Cəfər Cəfərli
Giriş
Hər bir ulus öz kimliyini keçdiyi tarixi inkişaf yoluna uyğun formalaşdırır. Bu inkişaf yoluna uyğun olaraq hər bir ulus özünə, öz dilinə, yurd seçdiyi ölkəyə bəlli adlar verir. Bu sürəcdə seçilən adların həmin xalqın öz dilindən, yaxud tarixindən götürülmüş, qaynaqlanmış olması heç də birincil şərt deyil. Önəmli olan bu adların və kimliyin həmin ulus tərəfindən təbii, tarixi gedişat nəticəsində mənimsənilməsidir. Yəni, bu gün Azərbaycan Respublikası dövləti təmsil edən istər rəsmi, istərsə də qeyr-rəsmi çevrələrin bəyanına görə bir Türk dövlətidir. Yenə, bu dövlətin rəsmi dili sayılan dil dünyada var olan Türk dillərindən biridir. Ancaq bu dövlətin rəsmi adı olan “Azərbaycan” anlayışı isə heç də Türk sözü deyil və Türk tarixində baş vermiş olaylar nəticəsində ortaya çıxmamışdır. Bununla belə Azərbaycan Respublikasının bu adı daşıması onun xalqı üçün böyük bir sorun deyil. Çünki bu ad yüzlərlə il ərzində bir ölkə adı kimi Azərbaycanda yaşayan xalq tərəfindən mənimsənilmiş, bu adla bağlı xalqımızın dünyagörüşünə uyğun dürlü əfsanələr, dastanlar, siyasi quruluşlar ortaya çıxmışdır. Əfsanə və dastanlara örnək kimi xalqımızın folklor keçmişindən gələn çox sayda nağıl və dastanı sadalaya bilərik, ancaq bunlardan ən önəmlisi “Koroğlu” və “Kitabi Dədə Qorqud” hekayələrini saymaq olar. Çünki bu dastanlar ümumi Türk tarixində böyük önəmə sahib olmaqla yanaşı dastanda baş verən olaylar da Azərbaycan adlı coğrafiyada yaşanır. Xalqımız tərəfindən Azərbaycan anlayışı ilə bağlı yaradılmış siyasi quruluşlara örnək kimi isə 1918-ci ilin 28 mayında elan edilmiş Azərbaycan Cümhuriyyəti adlı dövlətlə yanaşı tarixin daha əski çağlarından gələn “Azərbaycan ordusu”, “Azərbaycan bəylərbəyliyi” kimi siyasi anlayışları göstərmək olar.
Burada başlanğıc olaraq dildənsə bir ölkə adı kimi Azərbaycan anlayışından danışmaqda məqsədim bu adın bir bölgə-dövlət adı kimi seçilməsində xalqımızın heç bir kənar təsirə məruz qalmadığını, əksinə xalqımızın bu adı bir ölkə-dövlət adı kimi tam olaraq təbii, tarixi gedişat nəticəsində mənimsədiyini diqqətə çatdırmaqdır. Ancaq eyni sözləri Azərbaycan dili anlayışı üçün demək olmur. Azərbaycan dili anlayışı rəsmi dairələr tərəfindən yalnız Azərbaycan sovetləşəndən sonra, sömürgəçi Rusiya imperiyasının təzyiq və tələbi ilə Türk sözünə qarşı çıxmaq üçün işlədilib.
Azərbaycan dili – dış təsirlərdən doğulan ad
Bura qədər yazılanlardan bir məsələ aydın olur, bir ulusun dünyagörüşünün, kimliyinin formalaşmasında başqa ulusların dilindən, mədəniyyətindən alınmış anlayışların, gələnəklərin olması əslində o qədər də böyük sorun deyil. Problem o vaxt yaranır ki, kənardan gələn anlayışlar və gələnəklər təbii yollarla yox işğalçı tərəfin təzyiqi, diqtəsi və təbliğatı ilə toplumun içinə giriş edir. Çünki sömürgəçi, işğalçı tərəfindən təbliğ edilən dəyərlər sömürgə altına alınan xalqı daha uzun müddət işğal altında saxlamaq məqsədinə xidmət edir.
Azərbaycan dili anlayışını müdafiə etməyə çalışan kəsimlər bəzən bu anlayışın ilk dəfə Məhəmməd ağa Şahtaxtılı[1] (məsələn) tərəfindən istifadə edildiyi fikrini irəli sürürlər. Bununla onlar Azərbaycan dili anlayışının guya Sovet rejimi tərəfindən deyil Azərbaycanın öz fikir adamları tərəfindən ortaya atıldığı illuziyasını yaratmağa çalışırlar. Sözsüz, bu yanaşmanın heç bir məntiqi əsası yoxdur. Çünki on doqquzuncu yüzilin sonu, iyirminin başlarında Azərbaycanda yetişmiş çox sayda fikir adamından yalnız bir və ya ikisinin bu anlayışdan istifadə etmiş olması heç nə demək deyil. Nəzərə almaq gərəkdir ki, on doqquzuncu yüzilin sonlarında Azərbaycan dili anlayışından istifadə edənlər bu fikri ölkəmiz Rusiya imperiyasının tərkibində ikən irəli atırlar. Burada həmin dövrdə ölkəmizin Rusiya işğalı altında olmasını diqqətə çatdırarkən o fikir adamlarının yeni Azərbaycan dili anlayışını hər hansı şəkildə Rusiya imperiyasının təzyiq və göstərişi ilə ortaya atdığını deməyə çalışmıram. Bu yeni anlayışın ortaya çıxması həmin çağın Rusiyasının elmi-siyasi terminologiyası ilə də bağlı olmuş ola bilər. Belə ki, həmin dövr Rusiyasında (təkcə Rusiyada yox, bütün Avropada) Türk deyilərkən əsasən Osmanlı İmperiyası nəzərdə tutulurdu.
On doqquzuncu yüzilin Quzey Azərbaycanlı aydınları Azərbaycan türkcəsi haqqında yazdıqları kitablarda və ya işlərdə bu dili “türkcə”, yaxud “tatarca” adlandırırdılar.[2] Əgər yazılan kitab Rus oxucu üçün rusca yazılırdısa o zaman Rusiya elmi-siyasi terminologiyasında Osmanlıya Türk/Türkiyə deyilməsindən yarana biləcək çaşqınlığın qarşısını almaq üçün dilimizə tatarca deyilirdi. Yox, əgər kitab Azərbaycanlı Türk oxucu üçün türkcə yazılırdısa onda həmin kitablarda dilimizə türkcə deyilirdi. Bu gün də işlədilən Тюркский/Турецкий, yaxud Turkish/Turkic fərqləndirmələri də məhz daha öncəki zamanlarda Avropa dünya görüşündə Türk anlayışının Osmanlı ilə eyniləşdirilməsi, Türkiyə Cümhuriyyəti ortaya çıxdıqdan sonra isə bu anlayışın Türkiyənin təkəlinə keçməsindən qaynaqlanır.
Hər halda bizə bir şey aydın olur, on doqquzuncu yüzilin sonunda Azərbaycanlı fikir adamları Azərbaycan dili anlayışını heç də təbii tarixi sürəc nəticəsində yox, kənar təsirlər nəticəsində işlətməyə başlayıblar. Kənardan gələn dəyərlərin və anlayışların işğalçının işğal edilən xalqı daha uzun zaman işğal altında saxlamaq məqsədinə xidmət etdiyini yuxarıda yazmışdım. Azərbaycan dili anlayışının ölkəmizdən hansı sorunlara yol açdığına gəldikdə isə bunun heç də yaxşı nəticələr verdiyini söyləmək olmur. Belə ki, bu adlanmaya görə zamanla yeni dil anlayışının işlədilməsi ilə yanaşı xalqımızın yaddaşına bir etnonim kimi Azərbaycanlı/Azəri kimliyi də daxil edilmişdir.
İraniləşdirilməyə çalışılan Türklər
Bu yeni adlanmanın ziyanlı tərəfi odur ki, irəliləyən zaman ərzində bu anlayışdan istifadə edərək Azərbaycan Türklüyü öz gerçək kimliyindən, tarixindən qopardılaraq fərqli bir dünyaya salınmağa çalışılır. Buna ilk cəhdlərdən birini Fransız arxeoloq və antropoloq Ernest Şantr edib. O, özünün 1892-ci il tarixli “İraniləşmiş Türkmanlar və ya Güney Qafqazın Azərbaycan Tatarlarına dair antropoloji araşdırma”[3] adlı məqaləsində Azərbaycan Türklərini aryanlaşmış qrup hesab edir[4] və məqaləsində bu xalqa Azərbaycanlı deyilməsinin tərəfdarı olduğunu bildirir,[5] bununla yanaşı Azərbaycan Türkləri üçün Tatar anlayışının etnoloji dildən çıxarılmalı olduğunu vurğulayır.[6]
Bundan başqa Azərbaycan türkcəsi üçün Azəri anlayışını işlədən ilk şəxslərdən biri Çarlz Barbiyer de Meynarddır. Meynard Mirzə Fətəli Axundzadənin əsərlərini fransız dilinə çevirərkən Azərbaycan türkcəsi üçün dialecte turc azeri anlayışını işlədir.[7] Adı çəkilən müəllif Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil kimyagər” əsərini fransız dilinə çevirdiyi çalışmasında oxucusuna Azərbaycan türkcəsi haqqında qısa bilgi vermiş və burada dilimizi dialecte turc azeri adladırmışdır. Doğrudur, Meynardın dilimizə dialecte turc azeri (türkcənin Azəri dialekti) deməkdəki birbaşa məqsədi onu Türk köklərindən ayırmaq deyildi. Belə ki, müəllifin eyni nəşrdə dilimizi “Türkcənin Azərbaycana xas dialekti”[8] adlandırmasından və Osmanlı Türkcəsi üçün dialecte turc Ottoman[9] anlayışını işlətməsindən aydın olur ki, burada məqsəd Azərbaycan və Osmanlı türkcələri arasında fərq qoymaqdır. Ancaq hər halda Meynardın bu anlayışı işlətməsi Türk dilinin adına Azəri anlayışının yapışdırılmasının tarixdəki ilk örnəklərindən biri kimi diqqətə alınmalıdır. Çünki tarixin o dönəmində Osmanlı və Azərbaycan türkcələrini bir-birindən fərqləndirmək kimi məsum bir nədəndən doğulan türk dilinə azəri demək gələnəyi gələcəkdə tamam başqa nəticələrə gətirib çıxaracaqdı.
Sözsüz, dərin araşdırma məqsədi güdməyən belə kiçik ölçülü yazıda dilimizin üstünə Azəri/Azərbaycan dili anlayışının qondurulmasının tarixi gedişatını bütün incəlikləri ilə izləmək mümkünsüzdür. Ancaq ümüd edirəm, yuxarıda verdiyim iki örnəkdən bu gedişatın necə başlamasına və nəticələrinə dair ilkin anlayış qazanmaq olur.
Azərbaycan Sovet imperiyasının işğalına məruz qaldıqdan sonra Azərbaycan Türklərinin İraniləşdirilməsi əməliyyatı daha da genişlənmişdir. Sovetləşmədən öncə Azərbaycan Türklərinin iraniləşdirilməsi məqsədli fəaliyyətdən daha çox “umulmayan nəticə” kimi görünürdü (yuxarıda qeyd etdiyim Osmanlı və Azərbaycan türkcələrini ayırmaq üçün işlədilən dialecte turc azeri adlanması kimi). Bu “umulmayan nəticə”lərə misal kimi bir sıra Türk aydın və dövlət adamlarının Fars-İran yönümlü dünya görüşünə yönəlməsini göstəmək olar. Belə ki, Mirzə Fəthəli Axundzadə, Əbülqasım xan Qaragözlü, Abbasqulu ağa Bakıxanov, kimi fikir adamlarının zaman-zaman xalqımızın etnogenezi ilə bağlı Fars-İran yönümlü fikirlər bildirməsinin səbəblərindən biri də bu şəxslərin Avropa mərkəzli təhsil ocaqlarının Fars kimliyi üzərində qurulmuş İran-Persia tədris modelinə qurban getmələrini hesab etmək olar. Çünki Avropa mərkəzli tarix anlayışında Əhəmənilərdən günümüzə qədər indiki İran torpaqları üzərində aralıqsız bir Fars dövlətçilyi mövcud olmuşdur. Bu yanaşma isə avropalıların müstəmləkə altına almağa çalışdıqları digər bölgələr kimi İranı da tanımamaqlarından qaynaqlanır. Hər halda qarşımızda olan mənzərə budur ki, on doqquzuncu yüzillik boyunca bəzi müəlliflər (bu müəlliflərin mütləq çoxluğu Azərbaycan türklərindən deyildilər) dürlü səbəblərdən Azərbaycan Türkləri üçün fərqli adlanmalardan istifadə etməyi uyğun görmüşdülər.
Zaman gəlib Sovet işğalından sonrakı çağlara çatanda isə Türk adının işlədilməməsi artıq “umulmayan nəticə” olmaqdan çıxmış, məqsədli, planlı şəkildə həyata keçirilməyə, təhsilə və mədəniyyətə salınmağa başlanılmışdı.[10] Bu mənada iş o yerə gəlib çatır ki, Azərbaycan xalqının etnogenezindən yazan Əlisöhbət Sumbatzadə öz kitabında Azərbaycan xalqının gözlə görülən antropologiyasını açıq şəkildə inkar edərək Azərbaycanda yaşayan insanlarda monqoloidlik fenotipinin heç bir şəkildə mövcud olmadığını iddia edir.[11] Bu məsələdə yuxarıda adını çəkdiyim, xalqımızın iraniləşdiyini deyən Ernest Şantr ən azından Sumbatzadədən daha insaflı davranıb. Belə ki, o, Türk bölgələrində Monqoloid fenotipinin özünü mükəmməl şəkildə qoruduğunu yazır.[12]
Burada İraniləşdirmə mövzusuna toxunmaqda başlıca məqsəd odur ki, dilimizin adının dəyişdirilməsindəki birinci hədəfin nə olduğu daha doğru anlaşılsın. Türk dilinin üzərinə yeni, Azərbaycan dili adının qoyulmasında güdülən məqsəd heç də elmdə Türk adı işlədilən zaman Türkiyə ilə bağlı yaranacaq qarışıqlığın qarşısını almaq deyildi. Məqsəd Arazın güneyi və quzeyinə parçalanmış Azərbaycan Türklüyünün yarısının Qafqazdilli, yarısının da İrandilli xalqlardan dönmə olması fikrinə siyasi don geyindirmək idi. Burada bildirməliyəm ki, yeddi cildlik Azərbaycan tarixi kitabında Azərbaycanda böyük Türk axınlarından öncə var olmuş əski İranmənşəli dillərə Azəri/Azərbaycan dili deyilir.[13] Üstəlik eyni nəşrdə Azəri adlanmasının həm Azərbaycanlı, həm də Azərbaycan dili demək olduğu da açıq vurğulanır.[14] Burdan təbii olaraq bir nəticə çıxır, adı çəkilən çoxcildli nəşrin müəllifi olan tarixçilər 90-cı illərdə Azərbaycan Türklərinin ana dili üzərinə sömürgəçi məngənədən çıxmış Azərbaycan dili adının qoyulması üçün dəridən-qabıqdan çıxıb siyasi qərarlara təsir etməyə çalışan zaman əslində bu adlanmanın Türk dili üçün heç də uyğun olmadığını, bu adın əslində İranmənşəli bir dili və xalqı bildirdiyini çox gözəl bilirdilər. Elə isə dilimizə Türk dili, yaxud Azərbaycan Türkcəsi deyiləcəyi təqdirdə Türkiyə ilə qarışıq düşmək istəməyən kəsimlər İrandilli bir qrupla qarışıq salınmaq ehtimalından niyə narahatlıq duymayıblar görəsən?!
Beləlilkə qarşımızda qəribə bir mənzərə canlanır. Tarixin olduqca əski dönəmlərində ölkəmizdə yaşayan İrandilli qrupların dilinə dönəmin tarixçiəri coğrafiya adından qaynaqlanan Azəri dili və ya Lüğəti Azərbaycan (Azərbaycan ləhcəsi) adını vermişdilər. Bəhs edilən bu dil qəti şəkildə Türk dili deyildir. Çünki dönəmin ərəb yazarları Türkləri Türk olmayanlardan, Türk dilini də başqa dillərdən yetərincə yaxşı ayıra bilirdilər. İrəliləyən dönəmlərdə, böyük Türk axınları ilə Azərbaycan Türk ölkəsinə çevriləndən sonra burada yaşayıb yaratmış heç bir tarixçi, ədib, yazar, şair heç bir zaman Azərbaycanda danışılan Türk dilinə Azəri, yaxud Azərbaycan dili deməmişdir. Türk dili üçün bu yeni adlanma yalnız son iki yüz illik dönəmdə, yuxarıda haqqında danışdığımız səbəblərdən ortaya çıxmışdır. Üstəlik bu yeni adlanmanı ortaya atan müəlliflər də bu adı işlədən zaman xalqımızın gerçək kimliyini sapdırmağa, bizi guya Aryan xalqlarından dönmə xalq kimi göstərməyə çalışmışdır. Belə olan halda xalqımızı İraniləşdirmək amalı daşıyan, Sovet imperiyasının sömürgə arzularının məhsulu olan Azərbaycan dili adlanmasının artıq doxsanıncı illərin çəlimsiz dövləti olmaqdan çıxmış, ərazi bütövlüyünü bərpa etmiş və dünyada öz sözünü demiş Azərbaycan Respublikasında hələ də işlədilməyə davam etməsi heç də məqsədəuyğun davranış sayıla bilməz.
Bir önəmli məsələni də diqqətə almaq gəkərdir, bu gün Azərbaycan Türkcəsinin danışıldığı hər yerdə, Türkiyənin gündoğar hissəsində, İraqda, İranda, Əfqanıstanda, Pakistanda dilimizə bu dilin daşıyıcıları tərəfindən hələ də Türk dili, yaxud Türki, Türkicə deyilir. Belə olan halda yalnız keçmiş Sovet məkanında, yəni olduqca dar bir çevrədə işlədilməkdə olan Azərbaycan dili adlanması “50 milyonluq Azərbaycan xalqı” fikrinə faydadan çox ziyan vurur. Çünki 50 milyonluq xalqın 35-40 milyonu hələ də bu dilə Türk dili deməyə davam edir. Belə olan halda Azərbaycan dili adlanması bəzilərinin iddia etdiyi kimi birləşdirici yox, bölücü funksiya yerinə yetirir.
Nəticə
Bura qədər dartışdıqlarımızdan belə bir qənaətə asanlıqla gələ bilərik, Türk dili üzərinə yeni adlanma kimi Azərbaycan dili adının qoyulması nə tarix, nə də dilçilik elmi baxımından heç bir məntiqi açıqlamaya sahib deyil. Əgər məsələ elmi cəhətdən doğru ad seçmək yox, elmdə və sosial-siyasi həyatda Türkiyə ilə yarana biləcək hansısa xəyali qarışıqlığın önünə keçməkdirsə onda niyə dilimiz üçün və xalqımızın özünüdərki üçün yeni qarışıqlıqlara səbəb olacaq başqa bir ad (Azəri/Azərbaycan dili tarixən tamam başqa-İrandilli bir etnik qrupun dilinin adı olub) seçilib? Sözsüz, bu sualın da məntiqli heç bir cavabı ola bilməz. Məsələnin elmi və məntiqi çatışmazlıqları bir yana, Azərbaycan dili adlanmasının xalqımızın gələcək siyasi-ideoloji dünyagörüşündə də birləşdirici yox, sırf bölücü nəticələr verdiyini də artıq aydınlaşdırmışıq. Ən əsası isə dürlü etnik qrupların yaşadığı ölkəmizdə, gerçək sayının neçə olmasından asılı olmayaraq, var olan etnik qruplardan biri də Türklərdir. Azərbaycan Respublikası Türklərin ana dilini rəsmi dil kimi istifadə etsə də dilin adını dəyişməsi bir haqq pozuntusu deyilmi?
[1]. “Kaspi” qəzeti, 1891, №93, Məhəmməd ağa Şahtaxtılı, “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?”
[2]. Məsələn, Mirzə Kazım bəy rusca yazdığı Türk-Tatar dilinin qramatikası (Грамматика турецко-татарскаго языка, Казань, 1839) adlı kitabında Azərbaycan Türkcəsi üçün Адербиджнское нарѣчiе adlanmasını işlədirsə, özünün başqa bir işi olan Dərbəndnaməmin İngilis dilinə tərcüməsində (Derbend-Nâmeh, or the history of Derbend, Saint Petersburg, 1851) Azərbaycan Türkcəsi üçün Azerbaijanian Turkish, yaxud sadəcə Turkish adlanmalarını işlədir.
[3]. Bulletin de la Société d’anthropologie de Lyon, tome 11, 1892. pp. 28-44: “Recherches anthropologiques sur les Tatars Aderbeidjanis de Transcaucasie ou Turkomans iranisés.”
[4]. Yenə orada, s.32: “D’une façon générale, on peut dire que les Tatars de l’Aderbeïdjan se sont fortement aryanisés, ou plus exactement iranisés.”
[5]. Yenə orada, s.32: “Quoi qu’il en soit, les Tatars de la Transcaucasie que nous appelons plus justement Aderbeïdjanis, du nom delà région d’où ils sont venus en Arménie, diffèrent considérablement des Tatars de Kazan et de la Grimée.”
[6]. Yenə orada, s.32: “Il importe donc de faire disparaître du langage éthnologique ce nom de Tatar qui ne porte en lui que confusion.”
[7]. Barbier de Meynard, L’alchimiste, Comédie en dialecte turc azéri. Paris, Imprimerie Nationale (1886).
[8]. Yenə orada, s. 1: “Dans la préface des Comédies persanes qui ont paru tout récemment, après avoir montré combien les textes de ce genre rendent service à L’étude des langues vivantes, j’exprimais le væu que la rédaction originale écrite dans le dialecte turc particulier à l’Azerbaïdjan put avoir aussi les honneurs de l`impression.”
[9]. Yenə orada, s. 1: “Elle me semblait le mériter par les différences qui distinguent ce dialecte du turc ottoman.”
[10]. Örnək olaraq bax: Этнография народов СССР; исторические основы быта и культуры, Изд-во Московского университета, 1958. Сергей Александрович Токарев, s. 295: “Происхождение азербайджанцев-вопрос сравнительно ясный. Это народ смешанного состава. Древнейший слой его составляет, очевидно, аборигенное население Восточного Закавказья-каспии и албанцы, возможно, также мидийцы Северного Ирана. Это насиление в связи с кулътурным преобладением Ирана в епоху Сасанидов было иранизировано, а в XI в., в годы сельджукского «завоевания, началась его тюркизация.”
[11]. Азербайджанцы, этногенез и формирование народа, А. С. Сумбатзаде, Bakı, Elm 1990, s. 239: “…продолжавшийся почти 13 веков приток, инфильтрация, вторжение и нашествие тюркоязычных племен в Азербайджан, смешения их с местным автохтонным населением не привели к каким-либо коренным изменениям антропологического облика азербайджанцев…”
[12]. Bulletin de la Société d’anthropologie de Lyon, tome 11, 1892. pp. 28-44, s. 33: “Toutefois, ce n’est pas d’une façon absolue, car à côté du type iranisé, on en trouve qui sont restés parfaitement mongoloïde ou turk. On constate facilement ces différents types dans les grands centres tatars de la Transcaucasie comme Ghoucha, Ordoubat, Nakhitchevan et Erivan.”
[13]. Azərbaycan Tarixi (Yeddi cilddə), I cild, Bakı, Elm, 2007, s. 225: “Azəri dili materiallarının nüfuzlu alimlər tərəfindən aparılmış təhlili iddia etməyə imkan verir ki, bu dil Şimal-qərbi İran dilləri qrupuna aiddir.”
[14]. Yenə orada, s. 225: “Bizim azəri dili (həmin dili “Azərbaycan dili” də adlandırmaq olar; luyat-i aбarbäyjan istilahına əl-Birunidə də təsadüf olunur) haqqında bildiklərimizdən…”
Yenə orada, s.224: “. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin Rüstəm “əl-azəri”, yəni ― azəri” adlandırılır, bu isə son nəticədə elə “azərbaycanlı” deməkdir.”