Prof. Nəsib Nəsibli,
Ankara Universiteti.
Avropanın modernləşməsi Reform dönəmində (16. yüzil)[1] siyasi həyatı Roma kilsəsinin inhisarından qurtarmaqla başladı. Eyni zamanda Latın dilinin inhisarından qurtulmaqla İngilislər, Fransızlar, Almanlar və b. arasında millətləşmə sürəcinin önü açıldı. Kilsələrdə ibadətin, məktəblərdə təhsilin, ədəbiyyatda şeirin və nəsrin dili yerli danışıq dili oldu. Milli kilsələr, milli təhsil sistemi, milli ədəbiyyat, milli sənət, milli musiqi… şəkillənməyə başladı. Milli kimliyin/millətləşmə sürəcinin mərkəzinə dili deyil, məzhəbi qoyan xalqlarda (məsələn, İrlandiyalılar, Şotlandiyalılarda) sürəc fərqli yöndə irelilədi. Rəsmi İngilis dilinə loyal yanaşan, amma fərqli məzhəblə varlığını qorumağa çalışan bu xalqlar bu gün də milli problemlərini çözmüş durumda deyillər.
Azərbaycanda millətləşmə tarixi İrlandiya və Şotlandiya örnəyini xatırladır. Etnik/milli kimliyin mərkəzinə məzhəbin qoyulması digər dəyərləri, özəlliklə dili ikinci plana keçirmiş oldu.[2] Türkcəmiz[3] əsrlər boyu əzizlənmədi, nəvaziş görmədi, əksinə yadların dilləri mötəbər sayıldı, sevildi, gəlişdi. Üstəgəl Azərbaycan düşmənləri bu ölkəni əsarətdə saxlamaq üçün varlıq səbəbini-dilini daim hədəfdə saxladı. Sonucda milli dəyərlərimiz arasında ən çox zərər çəkən də Türkcəmiz oldu.
Dilimizin siyasi tarixi keşməkeşli olduğu kimi, bu günü də düşündürücüdür.
Keçmişin mirası
Ümmətçilikdən/məzhəbçilikdən millətçiliyə keçid bizdə həqiqətən inqilabi hadisə oldu. Əsrlərlə davam edən fikir qəlibi dağıldı, yenisi quruldu. Milli kimliyin mərkəzinə dilin yerləşdirilməsi gecikmiş millətləşmə dönəminə artıq girmək deməkdi. Niyə bu gündəyik? sualına cavab arayan fikir böyüklərimiz cürətlə məsələnin mahiyyətinə varmağa çalışdılar. Öz dilinə sarılmağa çağıran münəvvərlərimiz çoxdur. Zərdabi və Şeyx Cəmaləddindən günümüzədək milli fikir sahibləri dilimizin önəmini vurğulamış, onu milli hədəflərin mərkəzinə qoymuşlar. Bu qısa yazıda fikir böyüklərimizin hamısının dillə bağlı görüşlərindən bəhs etmək imkansızdır. Bəlkə heç lazım da deyildir. Ümumi görüntünü göstərə biləcək bəzi örnəklər verəcəyik.
Əhməd Ağaoğlu (1869-1939) xitab etdiyi soydaşının qürurunu incitsə belə, həyatı boyu həqiqətin acısını söyləməkdən özünü saxlaya bilməmişdir. Dil sahəsindəki keçmiş və indiki sorunlarımızı anlamaq üçün məhz Ağaoğlu kimi gerçəyin gözünün içinə dik baxmaq gərəkdir. Ağaoğlu, oxunması gərəkən məşhur İran və İnqilabı əsərində yazır: ‘Hər Türk dövləti qurularkən əvvəldə biz onu öz dilinə və öz adət-ənənələrinə bağlı qalmış görürük… Fəqət bir müddət keçir, hər yerdə Türk rəhbərlərini başqa lisanlara, başqa adətlərə qapılmış buluruq… Hökumət, ordu, ticarət, ziraət və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin [burada özəlliklərinin anlamında] ən canlı və ən davamlı amili olan dillərini qəbul etdirməmişlər. Tərsinə olaraq, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə Türk dövləti dedirtməyə önəm verməmişlər. Bu sürətlə dövlət, milliləşmək qabiliyyətini kayb etmişdir [itirmişdir].’[4]
Məmməd Əmin Rəsulzadə (1884-1955), Ağaoğlu kimi sərt üslub seçməsə də dəyərləndirmələrində dəqiqdir. 1912’də İrandakı Türklərin özəlliklə elit təbəqəsinin Farslaşmasının iki səbəbini göstərir: Şiəlik və Fars dilinə aşırı bağlılıq. Eyni zamanda kibarca əlavə edir: ‘İran’da bir kelime Farisi bilmeyen külliyetli Türkler vardır.’[5] Məşhur Milli Dirilik məqalələr seriyasının beşincisi dilin önəminə həsr edilib. Millət quruculuğunda dilin müstəsna böyük roluna toxunan Rəsulzadə, onun müstəmləkəçi-assimilyator siyasətlərdə əsas hədəf olduğunu bildirir. O, İslama ifrat bağlı olmuş Türklər haqqında ‘İslamı qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən Türklüklərini belə itirmişlərdir’ deyə yazır. Türk dilinin başqa dillərdən ifrat söz alması onun fikrincə Türk dilinin özünü belə ‘xarab etmişdir.’ Dilin təmizlənməsi və ortaq Türk lüğətini hazırlamaq üçün Rəsulzadə, yerli şivələrdən ibarət lüğət kitablarının tərtib edilməsi, yerli ədəbiyyat (folklor) nümunələrinin toplanması gərəkliyi fikrini irəli sürür.[6]
Yusif Vəzir Çəmənzəminli (Yusif Vəzirov, 1887-1943) Əcəmilik Möhürü və Onunla Mübarizə adlı (1913) məqaləsində zamanın Türk kültüründə İran/Fars təsirini araştırır. Milli həyata ‘Türklüyə yabançı əməllərin qarışdığını’ bildirən müəllif, bunu ‘İran hökmranlığının, Əcəm mədəniyyətinin nəticəsi’ sayır: ‘Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza İranın qoyduğu fəna izlərə rast gəlirik.’ Mədəniyyətin bir sıra sahələrində (qadın, din, ədəbiyyat) Fars təsirindən danışan Yusif Vəzir, təhsildə Fars ənənəsinin qalması faktını xüsusi qeyd edir: ‘Köhnə məktəblərdə uşaq öz dilində oxuyub-yazmır – kitablar və yazılar Fars dilində olur. Təbiidir ki, bu məktəblərdən çıxanlar özləri ilə həmişə bir farslıq daşıyırlar. Bunun üçün də şairlərimiz əsərlərini Fars dilində yazır, Fars hərflərini təqlid edirlər və cəmiyyətimizin adi üzvləri də məktəb, sənəd, ticarətə dair hesabatlar və qeyri şeylər yazdıqda yenə Fars dilinə müraciət edirlər. Qəribə burasıdır ki, iki Türk bir-biri ilə öz dillərində danışdıqları halda, bir-birinə kağız yazdıqda Fars dilində yazırlar.’[7] Müəllif ‘Əcəmin pozğun mədəniyyətinin Azərbaycan Türk həyatına (basdığı) bir elə ağır möhürün nüfuzundan xilas ola bilmək’ üçün səkkiz təklif irəli sürür. Birinci təklifə görə, gərək ‘dilimizi farslıqdan xilas edək.’ Bunun üçün yeni yazılan kitabların ‘qüsurunu düzəltmək’ (Farsca sözlərdən təmizləmək) üçün gərək xüsusi cəmiyyət qurula. Bununla yanaşı (II təklif), gərək ədəbi dil də Fars sözlərindən təmizlənə (‘Ədəbi dil el ədəbiyyatından götürülməlidir’).
Əli Bəy Hüseynzadə-Turan (1864-1940) dünyanın dəyişik yerlərində dağınıq məskun olan Türkləri ‘mədəniyyət yoluna çıxara biləcək dilin’ Ərəb, Fars, Rus, Firəng dillərinin ola bilməyəcəyini bildirir, ‘bu vasitənin ancaq və ancaq Türk dili olacağını’ iddia edir. Hüseynzadə Türk Dilinin Vəzifeyi-Mədəniyyəsi başlıqlı məqaləsində yazırdı: ‘Biz öz müxtəlif şivə və ləhcələrimizi islah və tövhid ilə özümüzə məxsus mədəni və ədəbi bir ümumi Türk dili vücuda gətirə biləriz.’[8]
Hüseynzadə və ardıcıllarına görə ‘ədəbi bir ümumi Türk dilinin yaranmasında’ Türkcənin İstanbul şivəsi (Osmanlı dili) əsas götürülməlidir. Abdulla Sur bu məsələ ilə bağlı göstərirdi: “… əgər ‘tohidi-lisan’ [dil birliyi] arzusunda isək amalımız naminə ‘İstanbul şivəsi’ni qəbulda tərəddüd etməməliyiz. Zənn edərsək, bunu bizim kibi hər Türk oğlu Müsəlman kimsə də istər degilmi?’ Artıq formalaşmış İstanbul şivəsi əsasında ümumi ədəbi dil ideyasını ən ardıcıl şəkildə Həyat qəzeti, ondan sonra isə Füyuzat dərgisi müdafiə etdi.
Mirzə Ələkbər Sabir (1862-1911) də bir neçə əsərində bu məsələlərə münasibətini bildirmiş, millətçi (Türkçü) kəsimin ümum-Türk ədəbi dil görüşünü müdafiə etmişdir. O, Osmanlıda istifadə edilən dildən (Osmanlıca’dan) Azərbaycandakı dilə (Türk dili’nə) tərcümə ehtiyacını qeyri-ciddi təklif saymış, məşhur Taziyanə şeirində bu təklifi vermiş şəxsi (Gəncəli’ni) lağa qoymuşdur:
‘Osmanlıcadan tərcümə Türkə’ – bunu bilməm,
Gerçək yazıyor “Gəncəli”, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
‘Osmanlıcadan tərcümə Türkə’ nə deməkdir?!
Həyat, Füyuzat, İrşad, Tazə həyat, Şəlalə kimi mətbu orqanlarda Əli Bəy Hüseynzadə və başqa Türkçülərin İstanbul şivəsi əsasında bütün Türklər üçün ümumi ədəbi dil görüşünü milli aydınların böyük əksəriyyəti qəbul etsə də, bəziləri onu şübhə ilə qarşıladı. İmla məsələsi ətrafında müzakirələr qızışaraq daha geniş miqyas aldı. İmla məsələləri kimlik axtarışlarına əlavə stimul verdi. İmla məsələsinin arxasında əslində bütün Türkləri bir millət, ya ayrı-ayrı millətlər saymaq kimi konseptual fərqlər dururdu. Osmanlı və Rusiya Türklərinə münasibətdəki fərqli baxışlar da bu yanaşma fərqindən qaynaqlanırdı. Aydınlar arasında Mirzə Fətəli Axundzadənin açdığı cığırla gedən, Rus kültürünün təsiri altında qalanlar, Şiə-Sünni məsələsinə məzhəb ayrılığından daha artıq önəm verənlər, Osmanlıya soyuq münasibətdə idilər. Onlar Füyuzatçıların dil, ədəbiyyat və kültür birliyi ideyasına müxtəlif dəlillərlə mənfi münasibət bildirirdilər. Əsas dəlil isə Osmanlı dilinin Ərəb və Fars sözləri ilə ifrat doldurulması, Osmanlıda istibdad rejiminin olması idi. Onlar bu dəlillərlə Əli Bəy Hüseynzadə və məsləkdaşlarının dil, ədəbiyyat, kültür birliyi fikrini çürütməyə çalışdılar. Halbuki Osmanlıda yazı dilinin sadələşdirilməsi və onu danışıq dilinə yaxınlaşdırmaq cərəyanı hələ Tənzimat dövründə başlanmış, 20. yüzilin başlarında, özəlliklə Gənc Türklər inqilabından sonra daha da güclənmiş, Yeni Lisançılar Hərakatı bu sahədə ciddi uğurlar qazanmışdı. Osmanlıda yazı dilinin yad sözlərdən təmizlənməsi sahəsindəki bu gəlişmələrə baxmayaraq, şərti olaraq xalqçı adlandırdığımız bu cərəyan Türkçü-millətçi kəsimin vahid ədəbi dil, dolayısı ilə vahid millət görüşünə mənfi münasibətini dəyişdirmədi.
Əli Bəy Hüseynzadənin 1910’da Osmanlıya mühacirətindən sonra xalqçıların bu məsələlərə münasibəti daha da sərtləşdi. Qori Müəllimlər Seminariyasının keçmiş tələbəsi Firidun Bəy Köçərli 1913’də yazdığı Ana Dili adlı məqaləsində normal tənqidi aşan ittihamlar belə irəli sürdü: ‘Bizim Azərbaycan Türklərinin dəxi özlərinə məxsus dili vardır… Allah Əli Bəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib, bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından bizə bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə biri-birinə macal verməyib, böyük hünərlər göstərdilər.’ Daha sonra Firidun Bəy işbu, işdə, şimdi, əfəndim kim sözlərin qəzet və jurnalların dilini tamamilə anlaşmaz hala gətirdiyini deyib, iddia edir: ‘Bizim əqidəmizcə, bu müdəllidlik [yamsılama] və rəftar millətə xəyanət etməkdir. Biz bir tərəfdən ilminskilərə, miroyevlərə, levinskilərə nifrin edib nalayiq sözlər deyirik ki, dilimizi atıb, bizi ruslaşdırmaq istəyirilər. Bir tərəfdən də özümüz ana dilinin pozğun hala düşüb unudulmağına çalışırıq.’[9]
Firidun Bəy Köçərli və başqa xalqçıların ümum-Türk birliyi fikrini müdafiə edənləri bu cür ağır ittihamla suçlamaları əsassız idi. Çünki məhz onun adını çəkdiyi Nikolay İlminski (1822-91) və başqa məmurlar Rusiya imperiyası daxilindəki Türklərin dildə, fikirdə, əməldə birləşməsini istəmir, bu birlik çağırışlarını və bu çağırışların müəlliflərini daim təqib edirdilər. İlminskilərin hər Türk xalqına öz əlifbasını, ədəbi dilini, ədəbiyyatını yaratmaq və onları bir-birindən ayırmaq fikirləri sonralar Sovet dövründə gerçəkləşdirildi.
Beləcə, ilk milli dövlətimizin qurulduğu 1918’ə qədər dilimiz haqq etdiyi rəsmi statusu (siyasi-idari işlərdə yazı dili) ala bilməmiş, işlənmə/funksional dairəsi məhdudlaşdırılmış (özəlliklə məktəblərdə), xarici dillərin (Ərəb, Fars, sonralar Rus) basqısı altında qalmışdır. Bu üzdən də milli fikrin və milli siyasi hərəkatın önəm verdiyi hədəflər arasında yer almışdı. Milli hakimiyyət digər milli məsələlər kimi dil probleminin də fərqində idi. 27 iyun 1918’də hökumət müəssisələrində ‘dövləti lisan Türk dili qəbul edildi’; Parlamanda ‘ərizə Türkcə lisanda olmadığı üçün əncamsız qaldı.’
28 avqust 1918’də ibtidai məktəblərin milliləşdirilməsi haqqında 245 saylı hökumət qərarı qəbul edildi. Tədrisin Türk dilinə keçirilməsi məqsədilə yaradılmış Təlif və Tərcümə Əncüməni ibtidai və orta məktəblərdə istifadə olunacaq Türkcə dərsliklərin hazırlanması və çapına başladı. Görkəmli ziyalılar yeni dərsliklərin yazılması işinə cəlb edildilər. Dərs proqramlarının dəyişdirilməsi üçün özəl qurum yaradıldı. Milliyyətcə Türk olanların yalnız Türk məktəblərində və siniflərində oxuması qaydası müəyyən edildi. İbtidai məktəblərdə dərslərin yerli Türkcə ilə, orta məktəbdə isə ortaq ədəbi Türkcə olması qərarlaşdırıldı. Türkcəsi zəif olan müəllimlərin bu milliləşmiş məktəblərdə çalışması üçün onların müəllim kurslarından keçməsi gərəkdi. Noyabr ayında Maarif Naziri Azərbaycan qəzetinin müxbiri ilə müsahibəsində Şəki və Gəncədəki bu kursları artıq 200-dən artıq müəllimin bitirdiyini bildirirdi.[10] Məktəblərdə Türkcənin tətbiqini sürətləndirmək məqsədilə Osmanlı dövlətindən dərs kitablarının gətirilməsi və müəllimlərin dəvəti için 1918’in 22 iyulunda 213 saylı qərar verildi. Savadsızlığa qarşı mübarizə kursları açıldı. Əlifbanın latın qrafikinə keçirilməsi məsələsi ilə məşğul olacaq qurum yaradıldı…
Elə buradaca 27 iyun qərarının ikinci hissəsini də əlavə edək: ‘İləridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə Rus dili istemalına [istifadəsinə] da müsaidə edilsin.’ Daxili İşlər Naziri Behbud Xan Cavanşir 1918’in noyabrında bu məsələyə aydınlıq gətirərək izah edirdi ki, dövlət müəssisələrində Rus dilinin işlədilməsi ‘heç də ona olan məhəbbətdən irəli gəlmir.’ Onun fikrincə bu durum uzun müddət davam etməyəcək. Türkcə bilməyən yüksək vəzifə tutan şəxslər işlərində qala bilməyəcəklər. ‘İki il içində Azərbaycan müəssisələrinin hamısı tamamilə milliləşdiriləcək.’[11]
Azərbaycanın ikinci işğalından (27 aprel 1920) sonra Türkcənin statusunda, onun işlənmə sahəsində, digər dillərlə, özəlliklə ‘Oktyabr dili’ Rusca ilə münasibətində dəyişikliklər oldu. Uzun 71 illik Sovet dönəmində Türk dilinin durumu fərqli dönəmlərdə fərqli şəkillərdə dəyişmişdir. Özətləmiş olsaq bir neçə məqamı vurğulamaq mümkündür.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonrakı ilk illərdə Xalq Komissarları Sovetinin sədri Nərimanov rəsmi dil sahəsində bərabərsizliyin olduğunun fərqində idi. Nərimanov Stalindən Stalinə yazdığı məşhur şikayət məktubunda (Ucqarlarda İnqilabımızın Tarixinə Dair) Bakı Sovetində mövcud olan vəziyyət haqqında yazırdı: ‘Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dilində olmalıdır, belə ki, ruslar, yəhudilər və ermənilər [yəni Bakı Sovetinin işçiləri] türk dilində danışmırlar. Mən bildirirəm ki, Dövlət Duması olanda, türk əhalisi belə sıxıntıya məruz qalmırdı.’[12] Azərbaycan SSR-in başqa dövlət orqanlarında da dil sahəsində vəziyyət eyni cür idi. Rus dilinin hakim mövqeyi və Türkcənin[13] məhdud sahələrdə (məsələn, məktəblərdə) işlədilməsi halı sonrakı onilliklərdə də davam etdi. Nikita Xruşşovun hakimiyyəti (1954-64) illərində siyasi mühitin nisbətən mülayimləşməsindən istifadə edərək yerli hakimiyyət İmam Mustafayev-Mirzə İbrahimov –Sadıq Rəhimov üçlüyünün şəxsində mövcud konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında maddə əlavə etdi. Bu üçlüyün milli dilin statusunu yüksəltmək sahəsindəki cəhdləri onların işdən azad edilməsi ilə nəticələndi. Sonrakı onilliklərdə də Türkcənin gerçək statusu durmadan aşağı salındı, o yalnız təhsil-mədəniyyət sahəsində (Rus dili ilə yanaşı) işlədildi.
Milli dilin (Türkcənin) yalnız təhsil sahəsi ilə məhdudlaşdırılması müzakirə, mübahisə, hətta bəzən qarşıdurmalara səbəb olurdu. Sovet rejiminin mövcud olduğu bütün dövr ərzində Sovet dövləti Türk dilinin işlənmə dairəsini məhdudlaşdırmağa, əvəzində Rus dilinin rolunu artırmağa çalışdı. Əksinə, milli qüvvələr, milli dilin millətləşmə sürəcində həssas rolunu nəzərə alaraq onun rəsmi statusunun yüksəldilməsinə çalışmışlar.
Azərbaycan SSR’in birinci (1921), ikinci (1925) və üçüncü (1937) konstitusiyalarında dövlət dili anlayışı yox idi. 1978. il konstitusiyasında Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir’ müddəasının qəbulu isə 1978. ildə Gürcüstandakı ayaqlanmadan sonra Gürcüstanın konstitusiyasında ‘Gürcü dilinin dövlət dili’ olması maddəsinin salınmasından sonra Ermənistan və Azərbaycan SSR konstitusiyalarında da eyni maddənin salınmasına Moskva razılıq verdi. Sovet konstitusiyasında bu maddənin olmasına baxmayaraq, milli dil Azərbaycan Respublikasında heç vaxt gerçək dövlət dili statusuna malik olmamışdır.
Sovet rejiminin Türkcəmizə yönəlik siyasətinin fərqli dönəmlərdən keçdiyini təkrar vurğulamaq gərəkdir. 1930’ların ortalarına qədərki dönəmdə dilimizin yad ünsürlərdən (özəlliklə, Ərəb-Fars tərkiblərindən) təmizlənməsi sürəci yaşandı. 1940’də kiril qrafikalı əlifbaya keçdikdən sonra Rus sözləri və terminlərin dilimizə doldurulması təşkil və təşviq edildi. Dilin qrammatikası üzərində mühəndislik yapıldı. Sovet rejiminin son 30-40 ilində isə Azərbaycanda Türkcənin öz əsaslarına dönməsi, təmizlənməsi meylinin qarşısının alınmasına çalışıldı. Öztürkcəmizin əski Türkcədən, özəlliklə Türkiyədə yayğın olan sözlərdən və terminlərdən uzaq tutulması üçün senzura rejimi tətbiq edildi. Buna baxmayaraq dilin yad ünsürlərdən təmizlənməsi kimi təbii prosesin qarşısını almaq mümkün olmadı. 20. yüzilin başlarındakı durumu ilə müqayisədə dilimiz təmizlik süzgəcindən keçdi və xeyli gəlişdi.
Quzey Azərbaycanda dil problemləri
Yenidən bağımsızlığını qazanan Quzey Azərbaycan (oktyabr 1991), Sovetdən miras qalan dil ortamına da dəyişiklik gətirmək məcburiyyətində qaldı. Davam edən milli hərəkatın tələblərindən biri də elə bu idi.
Əbülfəz Elçibəy hakimiyyəti dövründə (1992-93) dövlət dilinin 1936’ya qədərki adı (Türk dili) qaytarıldı (22 dekabr 1992). Dövlət dilinin işlənmə sahələrinin genişlənməsi, o cümlədən rəsmi yazışmaların dövlət dilinə keçirilməsi üçün tədbirlər görüldü. Sayca azlıqda olan xalqların dillərinə rəsmi dil statusu verildi. Milli hərəkatın və milli hökumətin təsiri altında toplumda milli təhsilə münasibət də dəyişdi. Minlərlə ailə övladını Rus məktəblərindən/bölmələrindən alıb, Türk məktəblərinə/bölmələrinə yazdırdı. İctimai həyatın milliləşməsi gedişində milli dillə (Türkcə) bağlı problemlərin nəhayət sürətlə çözüləcəyi ümidləri yaranmışdı. Amma olmadı.
1993’dən sonrakı Əliyevlər hakimiyyəti dövründə dil siyasəti Sovet ayarlarına yenidən geri döndü. Rusiya və Rus dili amili yenidən mərkəzə gətirildi. Özətləməyə çalışaq.
Yeni Anayasanın (1995) 21. maddəsinə görə, ‘Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.’ Bu maddənin ikinci hissəsində deyilir: ‘Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.’
Təhsil Haqqında Qanunun (2009) 7.1. maddəsində ‘Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.’ deyilir. Ardınca bu maddənin mahiyyətini heçə endirən müddəa gəlir: 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə (oxu: Rus dilində) də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.
2019’un mayında qəbul edilmiş Ümumi Təhsil Haqqında Azərbaycan Respublikasının Qanununun ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında humanistlik, bərabərlik, inteqrasiya, keyfiyyətlilik, varislik, çeviklik, fasiləsizlik, vəhdətlik, demokratiklik kimi ağıla gələn bütün mümkün prinsiplər sadalanmışdır. Amma bu prinsiplər sırasında vazkeçilməz millilik ve modernlik prinsiplərinin olmasına gərək görülməmişdir. Bu qanunda təhsilin dili haqqında maddənin olmaması da düşündürücüdür.
Mövcud hakimiyyətin millətləşmə sürəcinə mənfi təsirlərindən biri məhz təhsil sistemində başlanmış milliləşmənin qarşısının alınmasında, Rus dilinin (ədəbiyyatının, tarixinin) yenidən Azərbaycan təhsil sistemində rolunun artmasında özünü göstərdi. Azərbaycan Respublikasının istiqlalının bərpasından keçən illərdə Rusca təhsil alanların sayı azalmadı, əksinə artdı. Ayna qəzeti 1997’nin mayında rəsmi statistikaya əsaslanaraq yazırdı ki, Azərbaycan Respublikasında 40 tamamilə Rus, 381 ədəd isə beynəlmiləl məktəb var. Əsasən Bakıda yerləşən bu məktəblərdə şagirdlər Rusiyadan gətirilən dərsliklərdən və dərs vəsaitlərindən öyrənir, nəticədə ‘Rus dövlətinin vətənpərvərləri kimi tərbiyə olunurlar.’[14]
2016’nın ortalarında Bakıda və bütün ölkədə tədrisin dili haqqında hazırlanmış bir məqalə (Bakıda Məktəblərin Ana Dilli Bölmələri Bağlanır) yazılı və görsəl mətbuatda xeyli müzakirə edildi. Bu məqalə orta məktəblərdə Rus dilində tədrisin artması meyli haqqında idi. Məqalədə göstərilirdi ki, ölkənin Rus bölməsi olan 300-ə yaxın ümumtəhsil məktəbinin Rus bölməsində 170 minə yaxın şagird oxuyur. Bu, bütün şagirdlərin 15%-ə bərabərdir. Araşdırıcıların fikrincə, ‘bu rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin sonlarında Rus bölmələrində 107 min şagird oxuyurdu və onların sayı ümumi şagird sayında 7%-ə çatırdı.’[15] Bakıda bu meyl daha qabarıq ortaya çıxmaqda idi. 2016’da Bakının 15 elitar məktəbində birinci sinfə qəbul edilən şagirdlərdən 1144 nəfəri Azərbaycan bölməsinə, 1206 nəfəri isə Rus bölməsinə qəbul edilib. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu meyli belə dəyərləndirmişdi: ‘1990-cı illərin ortalarından fərqli olaraq indi Rus bölməsinə maraq bir neçə dəfə artıb. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon qeydiyyatında olan və Rusca bilməyən ailələr də uşaqlarını Rus məktəblərinə qoymaq istəyirlər.’[16]
Gerçəkdən də çox əcaib durumla qarşı-qarşıyayıq: Əski Sovet respublikalarının demək olar hamısında (Türk cümhuriyyətləri istisnadır) Rusca təhsil problemindən azad olub, təhsil sistemlərini tamamilə milliləşdiriblərsə, nədən bağımsızlığının 30. ilində Azərbaycanda Rus məktəblərinə meyl artır, Rusiya universitetlərinin yeni-yeni filialları açılır? Bu önəmli məsələnin güman ki çeşidli səbəbləri vardır. Onlardan bir neçəsini sıralayaq.
Birincisi, mövcud hakimiyyət Rusiya qarşısında loyallığını sübut etmək üçün təhsil sistemində Rusiya amilinə önəm verməkdədir.[17] Bu ‘xidməti’ dəRusiya siyasi rəhbərliyi yüksək qiymətləndirir. Dəfələrlə Rusiya prezidenti verdiyi açıqlamalarda durumdan məmnunluğunu ifadə etmişdir. Özəlliklə qonşu Rusiyayönlü Ermənistanla müqayisədə bu durum diqqət çəkir. Burada Rus məktəbləri yox səviyyəsindədir. Erməni uşaqların yalnız milli məktəblərdə oxumasına icazə verilir. (Azərbaycan hakimiyyətinin bu cür xoşrəqsliyinin ‘effektivliyi’ başqa bir məsələdir.)
İkincisi, xalq olaraq təhsilin ciddiyyəti hələ gərəyincə dərk edilməmişdir. Milli fikirdə də bu problemə lazımı diqqət yoxdur. Məhz bu səbəbdən də mərhum Məlahət Mürşüdlü ‘hətta rayon qeydiyyatında olan və Rusca bilməyən ailələr də uşaqlarını Rus məktəblərinə qoymaq istəyirlər’deyə fəryad edirdi.
Məsələnin mahiyyətini təşkil edən kritik fikir budur: Orta məktəbin funksiyası vətəndaş yetişdirməkdir! Əcnəbi məktəblər vətəndaş yetişdirə bilməz. Məsələ dillə məhdudlaşmır; uşaq doğma dəyərlərini bilmir, yad dəyərlərin təsiri altına düşür. Həyatının sonrakı dönəmlərində bu əskikliyi düzəltmək imkanı da olmur. Yad məktəbdə yetişən uşaq ömrü boyu əldə etdiyi yad dəyərləri doğma/milli dəyərlərindən üstün tutur. Vətəndaşlıq duyğusu və bilinci olmayanların təkrar istehsal edildiyi bir ölkədə normal millət yarana/ola bilməz! Bu cür millət bölünmüşlüyə, daim güvənlik problemləri ilə üz-üzə qalmağa məhkumdur.
Hələ 19. yüzildə görkəmli Rus pedaqoqu Konstantin Uşinskiy Rus uşaqlarının əcnəbi dillərdə oxumasına etiraz edirdi. O, uşaqlara doğma Rus dilində təhsil verilməsinin üstünlüyünü göstərirdi: ‘Uşaq onu əhatə edən adamların mənəvi mühitinə yalnız ana dili vasitəsilə daxil olur… Hər predmetin təlimi söz formasında uşağa ötürülür, mənimsənilir və həmişə sözlə ifadə olunur. Sözün mənasına varmağa adət etməmiş uşaq, onun əsl mənasını dumanlı başa düşür, yaxud heç başa düşmür. Yazılı və şifahi nitqdə onlardan sərbəst istifadə vərdişləri olmadığı üçün həmişə hər bir başqa predmetin öyrənilməsi vaxtı bu əsaslı çatışmazlıqdan əziyyət çəkir. İnkişafı zorakılıqla pozulmayan uşaqların əksəri 5, yaxud 6 yaşında ikən artıq öz ana dilində çox düzgün və qıvraq danışır. Ancaq təsəvvür edin ki, ağıllı bir beşyaşlı uşağın öz ana dilində danışdığı kimi özgə bir dildə danışmaq üçün adama nə qədər bilik, hiss, fikir, məntiq, hətta fəlsəfə lazımdır.’[18]
Azərbaycanda təhsil sisteminin normallaşmasını tələb edən ikinci şərti də gözardı etməməliyik. Milli və rus məktəbləri/bölmələri arasındakı varsayılan fərqi ləğv etmək və milli məktəbləri vətəndaşın gözündə daha cazib etmənin yolu milli məktəblərin modernləşməsidir.[19] Məktəbin modernləşməsi əslində milli məktəbləri rəqabət qabiliyyətli etməkdən daha çox təhsil sisteminin doğasından gələn ön şərtdir.
Quzey Azərbaycanda hakimiyyətin dil siyasəti və ölkədə mövcud dil ortamından bəhs edərkən başqa olumsuz/neqativ halları da göstərmək gərəkdir. Türkcənin Anayasada təsbit edilmiş rəsmi dövlət dili statusuna baxmayaraq, dövlət idarələrində Ruscanın yazı dili kimi istifadəsinə icazə verilməkdədir. Bir çox dövlət və özəl təşkilatlarda işə qəbul şərtləri sırasında iddiaçının dövlət dili ilə yanaşı Rus dilini də bilməsi zəruri sayılır. Azərbaycan Respublikası vətəndaşlığı iddiasında olan əcnəbilər üçün dövlət dilini bilmək və uyğun imtahanlardan keçmək şərti nəzərdə tutulmamışdır. Sovet dönəmindən qalan və Rus dilinin özəlliklərini daşıyan yazı qaydalarının dəyişməsinə hakimiyyət maraqlı görünmür.[20] Dövlət dilinin artıq əskiləşmiş Ərəb, Fars və Rus sözlərindən və terminlərindən təmizlənməsinə çeşidli yollarla maneələr yaradılır. Dövlət dili lüzumsuz olaraq Latın-Yunan mənşəli sözlər və terminlərlə doldurulur…
Beləcə, Azərbaycan Respublikasının bağımsızlığının 30. ilində Türkcənin Anayasadakı statusu ilə gerçək durumu arasındakı açıq fərqi müzakirə etmək məcburiyyətində qalırıq. Bu milli problem toplumda, özəlliklə sosial medyada ən çox dartışılan mövzular sırasındadır.
Güney Azərbaycanın dil problemi
İrandakı Türklərin Farslaşmasının iki səbəbindən birinin Fars dilinə aşırı bağlılığın olması haqqında Məmməd Əmin Rəsulzadənin fikrini qeyd etmişdik. Türk elitinin Farslaşması hadisəsində Fars dilinin mühüm roluna 1912’də diqqəti çəkən Rəsulzadə, davam edir: ‘Hükümdarların Türklüğüne rağmen memleketin lisan-i resmisi Farisi kalmış ve merasim ve teşrifatta hep Farisi an’anatı muhafaza olunmuşdur.’ Təhsil tamamilə Farsca olduğundan savadlı kəsim Türkcə çətinliklə yazıb-oxuya bilir. ‘Hülasa Arapça nasıl bir lisan-i dini isə Farisice de o derece bir selahiyet ve nüfuzu ha’iz lisan-i tahrirdir [yazı dilidir]. Türkçe konuşulur, Türkçe nutuk edilir, Türkçe va’azlar söylenir. Fakat yazıya gelince hep Farisi kesilir.’[21] Belə bir qeyri-münasib şəraitdə yerli Türk dili özünə yol açmalı, inkişaf etməli idi.İrandakı sonrakı siyasi gelişmələr Türkcənin durumunun daha da ağırlaşmasına yol açdı.
1920-30’lar İran tarixində fəal millət quruculuğu dönəmidir. Rza Pəhləvi hakimiyyətinin bu siyasəti çoxmillətli (polietnik), çoxkültürlü imperiyanı bir millət, bir dil, bir kültür, bir siyasi hakimiyyətdən ibarət unitar dövlətə çevirmək kimi iddialı məqsəd daşıyırdı. Fars irqçiliyi rəsmi dövlət siyasətinin əsasını təşkil etdi. 1930’da Fars dili yeganə rəsmi dövlət dili elan edildi, qalanlarının təhsil sistemində, mətbuatda və dövlət idarəçilik sistemində istifadəsi qadağan olundu.
Rza Şah hökumətinin irqçi siyasətinin əsas hədəflərindən biri İranda Türk dilinin işlənmə alanını daraltmaq, mümkün olsa, onu unutdurmaq idi. Azərbaycanda yeni yaradılmış dövlət məktəblərində Türkcə dərslərin qoyulmasının yasaqlanması bir yana, məktəblərdə şifahi söhbətlərdə Türkcədən istifadə, ana dilindən başqa bir dil bilməyən uşaqlara dərslərin Türkcə izah edilməsi belə qadağan olundu. Tehrandan göndərilmiş maarif müdirləri bu sahədə xüsusi fəallıq göstərdilər. Onların arasında A.Mövsümi və Q. Zövqi xüsusilə fərqləndilər. Bunlardan birincisinin ‘Türkcə danışanların boynuna noxta keçirib axura bağlayın’ ifadəsi yayğındı. Zövqinin Azərbaycanda ibtidai məktəblərdə tənəffüs zamanı Türkcə danışanları cəzalandırmaq üçün cərimə sandıqları qoymaq haqqında göstərişi uzun illər yerli əhalinin yaddaşından silinmədi.[22]
Türk dili, mədəniyyətin başqa sahələrindən də vurulub çıxarıldı. Ana dilində kitab və qəzet nəşri, tamaşalar göstərmək, hətta yas və taziyə məclislərində Türk dilindən istifadənin qarşısı alınmağa çalışılırdı. Bir zamanlar Təbrizdə teatr tamaşaları insanların ilgisini çəkdiyi halda, onun bundan sonra Farsca olması teatr salonlarının boş qalmasına nədən oldu.
1920-30’lar Azərbaycandakı dövlət idarələrinə mərkəzdən göndərilən məmurların sayının artması ilə diqqəti çəkir. Ayrı-ayrı məmurlar əvvəllər də paytaxtdan göndərilirdi. Rza Şah dövründə bu, kütləvi hal almağa başladı. Bu məmurların yerli dili bilmələri zəruri sayılmırdı. Əksinə, onların qarşısına Türk dilinin və mədəniyyətinin aşağılanması, beləliklə Azərbaycan türklərində aşağılıq kompleksi yaradaraq assimilyasiyaya meylləndirmək vəzifəsi qoyulurdu. Azərbaycana vali göndərilmiş Abdulla Mustofi sonralar çap etdirdiyi xatərələrində Azərbaycan əhalisi haqqında yazırdı: ‘Azərbaycan əhalisinin Türkcə qırıldatmağına (bolqur kərdən) baxmayın, ölkəmizin heç yerində onlarda olan İranlılıq ruhu yoxdur.’[23] Bu ostandar Türk dilinin yas yerlərində işlədilməsini belə qadağan etmişdi, çünki ‘Daryuş və Kambizin xələfləri Əfrasiyab və Çingizin dilində danışa bilməzdilər.’[24]
Azərbaycan Türkünün ölkə siyasətində addım-addım mövqeləri təhvil verməsi 20-30’larda onu məzlum millət durumuna gətirib çıxartdı. Rza Şahın diktatura rejiminin timsalında dövlət Türk varlığını modernləşən İranın bütövlüyü üçün əsas təhlükə saydı, Türk kültürünü hədəf alaraq ona ciddi zərbə vurdu. Türklər arasında oxumuş kəsim, xüsusilə məmur təbəqəsi arasında İrançılığa bağlılığın artmasına baxmayaraq, Türk əhalisinin əksəriyyəti arasında İran dövləti-Türk milləti münasibətlərinə aydınlıq gəldi. Türk əhalisinin bu hissəsində İran dövləti anlayışından qopma baş verdi.
1941’də Sovet İttifaqının İranın quzeyini, İngiltərənin isə güneyini işğal etməsi ölkədəki siyasi durumu dəyişdirdi. İranda nisbi liberal siyasi mühit yarandı. Güney Azərbaycanda ictimai-siyasi həyat canlandı. 20 illik anti-Türk, anti-Azərbaycan rejimin buradakı Fars məmurları xalqın intiqamından ehtiyat edərək Tehrana qaçdılar. Türk dili üzərinə qoyulmuş yasaqlar aradan qalxmağa başladı. Milli ruhlu aydınlar yeni yaranmış imkanları dəyərləndirib hərəkətə keçdilər. Təbrizdə çıxan Azərbaycan qəzeti hakim və rəsmi İran milləti anlayışından fərqli millət görüşünü ortaya qoydu. Qəzetin səhifələrində tez-tez Azərbaycan milləti[25] anlayışına rast gəlmək mümkündür. Bu millət, qəzetə görə, ‘…hiss, dil, adət-ənənə və ərazi birliyinə malik xalqdır.’[26] Millət yaradan elementlər arasında dilə böyük önəm verilir, o, millətin əsas əlaməti sayılırdı.[27] Azərbaycan Cəmiyyəti və onun mətbu orqanına görə, İranda vahid dil olmadığından vahid İran milləti də yoxdur, çoxmillətli İran cəmiyyətini birləşdirən əsas şərt ‘məqsəd və ideal birliyi’ ola bilər.[28]
Azərbaycan türklərinin ayrıca millət olduğunu əsaslandırmaq üçün qəzetdə milli dilin önəmi vurğulanır, onun (türkcənin) başqa dillərlə (ilk növbədə Farsca ilə) bərabərliyi üzərində israr edilirdi. Dil məsələsi Azərbaycan Cəmiyyəti üçün vaz keçilməyəcək ‘qırmızı xət’ hesab edilməkdə idi. Azərbaycan qəzeti 5 dekabr 1941 tarixli sayında qətiyyətlə yazırdı: ‘Kim ki, bizim dilimizə, ənənələrimizə, sərvətlərimizə qəsd etmək istəsə, biz onu öz düşmənimiz sanacaq və son nəfəsimizə qədər onları məhv etməyə çalışacağıq.’
21 Azər hərəkatı və Milli Hökumət zamanı (1945-46) üstündə durulan ən önəmli məsələlərdən birinin milli dil olması təbii idi. Milli hərəkatların milli dil və kültür məsələlərinə birinci dərəcəli önəm verməsi ümumi haldır. Bu, Azərbaycanın milli qüvvələrinin, özəlliklə həssas yanaşdığı mövzu idi. Çünki Rza Pəhləvi rejiminin Türklüyə münasibətdə uyğuladığı siyasətin ən həssas sahəsi məhz milli dil və milli kültür sahəsindəki yasaq idi. Milli Hökumət ilk başdan işlərini ana dilində qurdu, təhsil sistemini ana dilinə keçirdi, onlarla savadsızlığı ləğvetmə kursu işə başladı, onlarla yeni məktəb tikildi, Təbrizdə dövlət universiteti, dram teatrı və filarmoniya açıldı, şair və yazıçılar əncüməni, bəstəkar və memarlar cəmiyyəti quruldu, ana dilində dərslik və başqa kitablar çap edildi və s. Mir Cəfər Pişəvəri yazırdı: ‘Bizim dilimiz düşmənlərin iddialarına baxmayaraq çox geniş və qəni bir dildir. Onun kökü xalqımızın qanında və ürəyindədir. Biz onu ana südü ilə əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüs etmişik. Ona tohin [təhqir] edənlər, onu təhmili və məsnui [süni, qəlp] göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir.’[29] Tehranla danışıqlarda Azərbaycan nümayəndələri dil məsələsindən vaz keçməyəcəklərini bildirmiş, sonda müqavilənin əldə olunması xatirinə Azərbaycandakı orta və ali məktəblərdə tədrisin ‘Fars və Azərbaycan dillərində icra edilməsi’ haqda bəndin artırılmasına razı olmuşlar.[30]
İran hökuməti 1945’in sonlarından etibarən Güney Azərbaycana, savaşda məğlub etdiyi ölkə kimi yanaşmağa başladı. Məhəmməd Rza Pəhləvi rejiminin mövcud olduğu bütün dövr ərzində (1979’a qədər) İranın siyasi həyatında mühüm proseslərin (məsələn, 1949-53’lərdəki demokratik hərəkat, 1962’də başlayan Ağ inqilab islahatları) baş verməsinə baxmayaraq, Tehranın Azərbaycana yad münasibəti dəyişmədi.
İran yazıçısı Cəlal Ale-Əhməd İran hökumətinin Azərbaycanı mədəniyyət baxımından özünün müstəmləkəsi saydığını bildirərək, onun dil siyasəti haqqında göstərmişdir: ‘İndi qırx neçə ildir ki, İran hökumətlərinin səyi bu dili nəinki məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəlmişdir. Onu Azəri adlandırdılar, ona zorla qəbul edilmiş adı qoydular, Azərbaycanın şəhər və məhəllələrinin adını dəyişdirdilər, Türk əsgər və məmurunu Farslar yaşayan məntəqələrə yolladılar, və əksinə, ancaq Türk dilini məhv etmək işində cüzi bir uğura belə nail ola bilmədilər.’[31] Maarif Naziri Amuxte də bu uğursuzluğu etiraf etmək məcburiyyətində qalmış, 1953-62’lərdə dövlət təhsil sistemi qarşısında qoyulmuş məqsədə çatmadıqlarını bildirmişdi: ‘Həmin illər ərzində Azərbaycanın mədəniyyəti və maarifi sahəsində əsaslı bir inkişaf baş verməmişdir, Fars dili Azərbaycan əhalisi arasında yayılmamışdır.’[32] Əhalinin xeyli hissəsinin savadsız olduğu bir ölkədə Farslaşdırma siyasətinin uğuru pan-İranist siyasətçilərin arzusu olaraq qalmaqda idi.
Pəhləvi rejiminin Farslaşdırma siyasətinin nəticələrinə baxarkən, fikrimizcə, Cəlal Ale-Əhmədin verdiyi bu fakta da diqqət yetirməyə dəyər. Azərbaycanda Türk əhalisi ilə əhatə olunmuş İrandilli əhali qrupları sürətlə Türkləşmək üzrə idi. Milliyyətcə Tat olan İranın bu demokrat yazarı göstərirdi ki, son zamanlaradək Zəncan ostanındakı əski Zəhra bölüyünün 28 parça kəndi Tat dilində danışdığı halda, az sonra vur-tut 9 kənddə Tat danışığı eşitmək olardı. O yazırdı: ‘Zəncan və Marağadan gələn Türk dili qasırğa kimi öz yoluna çıxan İran ləhcələrinin hamısını süpürüb aparır.’[33]
Bununla belə Pəhləvi rejiminin assimilyasiya siyasətinin uğursuzluğunu mütləqləşdirmək qətiyyən doğru deyildir. Bu siyasət Azərbaycanın sosial-iqtisadi baxımdan geridə qalmasına, əhalinin böyük hissəsinin öz vətənini tərk etməsinə, buranın mədəni cəhətdən bərbad duruma düşməsinə gətirib çıxartdı. Bu siyasətin ən vacib nəticələrindən birisi də Türklər arasında millətləşmə sürəcinin son dərəcə ləngidilməsi oldu. Bu mərhələdə də milli təmərküzləşmənin mühüm şərtləri həll edilməmiş qaldı. İslam inqilabı ərəfəsində rəsmi pan-İranist, irqçi tarix görüşünü şübhə altına ala biləcək milli keçmiş görüşü yaranmadı, Azərbaycanın gələcəyi ilə bağlı əsaslandırılmış görüşlər ortaya atılmadı, çeşidli səbəblərdən millətin və dilin adı ilə bağlı müxtəliflik (Türk, Azərbaycan, Azəri) yarandı.
İrandakı son inqilab (1979) da Fars olmayanların problemlərini həll etmədi. Tütkcənin durumunda diqqətçəkən böyük dəyişiklik olmadı. Bununla belə Əsas Qanunda İranın çoxmillətli ölkə olması dolayısı ilə etiraf olundu. Əsas Qanunun 19. maddəsində yazılıb: ‘İran əhalisi etnik [qövm] və tayfa mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqa malikdir, dərinin rəngi, irq, dil imtiyaz üçün əsas ola bilməz.’ Əvvəlki Əsas Qanuna nisbətən bu, onun müsbət cəhəti idi. Lakin keçmiş Əsas Qanunda dövlət dili anlayışının olmamasına rəğmən, İran İslam Respublikasının Əsas Qanununda yazılmışdır: ’İran xalqının rəsmi müştərək dili və əlifbası Fars dili və əlifbasıdır.’ (15-ci maddə). Elə buradaca məzlum xalqlara dilənçi payı təklif olunur: ‘Mətbuat, kütləvi informasiya vasitələri və məktəblərdə ədəbiyyat dərslərinin tədrisində Fars dili ilə yanaşı yerli [bumi] və etnik [qövmi] dillərdən istifadə azaddır.’
Türklərin dil və kültür sahəsindəki gözləntiləri də özünü doğrultmadı. Yeni İslami hakimiyyət özünü möhkəmlədən kimi Türk kültürünün sərbəst inkişafı dövrünə son qoydu, onu əvvəlki Pəhləvi hakimiyyəti dövründəki məzlumiyyət çərçivəsinə saldı. Millətləşmə sürəcinin mədəniyyət sahəsinə, ilk sırada milli dilə aid problemləri həll edilməmiş qaldı.
Türk kültürü uğrunda mübarizə yeni İslam rejiminin müəyyən etdiyi sərt normalarda və çərçivədə də davam etdi. Əsas hədəf yenə də milli dilin istifadə alanının genişləndirilməsi idi. Hər prezident seçkisində namizəd göstərilən şəxslərin əksəriyyəti Təbrizə və Azərbaycanın başqa şəhərlərinə səfərləri zamanı məhdud hüquqlar verən anayasanın 15 və 19. maddələrinin uyğulanması vədini vermiş, ölkə başçısı seçiləndən sonra bu vədini unutmuşdur.
2006’nın mayında rəsmi İran qəzetinin Türkləri təhqir etməsinə qarşı etiraz hərəkatı zamanı on minlərlə insan spontan şəkildə Azərbaycanın demək olar bütün şəhərlərində, eləcə də Tehranda küçələrə töküldü. Etirazçıların polislə toqquşması və çoxsaylı ölənlərin olması məsələnin bəsit bir karikatur məsələsi olmamasını göstərdi. Çeşidli tələblər arasında Türk dili haqqında tələblər daha çox eşidildi: Türk dilində mədrəsə, olmalıdır hər kəsə!; Türk dilini atmarıq, Fars dilinə satmarıq!; Türkün dili ölən deyil, Fars dilinə dönən deyil!; Türk dili İranda rəsmi dövlət dili olmalıdır! May ayının 28-də İslam Şura Məclisi binasının qarşısındakı nümayişdə oxunmuş qətnamənin (Milli Manifest) 33 maddəsindən altısı birbaşa milli dillə bağlı problemlərin həll edilməsi zərurəti haqqında idi. Burada ‘Türk dilinin rəsmən tanınması’; Azəri adının işlədilməməsi; Türkcə radio-televiziya mərkəzinin, Türk dil və ədəbiyyatı qurumunun yaradılması; ölkə universitetlərində Türk dili bölümlərinin təsisi;[34] Türkcə kitabların çapına yardım edilməsi; ‘Fars dilində əskinaslarla yanaşı Azərbaycan Türkcəsində də əskinasların çapı’;[Yeni doğulmuş uşaqlara]‘Türkcə adların qoyulmasına mane olmamaq’ kimi tələblər yer almışdı.[35]
Sonuc
Uzun əsrlər boyu yad dillər Türk yurdu Azərbaycanda məscid, dəftərxana və məktəb dilləri oldular. Bu dillərin daşıyıcıları Türklüyə zidd dəyərləri sırıdılar, idarə-siyasət və mədəniyyət sahələrinin milliləşməsinə mane oldular. Türk dili onlarla uzun mücadilə yolu keçdi, arxasında dövlət gücü olan dillərin müqavimətini qıraraq zamanla statusunu yüksəltdi, işlənmə sahələrini genişləndirdi. Türk dili dramatik tarixi mübarizəsi ilə möhtəşəm abidəni haqq etmişdir.
İndiki Quzey Azərbaycanda Türkcənin (Azərbaycan dilinin) rəqibsiz dövlət dili durumuna gətirilməsi günümüzün ən önəmli milli məsələlərindəndir. İdarəçilikdə, təhsil sistemində anyasal tələb yerinə yetirilməlidir. Bu, hər şeydən öncə Azərbaycan Respublikasının təhlükəsizliyi məsələsidir. Üstəlik qanunvericilikdə təsbit edilmiş bir tələbdir: Dövlət milli mədəniyyətin qorunması və inkişafına məsuliyyət daşıyır. Dil millətin qurucu ünsürlərindən biridir. Dil problemini çözə bilməmiş bir millət, hələ millətləşmə sürəcində gərəkən növbəti aşamaları keçmək zorundadır deməkdir.[36]
Güney Azərbaycanda Türk dili layiq olduğu statusa sahib olmalıdır və sahib olacaq. Çünki 35 milyonluq bir toplumun dilini aşağılamaq, onu dükan-bazar dili səviyyəsində (bumi, ya da qövmi) saxlamaq gözgörəsi ədalətsizlikdir. Üstəgəl etnik-milli inkişafın təbiətinə ziddir. Bəzi milli qrupların dil məsələsini önəmsəməməsi də ağılalmaz bir yanlış yanaşmadır. Çünki Türkcənin rəsmi statusa sahib olması İranda Azərbaycan/Türk məsələsinin çözülməsinin başlanması deməkdir.
[1] Sovetlərdən qalan məntiqsiz yazı qaydalarını dəyişmək gərəkdir.
[2] Baxın: Nəsib Nəsibli, Güneyli-Quzeyli Məsələlərimiz, Bakı: Aypara3, 2013, özəlliklə Millətləşmə Sürəcində Şiəliyin Yeri bölümü, s. 27-60.
[3] Bu yazıda Türkcə dedikdə Azərbaycan Türkcəsi nəzərdə tutulur. Dəqiqləşdirmək lazım olanda Azərbaycan Türkcəsi, Türkiyə Türkcəsi… işlədilir.
[4] Əhməd Ağaoğlu, İran və inqilabı, Bakı: Azərnəşr, 2009, s. 26-27, 28. Milli tariximizin bu faktını tək Ağaoğlu deyil, bir çox fikir böyüyümüz üzülərək qeydə almışdır. Son illərdə orta çağlarda dilimizin rəsmi durumu haqqında tarixi gerçəkliyə uyğun olmayan, amma israrla qulağa xoş gələn fikirlər yayılmaqdadır. Örnək olaraq, Səfəvi Dövlətində dövlətin kargüzarlıq işlərinin Türkcə aparıldığı (kaş ki elə olaydı!) iddia edilir. Halbuki Elxanlılar dönəmində sənədləşmə işlərinin Uyğur yazısında aparıldığı istisna edilməklə orta çağlarda Türkcə rəsmi sənədləşmə işlərindən və məktəbdən uzaq tutuldu. Diqqət çəkən daha bir tarixi fakt: Quzey Azərbaycandakı xanların 18’in sonları – 19. yüzilin başlarında Osmanlı Dövlətinə yardım haqqında yazdıqları məktubların əksəriyyəti Fars dilindəydi!
[5] Mehmed Emin Resulzade, İran Türkleri, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s. 32.
[6] Məhəmməd Əmin Rəsulzadə, Əsərləri, II cild, 1909-1914, Toplayanı Şirməmməd Hüseynov, Bakı: Şirvannəşr, 2001, s. 476-479.
[7]Yusif Vəzir Çəmənzəminli, Əsərləri, III cild, Bakı: Avrasya Press, 2005, s. 334-335.
[8]Füyuzat, 1907, N 9, s. 140.
[9]Azərbaycan publisistikası antologiyası, Bakı: Şərq-Qərb, 2007, s. 124-125.
[10]Azərbaycan (Bakı), 12.11.1918.
[11]Азербайджан (Bakı), 01.11.1918.
[12] Nəriman Nərimanov, Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub), Bakı: Azərnəşr, 1992, s. 38.
[13] 1936’da Türk dilinin ‘Azərbaycan dili’nə çevrilməsi xüsusi mövzu olduğundan bu məqalədə toxunulmayacaq. Bu mövzu haqqında baxın:https://turkcudusuncebirliyi.com/detail?id=2
[14]C. Nəsibov, “Vətənimiz – ana Rusiyadır.” Azərbaycanın rusdilli məktəblərində istifadə olunan dərsliklər altıyaşlı birinci sinif şagirdlərimizə bu ideyanı təlqin edirlər”, Ayna, 9 may 1997.
[15] “Bakıda məktəblərin anadilli bölmələri bağlanır”, Milli.Az, 04.06.2016.
[16]Yenə orada.
[17]Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonundakı Rus məktəblərində oxuyan Ləzgi etnik azlıq arasında Rusiyaya meylin olması təəccüb doğurmamalıdır. Enində sonunda burada olası separatizm təhdidinin bir səbəbi də məhz yanlış təhsil siyasəti sayılmalıdır.
[18]К.Д. Ушинский, Избранные педагогические сочинения, т. 2, Москва: Учпедгиз, 1954, с. 642, 543.
[19]Öncə Azərbaycan bölməsinin səviyyəsini yüksəldin, sonra ‘Rus sektoru’nun bağlanmasını düşünün; ‘Rus sektoru’ bağlansa, Rusiya bizə qəzəblənər; Azərbaycan dilində kitab azdır; Rus dilini bilmək vacibdir, çünki Rusiya qonşumuzdur, əsas ticarətimizi də Rusiya ilə edirik; Azərbaycan Xalq Cümhuriyyətini quranlar Rusca təhsil alımışdılar, amma bu, onlara müstəqil dövlət qurmağa mane olmamışdı kimi tirajlanan fikirləri ciddiyə almadığımızdan üstündə durmağa da gərək görmədik.
[20] Baxın: https://turkcudusuncebirliyi.com/detail?id=8
[21]Mehmed Emin Resulzade, İran Türkleri, s. 31.
[22]Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı: Orxan, 2000, s. 203.
[23]Abdulla Mustofi, Şərhe zendegiye mən ya tarixe ectemai və edariye doureye Qacariyye, III cild, II hissə, Tehran, 1326, s. 178.
[24]Dədə Qorqud, N 2, 1980, s. 24.
[25] Bu zaman günlük danışıqda işlədilən Türk, Türk dili etnonimi və linqvoniminin yerinə, sənədlərdə və yazılarda bir qayda olaraq Azərbaycan xalqı, Azərbaycan milləti, Azərbaycan dili terminləri işlədilir. Bu, Sovet Azərbaycanında yenicə qəbul edilmiş Azərbaycanlı konseptinin hərəkat liderləri tərəfindən Güney Azərbaycanda kopyalanması cəhdi idi.
[26]Azərbaycan (Təbriz), 18 dekabr 1941.
[27]Yenə orada, 12 noyabr 1941.
[28]Yenə orada, 5 yanvar 1942.
[29]Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1984, s. 277-278, 329.
[30] Müqavilənin tam mətni üçün baxın: Əkrəm Rəhimli (Bije), Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946),Bakı: Meqa, 2003, s. 180-183.
[31] Cəlal Ale-Əhməd, Dər xedmət və xəyanəte rouşənfekran, c. 2, Tehran: Xarezmi, s. 138.
[32]Xandəniha, 11.09.1962, s.9.
[33]Cəlal Ale-Əhməd, Tatneşinhaye boluke Zəhra, Tehran, 1958, s. 43.
[34]Türk dili bölümü hazırda bir neçə universitetdə fəaliyyət göstərir.
[35] Geniş bilgi üçün baxın: Nesib Nesibli, Azerbaycan Tarihi: Millet, Devlet ve Siyaset, Ankara: Altınordu, 2019, s. 618-623.