti ilə Azərbaycan Cümhuriyyəti dövləti arasında həll edilməmiş problemlər mövcuddur. İran İslam Cümhuriyyəti dövlətinin Türklüyə düşmən münasibəti qalmaqdadır. 9. Son 30 ildə Quzeydə təhsil sisteminin milliləşməsi istiqamətində irəliləmələr vardır, amma problem tam çözülməmişdir. Güneydə İran/Fars təhsil sistemi tam hakimdir. 10. Milli mətbuat sahəsindəki gəlişmələr sosial media hesabına baş vermişdir, amma yetərli deyildir. 11. Hər iki tərəfdə rüşvət, yalan, yaltaqlıq və sair, adi normaya çevrilmiş bir haldadır. 12. Son 30 ildə Quzeydə çağdaş dəyərlərin parıltısı artsa da toplumun yalnız az bir hissəsində çağdaş dəyərlər (məs., düşüncə və ifadə azadlığı, təməl insan haqları kimi) yayılmışdır. Güneydə durum daha bərbaddır. 13. Milli burjuaziyanın zəifliyi hər iki tərəfdə əsas problemlərdəndir. 14. Sosial təşkilatlanma siyasi rejimlərdən dolayı çox aşağı səviyyədədir. Milli siyasi təşkilatların sayı onların gerçək gücünü göstərmir.
Toplam rəqəmlər (Quzeydə 29/70, Güneydə 11/70) durumun arzu edilən səviyyədən çox fərqli olduğunu göstərməkdədir. Əlbəttə, dəyərləndirmələri, həm də məsələyə münasibəti (yöntəmi) sorğulamaq olar. Amma gərəkliliyinə inandığımız bir fikir vardır. Millətləşmənin harasında olduğumuzu bilmək, milli gücümüzün bu gün hansı səviyyədə olduğunu təxmin etmək üçün bu cür araşdırmalara böyük ehtiyac vardır.
Bununla məsələ bitmir. Milli gücümüzün Quzeydə xəyal etdiyimiz səviyyədə olması (70/70) və onun dövlət gücü ilə birləşməsi (millət-dövlət çulğalaşması) halında belə milli hədəflərə çatmaq üçün əlavə amillərə ehtiyac vardır. Yaxın gələcəyin təməl milli problemi – ərazi bütövlüyünün bərpası və suverenliyin təmini, eləcə də müstəqilliyin içinin doldurulması Rusiyanın təsir dairəsindən çıxmağı tələb edir. Kiçik dövlət statusunda olan Azərbaycan Respublikasının böyük güc (great power) Rusiya Federasiyası ilə təklikdə baş etməsi problematik məsələdir. Quzey Azərbaycanın geosiyasi durumunu qəlizləşdirən başqa bir amil isə dövlətimizin yerləşdiyi üçbucağın (RF, TC, İİR) ikinci bucağı Türk düşməni İrandan ibarət olmasıdır. İçəridə millət-dövlət birliyi ilə yanaşı, dışarıda da bir neçə təsirli müttəfiq gücün olması gərəkdir.
Güney Azərbaycanın xarici müttəfiq güclərə ehtiyacı daha aydın görünən problemdir.
Xarici müttəfiq güclər
20. yüzilin başlarından milli siyasi düşüncədə İslam birliyi fikri yer almışdır. Bu, ölkə əhalisinin əksəriyyətinin Müsəlman olması və bu əhalinin hələ ümmət halını yaşaması ilə izah edilməkdədir. Doğrudur, amma həqiqətin hamısı deyildir. Siyasi düşüncə həyatına Əhməd Ağaoğlu kimi yön verən liderlərin İslam birliyinə müraciət etmələri Osmanlı və Qacar İranından yardım gözləmələri, eləcə də Çar Rusiyası dövlətindəki Müsəlmanların birlik yaratmasını Azərbaycana fayda verəcəyi ümidləri ilə bağlı olmalı idi. 1911’də ilk bəyanatını verən Müsəlman Demokrat Firqəsi Müsavat, Müsəlman dünyasının birliyini hədəf alır. Azərbaycan nümayəndələri, özəlliklə Əli Mərdan Bəy Topçubaşov (Topçubaşı) Rusiya Müsəlmanları Qurultaylarının ən nüfuzlu liderlərindən biri olur. Düşmən Azərbaycanı nə qədər pan-İslamizmdə ittiham edib, bu xətdən çəkindirməyə çalışsa da, milli düşüncə böyüklərimiz Müsəlman xalqların dayanışmasının hər bir xalq üçün və bölgədə sabitlik üçün faydalı olduğu fikrini müdafiə etmişlər. Bu gün Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatının üzvü olmasını və fəaliyyətində iştirakını əski pan-İslamizm damğası ilə pisləyən yerli ciddi siyasətçi və ya araşdırmaçı tapmaq asan iş deyildir.
Türk birliyi/Turançılıq çağırışları və meylləri də daxili və xarici düşmənlərin eyni münasibətinə tuş gəldi. Bəlkə Turançılıq daha artıq şəkildə Rusçu və İrançılar başda olmaqla düşmən ünsürlərin iftiralarına mövzu oldu. Mürəkkəb geosiyasi mövqeyə malik olan kiçik Azərbaycanın xarici Türklərdən yardım istəməsi və ya yardım alması onların əsassız ittihamlarına səbəb olmaqdadır. Son Qarabağ savaşında Türkiyənin qardaşlıq yardımı Rusçu və İrançı ünsürlərinin dilini qısa etsə də, əski mövqelərindən əl çəkdikləri əlamətləri hələlik görünmür. Ölkənin maraqları, Azərbaycan Respublikasının qurucularından olduğu Türk Dövlətləri Təşkilatının fəaliyyətinin dərinləşdirilməsi və genişləndirilməsini tələb edır.
Bütöv Azərbaycan idealı da xoş arzudan doğan xəyal deyildir. Bölünmüş tamın bir hissəsinin digər hissəsinə can atması qədər məsum bir hərəkət tapmaq çətindir. Eyni zamanda bu, rasional bir yanaşmadır. İndiki halı ilə (rəsmən 86 min kv km ərazi, 10 mln əhali, 46 mlrd dollar milli gəlir) Azərbaycan Respublikasının təkbaşına həyati problemlərini həll edib, gələcək sabit həyatını təmin etməsi mümkün görünmür. Quzey Azirbaycanın birinci dərəcəli xarici müttəfiqlərı sırasında Güney Azərbaycanın olması ən təbii haldır.
Sonuc
Azərbaycan Respublikası, varlığını və gələcəyini təmin etmək üçün buradakı Türklüyün gücünü artırmaq məcburiyyətindədir. Bu güc milli kimliklə bağlı kompleks problemlərin çözümündədir. Təhsilin milliləşməsi və modernləşməsi həssas güncəl məsələlərdəndir. Milli mətbuatın güclənməsi milli gücə güc qatmış olar. Əxlaqi və çağdaş dəyərlər sisteminin bərqərar olması milli gücün imperativlərindəndir. Milli iqtisadi gücün (milli burjuaziyanın) və təşkilatlanmanın qarşısındakı maneələrin qalxması milli vəsifələrdəndir.
Quzey Azərbaycan üçün vurğulanması gərəkən olmazsa olmazlardan biri, bəlkə də birincisi millətlə dövlətin iç-içə olması, çulğalaşmasıdır. Çünki, bir şəxsin dühası ən yaxşı halda avtoritar rejim, ya da sülalə hakimiyyəti yaratmağa yetərlidir. Çağdaş modern (demokratik) dövlətin yaranması üçün isə ayaqda bir millətin olması gərəkdir.
Daxili gücü tamamlayan xarici müttəfiqlər (güc) məsələsi və ideallar (Bütöv Azərbaycan, Turan birliyi, İslam ölkələri arasında əməkdaşlıq) vazkeçilməyəcək rasional yanaşmadır. Bunun önəmini anlamayanlar və ya onu digər potensial ittifaqlara qarşı qoymaq ya cahillikdir, ya üstüörtülü düşmənçilik.
Son 30 ildə Güney Azərbaycanda milli gücün artması bir gerçəklikdir və bu sürəc sürətlə davam etməkdədir. Bu tarixi hadisəni yüksək dəyərləndirməklə yanaşı, bəzi çevrələrin milli gücü olduğundan qat-qat yüksək qiymətləndirməsi təhlükəyə yol aça bilər. İranı Türk dövlətinə çevirmək xəyalı, mövcud milli gücü bir macəraya yönəltmək deməkdir.
[1] Əli bəy Hüseynzadə, Seçilmiş əsərləri, Bakı: Çaşıoğlu, 2007, s. 100.
[2] Azərbaycan publisistikası antologiyası, Bakı: Şərq-Qərb, 2007, s. 485.
[3] Ziya Gökalp, Türkçülüğün Esasları, Ankara, 1990, s. 37.