Prof. Dr. Nəsib L. Nəsibli,
Ankara Universiteti.
Türkiyə heç bir zaman Azərbaycana bu qədər yaxın olmamışdı. Türkiyənin özəlliklə Üçüncü Qarabağ Savaşında siyasi və hərbi gücüylə Azərbaycanın yanında olması qardaşlığın sözdən işə keçməsinin rəmzinə çevrildi. Ayətüllah Şəriətmədari, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevin dilə gətirdikləri bir millət, iki dövlət düsturunun gərçəkləşdiyi əndər dönəmlərdən biri oldu. Bu baxımdan 1918’də Osmanlı Ordusunun Quzey və Güney Azərbaycanda soydaşlarını qurtarmaq amacıyla buralara gəlməsi tarixin yeganə istisnası ola bilər.
Güney Azərbaycan da heç zaman bu qədər Türkiyəyə yaxın olmamış, Türk Dünyasının bir parçası şüurunu daşımamışdır. Heç bir zaman gözünü bu qədər Türkiyəyə və Türk Dünyasına dikməmişdir. Bu gəlişmənin ən çarpıcı sübutu olaraq Təbriz-Bakı-Ankara, Farslar hara, biz hara?! şüarı ortaya çıxmışdır.
Gedişat belə isə nədən Türkiyə haqqında mənfi alqı[1] yaradılır? Əcaba bunu Türk və Türkiyə düşmənlərinin gəlişən ortamdan narahatçılığının ifadəsi saymaq olarmı?
Öncə Türkiyə haqqında mənfi alqının əsas tezislərinə qısaca göz ataq.
Yanlış tezislər
‘Osmanlı-Səfəvi savaşları, Çaldıran meydan müharibəsi, Sultan Səlim – Şah İsmayıl münasibətləri ta qədimdən Türkiyənin Azərbaycana mənfi münasibətinin ən yaxşı sübutudur.’ Sovet dönəmindən etibarən körüklənən bu tezisdəki tarixi faktlar gerçəkdir. Yanlış olan 500 il əvvəl baş vermiş hadisə və sürəci sapdıraraq günümüzə daşımaq və 21. yüzilin hadisəsi kimi sırımaqdır.[2] Orta çağlarda nə milli dövlətlər, nə də modern anlamda millətlər vardı. Savaşlar isə məhz sülalələr arasında baş vermişdir. Hər dövlətdə hakim sülaləni və qüdrətli ailələri təmsil edən güc mərkəzləri arasında ixtilafların, qanlı savaşlarn olması bilinen bir gerçəklikdir.[3] Tarixi faktı bu tərzdə ifrat ‘çağdaşlaşdırmaq’ cəhdi məsələyə sadəcə qeyri-akademik yanaşma ilə izah edilməməlidir. Məqsəd siyasidir – Türkiyə haqqında mənfi alqı yaratmaqdır.
‘19. yüzilin başlarında Osmanlı Azərbaycana iddialarından əl çəkməmiş; buranı işğal etmək istəmişdir.’ Bu günə qədər sürüb gələn bu tezis üzərində bir qədər ayrıntılı duraq. Rəsmi İran tarixçiliyində Osmalının daim İran torpaqlarına göz dikdiyi, onu işğal etmək niyyətində olduğu vurğulanmışdır/vurğulanmaqdadır. Quzeydə də Sovet dövründə aşağı-yuxarı eyni saxtakarlığa yol verilmiş, 19. yüzilin başlarında Azərbaycanın “üç pisdən birini seçmək məcburiyyətində qaldığı” – ya geridə qalmış feodal İrana, ya Osmanlıya, ya da nisbətən inkişaf etmiş Rusiyaya birləşmək – rəsmi konsept olaraq vətəndaşın şüuruna yerləşdirilmişdir. İndi də Quzey Azərbaycanda “balanslaşdırılmış xarici siyasət” görüşünü tarixi keçmişin bu hadisəsi ilə izah etmək cəhdi qalmaqdadır.
Nadir Şahın qətlindən sonra İranda yaranmış növbəti siyasi böhrandan Osmanlı faydalanmağa tələsmədi. Əfqanıstanda yeni dövlət qurmuş Əhməd Şah Dürrani İstanbula göndərdiyi məktubunda Qızılbaşlardan qurtulmaq üçün gözəl imkanın yarandığını bildirir, Osmanlı Sultanına Şiə dövlətini ləğv etmək şansını gerçəkləşdirmək məqsədilə birgə hərəkətə keçməyi təklif edirdi. Osmanlı Padşahı III Mustafa cavab məktubunda “şərəfli bir Türkmən lideri olan Nadir Şah’la” imzalanan bağlaşmaların hələ də keçərli olduğunu bildirmiş, “Allahın yardımı ile Devleti-aliyyemizin hazinesi ve askeri çok ve kuvvetli olduğundan bizler için İranı zabtetmek gayet kolay ise de, böyle zayıf durumda olan bir milletin üzerine asker göndermek, onların varlıklarını harab etmek Devleti-aliyyemizin şanına yakışmaz” deyə onun təklifini rədd etmişdi.[4]
Babi-ali, İran işlərinə fəal müdaxiləyə təhrik edən başqa çağırışları da cavabsız qoydu. Nadir Şahın qətlindən sonra Təbriz valisi Rza Xan Osmanlı hökumətinə müraciət edərək, Azərbaycanda müstəqil bir səltənət qurmaq üçün buraya bir şahzadə göndərilməsini istəmiş, ancaq İstanbul bu müraciətə müsbət cavab verməmişdi.[5] Nadir Şahın rəsmi elçiliklə İstanbula göndərdiyi Şamlı Mustafa Xan, şahın ölümündən sonra yolda qalıb, Bağdad valisi ilə ona yardım verildiyi təqdirdə İsfahan, Qəzvin, Həmədan, Kirmanşahı Osmanlıya qatmaq təklifi verdi. Amma onun təklifini də Osmanlı hökuməti geri çevirdi.[6] Hindistandakı Heydarabad dövlətinin başçısı Nizamülmülkün İranı zəbt etmək və “Şiəliyi ortadan qaldırılıb, Sünnülüyü hakim duruma gətirmək, bununla xalqı rahat etmək” təklifinə də eyni münasibət bildirildi. İran sərhədlərindəki valilərə İran torpaqlarına təcavüz etməmək əmri göndərildi.[7]
Bəzi Quzey Azərbaycan xanlarının Osmanlılara müraciətləri də çəkingən doğu siyasətinin tələb etdiyi şərtlərdə cavablandırılmışdı. Şəki xanı Hacı Çələbi 1747’də, Gəncə xanı Şahverdi 1751’də, Şirvan xanı Məhəmməd isə 1760’da Osmanlının təbəəsi olmaq istədiklərini rəsmən bildirmişdilər.[8] Sonrakı illərdə də bu istək təkrarlanmış, Osmanlının himayəsini istəyən xanların siyahısı genişlənmişdi. Məsələn, 1787’nin noyabrında İrəvan xanı Məhəmməd, Osmanlı padşahına yazdığı Farsca məktubunda Tiflis xanı İraklinin İrəvan qalasını zəbt edib, müsəlmanlar üzərinə hücüm etmək niyyətində olduğunu bildirir, Osmanlıdan yardım xahişi edir və İrəvan Xanlığının Osmanlı himayəsində olduğunu bir neçə dəfə xüsusi qeyd edir.[9] Ağa Məhəmməd Xanın Qarabağ üzərinə yürüşü ərəfəsində Qarabağ xanı Osmanlı sədr-əzəminə yardım xahişi olan məktubunda özü haqqında bildirir: “Hülasatü’l-kəlam Dövlət-i Aliyye-i Aliye’nin xidmət-güzar bəndələriyüz.”[10] Babi-ali Çıldır bəylərbəyinə, Kars valisi və Van sərəsgərinə Qafqazlar, bu sıradan Azərbaycan xanlıqları ilə ilgilənmək əmrini vermiş, burada olub-bitənlərdən anında xəbərdar olmağa çalışmışdır. Bu xanlara ara-bir qiymətli hədiyyələr də göndərilmiş, buradan gələn elçilərin xərclikləri təmin edilmişdir.[11]
Amma Osmanlı hökuməti mənəvi dəstəkdən, yardım vədlərindən, xanları birliyə dəvət etməkdən o yana getməmiş, onları təhdid edən təhlükə qarşısında – nə Ağa Məhəmməd Şah Qacarın hücumlarından, nə də Rusiyanın artan təzyiqlərindən Azərbaycan xanlıqlarını qorumamış, bu istiqamətdə ciddi cəhd belə etməmişdir. Qarabağlı İbrahim Xanın Osmanlı sədr-əzəminə yazdığı məktub bu mənada səciyyəvidir. O məktubunda göstərir ki, “iyirmi il və bəlkə də daha çoxdandır ki, Rum diyarının əhali siyahısına düşməklə şərəfləndirilmişəm.” O, Ağa Məhəmməd Xanın Qarabağ üzərinə hücumu ərəfəsində “bizləri qoruyub, bizə kömək və inayətinizi əsirgəməyin” xahişi ilə Osmanlıdan yardım istəyir. Sədr-əzəmin cavabı birmənalıdır: ”İranla Dövləti-aliyyə arasında sülh olduğundan, Ağa Məhəmməd Xanın sülhü pozar bir hərəkəti görülmədikcə Osmanlı dövləti tərəfindən İran həvaləsinə əsgərlə müdaxilə edilməyəcək.”[12]
Yuxarıda verilən tarixi faktlar göstərir ki, İranın rəsmi tarixçiliyinin, ya Sovet dövründən qalmış Quzey Azərbaycan tarixçiliyinin Azərbaycanın bölünməsi haqqında konseptinin Osmanlı bölümü elmi deyil, tamamilə siyasi amaclara xidmət edən baxış olmuşdur. 18. yüzilin ikinci yarısı – 19. yüzilin başlarında Osmanlının Azərbaycandakı xanlıqları işğal etmək niyyəti olmamış, buradakı xanların Osmanlı sultanının təbəəsinə çevrilmək isdəklərini müsbət qarşılamamışdır. Osmanlı həmin dövrdə Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı məsələsinə qarışmamış, susqun qalmışdır.
‘1918’də Osmanlı neft üçün Bakıya gəldi; Osmanlı İrəvanı Ermənilərə verdi; Atatürk Azərbaycanı Ruslara satdı…’ kimi fikirlərlə Osmanlı/Türkiyə – Azərbaycan münasibətlərinin ən önəmli dönəminə kölgə salmaq, hətta şüurlardan qazıb atmaq istədilər. Tonlarla əsər yazıldı. Rayevski, Tokarjevski, Cəmil Quliyev, indi də yeni peyda olmuş Vasif Qafarov kimilər müxtəlif yönlərdən 1918-1920’lər tarixini təhrif etdilər/edirlər. Onların yazılarında ayrı-ayrı detal şişirdilir, mahiyyət təşkil edən tarixi fakt ya bəsitləşdirilir, ya da sadəcə yox sayılır. Bu dönəmin ən önəmli tarixi faktı isə budur: Osmanlı Türkü, Azərbaycan Türkünü fiziki məhvdən xilas etmişdir! Qalanları təfərrüatdır. Ümum-Türk tarixinin ən möhtəşəm hadisəsini – Türk xalqlarının bir-birini qurtarmalarını! – unutdurub, detalları şişirtmək – budur Türk düşmənlərinin xisləti. Bu tip insanlardan insaf tələb etmək də sadəlövhlükdür.
1918-1920’lər tarixi 30 il əvvəl mübhəm idi; müzakirə, mübahisə mövzusu idi. Bu zaman içində onlarla qiymətli əsər yazıldı, artıq sıradan vətəndaş üçün də qaranlıqlar aydınlığa çıxdı. Amma ‘dəlinin quyuya atdığı daşı’ çıxartmaq, tarix şüurumuzu bu murdarlıqdan təmizləmək üçün hələ çox yazılmalıdır.
Adı çəkilən məsələlər haqqında biz də çox yazdıq. Yenə də yazacağıq. Mövzu açılmışkən bu yazının hövsələsi və həcmini aşmadan 1-2 faktı oxucunun diqqətinə çatdıraq. Sovet və İran rəsmi tarixçiliyində Osmanlı işğalı olaraq nitələndirilən/səciyyələndirilən 1918’dəki Osmanlı yardımı haqqında onlarla tarixi qaynaq vardır. Azərbaycandan olan nümayəndələrin Erməni təcavüzünə qarşı duruş gətirmək üçün Osmanlıdan israrla, hətta yalvararaq yardım istəmələri azacıq insafı olan tarixçilərin hamısına bəllidir. Örnək olaraq, başdan Osmanlıya soyuq münasibəti olan, sonra da Rusiya tərəfinə keçən Məmməd Həsən Hacınskinin fikirlərinə baxaq. Bu adamın verdiyi bilgiyə görə, Ənvər Paşa məlum Trabzon Konfransı zamanı Azərbaycan nümayəndələri ilə görüşdə Azərbaycanın qonşu Gürcüstan və Ermənistanla birlikdə vahid federativ ya konfederativ dövlət təşkil etməsi və onun Türkiyə ilə sıx əlaqə qurmasını öz ölkəsi üçün arzu olunan hal hesab etdiyini bildirmişdi. Bununla belə Güney Qafqazda vahid dövlətin varlığına şübhə edən Ənvər Paşa, bu şübhənin gerçəkləşdiyi təqdirdə “Türkiyə ilə ümumi sərhədləri olan müstəqil Azərbaycanın Osmanlı Dövləti ilə Avstriya-Macarıstan formasında daha sıx ittifaq yarada bilməsi” imkanını da qeyd edirdi. Ənvər Paşa dəfələrlə ona edilən müraciətlərə cavab olaraq (diqqət buyurun), Azərbaycana yardım göstərmək üçün bəzi tədbirlər gördüyünü, o cümlədən qardaşı Nuru Paşanın 300 hərbi təlimatçı ilə Təbrizdən Gəncəyə getməsi haqqında bir əmr verdiyini deyirdi. Hacınskinin “Ermənistanın müstəqilliyinə münasibətiniz?” sualına da Ənvər Paşanın verdiyi cavab maraqlıdır: “Türkiyə müstəqil Erməni dövlətinin yaranması əleyhinə deyil, bir şərtlə ki, İngilis-Rus siyasəti xatirinə Erməni xalqı Türklərə qarşı intriqalarına son qoysun.”[13]
Son zamanlar Osmanlı və Osmanlı Dövlətinin liderlərinin “Ermənipərəst mövqeyi” haqqında yalanlar tirajlanır. İrəvanı onların Ermənilərə ‘hədiyyə etdikləri’ haqqında ağılalmaz iddialar irəli sürülür.[14] Bu arada ikidə bir Osmanlı Məbusan Məclisi Rəisi Halil Menteşenin adı çəkilir. Biz də Menteşenin xatirələrindən qısa bir alıntı verək: “Bir gün İstanbul’dan şifre aldım: ‘Guéguetchkori (Gürcistan Başvekili) ile görüş, bu Ermeniler’i aramızda taksim edelim.’ [diqqət buyurun!]deniyordu. Gülerek İstanbul’un arzusunu bildirdim. Şu cevabı almıştım: ‘Beyefendi, koca Rus ve Osmanlı imparatorlukları bu heriflerle baş edemedi. Benim küçücük Gürcistan’ım bu belaları nasıl üzerine alır? Bunlar Tiflis’te (Gürcistan’ın payitahtı) yüzde altmış ekseriyettedirler.’[15] Şərhə gərək varmı?
Mustafa Kamal Atatürk haqqında iddianın nə qədər əsassız olduğunu göstərən sadəcə bir fakt: Böyük Millət Məclisinin Rəisi olaraq Mustafa Kamal Paşanın Leninə göndərdiyi məktubun tarixi 26 aprel/nisan 1920’dir. Bu məktub Moskvaya 1 iyunda çatdı, halbuki bu zaman Azerbaycan çoxdan (27 apreldə) işğal edilmişdi…
Beləcə, məlum tarixi determinizm metodunu tərsinə çevirərək, Azərbaycan vətəndaşında keçmişdə də belə olmuşdur, indi də belədir, hətta gələcəkdə də belə olacaq fikrini boş, ya yarımçıq qafalara yerləşdirmək istəyirlər. Məhz bundan, tarixi əsas yaradandan sonra münasibətlərin indiki durumuna qara yaxmaq, hətta tamamilə qaralamaq çətin iş deyildir. Çünkü artıq məlum qafa buna meyllidir. Türkiyə öz maraqları üçün Azərbaycana yardıma gəldi (2020); ortaq Türkcə – əski Osmanlı imperializmidir; Ə, X hərflərini bəyənməmək xəyanətdir kimi sarsaq fikirləri artıq sosyal mediada yaymaq olar.
Azərbaycan-Türkiyə münasibətlərinə digər tərəfdən yanaşaq. Məgər münasibətlər ideal idi? Heç problem olmadımı? Türkiyə ilə Azərbaycan arasında nə keçmişdə, nə də indi problem olmamışdır, yoxdur demək beynəlxalq münasibətlər sistemindən xəbərsiz olmaq deməkdir. Müttəfiq dövlətlər arasında bəzi problemlər olmuşdur, var və olacaqdır. Önəmli olan həyati məsələlərdə ittifaqın olmasıdır. Əlbəttə, Türkiyəli kommunistlər və bəzi ittihadçıların Azərbaycan istiqlalına qarşı fəaliyyətləri (1920) təkzibedilməz faktdır. Nuru Paşa nə qədər heykəli haqq etmişse, əmisi Xəlil Paşanın fəaliyyəti o qədər sorğulanmalıdır. Süleyman Dəmirəlin nə qədər milli hökumətin yıxılmasında rolu varsa, Türkiyə Cümhuriyyəti dövlətinin min qat Azərbaycanın ayaq üstə durmasında rolu olmuşdur. Doğru-düzgün və ədalətli sonuca varmaq üçün xüsusi ilə ümumini, ikinci-üçüncü dərəcəli səbəblə/faktla həyati əhəmiyyətli səbəbi/faktı bir-birindən ayırmaq gərəkdir. Türk və Türkiyə düşmənçiliyini yaymağa mükəlləf olanlar məhz təbliğatın bu özəlliyini bildiklərindən milçəkdən fil düzəldirlər.
Türk və Türkiyə düşmənlərinin yersiz ürəkbulandırmaları bir yana, daha ciddi mövzuya aydınlıq gətirməyə çalışaq. Güney və Quzey Azərbaycandakı çağdaşlarımızın şüurundakı və dilindəki ‘qardaş Türkiyə’ anlayışı haradan çıxdı və nə qədər gerçəkçidir?
Allahın lütfü
Milli şüur həm də dostunu, düşmənini tanımaq deməkdir. Millətləşmə sürəcinin özüylə bərabər gətirdiyi bir olmazsa olmazdır.
Quzeyde Həsən Bəy Zərdabiden üzü bəri milli fikir sahibləri və quruluşları Çar/Sovet rejimlərinin bütün qarayaxmalarına baxmayaraq, sömürgə durumunda olan məzlum Azərbaycandan gözlərini Osmanlıya/Türkiyəyə dikmişlər. Özəlliklə 1925’dən, İranın irqçi dövlətə çevrilməsindən sonra Türkiyə, mədəd uma bilinəcək yeganə ölkə olaraq alqılanmışdır. Bir neçə örnək verək.
Balkan Savaşı ərəfəsində Müsavat təşkilatı verdiyi bəyanatda vurğulamaqdaydı: ‘Biliniz ve agâh olunuz ki, yegâne ümidimiz ve çare-i necatımız Türkiye’nin istiklal ve terakkisindedir. Eğer biz şimdi de kendimizin evvelki hissizliğimizden vaz geçmezsek, dünyanın gözü önünde hak, İslamiyet ve milliyetimizi kaybedib ağyare ecir [yadlara nökər], tabi, adeta esir olacağımız şek ve şüpheden aridir…’[16]
Məmməd Əmin Rəsulzade 1922’de yazırdı: ‘Azerbaycan Cumhuriyeti, âlem-i İslam’da teşekkül eden ilk cumhuriyettir. Bu cumhuriyet aynı zamanda bir Türk hükümetidir; tabir-i diğerle küçük Türkiye’dir. Küçük Türkiye halkı ile büyük Türkiye halkı arasındaki münasebet, iki kardeş münasebatı kadar samimanedir.’[17]
1950’lərin ortalarında KGB’nin ələ keçirdiyi elamiyyələrin birində bunlar yazılmaqdaydı: “Müsəlmanlar, 36 ildir Ruslar və Ermənilər tərəfindən əzilirik. Onlar bizi soyur, varımızı-yoxumuzu əlimizdən alırlar. Bakı nefti Rusiyaya daşınmazsa milyoner olarıq. Sarılar [Ruslar] neftimizi, yun, pambıq, çay, düyü, yağ, süd, yumurta – nə varsa əlimizdən alırlar. Ruslardan xilas olaq. Qorxmayın, yaşasın Türkiyə, yaşasın Türkiyənin əskər və zabitləri.”[18]
Özəlliklə bu son sənəd çox anlamlıdır. Onillərlə, davamlı olaraq Türkiyəyə qarşı təbliğatın aparılmasına, milli kimliyini ifadə etdiyi üçün ‘Türkiyənin casusu’ ittihamı ilə repressiya olunan yüzminlərin acı sonuna baxmayaraq, Azərbaycan xalqı ‘NATO’nun nökəri’, ‘Azərbaycana qarşı əsrlərlə davam edən işğalçı niyyətin olması’, ‘geridəqalmış Türkiyənin Qərbin forpostu olması’… kimi nağıllara inanmadı. Sovetlərin sonlarından etibarən Azərbaycanda qardaş Türkiyə anlayışı, bir millət, iki dövlət düsturu siyasi fikirdə özünə yer etdi. Azərbaycan siyasi mühacirətinin məhz Türkiyədə yerləşməsi və fəaliyyət göstərməsi, milli siyasi-elmi fikrin məhz Türkiyədə inkişaf etməsi, əksər fikir və əməl böyüklərimizin məzarının məhz bu ölkədə olması bu qardaşlığın sübutu olaraq qəbul edildi.
Türkiyəyə münasibət məsələsinə indi də geo-siyasət elminin soyuq məntiqi ilə baxmağa çalışaq. Öncə Azərbaycan Respublikasının kiçik dövlət kateqoriyasında bir dövlət olduğu gerçəyi ilə razılaşaq. Və kiçik dövlətlərin orta və böyük dövlətin/dövlətlərin himayəsinə ehtiyacı vardır fikri ilə də razılaşaq. 10 milyon əhalisi, 86 min kv km rəsmi ərazisi, 46 mlrd dollar milli gəliri olan Azərbaycan Respublikası, çox mürəkkəb geopolitik ortamda milli problemlərini həll etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Rusiya-İran-Türkiyə geopolitik üçbucağında yerləşir. Bunlardan ilk ikisi tarixən də, indi də Azərbaycana dost münasibətdə olmamış ölkələr olduğunu ağlı başında olan hər kəs bilir. Bu üçbucaqda Türkiyə Cümhuriyyətinin – qardaş Türk dövlətinin olması Allahın bir lütfüdür. Yetər ki bu lütfü qavraya bilək, siyasi və ictimai fikirde bu üç dövləti eyni məsafəyə qoymaq yanlışlığından əl çəkək.[19] Hakim idarəçi sinfin (nomenklaturun) uzun illərin ‘balanslaşmış xarici siyasət’ adlı var-gəldən sonra bu həqiqəti qismən dərk etməsinə sevinmək olar. Azərbaycanın Qarabağ problemini tamamilə və birdəfəlik həll etməsi, digər həyati məsələlərinin çözümü üçün Türkiyənin timsalında müttəfiqə ehtiyacı vardır. Türkiyəyə yersiz təkəbbürlə baxanlar qəbul etməlidirlər: Türkiyə Cümhuriyyəti dövləti orta ölçəkli bölgə dövlətidir – özünü qoruya bilir. Azərbaycanın bu ittifaqa daha çox ehtiyacı vardır.
Bu ittifaqın 2008/2009 örnəyində təhlükəyə düşməməsi, dayanıqlı olması üçün iqtidarların yaxın olması, dostum-qardaşım deməsi yetmir. Xalqlar o qədər yaxın, tək millət olmalıdırlar ki, iqtidarların yanlışları ya da şıltaqlığı münasibətləri poza bilməsin.
Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlikdən də irəli gedə bilər. Konfederativ birlik fikri də müzakirə edilə bilər, hətta edilməlidir.[20] Türkiyəni təqlid etmək deyil, üstün dəyərlərindən faydalanmaq gərəkdir. Türkiyədə durum ideal deyildir. Ancaq gəlin gerçəkçi olaq: Türkiye hər sahədə Azərbaycandan bir baş yüksəkdir.
Ayağı üstə dura bilən, öz proplemlərini çözmək üçün risqi gözə ala bilən bir Azərbaycanın Türkiyədəki Türk milləti nəzdində nüfuzu çox yüksəkdir. Hətta Azərbaycan, siyasətini düzgün qura bilsə rəsmi Londonun ABŞ siyasətinə təsiri qədər təsir gücünə də sahib ola bilər. Başqa sözlə, Ağ Evin qərarına təsir etməyin ən yaxın yolu Dauning Str. 10’dan hərəkət etməkdir düsturu üzrə rəsmi Ankaranın da qərarlarına təsir etmək potensialına sahibdir.
Azərbaycan-Türkiyə ittifaqının daha bir strateji önəmi də vardır. Bu ittifaq Türk Birliyinin yaranması üçün ön şərtdir – Türk Birliyinin çəyirdəyi məhz bu ittifaq ola bilər. Bir xüsusu da əlavə edək: Türkiyə ilə iki Azərbaycanın əhalisi Türk Dünyası əhalisinin təxminən yarısına bərabərdir.
Azərbaycan, tək Quzeyindən ibarət deyildir, onun Güneyi də vardır. Güney Azərbaycan, Quzeyə görə Türkiyəyə münasibətini daha əzablı yollar qət edərək şəkilləndirməkdədir. İrançılıq dəyərlərindən, özəlliklə məzhəb təəssübündən qopmaq uzun zaman aldı. İran üçün fədakarlıq, amma özü üçün qəflət adlandırdığımız 1905-1925’lərdə Güney Azərbaycanın davranışı acı təcrübələri ortaya qoydu, sonrakı Fars irqçi rejimlərinin (Pəhləvi və Xomeyni) təhqir, talan və əritmə siyasəti Türklüyü İran tamından qopartdı. Pəhləvi dönəminin ‘Türke xər’ [Eşşək Türk] aşağılaması indiki molla rejiminin ‘Mərg bər Türk!’ [Türkə ölüm] təhdidləri ilə əvəzləndi. Bir zamanlar Sovetlər ən məsum düşmənlərini ‘Türkiyə casusu’ ittihamı ilə Sibirə sürgünə göndərir, hətta güllələyirdisə, indi də İran, Təbriz, Bakı, Ankara, Farslar hara, biz hara?! deyənləri eyni ‘Türkiyə casusu’ adıyla zindanlara doldurur. Ancaq tarixin gedişatını durdurmaq mümkün deyildir. Soydaşlarımızın xeyli hissəsi dostunu-düşmənini anlamağa başlamışdır, gözünü quzeyə – Azərbaycan Cümhuriyyətinə, həm də batıya – Türkiyəyə çevirmişdir. İranda əsrlərlə davam edən Türk və Osmanlı/Türkiyə düşmənçiliyi özəlliklə yeni nəsildə tərs təpməyə başlamış, Türkiyə alqısı köklü şəkildə dəyişmişdir. (bu mövzuya qayıdacağıq).
Sonuc
Çar/Sovet və Pəhləvi/Xomeyni dönəmlərində onillərlə aparılan anti-Türkiyə təbliğatı Azərbaycan əhalisinin şüuruna təsirsiz qalmamış, Türkiyə haqqında şübhələrin, hətta bəzi kəsimlərdə düşmən münasibətin yaranmasına səbəb olmuşdur. Tarixi hadisələr təhrif edilərək mənfi alqının yaranması üçün aktiv şəkildə istifadə edilmişdir.
Milli şüurun gəlişməsi, eləcə də siyasi gedişatın (1918’in qurtuluşu, Qarabağ Savaşı və s.) təsirilə təsəvvürlər dəyişmiş, Türkiyə haqqında daha gerçəkçi yanaşma şəkillənmişdir. Qardaş Türkiyə anlayışı Azerbaycan Respublikasının əksər vətəndaşlarının kimliyində yer almışdır. Ancaq Azərbaycanın Türkiyəyə artan meylinin və tərsinə Türkiyənin Azərbaycana əlaqəsinin güclənməsindən rahatsız olanlar vardır. Azərbaycandakı Türk düşmənləri, öz fəaliyyətləri ilə Türkiyədəkilərə pas atmaqdadırlar.
Türkiyə amili Güney Azərbaycanda milli kimliyin formalaşmasında önəmli rol oynamaqdadır. İran rəsmi təbliğatı özəlliklə yeni nəslə təsirsiz qalmaqdadır, Türkiyənin nüfuzu isə əksinə artmaqdadır.
[1] Türkiyədə son dönəmlər aktiv işlədilən tutumlu ‘alqı’ sözü İngiliscədəki perceptions, stereotipe, image sözlərinin qarşılığıdır. Ərəbcədəki təsəvvür sözünə yaxındır.
[2] Məsələn, Şah İsmayılın Sultan Bayəzitlə yaxın münasibətiəri, bir-birinə ata-oğul xitabları daim kölgədə qalan, ya da gizlədilən tarixi faktlardandır.
[3] Orta çağlarda savaşların xarakteri, bu savaşların sülalələr arasında baş verməsi haqqında baxın: Samuel P. Huntington, The Clash Of Civilizations And The Remaking Of World Order, U.K.:Touchstone Books, 1997, Ch. 1.
[4]Mehmet Saray, Türk-İran Münasibetlerinde Şiiliğin Rolü, Ankara: Türk Kültürünü Araştırma Enstitüsü, s. 59-60.
[5]Zeki Velidi Togan, Azerbaycan, İslam Ansiklopedisi, 2. Cilt, İstanbul, s. 115.
[6] Abdurrahman Ateş, Nadir Şah Afşarın Ölümünden Sonra İranda Hakimiyyet Mücadeleleri ve Osmanlı Devletinin İran Politikası, Sosial Bilimler Dergisi, yıl 8, sayı 2, s. 59. http://www.aku.edu.tr/AKU/DosyaYonetimi/SOSYALBILENS/dergi/VIII2/aates.pdf
[7]Yenə orada, s. 60-61.
[8] İbrahim Yüksel, ‘Çarlık Rusyasının Azerbaycanı İstilası ve Osmanlı Devletinin Tutumu’, Azerbaycan, yıl 37, sayı 265, 1988, s. 58.
[9]Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındakı Münasebetlere Dair Arşiv Belgeleri, I cilt (1578-1914), Ankara: Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, 1992, s. 37.
[10]Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındakı Münasebetlere Dair Arşiv Belgeleri, II cilt (1575-1918), s. 98.
[11] Baxın: Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındakı Münasebetlere Dair Arşiv Belgeleri, I cilt (1578-1914), s.34.
[12] S. Əliyarlı (red.), Azərbaycan tarixi, Bakı: Azərbaycan nəşriyyatı, 1996, s. 545.
[13]ARDA, fond 970, siyahı 1, iş 1, v. 30-37, s.7.
[14] İrəvanın yeni yaranan Ermənistan dövlətinin paytaxtına çevrilməsi haqqında bizim Tarix Şüurumuz və İrəvan adlı (2009) məqaləmizə də baxmaq olar: Güneyli-Quzeyli Məsələlərimiz, Bakı: Aypara3, 2013, s. 243-247.
[15]Osmanlı Mebusan Meclisi Reisi Halil Menteşe’nin Anıları, Ankara: Altınordu, 2019, s. 171.
[16] Mirza Bala Mehmetzade, Milli Azerbaycan Hareketi, Ankara: Azerbaycan Kültür derneği, 1991, s. 40.
[17] Mehmed Emin Resulzade, Azerbaycan Cumhuriyeti, İstanbul: Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneği, 1990, s. 5.
[18] Cəmil Həsənli, Azərbaycanda milli məsələ.Siyasi rəhbərlik və ziyalılar (1954-1959), Bakı: Adiloğlu, 2008, s. 91.
[19] Cəlil Məmmədquluzadənin məşhur və hələ də öyülən Anamın Kitabı əsərindəki ana fikir – Osmanlı, İran və Rusiyadan eyni uzaqlıqda durmaq- geopolitik baxımdan yanlışdır.
[20] Bu gərəkli ideyanın müzakirəsi, bizcə, doğru yöndə getmir. Türkiyə ilə Azərbaycanın durmadan, mərhələ-mərhələ yaxınlaşma sahələrini və problemlərini ortaya qoymaqdansa, bu gəlişmənin yol xəritəsini müzakirə etməkdənsə, sürəcin nəticəsini vurğulamaq az effektli bir işdir.