M. Ə. Rəsulzadənin Dünyagörüşündə Türkçülük-Turançılıq İdeyaları
Ələsgər Siyablı, tarixçi,
Almaniya.
M.Ə.Rəsulzadənin ictimai-siyasi dünyagörüşünün təşəkkülü və formalaşıb bitkin şəkil alması inqilabçı sosializmdən panislamizmə və türkçülüyə doğru müəyyən bir təkamül yolu keçmişdir. Son nəticədə bu təkamül türkçülük-azərbaycançılıq sintesi şəklində Azərbaycan Cümhuriyyətinin rəsmi musavatçılıq ideologiyasını meydana gətirmişdir. Siyasi fəaliyyətə çox gənc yaşlarından başlayan M.Ə.Rəsulzadə 1903-cü ildə bir neçə azərbaycanlı tələbənin iştirakı ilə Gənc İnqilabçılar Dərnəyi yaradır. Siyasi maarifçilik fəaliyyəti ilə məşğul olan bu dərnəkdəki fəaliyyəti dövründə o sosial-demokrat ideyalarını mənimsəmişdir. Məmməd Əmin Rəsulzadə Azərbaycanın ilk sosial demokratlarından biri olmaqla yanaşı 1904-cü ildə Müsəlman Sosial Demokrat Hümmət Təşkilatını yaradanlardan biri olmuşdur. Hümmət”in baniləri arasında ondan başqa N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski, eyni zamanda sonradan Müsavatın yaradıcılarından olan A.Kazımzadə və K.Mikayılzadə var idi.(9, s.18 ). 1908-ci ilin axırında Məmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edib İrana yola düşür. Məmməd Əmin Rəsulzadə TəBrizdə Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, xalqın vəziyyətini yaxından müşahidə edir. Rəsulzadə İranda Seyid Həsən Tağızadə, Hüseynqulu Xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, İran-nou və İrane Ahat qəzetlərinin baş redaktoru olur. 1907-ci ildə Britaniya-Rusiya müqaviləsinə əsasən İranın şimal hissəsi Təbriz də daxil olmaqla Rus ordusunun nəzarəti altında idi. Rəsulzadənin İrandakı siyasi fəaliyyətindən narahat olan və İranda baş verəcək inqilabdan qorxuya düşən çar Rusiya hökuməti Qacar hakimiyyətindən onun ölkədən sürgün olunmasını tələb edir. Bir qrup silahdaşı ilə İranı tərk edən M.Ə.Rəsulzadə 1911-ci ilin mayında İstanbula gedir. Həmin dövr Türkiyədə türkçülüyün yüksəliş dövrünə təsadüf edirdi.Türkiyə həyatı M.Ə.Rəsulzadənin dünyagörüşündə böyük dəyişiklik yaradır. 1908-ci ildə Türkiyədə baş verən Gənc Türklər İnqilabı və elan edilən azadlıqlar və məşrutiyət hərəkatı, bütün Rusiya türkləri kimi, Azərbaycan türklərinin də ümidini artırmışdı.
1912-ci ildə Rusiyanın dəstəyi və təşviqi ilə Osmanlı Türkiyəsinə qarşı başlanan Balkan müharibəsi zamanı bütün slavyan ölkələrində və Balkanlarda Türkiyə əleyhinə böyük kompaniya başlanmışdı.Panslavyanizm ideoloğiyasını rəhbər tutan çar Rusiyası slavyan xalqlarını öz ətrafında birləşdirib, onları Osmanlı Türkiyəsinə və Almaniya-Avstriya-Macarıstan ittifaqına qarşı yönəldirdi. Rusiya liberallarının bu savaşa dəstək verərək türklük və müsəlmanlıq əleyhinə tutduqları mövqe Rusiyadakı liberal düşüncəli türklərin onlardan tamamilə ayrılıb inqilabçı-millətçi mövqe tutmalarına səbəb olmuşdur ” (8, s. 38). Türkiyənin və Rusiyanın qarşı-qarşıya gəldiyi müharibələr, özəlliklə də birinci dünya müharibəsi istər Türkiyədə, istərsə də Rusiyanın türk əhalisi içərisində milli oyanışın — türk kimliyi şüurunun inkişafına çox böyuk təsiri olur. Bu dövrün əhəmiyyətini xarakterizə edən M.Ə.Rəsulzadə müxtəlif türk xalqlarının görkəmli nümayəndələrinin qatıldığı və bütün türk xalqlarının ziyalıları arasında geniş yayılmış, türk milli ideyalarının populyar orqanı olan Türk Yurdu dərgisinin yaradılmasının məhz bu dövrə təsadüf etdiyini, yeni ideyaların həqiqətən də alovlanan ocağı olan və gənc nəslin qəlbində türkçülüyün “müqəddəs atəşi”ni yandıran “Türk Ocaqları” cəmiyyətinin də bu dönəmdə qurulduğunu yazır (Məmməd Əmin Rəsulzadə, Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar, s. 50). M.Ə.Rəsulzadənin İstanbula getdiyi həmin dövrdə türkçülük hərəkatının öndərləri Yusif Akçuraoğlu, Əli Bəy Hüseyinzadə, Əhməd Bəy Ağaoğlu, Ziya Gökalp artıq orda geniş siyasi fəaliyyət göstərirdilər. Özündən yaşca böyük olan bu siyasi fikir adamlarının vasitəsi ilə o türkçü camiəsi ilə geniş təmas qurur, “Türk ocağı” cəmiyyətində fəaliyyət göstərir, Türk Yurdu və digər türkçü nəşrlərdə əməkdaşlıq edir.
M.Ə.Rəsulzadə İstanbulda Yusif Akçuranın təklifi ilə türkçülərin o zaman əsas mətbu orqanı olan Türk Yurdu jurnalında İran Türkləri adlı silsilə məqalələr dərc etdirir. Onun paralel olaraq osmançıların əsas orqanı olan Səbülrəşad jurnalında da İran türkləri haqqında silsilə yazılarla yanaşı, digər qəzetlərdə də yazıları dərc olunur. Rəsulzadənin uzun müddət ərzində dərc olunan silsilə yazıları Qacar və Osmanlı türk dövlətləri arasında mövcud olan ziddiyyətlərin xeyli dərəcədə yumşalmasına və İrandakı türkləri ümumi Əcəm adı ilə tanıyıb onları etnik mənşə baxımdan özlərinə yabançı hesab edən Osmanlı türklərində bu ölkədəki türklər haqqında geniş və müsbət təsəvvürün yaranmasına səbəb olmuşdur. Cəmaləddin Əfqaninin əsərini türk dilinə tərcümə edən M.Ə.Rəsulzadə ilk zamanlar onun “ümmətçilik”, daha doğrusu islam millətçiliyi ideyasınının təsirinə qapılaraq onun təbliğatçılarından olmuşdur. Cəmaləddin Əfqaninin panislamizm və ya islam birliyi ideyasının təsiri təkcə M.Rəsulzadə ilə məhdudlaşmırdı, çar Rusiyası əsarətində və ingilis müstəmləkə zülmü altında əzilən müsəlman ölkələrinin bir çox maarifçi ziyalıları da onun təsiri altında olub milli azadlığa nail olma yolunu Əfqaninin təbliğ etdiyi islam birliyində görürdülər. Yusif Akçura Əfqaninin ictimai fikrə göstərdiyi təsir haqqında yazır ki, “Əfqani, düşüncələri , sözləri və işlərilə islam aləminin hər tərəfinə çox bərəkətli toxumlar səpmiş və Qərb türklüyündə (osmanlı türkləri) olduğu kimi Şimal türklüyündə (yəni Rusiyanın məhkum türklərində) dəxi milliyət fikrinin inkişafına hizmət etmişdir ” (Mirze Bala Mehmetzade, Milli Azerbaycan Harekatı, s. 43). Mirzə Bala Məmmədzadə Milli Azərbaycan Hərəkatı əsərində Rəsulzadənin dünyagörüşündə türkçülüyə doğru baş verən dəyişikliyi M.Ə.Rəsulzadənin, Musavat firqəsinin və eləcə də “Azərbaycan heyəti ictimaiyyəsinin” “ümmətçilikdən” “millətçiliyə” və “islamçılıqdan” “türkçülüyə” keçməsində panislamizmin ideoloqu Şeyx Cəmaləddin Əfqaninin Vəhdəti Cinsiyyə Fəlsəfəsi”nin mühüm rol oynadığını yazır. (Mirze Bala Mehmetzade, Milli Azerbaycan Harekatı, s. 42). Hətta Ziya Gökalp da panislamizmin müəyyən mərhələdə mütərəqqi rol oynadığını qəbul etsə də, sonradan onun etnik milli şüurun formalaşması yolunda bir əngələ çevrildiyini etiraf edir.
M.Ə.Rəsulzadə də milliyət məsələsində islamı milli mənsubiyyəti müəyyən edən amil deyil, onu yalnız “ümmətçilik” şəklində dini mənsubiyyət bildirən amil kimi dəyərləndrir və islama bir siyasi idarəçilik sistemi kimi yox, xalqın mənəvi-əxlaqi dəyərlər sistemi kimi baxırdı. Onun milli hərəkatda rəhbər tutduğu sosial fəlsəfəyə görə “millət, dili, dini, ənənəsi, ədəbiyyatı, tarixi və adəti bir olan bəşər cəmiyyətinə deyilir. Yalnız din birliyi öz-özlüyündə bir millət təşkil edə bilməz” (Mirze Bala Mehmetzade, Milli Azerbaycan Harekatı. səh.45). İslam birliyi ideyası maarifçi türk ziyalıları arasında yalnız müəyyən bir dövr ərzində populyar olmuş, etnik mənsubiyyətin dominant rol oynadığı türkçülük məfkurəsi tezliklə onu əvəz etmişdir. Rəsulzadə Türkiyədə panislamizm və ya islamçılıq ideyasının öncüllük qazanmasının əsas səbəbinin sultan hakimiyyəti altında olan xristian xalqlarında mərkəzdənqaçma meyllərinin güclənməsi nəticəsində bütün xalqların vahid birliyini nəzərdə tutan osmançılıq hakim ideologiyasının iflasa uğraması ilə əlaqələndirərək yazır: ”Osmançılığın” uğursuzluğu faktı, imperiyanın müsəlman təbəələrinin dini birlik ideyasını əsas götürən islamçılıq tezisini gücləndirdi. Bu siyasətin əsas aparıcı siması isə sultan II Əbdülhəmid idi. Lakin tezliklə imperiyanın müsəlman xalqları da “zamanın ruhuna” uyğun şəkildə hərəkət tərzi seçdilər.” (7, s. 46). Rəsulzadə yazır ki, turançılıq məfkurəsi meydana çıxdıqdan sonra millət beynəlxalq islam birliyi və federasiyası formullarından imtina etmiş, “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” kimi üçlü bir şüar ortaya atılmış, Azərbaycan turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etmişlər. Turançılıq-türkçülük fikri Azərbaycan Xalq Cümhurriyyətinin qurucusu milli öndərimiz Məmməd Emin Rəsulzadənin tarix haqqındakı görüşlərinin ana xəttini təşkil edir. Rəsulzadə türk milli şüurunu özündə əks etdirən türkçülüyün ilk banilərinin M.F.Axundov və onun dram əsərlərinin, Həsən Bəy Zərdabinin Əkinçi qəzetinin və onun ardınca İsmayıl Bəy Qaspıralının Tərcüman qəzetinin olduğunu qeyd edir (4, s. 50-58 ).
Türk birliyinn istiqamətlərini müəyyən edən türkçü düşüncənin ilk düsturu “Dildə, fikirdə, işdə birlik” şəklində Tərcüman qəzetinin naşiri İsmayıl Bəy Qaspıralı tərəfindən irəli sürülmüşdür. “İsmail bəy Qaspıralının “Üsulu cədid” cərəyanı az zaman içərisində Tərcüman sayəsində Krımın hüdudlarını aşaraq İdil-Uralda, Türküstanda, Azərbaycanda, Şimali Qafqazyada, hətta Rusiya hüdudlarını da aşaraq İran, Çin və Hndistanda özünə böyük bir tərəfdar buldu.Türklüyü bir küll olaraq qəbul etdiyi üçün, ortaq və təmiz türkcə yazdığı üçün İsmayıl Bəy ” bütün türk maarifçi ziyalıları içərisində böyük populyarlıq qazanmışdı.” (Mirze Bala Mehmetzade, Milli Azerbaycan Harekatı, s.16). Bütövlükdə isə Rəsulzadənin türkçülük-turançılıq görüşlərinin tam formalaşmasında Ziya Gökalp və Əli Bəy Hüseyinzadənin fikirlərinin önəmli təsiri olmuşdur. Türkçülük və ya başqa deyimlə panturanizm ideologiyasının yaradıcılarından olan Əli Bəy Hüseyinzadə Qaspıralının “Dildə, fikirdə, işdə birlik” “düsturuna siyasi mahiyyət qazandıraraq ilk dəfə 1905-ci ildə Həyat qəzetində Əbu Turab Axunda cavab olaraq yazdığı Bizə hansı elmlər lazımdır? adlı məqaləsində xalqın yaşayışı və inkişafı üçün əsas şərtin “Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq” olduğunu yazır. Üzərindən bir neçə il keçdikdən sonra Ziya Gökalp 1911-ci ildə bu fikri türkçülüyün əsas prinsipi kimi “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” şəklində sistemləşdrilmişdir. İstər Ziya Gökalp, istərsə də Hilmi Ziya Ülkən türkçülüyün bu düsturunun Əli Bəy Hüseyinzadəyə məxsus olduğunu qeyd etmişlər. Əli Bəy Hüseyinzadə ilə yanaşı M.Ə.Rəsulzadənin siyasi görüşlərinin türkçülük istiqamətində formalaşmasında və inkişafında özünün də qeyd etdiyi kimi ən çox təsir Ziya Gökalp tərəfindən olmuşdur.
M.Ə.Rəsulzadə həm özünün türkçülük dünyagörüşünün formalaşmasında , həmçinin də qurucusu olduğu Müsavat Partiyasının ideoloji xəttinin müəyyən olunmasında Ziya Gökalpın önəmli rolundan bəhs edərək yazırdı: “Mətbuat lisan məsələsi ilə məşğul idi. Bu məsələdə Ziyanın nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyü tərviç üçün Hərbi Ümumi əsnasında təsis elədiyimiz “Açıq söz” qəzetinin başına Ziyanın sepayeyi təfəkkürünü bir deviz olaraq qoyduq. Daha sonra, Ziyanın son zamanlarda “Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” şəklində ifadə etdiyi bu deviz türkçülük və xalqçılıq umdələri üzərinə təşəkkül edən milliyətpərvər Müsavat firqəsinin proqram mqəddiməsində yer aldı. Nəhayət Azərbaycan öz istiqlalını elan edirdi. Rus istibdad pəncəsi altında parçalanmış xanlıqlar şəklində deyil, birləşmiş milli kütlə şəklində nicat əldə edən Azərbaycan türklüyü bu istiqlalı təmsil edəcək bayrağa müasir məfkurəsi ilə münasib bir məna vermək istəyirdi. Bu mənanı həmən “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” məfhumlarında gerçəkləşdirdi. Bayrağını mavi, yaşıl və al rəngli qumaşlardan tərtib etdi. Göründüyü kimi Ziya Bəyin yalnız Türkiyə siyasəti üzərində deyil, Azərbaycan siyasi düşüncəsi üzərində də qəti təsirləri olmuşdur” (10, s. 128).
Şəxsiyyətinə böyük heyranlıq duyduğu Ziya Gökalpın ictimai-siyasi fəaliyyətini, onun türkçülük ideyasının inkişafındakı rolunu yüksək dəyərləndirən M.Ə.Rəsulzadə Ziya Gökalpın vəfatının ikinci il dönümündə onun məzarı başında bu böyük Türk mütəfəkkirini “böyük bir mübeşşir, milliyət məfkurəsinin ələmdarı, Türkçülük təriqətinin piri kimi özlədiyini” dilə gətirirdi (10, s.267). M.Ə.Rəsulzadə Rusiya ilə savaş dönəmində türk xalqları içərisində türkçülük milli şüurunun inkişafında sosioloji nəzəriyyələrlə yanaşı, dövrün türkçülük ruhunu özündə əks etdirən bədii ədəbiyyatın da rolunu yüksək dəyərləndirərək yazır: “Milli türk şairi Mehmet Emin bəyin şeirlər toplusu böyük uğurla yayılırdı. Bundan əlavə, türkçülük problemlərinə aid müxtəlif mövzulara toxunan bir sıra nəsr əsərləri meydana çıxdı. Yaqub Qədri və Orxan Seyfinin hekayələri, tanınmış türk yazarı Xalidə Ədibin romanları “qurtulmuş Turan”ın ideal tipləri və obrazlarını əks etdirirdi. Bu baxımdan, Xalidə xanımın “Yeni Turan” adlı romanı xüsusilə səciyyəvi idi (7, s.50). M.Ə.Rəsulzadənin türkçü-turançı görüşləri əsasən onun Əsrimizin Siyavuşu, Azərbaycan Cümhuriyyəti, Panturanizm haqqında əsərlərində, çoxsaylı məqalələrində əks olunmuşdur.
M.Ə.Rəsulzadə əsrin əvvəllərində populyar olan panturanizm cərəyanının da geniş və məntiqli təhlilini verir. Panturanizm siyasi hadisələrin təsiri altında transformasiyaya uğrayıb bir fikir cərəyanından cəmiyyətin daha geniş təbəqələrini əhatə edən ictimai-siyasi hərəkatın “düşüncə sisteminə çevrildikcə, onun daxilində iki təmayül – mərkəzçilərin romantik cərəyanı və federalistlərin realist cərəyanı ortaya çıxmağa başlayır. Birinci cərəyanın nümayəndələri millətin irqi anlamı tərəfdarı olan alman nəzəriyyəçilərinin təsiri altında hesab edirdilər ki, türk xalqlarının təkcə qan qohumluğu, dillərinin yaxınlığı, eləcə də onların eyni dinə mənsubluğu, müəyyən əlverişli siyasi şəraitdə vahid türk dövlətinin yaradılması üçün yetərlidir. Realist cərəyan isə, hərəkatın ən yüksək idealından ilham almasına rəğmən, romantik xəyallarından daha çox, milli şüurun oyanmasının gerçək nəticələrinə önəm verirdi. Realist cərəyanın təmsilçiləri bütün türk xalqlarının ortaq milli-mədəni maraqlara malik olduqlarını dərk etsələr də, hər halda, bu xalqların mərkəzləşmiş bir dövlətdə birləşməsi onlara mümkünsüz görünürdü. Onlar müxtəlif türk xalqlarının, ilk növbədə, ayrı-ayrı müstəqil dövlətlər şəklində azad olmasına çalışırdılar. (7, s.54). M.Ə.Rəsulzadənin özü türkçülüyün realist cərəyanına mənsub idi. Realistlər öz fəaliyyətlərində Turan birliyi məsələsində mifoloji qəhrəmanlığın romantik xəyalpərvər düşüncəsini deyil, dövrün real siyasi gerçəkliyini rəhbər tuturdular. Onlar Turanı bütün türkləri öz tərkibində birləşdirən vahid dövlət təşkilatı kimi deyil, türk xalqlarının qurduqları ayrı-ayrı dövlətlərin konfederativ birliyi kimi təsəvvür edirdilər. Azərbaycan siyasi həyatında Müsavat Partiyası Türk dövlətlərinin konfederativ birliyinin, İttihad Partiyası, Əhrar Partiyası isə Azərbaycanın Osmanlı dövlətinə birləşdrilməsi ilə vahid Turan dövlətinin yaranması tərəfdarı kimi çıxış edirdilər. Azərbaycanın Osmanlı Türkiyəsinə birləşməsi ilə vahid Turan dövləti yaradılması cərəyanına türkçülük məfkurəsinin yaradıcılarından biri olan Əhməd Bəy Ağaoğlu rəhbərlik edirdi.
Romantik türkçülərin təmsilçisi Əhməd Bəy Ağaoğlunun, onun tərəfdarlarının və həmçinin Nuri Paşanın Cümhuriyyət elanının ilk günlərində Cümhuriyyətə münasibətdə sərgilədikləri müəyyən tərəddüdlər müasir dövrdə Osmanlı dövlətinin guya Azərbaycan Cümhuriyyəti əleyhdarı olması haqqında bir sıra spekluyativ fikirlərin yaranmasına səbəb olmuşdur. Əlbəttə Azərbaycan istiqlaliyyətinin əldə olunmasında misilsiz rol oynamış Qafqaz İslam Ordusu rəhbərliyi müstəqil Azərbaycan Cümhuriyyəti dövlətinin əleyhdarı deyildilər. Türk xalqlarının əsarətdən qurtulması ilə yaradılacaq vahid Turan dövlətinin idarəçilik formasının müəyyən olunmasında romantik mərkəzçi türkçülərlə konfederativ quruluş tərəfdarı realist türkçülər arasında bəzi fikir ayrılığı var idi. Romantik türkçülərin fikrinə görə Birinci Dünya Savaşında məğlub olaraq öz ərazilərini itirən Osmanlı imperiyasının Anadolu-türk ərazisi və Azərbaycan da daxil olmaqla əsarətdən xilas ediləcək türk yurdları yeni yaradılacaq Turan dövlətinin tərkib hissəsini təşkil edəcəkdilər.Ənvər Paşa məhz bu yeni Turan dövlətini yaratmaq xəyalı ilə Türkistanda rus və ingilis imperializminə qarşı ölüm-dirim savaşına başlamışdı. İlk zamanlar Azərbaycan Cümhuriyyətinə münasibətdə mövcud olan bu tərəddüdlər sonrakı dövrdə tamamilə aradan qalxmışdır. İstər Osmanlı Türkiyəsində, istərsə də Rusiya türklərində turançılıq-türkçülük düşüncəsinin meydana çıxması yalnız əfsanələrə söykənən bir xəyal məhsulu deyildi. Turançılıq düşüncəsi XIX əsrdə Avropa tarixçilərinin və linqvistlərinin Ön Asiyanın qədim tarixinin araşdırmaları nəticəsində gəldikləri elmi fikirlərə əsaslanırdı. XIX əsr və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Y.Oppert, F.Lenorman, F.Hommel, E.Hinks, H.Rauilson, B.Bunsen, E.Norris, Mordtmann, A.Kastren və s. kimi Ön Asiyanın qədim tarixini araşdıran görkəmli tarixçi assuroloqlar Turanizm nəzəriyyəsi irəli sürmüşlər. Bu nəzəriyyəyə görə Turan dünya tarixinin qədim dövrünü təşkil etmişdir, sami və ari irqləri tarix səhnəsinə qədəm qoymadan min illər öncə turanlı öntürklər yer üzərinə yayılaraq onu məskunlaşdıran ilk irq olmuşdur. Onların Turan irqi adlandırdıqları öntürklər (prototürklər) bəşər uyqarlığının özülünü yaratmış ilk mədəni insanlardır. M.Ə.Rəsulzadənin Turançılıq haqqında görüşləri Avropa alimlərinin Turanizm nəzəriyyəsinə və onların elmi araşdırmalarındakı faktlara əsaslanırdı.
M.Ə.Rəsulzadə Turanizm nəzəriyyəsinin və türklərin tarixini araşdıran tarixçilərin elmi fikirlərinin türk ziyalıları üzərində göstərdiyi təsiri ifadə edərək yazır: ”German Vamberinin Orta Asiyaya səyahəti, Fon Lekokun ideal tapıntısı, Leon Kahunun türk irqinin tarixi haqqında məşhur kitabı, Radlovun tərtib etdiyi türk ləhcələrinin lüğəti və Bartoldun Türküstan tarixinə dair elmi əsərləri, eləcə də bir çox digər şərqşünas-türkoloqların araşdırmaları bu və ya digər formada türk ziyalılarına çataraq, onlarda müəyyən bir reaksiya doğururdu. Türk milli şüurunun başlıca amili isə, əlbəttə ki, bu gün dünyanın mütərəqqi reallıqlarından biri olan milli ideologiyanın ümumi inkişafı idi.(7, s. 49). Hələ XIX əsrdə Turanizim nəzəriyyəsinin müəlliflərindən biri Türkiyə yəhudisi Alp Tekin imzası ilə Turanın tarixinə aid bir neçə kitab yazan Leon Kahun olmuşdur. Azərbaycan və Türkiyə ziyalılarının böyük qismi Turanizm nəzəriyyəsi ilə tanış idilər. Peterburq və İstanbul olmaqla iki yüksək səviyyəli universitet bitirmiş, dövrünün görkəmli ziyalılarından olan Əli Bəy Hüseyinzadə Turanizm nəzəriyyəsi ilə yaxından tanış idi. Azərbaycanda ilk dəfə məhz o, sumerlərin türklüyü haqqında elmi fikirlər irəli sürmüşdür. Türk dillərini “əssənəyi turaniyyə” adlandıran Əli Bəy Hüseyinzadə Türklər kimdir və kimlərdən ibarətdir? əsərində yazır : “Türklər səhneyi-tarixiyyəyə miladi-İsadan 2000 il əqdəm çıxıb, o vaxtdan bəri mənşə və dil etibarı ilə bir sıra müxtəlif təsirata məruz olmuşdular.” Əli Bəy bir çox alimlərə istinadən “əssənəyi-turaniyyə zümrəsinə aid edilənlərdən başqa bir də xətti-mixi ilə yazılmış akkadi, yaxud şumeri deyilən qədim bir lisanı dəxi daxil etmək lazım gəlir” deyə sumerlərin türanlı olduqları fikirini irəli sürür“. (1, s. .45,51). Əli Bəy Heseyinzadənin turanlılar və sumerlər haqqındakı fikirləri M.Ə.Rəsulzadə tərəfindən konkret müəlliflərə əsaslanmaqla daha geniş şəkildə şərh olunur.
M.Ə.Rəsulzadənin əsərlərinin dərindən araşdrılması, onun Azərbaycanın və eləcə də qədim şərqin tarxinə dair söylədiyi fikirlərin təhlili, Turanizm nəzəriyyəsi və onun baniləri olan görkəmli alimlərin əsərləri ilə tanış olduğunu göstərir. Rəsulzadəyə görə Qafqazın yerli əhalisinin ən qədim dövrlərdən etibarən hansı irq tərəfindən məskunlaşdıği sualına aydınlıq “gətirə bilmək üçün məhşur “Turan nəzəriyyəsi” tərəfindən ortaya qoyulan məsələlərin fənnən həlli bəklənməlidir. Şumerlərin, akadların, əski midiyalılarla hititlərin türk irqinə mənsubiyyətlərini iddia edənlərcə, bu sualın cavabı müsbətdir. Nəzəriyyəni şübhəli sayanlar isə bura yerlilərini akademik Marr tərəfindən irəli sürülən yafəsilərə intisab etdirirlər. Bu məktəbə görə şərqi-qərb ilə bilxassə Qafqasiyada qədim zamanda yafəsi denən müstəqil bir irqə mənsub qövmlər yaşıyormuş. O, “Bu məsələnin həlli üçün Herodot ilə Strabonun sak, iskit, kimmeri və massacta namı ilə qeyd etdikləri qövmlərin mahiyyətlərinin də bilinməsi lazım” olduğunu qeyd edir. (2, s. 412). Rəsulzadə tarix haqqında irəli sürdüyü fikirlərdə Antik dövr müəlliflərinin və Avropanın görkəmli tarixçi alimlərinin əsərlərinə istinad edir, onlardan sitatlar gətirir. O bir çox tarixi hadisələrin şərhində Orta əsr müsəlman müəlliflərindən İbn əl-Əsir, Yaqut Həməvi, Əl Müqəddəsi, Təbəri, Övliya Çələbi, Antik müəlliflərdən Herodot, Strabon, Turanizm nəzəriyyəsinin baniləri F.Lenormanın, A.Seysin, N.Marrın, Nikela Qrabilsin və s. müəlliflərin fikirlərinə əsaslanır. Azərbaycan tarixşünaslığında şumerlərin və midiyalıların türklüyü məsələsinə tarixi dəlillər əsasında aydınlıq gətirən ilk fikir adamının M.Ə.Rəsulzadə olduğunu qeyd etsək yanılmarıq.
Ön Asiyanın qədim tarixinə aid dəlilləri özünün təhlil süzgəcindən keçirən Rəsulzadə Bisütun kitabəsinin ikinci mətninin oxunmasından sonra bu mətnin yazıldığı dilin midiyalı turanlılara aid olduğunu və onun transkripsiyasının sumer mixi yazılarının da oxunmasını mümkün etdiyini qeyd edir. Rəsulzadənin fikrincə mixi kitabəsinin oxunması nəticəsində sumer dilinin turan dili və sumerlərin turanlı olduqları məsələsində heç bir şübhəyə yer qalmır. Məlum olduğu kimi Əhəməni padşahı I Daranın Bisütun qaya kitabəsi üç dildə yazılmışdır. Birinci mətn zənd dilində, üçüncü mətn isə sami-babil dilində yazılmışdır. İkinci mətnin yazıldığı dilin mənsubiyyəti müəyyən mübahisələrə səbəb olmuşdur. Avropa tarixçilərindən Y.Oppert, F.Lenorman və başqaları ikinci mətindəki dilin midiya dilində yazıldığını və türk dilləri ilə eyniyyət təşkil etdiyi fikrini irəli sürmüşlər. Lakin midiyalıları ciddi cəhdlə iranlı-ari irqina aid edən keçmiş və bugünki bir çox tarixçilər onların türklüyünü qətiyyətlə inkar edirlər.
Avropa tarixçilərindən F.Lenormanın və digərlərinin Midiyalıların turanlı olduqları haqqındakı fikrlərini əsas götürərək midiyalıların türk olduqları və bu ölkənin gerçək adının “Turan Midiya“sı kimi qəbul edildiyi fikrini müdafiə edən Rəsulzadə yazır ki, İran tarixində Midiyadakı arilərdən bəhs olunur, lakin bu arilər yerli xalq deyillər, onlar Midiyaya şərqdən gələrək yerli turanlıları öz yurdlarından sıxışdırmışdılar. Yerli turanlılar gəlmə arilərə birdən-birə təslim olmamış uzun müddət onlara qarşı mübarizə aparmışlar. İranlılar burada yerləşdikdən sonra bu ərazi təkrar turanlıların hücumuna məruz qalmış və Turanın bir hissəsi olan Azərbaycan uzun illər ərzində davam edən İran-Turan mübarizəsinin mərkəzinə çevrilmişdir. Rəsulzadə yazır ki, bu mübarizədə gah Turan, gah da İran qalib gəlmiş və nəhayətdə Turan xaqanı Tomris xanım Keyxosrovun başını Azərbaycanda Kür çayının sahilində kəsərək öz əcdadlarının intiqamını almışdır. (6, s. 32). Tarix elmi haqqında heyrətamiz dərəcədə dərin bilgi nümayiş etdirən M.Ə.Rəsulzadə Əsrimizin Səyavuşu əsərində tarixin fəlsəfəsi haqqında dəyərli fikirlər irəli sürür. Onun gəldiyi nəticəyə görə hər bir xalqın tarixi mifik qəhrəmanlıq və xalq idarəçiliyi olmaqla iki mərhələdən ibarətdir. Bəşər tarixinin ilkin mərhələsini təşkil edən qəhrəmanlıq dövründə millətlərdən, millətin əsil kütləsini təşkil edən xalqdan, onun adət və əxlaqından bəhs olunmur. Bütün həyat ayrı-ayrı qəhrəmanların xəyal olmuş şəxsiyyətlərində-mifoloji simalarında canlanır. Rəsulzadə bu dövrün hakimiyyət idarəçiliyini xarakterizə edərək yazır: ”Bu dövrdə hakimiyyət xalqdan deyil, Allah tərəfindən bir bəxşeyiş olaraq verildiyindən hökmdarlar çoban, məhkumlar isə qoyun timsalında idilər. Məsuliyyət yalnız çobana aid olduğundan iradə ilə hökm də onun idi. Buna görə də qanuna əsasən o, ayırıcı (separatist) və ya ittifaqçı, döyüşkən və ya barışsevər olurdu.” (6, s.31).
M.Ə. Rəsulzadəyə görə cəmiyyətin sonrakı inkişaf mərhələsində “həyat tərzi dəyişir, getdikcə cəmiyyətin fəaliyyət yoluna çevrilən fərdlər çoxalır, nəhayət ortaya siniflər və təbəqələr gəldikdə, tarixin təbiəti dəyişilir”. Artıq “XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan, sayılan aristokratiyanın yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutmağa başlayır. Köhnə əsrdə xalqın fövqündə duran despot firon qəhrəmanların taxtında indi xalqın ümumi idrakının daşıyıcısı fikir sahibi insanlar oturmağa başladı… hakimiyyət imperatorlardan, şahlardan xalqa, bilgi kahinlər, sehrbazlar və ilahilərdən alimlərə, texniki elm sahibləri və yazarlara keçdi.” (6, s. 30-31). Rəsulzadə tarixi inkişaf haqqındakı bu konsepsiyanı Azərbaycanın tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinin timsalında xalqın iradəsi ilə yaradılan demokratik milli hakimiyyətə şamil edir. Beləliklə, Rəsulzadənin tarix fəlsəfəsində xalq hər bir toplumun əsas hərəkətverici qüvvəsini təşkil edir.
Türk tarixinə və mifologiyasına dərindən bələd olan M.Ə.Rəsulzadə şərq tarixinin bir sıra hadisələrini türkçülük mövqeyindən şərh edir. O, Novruza həsr etdiyi bir neçə məqaləsində bu bayramın öz kökləri ilə türk tarixi ənənələrinə bağlı olduğunu, onun bütün türk dünyasında eyni təntənə ilə qeyd edildiyini və çox qədim ənənəyə söykənən bu bayramın yalnız İran bayramı kimi təqdim edilməsini yanlış hesab edir. Həmçinin bir Turan bayramı olan Novruz əslində türklər üçün yeni günün başlanğıcı – Erqənəkondan qurtuluş günüdür. Novruzu türklərdə xilaskarlıq simvolu qurdla əlaqələndirən Rəsulzadə yazır ki, türklər həmin gün “dağı əritdilər. Açıq dünyaya keçdilər. Əsarətdən qurtuldular. Bu “qurtuluş” əsatircə martın 9-da vaqe olmuşdu. Şayani-etinadır ki, nicat və azad olmaq mənasma gələn türkcə qurtulmaq və qurtuluş sözləri haman qurd və olmaq sözlərindən tərkib ediyor. Qurtulmaq ehtimal qurd olmaq deməkdir ki, qurd kibi yol bulub bu mühasirədən çıxmağa dəlalət edir. Şərqin iki böyük milləti novruz ilə qurtuluşunu mart ayında bulmuşdur.” (3, s. 81)
Rəsulzadəyə görə Novruzun təsisi mifoloji baxımdan Cəmşidə aid edilsə də, o ərəblər tərəfindən qadağan olunmuşdur. Onu 8 əsr sonra həyatda tətbiq edən Türk Sultanı Cəlaləddin Məlikşah olmuşdur. Buna görə də İranda onun adı Cəmşidi deyil Sultanidir, Novruz Sultani adlanır. Türk Sultanının İranda həyata keçirdiyi təşəbbüs yalnız Novruzla məhdudlaşmır. Bu İran təqviminə də şamildir. Turanın böyük astonomu Uluğun tətbiq etdiyi illərin heyvan adı ilə adlanması türk üsulu təqvimi İranda hələ də istifadə olunmaqdadır. Türk münəccimləri, Turan kahinləri illərə verilən heyvan isimlərinə görə ilin düşərliyini və ya səadətini müəyyən edərdilər.(5, s. 456-457)
Böyük Öndər Azərbaycanı qədim Turanın bir parçası və ən qədim dövrlərdən türklərin məskunlaşdığı müqəddəs vətən hesab edir, tarix boyu öz azadlığı uğrunda yadelli iranlılara qarşı ardıcıl mübarizə aparan Azərbaycanlıların tarixin sonrakı dövrlərində farslaşmaya məruz qalmalarını ürək yanğısı ilə ifadə edərək yazır: “Bir çox zaman Azərbaycanlılar öz türklüklərini bilməyərək xalis iranlılar kimi yaşadılar. Bu, o zaman idi ki, bütün Türk aləmi az-çox İran təsirində idi, o zaman idi ki, Sultan Səlim farsca şeirlər yazıb oxuyur, az qalırdı bunu rəsmi dil elan etsin.” (6, s. 33). Yaratdıqları ”Azərbaycan Cümhuriyyətinin aləmi-islamda təşəkkül edən ilk Cümhuriyyət olduğunu vurğulayan M.Ə.Rəsulzadə Anadolu türklərindən öncə hələ 1919-ci il 28 mayda Cümhuriyyətin bir illiyi ilə əlaqədar „İstiqlal məcmuəsi“ndə dərc etdiyi Azərbaycan Cümhuriyyəti məqaləsində Türkiyə adını ilk olaraq Azərbaycana şamil edərək “Bu Cümhuriyyət eyni zamanda bir türk hökumətidir; təbiri-digərlə kiçik Türkiyədir” deyə yazır.(Azərbaycan Cümhuriyyəti, s.9)
M.Ə.Rəsulzadənin türkçü-turançı görüşlərində Azərbaycan mərkəzi rol oynayır. Keçmiş tarixdə olduğu kimi müasiri olduğu dövrdə Azərbaycanın Turan tarixində oynadığı önəmli rolu müəyyən edərkən o, dövrün görkəmli şəxsiyyətlərinin və mütəfəkkirlərinin bu haqdakı fikirlərinə də istinad edir. O, türkçülüyün və turançılığın ideoloqu Ziya Gökalpın Turan dünyası üçün Azərbaycanın malik olduğu önəmə dair fikrini sitat gətirir. Ziya Gökalp Türkiyəyə xitabən yazırdı ”Sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda Türküstandadır, fəqət sənin yolunun üzərində, əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin xarab, taxtın da bərbad olar.”
Rəsulzadə yazır ki, Türkiyə Azərbaycanı özünə Turan məfkurəsi üçün bir nemət, bir bəxşiş kimi qəbul etdi. Yeni Azərbaycan Türk ocağı və Türk yurdu tərəfindən layiqincə qarşılandı. Azərbaycan həqiqətən də əsrimizdəki Turan torpağının gözəl bir parçasıdır. Azərbaycanın adına “Altun dastan” yazdılar, Turanın “Böyük hədəfi” olan qeybdəki Qızıl Almanın Azərbaycandan Tomris xanımın gətirəcəyinə kəhanət verdilər. Türkiyə cümhuriyyəti ilə Azərbaycan cümhuriyyəti arasındakı münasibətləri Turan birliyi ruhunda dəyərləndirən Rəsulzadəyə görə “Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi.“ (6, s. 35). Müasir dövrdə M.Ə.Rəsulzadənin turançılıq-türkçülük haqqındakı görüşlərinin inkarı və onun azərbaycançılığı məsələsini ciddi-cəhdlə qabartmaq meylləri artmaqdadır. Bunda məqsəd müstəqillik dövründə yenidən qovuşduğumuz türk milli kimliyindən siyasi səbəblərlə imtinaya və sovet dövrünün azərbaycanlı kimliyinə yenidən dönülməsinə haqq qazandırmaqdan ibarətdir.
M.Ə.Rəsulzadənin türançı-türkçü ideyası tədricən təkamülə məruz qalaraq konkretləşmiş və türkçülük, müasirlik və islamçılıq düsturu formasında Azərbaycan türkçuluyu və ya bəzən azərbaycançılıq termini ilə ifadə edilən Azərbaycan milli ideologiyasının təməlini təşkil etmişdir. M.Ə.Rəsulzadənin irəli sürdüyü azərbaycançılıq ideyası Cümhuriyyətin ilk dövürlərində mövcud olan şəraitin diqtə və tələbi ilə ortaya atılmış fikir idi. İngilis imperializmi Osmanlı İmperiyasının Turan birliyi adı altında türklərin yaşadıqları əraziləri öz hakimuyyəti altında birləşdirmə siyasətini və dövlətin rəsmi siyasi doktrinası olan panislamizm və turançılıq ideyalarını özünün Şərq ölkələrinə qarşı yürütdüyü işğalçılıq siyasəti qarşısında əsas əngəl hesab edirdi və bu ideyaları rəhbər tutan AXC hökumətinə qarşı da neqativ münasibətini açıqca bəyan edir və AXC-ni tanımaqdan imtina edirdi.
1918-ci ilin 16 noyabrında, Bəndər-Ənzəlidə Nəsib Bəy Yusifbəylinin başçılığı ilə Cümhuriyyət nümayəndələri ilə görüşdə General Tomsonun irəli sürdüyü tələblərin başında Türk qoşunlarının Bakıdan və bütün Azərbaycan ərazisindən çıxarılması məsələsi dururdu. General Tomson nümayəndə heyətinə bildirmişdir: ”Bizim bildiyimizə görə Azərbaycan xalqının ümumu rəyi ilə yaranan bir Cümhuriyyət yoxdur. Yalnız Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki siz bunun əksini iddia edirsiniz, o halda gələr, yerindəcə araşdırar və uyğun qərar verərik.” İngilislərin bu ultimatumu qarşısında Nuri Paşa Türk ordusundan istefa verib Azərbaycan ordusuna qatıldığını bəyan etsə də bu ingilisləri qane etmədi. Vəziyyəti daha da ağırlaşdıran fakt ondan ibarət idi ki, Almanlar Brest-Litovski sözləşməsinin şərtlərinə uyğun olaraq Azərbaycanın Kür çayına qədərki torpaqlarını Rusiya ərazisi olaraq tanımışdı. Şimali Qafqazda yerləşən ingilislərin müttəfiqi Denikin ordusu Azərbaycanı təcavüzlə hədələyirdi.
Osmanlı Türkləri Bakını noyabrın 17-sində tərk etdilər. Cümhuriyyətin Osmanlı dövlətinin tərkib hissəsi kimi türklər tərəfindən yaradıldığı fikrini qəbul edən ingilislərin Bakıya daxil olmasını xalqın böyük əndişə ilə qarşıladığını qeyd edərən M.Ə.Rəsulzadə yazırdı:“İngiltərənin Azərbaycan istiqlalına qarşı alacağı vəziyyəti şübhələr içində qaranlıq bir vəziyyətdə idi. General Tomsonun ordusu ilə bərabər Biçeraxovun dəstəsi dəxi şəhərə daxil oluyor, şəhər üzərində uçuşan qara qarğalar (ayroplanlar) Rusiya ordusunun təkrar kəndi toprağına gəldigini “Rusiya vətəndaşlarına təbşir” etdiyini həyəcanla bildirirdi.İngilislərin şəhərə daxil olduğu ikinci gün İngiltərə komandanı Tomson bəyanat verərək Bakını Rusiyanın bir hissəsi kimi tanıdığını və yeni Rusiya hökumətinin razılığı ilə buraya gəldigini qeyd edirdi.İngilislərin hər an Parlament binasına hücum edib onun fəaliyyətini qadağan edəcəyi gözlənilirdi. Türk ordusunun Azərbaycanı tərk etməsi və ingilislərin də gəlməsi ilə daxildəki qeyri-türk etnik qrupların və siyasi qüvvələrin, eləcə də müxalif partiyaların Cümhuriyyətə qarşı düşmən münasibətlərinin daha da kəskinləşməsi M.Ə.Rəsulzadəni və Cümhuriyyətin digər rəhbərlərini türkçülük-turançılıq ideyalarına münasibətdə daha ehtiyatla davranmağa və Azərbaycançılıq və Azərbaycan milli ideyası məsələsini qabartmağa məcbur edirdi.
M.Ə.Rəsulzadə ingilislərin Bakıda olduğu dövrdə parlamentdə Müsavat Partiyasını türkləri həm dəvət etməkdə, həm də onların əleyhinə olmaqda ittiham edənlərə cavab olaraq deyirdi: ”Əfəndilər! Türkləri Azərbaycana dəvət etməklə bərabər “Müsavat” türklərin əleyhinə idi də. Bu da bir nöqteyi-nəzərdən doğrudur. “Müsavat” firqəsi birinci firqədir ki, Qafqasiyada türklük bayrağını yüksək qaldırıb türklük hissiyyatını oyatmışdır. Fəqət bununla bərabər “Müsavat” hər zaman türklər ittihadını bir konfederasyon şəklində təsəvvür eləmişdir. Biz bilirdik ki, Şimal istibdadından yeni yaxasını qurtarmış Azərbaycan türkünün yüz sənədən bəri adət eləmiş xüsusi əhvalları vardır. Biz bilirdik ki, İstanbul doğrudan-doğruya Bakıyı idarə etmək istərsə xəlq bu idarəyə təhəmmül eləməz. Bakı İstanbula qarşı üsyan edər. Bunu biz hər zaman bilirdik. Onun üçün də Azərbaycanın kəndi başına idarə olunmasını istiyorduq.” Rəsulzadə Türk ordusunun dəvət edilməsinə haqq qazandıraraq “türklər gəlməsəydi Bakıda vüqu bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb bütün Azərbaycanı istila edəcəkdi” deyirdi.
Cümhuriyyət ətrafında yaranmış olan ciddi hərbi-siyasi təhlükəni nəzərə alan Rəsulzadə bu sözlərlə Türk qoşunlarını dəvət edən partiyasına haqq qazandırmaqla yanaşı, daha tədbirli davranaraq Osmanlı dövlətinə və Türk ordusuna münasibətdə ingilis komandanlığını qıcıqlandıracaq ifadələr işlətməməyə çalışırdı. O, Azərbaycan Cümhuriyyətinin Türk ordusu tərəfindən yaradıldığı və Osmanlı dövlətinin tərkib hissəsi olduğu haqqında irəli sürülən fikirləri təkzib etməklə, ilk öncə ingilisləri və sonra isə onların köməyi ilə Cümhuriyyəti devirmək niyətində olan daxildəki düşmən siyasi qüvvələri sakitləşdirmək məqsədi güdürdü. Türklük ruhundan doğan idealları yüksək dəyərləndirən Azərbaycan türk siyasi xadimləri, M.Ə.Rəsulzadənin sözləri ilə “Azərbaycan fikrinin “İstanbuldan” degil, Bakıdan doğmuş olduğunu nəticə etibarı ilə isbat etdilər. Bu sübutla hər kəsdən əvvəl bitərəf bir qüvvət olması həsəbilə ilk əvvəl ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanm daxili müxaliflərini də düşündürdü.(4). Çünki türklər gəlməsəydi Bakıda vüqu bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb bütün Azərbaycanı istila edəcəkdi.”
Rəsulzadənin Osmanlı dövləti və Türk ordusuna münasibət məsələsinə gətirdiyi aydınlıq general Tomsonun AXC-yə olan münasibətində müsbət dəyişikliyə səbəb oldu. Tomson 1918-ci ilin noyabrında verduyi ikinci bəyanatda müttəfiq qoşunlar komandanlığı olaraq Azərbaycan Cümhuriyyəti koalisyon hökumətini ölkədə yeganə məşru hökumət olaraq tanıdığını bəyan etdi. 1919-cu ilin yanvarında Bakıya gələn İngiltərə kral hökumətinin nümayəndəsi general Miln də rəsmi surətdə Azərbaycan hökumətini tanıdığını bildirmişdir. Rəsulzadə nə qədər Azərbaycan ideyasının siyasi bir doktrin kimi formulə etmək şərəfinin ona deyil, Nəsib Bəy Yusifbəyliyə məxsus olduğunu söyləsə də kökündə türkçülüyün durduğu Azərbaycançılıq ideyasını daha da inkişaf etdirmək məhz ona nəsib olmuşdur. Rəsilzadənin türkçülüyü və Azərbaycançılığı bir-birini tamamlayan vahid bir sintez təşkil edir.
Azərbaycan türkü, Azəri türkü, Azərbaycan dili anlayışlarına açıqlıq gətirən M.Ə.Rəsulzadəyə görə “Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır. Qafqasiyadakı Azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar. Dünyada yalnız bir Azərbaycan qitəsi degil, bir də Azərbaycan cəmaəti vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə qonuşur türk əqvamından bir millətdir… Bu, əsrimizdəki tərifati-elmiyyəsi ilə qismən millət olmağa namizəd və qismən də bir millət olmuş xəlqin məruf bir ismi vardır: Azərbaycan türki və yaxud Azəri türklər.”(4)
Ərəb-fars dilindəki anlayışların mənasını gözəl bilən M.Ə.Rəsulzadənin Azərbaycanlı adı ilə təqdim etdiyi xalq, qövm, cəmaət kimi sosoloji təbirlər etnik birlik anlamı daşımayıb həmin ərazidə yaşayan bütövlükdə xalqı, əhalini və dini mənsubiyyət baxımından camaatı nəzərdə tutur. Milli öndərin istifadə etdiyi qövm terminin anlamı xalq deməkdir. Rusiya xalqı, İran xalqı ifadələrində olduğu kimi ”Azərbaycan xalqı” ifadəsi də konkret etnik birlik anlamı daşımayıb Azərbaycan dövləti ərazisində yaşayan və Azərbaycan dilində danışan müxtəlif etnik mənşəyə malik insanlardan ibarət bütün vətəndaşları əhatə edir.
Rəsulzadə bu cəmaət və xalq içərisində bir də konkret etnik birlik-millət olaraq Azərbaycan türk millətinin mövcudluğunu xüsusi olaraq qeyd edir. Cümhuriyyət qurulana qədər ölkəmizdə yaşayan etnik azlıqlar dominant etnos olan türklərlə yanaşı Rusiya imperiyasının təbəələri idilər və yeni yaranan Azərbaycan Cümhuriyyəti dövlətinin qanunlarına tabe olub vətəndaşılığını qəbul etməyə bir o qədər də həvəs göstərmirdilər. Osmanlı Türkiyəsinə qarşı bir çoxlarının düşmən münasibət bəslədiyi bu etnik azlıqlar Azərbaycan Cümhuriyyətini Osmanlı imperiyasının tərkib hissəsi kimi qəbul edir və özlərini hələ də Rusiya təbəəsi hesab edirdilər. Məhz buna görə də M.Ə.Rəsulzadə və digər ictimai-siyasi xadimlər kökündə türkçülüyün durduğu Azərbaycan milli ideyasını-Azərbaycançılığı yorulmadan təbliğ edir, Azərbaycan və Cümhuriyyət fikrinin İstanbuldan deyil, Bakıda doğduğunu və Cümhuriyyətin milli ayrı-seçkilik qoymadan ölkə ərazisində yaşayan bütün əhali qruplarını əhatə edərək onların vətəndaşlıq haqlarını qoruyacağını yorulmadan bəyan edirdilər.
M.Ə.Rəsulzadə məhz bu ardıcıl fəaliyyətin və təbliğatin nəticəsi olaraq “Azərbaycan fikrinin yalnız son günlərə qədər onu inkar edə gələn digər türk olmayan partiyalar tərəfindən də qəbul edilməkdə olduğunu” yazır. ”Azərbaycan məfkurəsini firqə türk demokratiyasının idraklı qisminə istinad edərək irəlilətmişdi, bu düşmənlərimizin dedigi kibi xan, bəy və ağa fikri degil, türk demokratiyasının böyük idealı idi! Əvvəlcə firqəmizə məxsus olan bir fikir, bu gün millətin şərik olduğu bir məqsəddir.”(4). M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin aləmi-islamda təşəkkül edən ilk Cümhuriyyət olduğunu, Azərbaycançılıq ideyasını rəhbər tutaraq “müstəqil Azərbaycan şüarının Türkiyənin və türk birliyinin maraqlarına zidd” olmadığını, ”Cümhuriyyətin eyni zamanda bir türk hökuməti; təbiri-digərlə kiçik Türkiyə” olduğunu xüsusuilə vurğulayır . (4, s. 6). Cümhuriyyətin qurucu babalarının irəli sürdüyü Azərbaycançılıq ideyası birləşdrici funksiya daşıyıb Azərbaycanın ərazisində yaşayan müxtəlif etnik qrupların və dominant millət olan türklərin həmrəyliyini ifadə etməklə yanaşı Azərbaycanın dövlət müstəqilliyini dəstəkləyən, onun güclənməsini arzu edən bütün insanları vahid vətən ideyası ətrafında birləşdirmək məqsədi güdürdü. M.Ə.Rəsulzadənin Azərbaycançılıq və ya Azərbaycan xalqı ideyası etnik mənsubiyyət fərqi qoyulmadan Azərbaycan adlı coğrafiyada yaşayan bütün əhalini əhatə edir. Cümhuriyyətin süqutundan sonra da turançılıq-türkçülük ideyalarına sadiq qalan M.Ə.Rəsulzadə bir çox əsərində dəfələrlə bu mövzuya yenidən qayıtmış, onun Azərbaycan xalqı üçün milli və siyasi əhəmiyyətini vurğulayaraq daha da inkişaf etdirmiş, Azərbaycanın Türk dünyasının gələcək tarixində oynayacağı önəmli rolu xüssusilə vurğulamışdır.
Rəsulzadə Rusiya inqilabı nəticəsində çarın devrilməsi və rus imperiyasının dağılmasını Türklər üçün bir qurtuluş – Ərqənəkon hesab edir. Yüz illərdir türkləri öz əsarəti altında saxlayan Rusiya imperiyasının müxtəlif tarixi dövrlərdə məruz qaldığı siyasi böhranlar türk xalqlarının mərhələlərlə azadlıq əldə etmələrinə əlverişli şərait yaradır, onların Ərqənəkon haqqında xəyalları gerçəkləşir. Milli dövlətçiliyimizin banisi M.Ə.Rəsulzadənin milli müstəqillik ideyalarını rəhbər tutan Azərbaycan xalqı öz mübarizəsi ilə sovet imperiyasının dağılmasında önəmli rol oynayaraq azadlığını əldə etmiş, digər müstəqil Türk cümhuriyyətləri ilə birlikdə yeni Turan birliyinin əsasını qoymuşdur. Böyük Məmməd Əmin Rəsulzadə peyğəmbərcəsinə kəhanətdə bulunaraq Turan birliyinin gələcəyi haqqında deyirdi: ”Bütün Türklər öz aralarında böyük dünya federasiyonuna qədəm olmaq üzrə bir federasyon yapmalıdır. Yeni Turan, mədəni birlik üzərində təsis edilib, ancaq gələcək Turan birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan birliyinin bir halqasıdır.”(6.)
Milli dövlətimizin banisinin Turan haqqındakı kəhanəti gerçək oldu. Sovet imperiyası çökdükdən sonra müstəqil türk dövətlərinin yaratdığı ”Türk Dövlətləri Təşkilatı” Azərbaycan türk dövlətinin banisi ulu öndər Məmməd Əmin Rəsulzadənin konturlarını müəyyən etdiyi Yeni Turanın müasir dövrdə siyasi təcəssümüdür. Türklər üçün qurtuluşun simvoluna çevrilmiş Ərqənəkon min illər keçməsinə baxmayaraq, yenə də xilaskarlıq missiyası daşımaqda davam edir.
Qaynaq
- Əli bəy Hüseynzadə, Seçilmiş əsərləri, Bakı, 2007.
- M.Ə.Rəsulzadə, Qafqasiya türkləri, Əsərləri, I c. Bakı, 2016.
- M.Ə.Rəsulzadə “Açıq söz”, 15 mart 1917, № 424, Əsərləri, IV c. Bakı, 2013.
- M.Ə.Rəsulzadə, Azərbaycan Heyəti-Mürəxxəsəsirəisi Rəsulzadə Əmin bəyin mühüm bəyanatı. Əsərləri, V cild, Bakı, 2014.
- M.Ə.Rəsulzadə, M.Əmin “Azərbaycan”, 19 mart 1920, №58, Əsərləri, V cild, Bakı, 2014, s.456-457.
- M.Ə.Rəsulzadə, Əsrimizin Səyavuşu, Bakı, 1991.
- Məmməd Əmin Rəsulzadə, Panturanizm haqqında.Qafqaz problemi ilə əlaqədar, Bakı, 2020.
- Mirze Bala Mehmetzade, Milli Azerbaycan Harekatı, Ankara, 1991.
- Nəsiman Yaqublu, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası, Bakı, 2013.
- Resulzade Mehmed Emin, Yeni Kafkasya Yazıları (1923-1927), Ankara, 2017.