Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Font ResizerAa
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Reading: Millət Qurucularımız
Share
Font ResizerAa
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Axtar
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Follow US
  • Advertise
Telif Hakkı © 2024 Türk Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır.
Türkçü Düşüncə Birliyi > Prof. Nəsib Nəsibli > Millət Qurucularımız
Prof. Nəsib NəsibliYazarlarımız

Millət Qurucularımız

Prof. Nəsib Nəsibli
Last updated: Temmuz 18, 2024 8:57 am
Prof. Nəsib Nəsibli
Share
13 Min Read
SHARE

Prof. Dr. Nəsib Nəsibli

Ankara Universiteti DTCF müəllimi

Milli kimliklərdə qurucu atalar və tarixi qəhrəmanların özəl yeri vardır. Millətlər böyüklərinin doğum və ölüm günlərini qeyd etməklə ona xidmət edənlərə sayğı borcunu ödəyər. Şəxsi mənfəət güdmədən fədakarlıq edənlərin xidməti nə qədər böyükdürsə, onlar o qədər millətin yaddaşında yer almağa layiqdirlər. “Bir millətin ölülərini sayğı ilə anması irəlidə də böyüklər yetişdirəcəyinin müjdələyəcisidir.” (Atsız)

“Dövlət quruculuğu” anlayşı olduğu kimi, “millət quruculuğu” anlayışı da vardır. Bunlardan birincisi bizdə çox işlədilir, ikincisinə Sovetlərdən qalma yad yanaşma var. Onlar ayrı-ayrı anlayışlar olmaqla yanaşı, çox vaxt bir-birini tamamlayır (müstəqil dövlətlərdə). Bəzən isə “dövlət”lə “millət” bir-birinə tərs düşür (özəlliklə müstəmləkələrdə). Bu məsələlər haqqında Qərbdə yüzlərlə kitab yazılmış, çeşidli millət-dövlət nəzəriyyələri hazırlanmışdır.

Hər iki Azərbaycanda bu sürəci (millət və dövlət quruculuğunu) irəli aparan onlarca şəxsiyyətimiz olmuşdur. Məhz onların sayəsində Azərbaycanın quzeyində türk milləti və Azərbaycan Respublikası dövləti indiki halı ilə biçimlənmiş, güneyində isə milli hərəkat bugünkü səviyyəsinə çatmışdır. Bu kişilər arasında 19 fikir və əməl böyüyümüz fərqlənir – hər şeydən öncə, örnək şəxsiyyət olmaları, örnək fikirlər irəli sürmələri ilə.

Bu şəxsiyyətləri birləşdirən ortaq keyfiyyətlər çoxdur: hamısı millətçidir, türklük üçün mübarizə aparmışdır. Milli ideologiyanın tarixi də, bugünü də əsasını bu şəxsiyyətlərin fəaliyyəti ilə bağlıdır. Bunlarsız milli fikir həyatını təsəvvür etmək belə çətindir. Bu şəxsiyyətlər millətin namusudur. Onları Quzeydə Sovet, Güneydə Pəhləvi və Xomeyni rejimləri gözdən salmağa çalışmış, onların böyüklüyünü danmışdır. İndiki və gələcək nəsillərimizə bu böyüklərimizi tanıtmalı, onların irsini üzə çıxartmalı və yaymalı, onlardan öyrənməliyik; özəlliklə ona görə ki, hazırda Güneydə və Quzeydə millət-dövlət quruculuğu dövrünü yaşadığımızdan, onlara böyük ehtiyacımız vardır.

Bu böyüklərimiz keçmişimizə, yaşadığı dövrə və millətin gələcəyinə necə baxmışlar? Onlar milli həyatın problemlərini necə görmüş, bu problemlərin həlli üçün nə təklif etmiş, özləri nə etmişlər? Ən önəmli suallardan biri də budur: niyə məhz bu şəxsləri “millət qurucuları” sırasında görmüş, onlar haqqında bu müzakirəni vətəndaşın düşüncəsinə təqdim edirik?

Fikir və əməl böyüklərimiz siyahısı Həsən Bəy Zərdabi (1842-1907) ilə başlanır, çünki ondan əvvəl millətləşmə sürəcini başladan, “biz kimik?” sualına doğru-dürüst cavab verən fikir adamımız olmayıb. Məhz Zərdabi idi ki, türklüyü irançılıq/farsçılıq düşüncəsindən qopartdı və dedi ki, müsəlman olmaqla yanaşı, sən türksən və tək deyilsən – Osmanlıda, Rusiyada, Çində, İranda, başqa yerlərdə sənin canbir, qanbir, dilbir qardaşların var. Zərdabiyə görə, xalqlararası həyat “zindəganlıq cəngi”ndən ibarətdir və bu mübarizədə uduzan tərəf olmamaq üçün ilk növbədə xalqın təhsilindəki bərbad vəziyyəti düzəltmək lazımdır. Zərdabinin imza atdığı ilklərdən birincisi 1872-ci ildə maarifçi Xeyriyyə Cəmiyyətini qurması oldu. Obiri il Hacı Qara tamaşası ilə Azərbaycanda milli teatrın əsasını qoydu. Zərdabinin çəkdiyi iztirab ona gərəkən yolu göstərdi: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır, axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir əlacım yoxdur”. Beləcə, milli qəzetçiliyin ilki – Əkinçi yarandı (1975). Zərdabi milli həyatı yalnız analiz edib, qonşularla müqayisə etməmiş, həm də millətin tərəqqi etməsi yollarını göstərmiş, milli haqları yad hökumətdən, yad qonşulardan müdafiə etmişdir. Zərdabi şəxsiyyəti yeni nəsil örnək ideoloq və siyasətçilərin yaranmasna təkan verdi. Zərdabinin ən böyük tarixi xidməti, bizcə, budur.

Bu arada Güney Azərbaycan əsilli başqa bir ulduz da parladı. Həmədan yaxınlığındakı Əsədabad qəsəbəsində doğulmuş Cəmaləddin müsəlman Şərqinin fikir və siyasət həyatına canlılıq gətirdi. Bu gün Şeyx Cəmaləddin Əsədabadinin (Əfqaninin, 1836-1897) irsinə fərqli yanaşmalar vardır. Amma onun imperializm əsarətindən azad olmaq, millət (vəhdəti-cinsiyyə) konseptləri, dil birliyinin rolu haqqında fikirləri zamanında gənc ideoloqların yetişməsinə böyük təsir etdi. Onun “millətdən kənarda səadət yoxdur”, “dövlətin möhkəmliyi ədalətindən, millətin diriliyi elmindən asıldır” kimi düsturları bu gün də keçərlidir.

Zərdabi və Şeyx Cəmaləddinin öndərliyi və örnəkliyi milli ideologiyanın və milli dövlətin qurucularını yaratdı. Əli Mərdan Bəy Topçubaşı (Topçubaşov, 1862-1934) redaktoru olduğu rusca Kaspi qəzetini milli orqana çevirdi, həm qəzeti, həm özü illərlə millətin vəkili oldu. Nicat maarif cəmiyyətinin sədri, Rusiya türklərinin tanınmış siyasi liderlərindən biri, bağımsız Azərbaycanın parlament sıdri, Paris konfransında Azərbaycan nümayəndə heyətinin başçısı, sonra əski Rusiya məzlum millətlərinin mühacirətdəki liderlərindən biri kimi Topçubaşı siyasi hadisələrin mərkəzində yer aldı, ömrünün sonunadək bu ölkə və bu millət üçün çalışdı. Onun fikir adamı kimi böyüklüyünü Kaspi’dəki çoxsaylı məqalələri, yazdığı rəsmi sənədlərin layihələri, Parisdə çap etdirdiyi Azərbaycan haqqnda kitabçalar, Azərbaycanın təşəkkülü adlı əsəri, eləcə də Azərbaycanın gələcəyi haqqnda qoyduğu suallar göstərməkdədir.

Əli Bəy Hüseynzadə-Turan (1864-1940) yalnız Azərbaycanda deyil, bütün türk dünyasında türkçülüyün (millətçiliyin) banilərindən biri, bəlkə birincisidir. Azərbaycanda türklüyün tarixi, etnoqrafiyası haqqında ilk dolğun elmi əsərin (Türklər kimdir və kimlərdən ibarətdir?) müəllifi Hüseynzadədir. Onun məşhur düsturunu – Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq – bu gün bilməyən oxumuş adam tapmaq çətindir. Millətləşmə sürəcinin başlarında milli şüurun vacibliyinə ilk diqqət çəkən də, bizcə, odur. Azərbaycanda milli gücdən ilk bəhs edən fikir adamı Hüseynzadənin özüdür. Əli Bəy Hüseynzadə çağdaşlarını və sonrakı nəsli ümumtürk ədəbi dilini qoruyub saxlamağa çağıranda nə qədər müdrik idi! Üstündən aşağı -yuxarı 100 il keçəndən sonra yenidən ortaq türk dili problemi qarşısındayıq.

Milli fikir və əməl böyüklərimiz siyahısında mütləq yer almalı olan 3-5 adamdan biri Əhməd Bəy Ağaoğludur (Ağayev, 1869-1939). O, millətin keçmişi, indisi və gələcəyi haqqında özəl konsepti olan mütəfəkkir, irançılıq/farsçılıq zehniyyətini baltalamış ideoloqdur. Əhməd Bəy Ağaoğlu Azərbaycanda türk millətçiliyini nəzəri cəhətdən irəli aparmış görkəmli şəxsiyyətimizdir. O həm də erməni təcavüzünə qarşı müqavimətin təşkilatçısş, ilk milli partiyanın – Difai’nin qurucusudur. Ağaoğlu Azərbaycanla yanaşı, Türkiyənin siyasi həyatında da önəmli rol oynamış milli iftixarımızdır.

Bu üç böyüyümüzün öndərliyi ilə formalaşmaqda olan milli məfkurə, uyğun siyasi şərtlər yaranan kimi – 1918-ci ildə milli dövlətin qurulmasını labüd etdi. Hələ həmin tarixə qədər gənc Məmməd Əmin Rəsulzadə (1884-1955) özünü təsdiq etdirmiş görkəmli ideoloq və siyasətçi kimi hadisələrin tam mərkəzində yer almışdı. Rəsulzadə həm də yorulmaz təşkilatçı idi, millətin təşkilatlanması məsələsinə ən çox önəm verən və bu yolda çalışmış liderlərdən idi. Böyük dövlət adamı, siyasətçi, ideoloq olan Rəsulzadə həm də görkəmli alim, publisist və jurnalistdir.

Cümhuriyyətin 23 ayı (1918-1920) milli tariximizin həm ən fəxarətli, həm də ən dramatik dönəmidir. Deyilənlər ən çox da Cümhuriyyət xadimləri – parlamentin faktik başçısı Dr. Həsən Bəy Ağayev (Ağazadə, 1875-1920), Cümhuriyyətin ilk baş naziri Fətəli Xan Xoyski (1875-1920) və ikinci baş naziri Nəsib Bəy Yusifbəylinin (1881-1920) tarixi fəaliyyətinə və faciəli talelərinə aiddir. Onlar həm də ilk şəhid dövlət adamlarımızdır.

27 Aprel fəlakətindən – Rusiyanın Quzey Azərbaycanı ikinci dəfə işğalından sonra milli siyasi fikrin inkişafı və Azərbaycan davası uğrunda mübarizə mühacirətdə davam etdi. Topçubaşı və Rəsulzadənin liderliyində toparlanan siyasi mühacirət milli davanı beynəlxalq platforma daşıya bildi, Azərbaycan məsələsinə dünyanın siyasi problemi kimi yanaşmaq zərurəti fikrini əzmlə müdafiə etdi. Siyasi mühacirətin sıralarında onlarla, yüzlərlə fədakar insan milli davanı yürütdü. Siyasi mühacirətin içindən böyük fikir və əməl adamları da çıxdı.

Müsavat Partiyasının ikinci başqanı Mirzə Bala Məmmədzadənin (1898-1959) siyasi fikrin inkişafında, milli məfkurənin biçimlənməsində müstəsna rolu oldu. O, ilk dəfə olaraq milli ideologiyanı sistemləşdirdi. türkçülük və Azərbaycançılığa tərif verdi. O, siyasət elmi sahəsində çalışmış ən böyük alimlərimizdən biridir; sayca iki mindən çox olduğu təxmin edilən əsərləri toplanıb küll halında çap edilməlidir.

Ceyhun Bəy Hacıbəyli (1891-1962) gənc yaşlarından milli hərəkata qoşulmuş, milli hökumətin qəzetini (Azərbaycan) redaktə etmiş, Azərbaycan istiqlalının Paris konfransında tanıdılmasında rol almış, daha sonra siyasi mühacirətin liderlərindən biri kimi Azərbaycanın Avropada qısılmayan səsi, milli iradənin daşıyıcısı olmuşdur.

Mühacirət liderləri sırasında Sadıq Aranın (1895-1971) da yeri var. O, gənc yaşlarında Azərbaycan parlamentinin üzvü olmuş, sonralar siyasi mühacirətin fəaliyyətində mühüm rol oynamış, özəlliklə mühacirət mətbuatının qurulmasında fədakarcasına çalışmışdır. O, milli davamızı xaricdə müdafiə etmiş, bu yöndə onlarla əsər yazmışdır. Özəlliklə onun İran türkləri əsəri İranda Azərbaycan məsələsinin qoyuluşu, fars irqçiliyinin ifşası baxımından diqqəti çəkir.

Üzeyir Hacıbəyli (Hacıbəyov, 1885-1948) fikir və əməl böyüklərimiz arasında tamamilə bənzərsiz həyat yaşamış şəxsiyyətimizdir. İlk Azərbaycan (eləcə də ümumtürk və ümumislam) opera və operettasının müəllifi, həm də siyasi publisistika sahəsində özünü təsdiq etmiş yazarlardan biri idi. O, siyasi elit problemi, millətləşmə sürəci, milli kimlik məsələləri, tarixi sorğulamaq istiqamətlərində məqalələr yazmış, məşhur Azərbaycan qəzetini (qardaşı Ceyhun Bəylə birlikdə) redaktə etmişdir. Sovet repressiyalarından nə hikmətsə yan keçə bilən Üzeyir Bəy soyadının sonunda “ov” yazılmasına razılaşsa da, dühasının verdiyi güclə millətinə möhtəşəm xidmətlər göstərmiş, musuqisi ilə milli özünüdərk, millətləşmə sürəcinə həssas qatqıları olmuşdur.

Bu arada Güney Azərbaycan da öz yolunu aramağa cəhd etmiş, yüzillərlə sürüb gələn irançılığa/farsçılığa xidməti ilə yanaşı, nəhayət, özünü də düşünməyə cəhd etmişdir.1920-ci il Təbriz üsyanında millətimiz təcəddüd düşüncəsinin banisi, Məşrutə inqilabının qəhrmanlarından biri Şeyx Məhəmməd Xiyabanini (1879-1920) lideri olaraq görmüş, İran daxilində Azərbaycana muxtariyyət əldə etmək istəmişdir. Muxtariyyət uğrunda ikinci cəhd 21 Azər hərəkatı zamanı olmuş, Güney eyni zamanda millət olmaq əzmini ortaya qoymuşdur. Bu hərəkatın başında da Seyid Cəfər Pişəvəri (1892-1947) durmuşdur. Hər iki cəhd İran və Sovet irticasının qurbanı olmuş, hər iki lider şəhid düşmüşdür (biri Təbrizdə, o biri Bakıda).

Təbrizli Əli (1929-1998) paniranizmin və fars irqçiliyinin meydan suladığı, türklüyü aşağıladığı və içində əritdiyi bir dövrdə milli dirənişin simvoluna çevrildi. O, şeirlərində irqçilik düşüncəsinə qarşı çıxdı, milli varlığımızı müdafiə etdi. Məşhur Ədəbiyyat və milliyyət əsərində milli fikri rahat buraxmayan suallara cavab tapmağa çalışdı, rəsmi İran tarixçiliyindən fərqli milli tarix konseptini ortaya qoydu. Həm də milli hərəkatın yaxın gələcək üçün vəzifələrini müəyyən etdi. Təbrizli Əli ilk dəfə milli tariximizi ümumtürk tarixinin bir bölümü olaraq təqdim etdi. Onun yaradıcılığı Varlıq məktəbinin yaranmasına təkan verən amillərdən biri oldu.

Mərhum Dr. Məhəmməd Tağı Zehtabi (1923-1998) örnək şəxsiyyəti və dəyərli yazıları ilə milli dirəniş hərəkatının başqa bir simvoluna çevrildi. Zehtabinin özəlliklə tarix konsepti yeni millətçi gəncliyin yetişməsində fövqəladə böyük rol oynadı.

Bu gün həyatda olmayan böyüklərimizin siyahısına Əbülfəz Elçibəy (1938-2000) də daxildir. Milli-demokratik hərəkatın lideri və demokratik yolla seçilmiş ilk Azərbaycan prezidenti Elçibəy, həm də milli ideologiyanın görkəmli nümayəndəsidir. Onun “Millətləşmə, Dövlətləşmə, Bütövləşmə!” şüarı, “Azərbaycan xalqı türklüyünü dərk edəndən sonra milli problemlərini həll etməyə başlayacaq!” düsturu, “Qarabağ probleminin həlli yolu Təbrizdən keçir!” kimi fikirləri çağdaş milli ideologiyanın vazkeçilməz sütunlarındandır.

2014-cü ildə Dr. Cavad Heyəti (d. 1925) – hər iki Azərbaycanın ağsaqqalını itirdik. İranda Türkçülüyün elmi zəminə oturması Dr. Heyətin adı ilə bağlıdır. Heyətin 1979-cu ildə əsasını qoyduğu Varlıq dərgisi İranda milli varlığımızın qorunması və müdafiəsində bir məktəb oldu. Bu məktəbin müdavimləri çətin şərtlərdə milli mübarizəmizi davam etdirməkdədirlər.

Rəhmətlik Rəsulzadə vaxtilə yazırdı: “Bir millətin yeni nəsli əskisinə nəzərən daha az təcrübəli olursa, o millətin varlığı və istiqbalı təhlükəyə məruz qala bilər.”

Bu qısa yazı indiki nəsli keçmişimizi dərk etməyə, gələcəyimizi düşünməyə çağırışdır. Böyük əcdadlarımızla fəxr etmək azdır. Önəmli olan onların həyatını və fikirlərini təhlil edib, onlardan öyrənməkdir. Önəmli olan nəsillər arasında Sovet rejiminin qırdığı canlı əlaqəni yenidən qurmaqdır. Milli ideologiya böyüklərimizin yaratdığı zəngin mirasa sahib çıxıb mənimsədikdən sonra yeni inkişaf mərhələsinə girə bilər.

Böyüklərimiz siyahımızda 19 kişi yer aldı. Əsas parametrimiz əməl və fikir nəhənglərimizin örnək şəxsiyyət olmaları və örnək siyasi-ictimai fıkirlər irəli sürmələri, millətdövlət sürəcində həssas qatqısının olmasıdır. Bu siyahıdan fərqli siyahı ortaya qoya biləcək şəxslər də ola bilər. Olsun, onların da ölçü vahidləri dartışıla bilər

Bu yazı millət-dövlət quruculuğunda fövqəladə böyük rolu olmuş nəhəng şəxsiyyətlərimizə həm də şükran borcumuzun ifadəsidir.

You Might Also Like

Prof. Nəsib L. Nəsibli: M. Ə. Rəsulzadənin Türklüyü və Türkçülüyü

Dr. Odər Qutluər: Dildə Türkçülüyün Gərəyi

Dr. Odər Qutluər: Ortaq Türk Əlifbası və Türk Tamğaları

Prof. Dr. Nəsib Nəsibli: Dilimizin yadlaşdırılması

Bakı Birinci Türkçülük Çalışmaları simpoziumu çıxışları. Odər Qutluər: Millət Anlayışı.

Share This Article
Facebook Twitter Copy Link Print
Share
Previous Article İkinci Türkçülük Çalışmaları
Next Article Milli Tarixçilik Gərəyi

Ən Son Məqalələr

Ana dili, Türkçülük və “təhlükəsizlik çətiri”
Düşüncələr Sabir Rüstəmxanlı Mart 31, 2025
M. Ə. Rəsulzadənin Dünyagörüşündə Türkçülük – Turançılıq İdeyaları
Düşüncələr Türkçü Düşüncə Birliyi Mart 18, 2025
Dördüncü Türkçülük Çalışmaları: Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız
Çalışmalar Türkçü Düşüncə Birliyi Mart 15, 2025
Azad Qaradərəli: Cümhuriyyət Qiybətçilərinə Bədahətən Cavab – Hekayə
Düşüncələr Türkçü Düşüncə Birliyi Ocak 28, 2025
Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz başlıqlı simpoziumun sonuc bildirişi:
Çalışmalar Türkçü Düşüncə Birliyi Aralık 4, 2024
Üçüncü Türkçülük Çalışmalarının tarixi və yeri bəlli oldu.
Çalışmalar Türkçü Düşünce Birliyi Ekim 25, 2024
“İkinci Türkçülük Çalışmaları: Dil Məsələlərimiz” kitabı yayımlandı.
Çalışmalar Türkçü Düşünce Birliyi Ekim 19, 2024
Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz
Çalışmalar Türkçü Düşünce Birliyi Ekim 19, 2024
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Follow US
Telif Hakkı © 2024 Türkçü Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır. [email protected]
Welcome Back!

Sign in to your account

Lost your password?