Giriş
Bir kimlik ifadəsi və kimliyi təşkil edən dəyərlərin daşıyıcısı olan dil ideoloji baxışdan kənarda təsəvvür edilə bilməz. Buna görə də dil və onun sorunları yalnızca dilçiliyin deyil, fikri müzakirələrin də əsas mövzusu olaraq önə çıxmaqdadır. Bizim məsələmiz Türk dili olduğuna görə, Türk dilinin sorunlarına da Türkçülük dünya görüşü üzərindən toxunulacaqdır. Dil məsələsi Türkçülüyün ilk dartışılan mövzularından biri olaraq əsasən XIX yüzildən günümüzə qədər müzakirə edilməkdədir. Azərbaycanda Türk dili ilə bağlı ilk qayğı 1876-cı ildə Həsən Bəy Zərdabinin Əkinçisinin 14-cü nömrəsində ifadə edilmişdir. Əkinçidə dolaylı olaraq ifadə edilən məsələ Türk dillərinin birləşdirilməsi sorunu idi.[1] Azərbaycanda Türk dilinin sorunları geniş bir şəkildə ilk dəfə olaraq, 1905-ci ildən yayımlanan Həyat qəzetindəki yazılarda müzakirə edilmişdir. Bu yazılardan ilki qəzetin 7-ci nömrəsində 1905-ci ildə Əli Bəy Turanın Qəzetimizin Dili Haqqında Bir Neçə Söz başlıqlı yazısıdır.[2] Turan bu yazısında Türk dilində Rusca sözlərin işlədilməsinə qarşı çıxaraq deyirdi;
“öz ana dilini bilməyən bir neçə zatın xətiri üçün Türkçə huruf ilə yazılmış Rusça bir qəzetmi çıxaraq?…”[3]
Bu yazı Ruscadakı sözlərin Türk dilinə gərəksiz bir şəkildə daxil edilməsinə qarşı isyan bayrağı qaldırmış ilk əsərdir. Bununla birlikdə yazıda, texnik yeniliklərlə birlikdə Avropadan alınan bir sıra sözlərə də qarşı çıxılır və onların yerinə eyni sözlərin Ərəbcə və Farscadan alınmasını önə sürürdü. Sonuncu fikir o dövr üçün keçərli olmuş olsa da, günümüzdə bu məsələdə texnik yeniliklərin mahiyyətinə uyğun bir şəkildə öz Türkcə yeni sözlər ortaya qoyulmağa çalışılmalıdır. Türk dilinin sorunlarının müzakirə edildiyi bir digər yazı Həyatın 1906-ci ildə yayımlanan sayısında Həsən Bəy Zərdabinin İttihadi Lisan yazısıdır. Həsən Bəy bu yazısında Çar Rusyası işğalında olan bütün Türk xalqları üçün ortaq dil qayğısını ifadə edirdi;
“Biz Rusiya dövlətinə tabe olan müsəlmanların hamısı Türkdürlər. Bizim əsil dilimiz Türk dilidir. Amma bu dil ayrı-ayrı yerlərdə cari olduğuna hər tərəfdə bir qeyri cür şivəyə düşüb qeyrilərdən aralanıb, əlbəttə, zikr olan qayda ilə bu Türk tayfaları elm təhsil etməyə başlayıb. Yəni qaranlıq otaqdan çölə çıqıb tərəqqi yoluna düşəndə bir-birindən dəxi artıq uzaqlaşacaqdırlar. Belədə bir az vaqtdan sonra onlar bir-birinin nə ki danışığını, hətta yazdığını da anlaya bilməyəcəkdir. Pəs heç insafdırmı ki, biz Türklər bir dildə, bir dində ola-ola bir-birimizdən aralanıb artıq gücdən düşməyimizə səbəb olaq? Ona görə bizlərə vacibdir ki, imdi vaxt keçməmişdən ittihadi-lisan dalıycan olub bir ümumi dil bina edib bu ümumi dildə yazıb oxuyaq ki, vaqtilə o dil hamının yazıb oxumaq dili olsun. Belədə Rusiyada olan Türk tayfaları getdikcən bir-birlərinə artıq yavuqlaşıb, birləşməkdən artıq da güclənib tərəqqi etməyə qadir olurlar və qardaşlıqları dəxi də möhkəm olur.”[4]
Zərdabi, eyni ildə yayımlanan Dil Davası başlıqlı yazısında da yenə dilimizin sorunlarını dilə gətirməkdədir. Həsən Bəy bu yazısında Türk dilinin zamanla hakim bir dilə çevrilməsini və Türk olmayan azlıqların da zamanla Türkləşdiyini və Türkçə danışdıqlarını xatırladaraq deyirdi;
“Ay mollalarımız, ay yazıçılarımız, siz Tanrı, insaf edib gözlərinizi açıb camaata bir tamaşa edin. Camaat Türkləşib, əldən gedib, siz ki, onların çobanı hesab olunursunuz, siz də onların dalıncan getməyiniz eyni səlahdır. Siz camaatdan aralanıb dil davası etməyinizdən bir şey olmaz. Camaat ki, olmadı siz də yox hesabındasınız.”[5]
Zərdabi bu yazısında yazarlarımızın xalqın hamısının ortaq dili olan Türkcə yazmağa, Farsca sözlərdən çox isitfadə etməməyə çağırırdı. Dilimizin kimliyi və sorunları ilə bağlı fikir tariximizdə bir ilk olan bu yazılarda ortaya qoyulan sorunların bəziləri bugün də qalmaqdadır.
Türk dili Türkçülüyün önəmli bir mövzusu olaraq Türk dünyasındaki fikir adamları tərəfindən önə çıxarılan bir məsəslə olmuşdur. İsmayıl Bəy Qaspıralı 1841-ci ildən başlayaraq çıxardığı Tonguç, Şafak, Ay, Yıldız ve Güneş gibi məcmualarda Türk dilinin zənginliyinə, bu dilə yad sözlərin qarışdırılmasının lüzumsuzluğuna, Türk ləhcələri arasında fərqlərin azlığına və ümumi bir Türk dilinin varlığına dair bir çox məqalələr yazmışdır.[6] Dil məsələsi, Türkçülüyün əsaslarını təşkil edən bir məsələ olaraq Ziya Göyalp tərəfindən Lisani Türkçülük adıyla Türkçülüyün Əsaslarında ilk bölüm olaraq geniş bir şəkildə verilmişdir.[7] Günümüzdə Türk dilinin sorunları məsəsləsi, Azərbaycan Türk fikir tarixində Türkçülüyün ilk elmi-nəzəri əsaslarının ifadə edildiyi ilk əsər olan Nəsib Nəsiblinin Türkçü Düşüncənin Əsasları kitabında Dilimiz Kimliyimiz başlığı ilə bütün yönləri ilə ifadə edilmiş və həlli üçün önərilər verilmişdir.[8] Dilimizin dövlət səviyyəsində müzakirə edilməsinin üzərindən yirmi ilə yaxın bir zaman keçmişdir. Dövlət dilinin adı və onun sorunları məsələsi uzan zamandan sonra 13 May 2024-cü ildə Sosyal Tədqiqatlar Mərkəzində müzakirəyə açıldı. Türk dünyası yönündə addımlayan Azərbaycan üçün bu işin fikri bir təməl təşkil edəcəyini ümid edirik. Türk dilinin sorunlarının İkinci Türkçülük Çalışmaları qapsamında dəyərləndirilməsi və müzakirəsinin təşkilində Türkçü Düşüncə Birliyinin yer alması, Türk dili məsəsləsinin Türkçülüyün ən önəmli məsəsləsi olduğunu gösdərməsi baxımından dəyərləndirilməlidir.
Gərəkliliklər
Hər dünya görüşün öz əsaslarına uyğun gərəklilikləri vardır. Bunlar ictimai, siyasi və elmi sahələrdə özünə uyğun qanunauyğunluqlar yaradır. Türkçülük dünya görüşünün də müxtəlif sahələrdə özünə uyğun əsasları və gərəklilikləri vardır. Bunlardan biri də dil sahəsində özünü göstərməkdədir. Dildə Türkçülüyü gərəkli qılan bir çox məsələlər həm dilçiliyin, həm də milli kimliyin həll edilməsi lazım olan bir sorunu olaraq qarşımıza çıxmaqdadır. Onlardan bəzilərini aşağıdaki şəkildə sıralayaraq, hər bir sorun başlıqları üzərində ayrıca durulacaqır. Dildə Türkçülüyün gərəyi olaraq həll edilməli olan bir sıra məsələlər aşağıdakılardır:
- Dilin qaynağının doğru yerdə axtarılması
- Dilin, millət və dövlət kimliyini ifadə etməsi baxımından “Türk Dili” olaraq rəsmiləşdirilməsi
- Dilin nüfuz dairəsini genişləndirmək
- Dili ait olduğu dil ailəsi içərisində zənginləşdirmək
- Dilə gərəksiz yad sözlərin girməsinin qarşısını almaq
Dilin qaynağının doğru yerdə axtarılması
Digər Türk dillərində olduğu kimi Azərbaycan Türkcəsinin də qaynağı, Göy Türk kitabələri olaraq da anılan əski Türk yazıtlarıdır.[9] Ana dilimiz bugünkü halını alana kimi müxtəlif dəyişikliklər göstərib, bir sıra fərqli inkişaf yolları keçmiş olsa da qaynağı hər zaman olduğu kimi dəyişməz olaraq qalmaqdadır. Bu yerdə istər-istəməz bir sıra təbii suallar ortaya çıxmış olur. Dilin qaynağı dedikdə nələr nəzərdə tutulur? Qaynağı təmin edən əsaslar nələrdir? Azərbaycan Türkcəsi Göy Türk yazıtlarının dilinə nə qədər yaxın və ya uzaqdır? Hər bir dilin qaynağı, o dilin ilk formalarından birinin yazılı olaraq olaraq əsaslandığı əsərlərdir. Türk dilinin yazılı əsərlərinin ən geniş şəkli Orxon və Yenisey çayları hövzəsində mövcud olan və VI-VIII yüzilliklərə aid edilən daş kitabələrdir. Türk dilinin ilk yazılı örnəyi isə Orxon və Yenisey yazıtlarının yazıldığı əlifba ilə yazılmış və e. ə. VI. yüzilliyyə aid edilən Esik kurqanından tapılan iki sətrilik yazıdır.[10] Dilin qaynağını təmin edən ən önəmli əsas, o dildə işlədilən və dilin kimliyini təyin edən sözlərin bir qaynaqda olmasıdır. Azərbaycan Türkcəsinin milli söz varlığının qaynağı da Orxon-Yenisey yazıtlarına əsaslanır. Çağdaş Türk dilləri Orxon-Yenisey yazıtlarının dilinə həm eyni dərəcədə uzaq və həm də eyni dərəcədə yaxındır. Dilin qaynağının doğru yerdə axtarılması dilin mahiyyətinin, tarixi önəminin, dəyərinin, bir kimlik ifadəsi olaraq adının doğru bir şəkildə qavranılmasına səbəb olacaqdır. Bu mənada dilimizin qaynağı onun adını, kimliyini və dəyərini ifadə edir. Dilimizin ikinci əsas qaynağı isə Divani Lüğətit-Türk əsəridir.[11] Türk dillərinin ilk lüğəti olan bu əsər dilimizin söz dağarcığını bütün zənginliyi ilə ifadə etməklə birlikdə, onun kimliyini də əsər olaraq adında və özündə ehtiva edir. Dilimizin qaynağının Orxon-Yenisey yazıtları və Divani Lüğətit-Türk kimi əsərlərdə görülməsi dilin kimliyinin qorunmasını təmin edəcəkdir.
Dilin, millət və dövlət kimliyini ifadə etməsi baxımından Türk Dili olaraq rəsmiləşdirilməsi
Dilin, millət və dövlət kimliyini ifadə etməsi baxımından Türk Dili olaraq rəsmiləşdirilməsi, yəni tarixi və elmi mahiyyətinə uyğun bir şəkildə adlandırılması ən önəmli məsələlərin başında gəlməkdədir. Bugün Azərbaycanda rəsmi dövlət dilinin, Türk millətinin Azərbaycanda yaxın dövrdə milli dövlət qurduğu zamanda və keçmiş tarixi dövrlərdə Türk dili adlandığını yenidən isbat etməyə artıq gərək olmadığını düşünürəm. Ona görə ki, dilimizin adı və kimliyi isbat edilə bilmədiyi üçün deyil, yanlış olaraq öz kimliyindən qopuq bir şəkildə ifadə edilir. Dilimizin və kimliyimizin ilk rəsmi yazılı bəlgəsi olan Göy Türk kitabələrində Bilgə Kağanın dilindən belə bir ifadə verilmişdir; Türk bəylər Türk adını atdı!…[12] Özümüzə belə bir sual verə bilərik: Bugün bizlər Türk adını atmış Türk bəyləriyikmi? Azərbaycan adı Türk millətinin yaşadığı yurdun və dövlətin adını ifadə etməsi baxımından bizim üçün nə qədər əziz olsa da etnik və milli kimlik dəyərlərimizlə digər kimlik dəyərlərimizi biribirinə qarışdırmamalıyıq. Dil, bir kimllik ifadəsidir. Kimlik ifadəsi olan dilin adı isə bu kimliyin rəngini, özəyini və mahiyyətini bəlli edir. Dilimiz tarixi və elmi mahiyyətinə uyğun adlandırılmadığı müddətcə həm tarixi əskiliyi, həm də elmiliyi təhrif ediləcəkdir. Ona görə ki, dilimizin coğrafi bir adla adlandırılması, dili tarixi köklərindən qoparacaq, dilin yayıldığı tarixi-mədəni sahəni daraldacaq və istər-istəməz dilin öz varlığından qoparılmasına zəmin hazırlayacaqdır. Bugün Azərbaycanda Türk kimliyi yalnızca bayrağımızın anlamının açıqlanması ilə bağlı Anayasamıza edilən çıxarışda, əlavə açıqlamada öz əksini tapır.[13] Çıxarışda dövlət bayrağının mavi rəngi Azərbaycan xalqının Türk mənşəli olmasını, … ifadə edir şəklində açıqlanılmaqdadır. Çıxarış ölkə başçısının rəsmi elektron yerliyində (sayt) verildiyi və Anayasaya olan bir çıxarış olduğu üçün biz bu halı Türk kimliyinin dövlət bayrağı nəzdində rəsmi şəkildə ifadə edilməsi olaraq qəbul edə bilərik. Əgər ki, Anayasada dövlət bayrağı maddəsinə edilən çıxarışda mavi rəngin Azərbaycan xalqının Türk mənşəli olmasını, … ifadə edir cümləsi, keçmiş tarixi bir mənşəyə, keçmiş soy mənsubiyyətinə edilən vurğu deyilsə və birbaşa bu günümüzü ifadə edirsə, belə olduğu halda Türk mənşəli olmağımız gerçəyi, kimlik adlandırmalarında rəsmiləşməlidir.[14] Burada verilən, Azərbaycan xalqının Türk mənşəli olması məsələsini əsas alaraq, Türk mənşəli olaraq ifadə edilən xalqın dilinin kimliyini də öz mənşəsinin adıyla ifadə edilməsi tarixi və elmi yöndən yerində bir qərar olacaqdır. Bugün Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimli önəmli birləşdirici qurumların daimi üzvü olan, Türk dünyasına yönəlik özünə yeni bir yol seçən Azərbaycanda, Türk adını atmış Türk bəyləri olmamaq üçün dilimizin tarixi adını rəsmiləşdirməliyik.
Dilin nüfuz dairəsini genişləndirmək
Dilin nüfuz dairəsinin genişləndirilməsi dediyimiz zaman Azərbaycan Türklərinin yaşadıqları və rəsmi dövlət sərhədlərimizdən kənarda rəsmi və ədəbi dilin təsirinin, işləkliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədə uyğun olaraq Güney Azərbaycan, Borçalı və Dağıstan bölgəsində yaşayan Azərbaycan Türkləri diqqətə alınmalıdır. Bu sahədə nə cür addımlar atıla bilər? Bugün Azərbaycan Türkləri sayıca ən çox İran dövlətinin rəsmi sərhədləri daxilində yaşayırlar. İrandakı Azərbaycan Türkləri əsas etibarı ilə öz dillərini unutmayıblar və yaşadılması üçün çalışırlar. Bununla birlikdə bir çox bölgələrdə Azərbaycan Türkcəsi Fars dilinin güclü təsirinə məruz qaldığı üçün böyük ölçüdə aşındırlıb və eyni zamanda Türk dilini unudan insanların da sayı az deyildir. Bütün bunların ən başlıca səbəbi isə İran dövlətinin Türk dilinin rəsmi şəkildə işlədilməsini yasaqlamış olmasıdır. Belə bir durumda İran dövlətindən, nə zamansa Azərbaycan Türkcəsinin əriməsinin qarşısını alacağını gözləmək safdillilik olacaqdır. Bu işin məsuliyyəti İranın yox, Azərbaycanın, yəni bizlərin üzərinə düşür. Dövlətimiz, milli və mədəni hüdudunun genişləməsi üçün, yalnızca rəsmi vətəndaşlıq bağları ilə ona bağlı olanların deyil, etnik, soy mənusbiyyəti və kültür bağı ilə Azərbaycana bağlı olan xalqın dilinin qayğısında durmalıdır. Dilimizin nüfuz təsirini genişləndirmək və qorumaq adına, İrandakı Azərbaycan Türklərinin oxuyub yazma alışqanlıqlarını artırmaq və beləliklə Azərbaycan Türkcəsinin doğru düzgün öyrənilməsini təmin etmək məqsədi ilə fərqli yaş qrupları üçün kitabların nəşri gerçəkləşdirilə bilər. Bu kitabların bütün insanlara əlçatan olabilməsi üçün isə elektron şəkildə yayımlanması mümkündür. Bu istiqamətdə ilk başda Latın əlifbasının öyrədilməsi üçün yayımlar təşkil edilməlidir. Bu səpgidə uşaqlar üçün kitablardan başlayaraq, milli tariximizə aid kitabların elektron şəkildə yayımı gerşəkləşdirilə bilər. Əlbətdə bugün Elm və Təhsil Nazirliyinin bütün dərs vəsaitlərini elektron şəklində oxumaq mümükündür.[15] Yəni dünyanın istənilən bölgəsində internet üzərindən daxil olaraq Azərbaycandakı dərs vəsaitləri oxunula bilər. Ancaq məqsəd Güney Azərbaycana yönəlik xüsusi kitabların hazırlanması, bu işin dövlət və ya dövlət təşkilatları vasitəsi ilə mahiyətini ifadə edəcək şəkildə təbliğ edilməsidir. Bu kitablar həm milli kimliyin güclənməsi, həm də dilin qorunmasını təmin etmək üzərinə olmalıdır. Bu yöndə görüləcək işlər yalnızca elektron kitabar şəklində deyil, eyni zamanda Azərbaycan Türklərinin birliyini, tarixini ifadə edən yeni filmlər də çəkilməlidir. Üzücü bir haldır ki, tarixi dövrlərdən bəhs edən filmlərin çəkilməsi məsələsində geri qalınıbdır. Film sahəsinin dilin yayılması və nüfuzu baxımından böyük önəmi vardır. Bugün Türkiyə Türkcəsinin Türk dünyasında yayqınlığının səbəbi Türkiyədə çəkilən filmlərdir. Bizim tariximizin çox önəmli səhifələri isə hələ də filimləşdirilməyibdir. Dilin nüfuz dairəsinin güclənməsi o dilin daşıyıcısı olan insanların bir millət şüuru ilə birləşməsini təmin edən ilkin şərtdir. Azərbaycan Türkcəsinin Güney Azərbaycanda təsir dairəsinin güclənməsi eyni zamanda Azərbaycan dövlətinə olan bağlılığı da təmin edəcəkdir. Güney Azərbaycanla birlikdə, bugün Azərbaycan Türklərinin yaşadıqları Borçalı və Dərbəndə də bənzər şəkildə işlər aparılması dilimizin nüfuz dairəsini genişləndirəcəkdir.
Dili aid olduğu dil ailəsi içərisində zənginləşdirmək
Azərbaycan Türkcəsini aid olduğu dil ailəsi içərisində zənginləşdirməyin iki əsası vardır: Birinci dilimizin əski yazılı yadigarlarındakı bir sıra sözlərin işlək hala salınması. İkincisi isə bugün danışılan digər Türk ləhcələrindəki bir sıra öz Türkcə deyə ifadə edəcəyimiz sözlərin dilimizə daxil edilməsi. Hər iki yol, dilimizdəki alınma sözləri mümkün olduğu qədər azaltmaq üçün önəmlidir. Yuxarıda da qeyd etdiyimiz kimi Divanu Lugat’t-Türk əsəri Türk dilinin ilk dərli toplu sözlüyüdür. Bu sözlük indiki Türk dilləri üçün eyni dərəcədə ortaq bir sözlükdür. Bu anlamda dilimizdə unudulmuş bir çox sözləri bu sözlükdə tapa bilərik. Beləliklə unudulmuş sözlərin dilimizə yenidən qaytarmaqla, dilmizin öz dil ailəsi içərisində zənginləşməsi təmin ediləcəkdir. Bu istiqamətdə bir işin görülməsi üçün, Elm və Təhsil nazirliyi tərəfindən ayrıca olaraq və ya Türk Dövlətləri Təşkilatı ortaq bir çalışma ilə Divanu Lugat’t-Türk əsərini əsas alaraq, dilimizi öz yadigarları ilə böyük ölçüdə zənginləşdirəcək sözləri yenidən qazandırıla bilər. Bu sahədə yalnızca Divanu Lugat’t-Türk əsəri deyil, yenə Türk ədəbiyyatının ortaq mirası olan Kutadgu Bilig[16] əsəri də dilimizin aid olduğu dil ailəsi içərisində zənginləşdirilməsi üçün olduqca önəmli bir qaynaqdır.
Dilə gərəksiz yad sözlərin girməsinin qarşısını almaq
Dildə Türkçülük gərəyi üzərində duracağımız sonuncu məsələ dilə gərəksiz yad sözlərin girməsidir. Bugün dünyada mövcud olan və digər dillərlə sıx təmasda olan dillərin hamısında o dilə aid olmayan yad sözlər vardır. Dilin daşıyıcısı olan millətlər fərqli mədəniyyət dairələrində təmsil olunduğu və müxtəlif kültürlərin təsirində olduğu üçün dillərinə yeni sözlər daxil olur. Tarixin bilinən bütün dövrlərindən bəri dillər arasında qarşılıqlı alış verişlər olmuşdur. Bu bir mənada təbii bir haldır. Bugün dilimizdə işlətdiyimiz Ərəb və Fars sözləri Türklərin İslam dünyasında hakim olduğu tarixi dövrlərdən başlayaraq alınmışdır. Əsasən İslam dininin təsirindən ötrüdür ki, Ərəb dilinin Türk dünyasındaki təsiri, bugün ölü bir dil olsa da Latın dilinin Avropadakı təsiri ilə müqayisə oluna bilər. Bugün Azərbaycan Türkçəsi üçün Ərəb dilinin davam edən bir təsirindən danışa bilmərik. Ancaq Fars dili Azərbaycanın güneyində təsirini danışıq və yazı dilində hər keçən gün daha da artırır. Quzey Azərbaycandakı dil, Fars dilinin Güneydəki təsirinə qarşı sistemli bir panzəhər verə bilmir. Quzeydə Fars dilinin təsirini görə bilməsək də, batı dillərindəki sözlərin son zamanlarda rəsmi və televizya dilində anlamsız bir şəkildə çoxaldığını görmək mümkündür. Yeni bir texnalogiyanın gəlməsi ilə dilə daxil olan sözlərdən fərqli olaraq, ölçüsüz bir şəkildə dilə daxil edilən bu sözlər həm elmi-qramamtik yöndən uyğunsuzluq yaradır, həm də dilin milli söz varlığını aşındırır. Örnək olaraq dilimizə hansı məcburiyyətdən ötrü daxil olduğu anlaşılmayan; insident, prioritet, referat, prezentasiya, dominant, kreativ, trend, ekskülüziv, ekspromt, super, store, shop və siyahını daha da uzadaraq digər sözləri göstərmək olar. Bu sorunun qarşısının alınması dövlət siyasəti ilə gerçəkləşə biləcək bir işdir. Belə ki, dilin qorunması qanunu çərçəvəsində bu cür uyğunsuz halların qarşısı alına bilər. Xatırladım ki, ölkə başçısının 2018-ci ilə dilin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məsəsləsi ilə bağlı qərarı[17] da dilimizin aşındırılmasının qarşısını almaq üçün rəsmi addımlar atamağa imkan verir. Bu qərar mətni içərisində əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir şəklində bir ifadə də işlədilməkdə və bu durumdan doğan narahatçılıq ifadə edilməkdədir. Buraya qədər ifadə edilən bütün məsələlər, dildə Türkçülüyün gərəyi olaraq həll edilməli olan sorunlardır.
Sonuc
Bugün artıq Azərbaycan dili olaraq adlandırılan dilimizin Türk dili olduğunu sübut etmək üçün çalışmağa gərək yoxdur. Bu məsəslə artıq hər kəs tərəfindən bilinən elmi bir gerçəklikdir. Millət olaraq artıq bu aşamanı geridə qoymuşuq. Yəni artıq dilimizin nə dili olduğunu izzah etmək üçün çalışmırıq və artıq dilimizin adını gec də olsa öyrənmişik. Bugün dilimizi uzun zamandır unutduğumuz öz adıyla yenidən adlandırmaq üçün çalışırıq. Günümüzdə dilimizin öz adıyla adlandırılmasına qarşı çıxanlar, artıq bu dilin Türk dili olmadığını iddia etdikləri üçün deyil, Türk kimliyinə qarşı olduqlarından ötrü Türk dili olaraq rəsmiləşməsini istəmirlər. Yəni bir zamanlar bilgisizlikləri ilə məqsədlərini gizlədənlərin bugün Türk kimliyinə qarşı olduqları açıq bir şəkildə görülür. Ad hər nəsnənin mahiyyətini, rəngini bəlli edən bir dəyərdir. Dilimizin öz doğru adının bərpa edilməsi millət və dövlət kimliyimizin də öz mahiyyətində və rəngində anlaşılmasını təmin edəcəkdir. Dilimizin kimliyinin doğru ifadəsi, buna bağlı olaraq, kültürümüzün, ictimai-siyasi yaşamımızdakı bütün kimlik dəyərlərimizin, ədabiyyatımızın, geçmişimizin və gələcəyəmizin də doğru bir şəkildə adlandırılmasına, anlaşılmasına və qorunmasına səbəb olacaqdır.
Qaynaqça
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 1 noyabr 2018-ci il, № 323. (https://e-qanun.az/framework/40441).
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elektron dərs vəsaitləri. (https://www.e-derslik.edu.az/portal/index.php).
Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış.
(https://president.az/az/pages/view/azerbaijan/symbols).
“Həyat” qəzeti, 11 yanvar, 1906-cı il, № 9.
“Həyat” qəzeti, 13 yanvar, 1906-cı il. № 12.
Akçura, Y. Türkçülüğün Tarihi, Ötüken Neşriyat, İstanbul, 2018.
Alizade, O., VI.-VIII. yy. Türk Kağanlık Yazıtlarında Türk Kimliği, Kutlu Yayınevi, İstanbul 2022.
Hüseyinzadə, Ə. Türklər Kimdir və Kimlərdən İbarətdir, Haz. O. Bayramlı, Bakı, Mütərcim, 1997.
Qutluər, O. Türkçülüyün Məsələləri. Mümtaz Yayımları, Bakı, 2024.
Mahmud Kaşgarlı, Dîvânu Lugât’t-Türk, Haz., A. B. Ercilasun, Z. Akkoyunlu. Türk Dil Kurumu Yayınları, Ankara, 2015.
Nəsibli, N. L. Türkçü Düşüncənin Əsasları, Qanun Nəşriyyatı, Bakı, 2022.
Orkun, H. N. Eski Türk Yazıtları. Türk Dil Kurumu, III. Baskı, Ankara, 2011,
Rəcəbov, Ə. & Məmmədov, J., Orxon-Yenisey Abidələri, Yazıçı Yayınları, Bakı, 1993.
Yusuf Has Hacib, Kutadgu Bilig. Çev., Y. Çağbayr. Ötüken Neşrityat, İstanbul, 2021.
Акишеф, K., Курган Иссык, Москва, Искусство, 1978.
Аманжолов, А. С. История И Теория Древнетюркского Письма, «Мектеп», Алматы, 2003.
* Odər Qutluər, Türkçü Düşüncə Birliyi İdarə Heyəti üzvü. E. U. Türk Dünyası Araşdırmaları İnstitutunun Doktorantı.
[1] Y. Akçura, Türkçülüğün Tarihi, Ötüken Neşriyat, İstanbul, 2018, s. 89.
[2] Ə. B. Hüseyinzadə, Türklər Kimdir və Kimlərdən İbarətdir, Haz. O. Bayramlı, Bakı, Mütərcim, 1997, ss. 71-74.
[3] Hüseyinzadə, Türklər Kimdir və Kimlərdən İbarətdir, s. 72.
[4] “Həyat” qəzeti, 11 yanvar, 1906-cı il, № 9.
[5] “Həyat” qəzeti, 13 yanvar, 1906-cı il. № 12.
[6] Akçura, Türkçülüğün Tarihi, s. 101.
[7] Z. Gökalp, Türkçülüğün Əsasları, Ötüken Neşriyat, İstanbul, 2021, ss. 124-153.
[8] N. L. Nəsibli, Türkçü Düşüncənin Əsasları, Qanun Nəşriyyatı, Bakı, 2022, ss. 47-71.
[9] Əski Türk yazıtları deyərkən burada əsasən Göy Türk və Uyğur yazıtları nəzərdə tutulur.
Rəcəbov, Ə. & Məmmədov, J., Orxon-Yenisey Abidələri, Yazıçı Yayınları, Bakı, 1993.
- N. Orkun, Eski Türk Yazıtları. Türk Dil Kurumu, Ankara, 2011, III. Baskı.
[10] Акишеф, K., Курган Иссык, Москва, Искусство, 1978.
[11] Kaşgarlı Mahmud, Dîvânu Lugâtit-Türk, Haz., A. B. Ercilasun, Z. Akkoyunlu. Türk Dil Kurumu Yayınları, Ankara, 2015.
[12] Ə. Rəcəbov & J. Məmmədov, Orxon-Yenisey Abidələri. Yazıçı, Bakı, 1993, s. 72. (Bilgə Kağan, Köl Tigin Bengü daşı, Doğu üzü, 7-ci sətr).
[13] Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış:
(https://president.az/az/pages/view/azerbaijan/symbols).
[14] Odər Qutluər, Türkçülüyün Məsələləri. Mümtaz Yayımları, Bakı, 2024, s. 183.
[15] Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elektron dərs vəsaitləri. (https://www.e-derslik.edu.az/portal/index.php).
[16] Yusuf Has Hacib, Kutadgu Bilig. Çev., Y. Çağbayr. Ötüken Neşrityat, İstanbul, 2021.
[17] “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında.” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 1 noyabr 2018-ci il, № 323. (https://e-qanun.az/framework/40441).