İl 1905. Əli Bəy Hüseynzadə-Turan, millət doktrinində 3. prinsip olaraq Firəng qiyafətli olalım deyir. İki il keçmir bu prinsipi Firəng fikirli və Avropa qiyafətli olaraq dəyişdirir. Yəni Firəng fikirli olmadan sağlam, güclü, rəqabət edə biləcək millət olmayacağımızı deyir. Bunu bir yerə yazaq.
İl 1919. Əhməd Ağaoğlu Malta adasında həbs düşərgəsində olarkən İngilis əsgərlərindən çox həqarət görür. Fiziki baxımdan çox əziyyət çəkir, bir gözünü itirir. Amma Osmanlının və bütün Şərqin böyük savaşda məğlub olmasının səbəbləri haqqında düşünmək üçün zaman qazanır. Türk Dünyası fikir həyatına böyük qatqı olan məşhur Üç Mədəniyyət əsərini məğlubiyyətin travmasını yaşadığı belə bir ağır aylarda və şərtlərdə yazır. Adi məntiqlə İngilislərin təzyiq və təhqirləri qarşısında bu əsər İngilislərə, ümumiyyətlə Batı dünyasına lənətlə dolu olmalı idi. Batı imperializminə bir daha nifrət püskürməkdən daha faydalı məqsəd qoyur qarşısına. Batının gücü nədədir? Doğunun məğlubiyyətinin səbəbi nədir? Batının səviyyəsinə çatmaq üçün nə etmək gərəkdir? kimi həyati sualları özünəməxsus sərt üslubunda cavablandırır: “Batı hayatı bütünüyle bizim hayatımızın bütününə galebe çalmışdır. Bundan dolayı kurtulmak, yaşamak, varlığımızı devam ettirmek istiyorsak hayatımızın bütünüyle, -yalnız elbiselerimiz ve bazı müessiselerimizle değil- kafamız, kalbimiz, görüş tarzımız, zihniyetimiz ile ona uymalıyız. Bunun dışında kurtuluş yoktur.”[1]
İl 1952. Məmməd Əmin Rəsulzadə bir məqaləsində mədəniyyətlərin (sivilizasiyaların) coğrafi sahələrə görə təsnifini doğru saymır. Bu məsələyə münasibətdə şaquli yanaşmanın daha doğru olduğu fikrini müdafiə edir. Rəsulzadənin gəldiyi nəticə metodoloji önəmə malikdir: “Şərq mədəniyyəti ilə Qərb mədəniyyətindən deyil, Ortaçağ mədəniyyəti ilə Çağdaş mədəniyyətdən bəhs etmək lazımdır.”[2]
Örnək olaraq seçdiyimiz bu pasajlar Azərbaycan siyasi-fəlsəfi fikrində çağdaşlaşma məsələsinə diqqət çəkildiyinin əlamətidir. Bu örnəklərin yanında böyüklərimizin düşünməyə çağıran onlarla fikrini sıralamaq olar. Bu mövzuya həsr edilən bilmədiyimiz onlarla əsər vardır. Amma diplomlu Azərbaycan vətəndaşı Çağdaş dünyanı tanımlayan/xarakterizə edən parametrlər nələrdir? Niyə ümumi (dövlət idarəçiliyi, rifah, elm, təhsil, texnologiya, mədəniyyət…) səviyyəmiz Batı dünyasından aşağıdır? kimi suallara doğru-düzgün cavab vermək iqtidarında olmalıdır. Dünya mədəniyyət mərkəzləri ilə müqayisə etmək cürətimiz çatırsa, nədən bu geriliyimizin səbəblərini müzakırə etməyək?
İddialı məqsəd qoyduq. Problemin çətinliyinin və çoxtərəfliyinin fərqindəyik. Milli kimliyimizdə çağdaşlaşma, çağdaşçılıq məsələlərinin ələ alınması ilə kifayətlənək. Yazının səviyyəsi hətta bu dar çərçivəyə uyğun gəlməsə, amma müzakirənin açılmasına səbəb olacaqsa, istədiyimizə çatmışıq deyə biləcəyik.
‘Avropa möcüzəsi’ və Çağdaş dönəm
Dinin hər sahədə təkbaşına hakim olduğu 1000 illik “qaranlıq əsrlərdən” sonra Avropa tarixində bir-birinin ardınca Renessans/İntibah, Reformasiya/İslahat, Aydınlanma/Maarifçilik dönəmlərinin yaşanması bilinən ortaq gerçəkdir. Avropanın okeanlara açılması, dənizaşırı ticarət, sonrakı dönəmlərdə müstəmləkə sisteminin yaranması bu qitənin varlanmasına səbəb oldu. Odlu silaha keçid, hərb sənətinin gəlişməsi Batı Avropanı fərqli səviyyəyə daşıdı. İslam aləmi və Uzaq Doğunun yerində saydığı 1500-1700’lərdə güc qaynağı qurudan okeana (tellurokratiyadan talassokratiyaya) keçdi. 1700-1850 arasındakı dönəmdə Avropa güc dəngəsini birmənalı olaraq öz xeyrinə dəyişdi. 1850’dən sonra isə daxili yanma mühərrikinə dayalı sənayenin sürətli inkişafı (Sənaye İnqilabları dönəmi) Batının siyasi və mədəni üstünlüyünü möhkəmləndirdi. Beləcə ‘Avropa möcüzəsi’ və onun ortaya qoyduğu dəyərlər, buranı dünya sivilizasiyasının mərkəzinə çevirdi.[3] Avropa və Quzey Amerikada ərsəyə gətirilən dəyərlər mənfi atributlarları ilə birlikdə dünyaya yayıldı. Batının üstünlüyü qarşısında əzilən periferiya, qurtuluşu üçün Batı dəyərlərinə sahib olmaq yolunda hərəkətə keçdi. Bu hərəkat yerinə görə Avropalılaşma/Batılılaşna/Qərbləşmə və ya Çağdaşlaşma/Modernləşmə/Müasirləşmə adını aldı. Biz bu yazıda Çağdaşlaşma anlayışından istifadə edəcəyik.
Avropada inkişafın önünü açan, daha sonra özəlliklə Protestant Avropanı hakim duruma gətirən sürəci mümkün edən əsas daxili amilləri qısaca gözdən keçirək. Bu amillərin başında dövlətin kilsədən ayrılması gəlir. İctimai həyatın hər sahəsinə, eləcə də siyasətə hökm edən Roma kilsəsinin təkbaşına ağalığına son qoyuldu. Roma kilsəsi və Katolik məzhəbindən fərqli və müstəqil kilsələr və məzhəblər ortaya çıxdı. Kilsənin, ümumiyyətlə dinin rolunun mənəvi həyatla məhdudlaşdırılması ictimai həyatın digər sahələrində inkişafın önünü açdı.
Dini sxolastikanın sərhədləri darmadağın edildi, ifadə/söz azadlığı prinsipi zaman keçdikcə özünə yol açdı. Hazırda Batı mədəniyyətinin/sivilizasiyasının, eləcə də demokratik idarəçiliyin ən önəmli dəyərlərindən biridir. Bu prinsipin siyasi və ictimai həyatda oturuşması rasionalizmin/ağılçılığın və sorğulama kültürünün yayılması və təsbitinə təkan verdi. (Bu arada İslam aləmində tərs bir sürəcin getdiyini də göstərməliyik. 16. yüzilin sonlarından etibarən Osmanlı və Səfəvilərdə dinin rolunun artması və ictimai həyatın ifrat mühafizəkarlaşması baş verdi.)
Universitetlərin sayının artması və zaman keçdikcə daha artıq dərəcədə dünyəviləşməsi toplumun inkişafına böyük töhfə oldu. Özəlliklə universitetlərə muxtariyyət haqqının verilməsi bu institutun toplumun lokomotivi rolunu oynaması ilə sonuçlandı.
Avropada özəlliklə Fransada mütləq monarxiyanın yerləşməsi ilə bərabər, iqtisadi fəaliyyət sahəsində laissez-faire fəlsəfəsi və şəxsi mülkiyyətin müqəddəsliyi prinsipi də özünə yer etdi. Bu, daha sonralar demokratik idarəçiliyin oturuşmasının iqtisadi əsaslarını yaratdı. (Halbuki İslam aləmində əsas maddi dəyər olan torpaq Allaha, demək ki onun yerdəki kölgəsi hökümdara məxsusdur düşüncəsi və hüququ hakim idi.)
Roma kilsəsinin ictimai həyat üzərində inhisarının ləğv edilməsi, həm də dinin rəsmi dili olan Latın dilinin inhisarının aradan qaldırılması demək idi. Milli məzhəblər, milli kilsələr, milli dillərdə təhsil sistemi, milli dillərdə ədəbiyyat və s. Avropada modern millətlərin yaranmasına böyük təkan oldu (modernist məktəb millətlərin yaranmasını məhz bu sürəclə başladır). Millətçilik/milliyyətçilik də modernizmin məhsulu olaraq ortaya çıxdı.
Beləcə insanlığa yeni dəyərlər qazandıran Batı, dünyanın mədəniyyət/sivilizasiya mərkəzinə çevrildi. Batı, inkişafın hələlik yeganə doğru yolunu ortaya qoymuşdur. Son 500 ildə başqa bir inkişaf modeli olmamışdır. Bugünkü həyatımızı internet, bilgisayar, ağıllı telefon, televiziya, Facebook, Twitter, avtomobil, uçaq, texnika, texnologiyasız təsəvvür belə etmək çətindir.
Amma durum bu qədər təkrəngli deyildir. Qızılgülün tikanları da vardır. Batı, göstərilən dəyərlər toplusu ilə yanaşı həm də Asiya, Afrika və Amerika qitəsindəki məzlum xalqlara istismar, sömürgə, siyasi, iqtisadi, mədəni… təzyiq gətirdi. Bunun da adı imperializmdir.
Belə bir mürəkkəb dünyada indiki kiçik Azərbaycan (Azərbaycan Respublikası)[4] çağdaş dünya ilə nə qədər həmahəng addımlaya bilir?
Çağdaşlaşmanın harasındayıq?
Millət olaraq xarici görünüşümüzdə problem yoxdur, Avropalı ilə eyni görünüşə sahibik, qalstuk taxırıq. Hətta Bakılı xanımlar gözəl geyimi və baxımı ilə əcnəbiləri heyrətləndirirlər. Paytaxtın ümumi görünüşü, sayrışan işıqları göz qamaşdırır. Küçələri dolduran son model bahalı maşınlar qonşu ölkə paytaxtlarının heç birində yoxdur. Akademiyamız var, özü də milli elmlər akademiyası. Hər cür universitetimiz var. Dünya şöhrətli dedektiv yazıçımız da var… Dövlət olaraq BMT’də səsimiz var-lazım olanda istifadə edirik. Prezidentimiz, Baş Nazirimiz, İngiliscə danışan impozant görünüşlü neçə gənc nazirimiz var. Hakimiyyət multikultural siyasət yeridir. Daha nə olsun ki? Var da var…
Ölkələrin böyük-kiçikliyini, dövlətin gücünü müəyyən etmək üçün beynəlxalq münasibətlər nəzəriyyəsində müxtəlif parametrlərdən istifadə edilir. Ən yayğın və məntiqli ölçü vahidindən – ümum daxili məhsul (GDP) və adambaşına düşən milli gəlir göstəricilərindən başlayaq. Azərbaycan Respublikasının ümumi daxili məhsulu Dünya Bankının hesablamalarına görə 2020’də 42.607 milyard ABŞ dolları olmuşdur; adambaşına düşən gəlir isə 4.221 dollar. Müqayisə üçün təxminən eyni sayda əhaliyə malik olan İsveçdə həmin göstəricilər uyğun olaraq 541.220 milyard, adambaşına düşən gəlir isə 52.274 dollar. (Arzu edənlər başqa Avropa ölkələrindəki durumu göstərən rəqəmləri İnternetdən asanlıqla tapa bilər). İlkin müqayisə ölkəmizin iqtisadi baxımdan 12,7 dəfə (!) İsveçdən zəif olduğunu və orta statistik Azərbaycan vətəndaşının hər bir İsveç vətəndaşından 12,4 dəfə (!) kasıb olduğunu göstərir. Başqa sözlə, Azərbaycanın zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, iqtisadi inkişaf və rifah səviyyəsinə görə İsveçdən (və inkişaf etmiş başqa ölkələrdən) çox geridəyik. Bunu bir tərəfə yazaq.
Keçək siyasi sahəyə. Freedom House’un Doğu Avropanın kommunist rejimdən demokratik idarəçiliyə keçid dönəmini yaşayan 29 ölkəsi arasında son 30 ildə kəsintisiz apardığı müqayisəli analizlərin nəticələrinə baxmaq olar. (Freedom House’a etibar etməyənlər alternativ araşdırmalara baş vura bilərlər). Bu beynəlxalq təşkilatın 2021 üçün verdiyi rəqəmlər belədir: Azərbaycan, demokratik idarəçilik (NDG), seçki sistemi (EP), vətəndaş cəmiyyəti (CS), müstəqil media (İM), yerli idarəcilik (LDG), hüquq-məhkəmə sistemi (JFİ) və korrupsiya (CO) göstəriciləri üzrə Türkmənistanla birlikdə son sırada yer alır. 2021’də Azərbaycanın demokratiya əmsalı (DS) 1.07, demokratiya faizi (D%) isə cəmi 1%’dir (Türkmənistanda uyğun olarak 1.00 ve 0%). Türkmənistanla müqayisə bəzi dostların qüruruna toxunur. O zaman siyahının başaında duran keçmiş Sovet respublikası Estoniya ilə müqayisə edək. Bu kiçik ölkənin demokratiya əmsalı 6,04 (ən yüksək 7,0), demokratiya faizi isə 84’dür. Ümimiləşdirici parametrə görə Azərbaycanda oturuşmuş avtoritar rejim [consolidated authoritarian regime] hakimdir.[5] Bu idarəçilik formasını da modern saymaq heç mümkün görünmür. Demokratik idarəçiliyin siyasi, sosial və iqtisadi inkişaf üçün ən uyğun amil olduğunu da hamımız bilirik. Milli yaradıcılığın ən yüksək forması dövlət quruculuğudur düsturunu da bir başqa yerə yazaq.
İqtisadi və siyasi baxımdan ölkədə durumun ürəkaçan olmadığı, bu sahələrdə geridə qaldığımız ortadadır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrindəki durumu göstərmək üçün bir neçə fakta diqqət yetirək. Bu ilin büdcəsində nəzərdə tutulmuş elm xərcləri (202 mln manat) ümumi daxili məhsulun yalnız 0,2%’i təşkil edir. Ölkənin heç bir universiteti dünyadakı ilk 500 universitet siyahısına düşmür. Adıçəkilən sahələrdə çalışanların aylıqlarının analoqu olmayacaq şəkildə azlığı, günlük normaya çevrilmiş korrupsiyanın mövcudluğu, deyilən sahələrə ayrılan büdcə vəsaitlərinin tarmar edilməsi, bu sahələrdə ləyaqət və ədalət dəyərlərinin yoxluğu… elmin, təhsilin, səhiyyənin, mədəniyyətin aşağı səviyyədə olmasını şərtləndirir. Bu sahələrdəki acınacaqlı durum səbəbindən elm adamları xaricə köçürlər, normal təhsil almaq üçün gənclər yenə xaricə üz tuturlar, xəstələr müalicə üçün İranı belə daha uyğun yer sayırlar. Nəhəng neft gəlirləri şansından, tariximizdəki ikinci neft bumundan istifadə edərək heç olmasa pulsuz təhsil sistemi və normal tibbi sığorta sistemi belə yaradılmadı. Təhsil və səhiyyə ailənin gerçək gəlirinə görə inanılmaz bahadır, heç olmasa orta səviyyədə olaydı…
Milli şüura malik, vətəninə bağlı hər bir fərd bu geriliyin fərqindədir. Rəsmi təbliğat nə qədər liderlikdən, inkişafdan (“daha da inkişafdan”), islahatdan (“növbəti islahat paketindən”) bəhs etsə də bəsit müqayisə qabiliyyəti olan hər kəs durumun vəhşətini anlayır. Anlayır ki “millətlər yarışında uduzan tərəf olmaq” (Həsən Bəy Zərdabi) həyati təhlükə daşıyır.
Şübhəsiz, modern görünüşlü infrastruktur və tikililəri örnək gətirərək əks fikirdə olanlar da vardır (muzdlu təbliğatçıları heç saymırıq). Modernizmi ehtiva edən dəyərlər (əmək bölgüsü, düşüncə/ifadə azadlığı, rasionalizm, sorğulama kültürü…) olmayan yerdə geridə qalmaq labüddür. Mahiyyətə varılmırsa uzaqbaşı formada, görünüşdə təskinlik tapacağıq.
Çağdaşlaşma üçüncü dünya ölkələrinə bir qayda olaraq özü ilə bərabər kosmopolitizm gətirir. Toplumun (özəlliklə yaradıcı insanların) az bir qisminin kosmopolit olması bəlkə də normaldır, hətta faydalı da sayıla bilər. Amma kosmopolitizmin hakim cərəyana çevrilməsi bir fəlakətdir. Kosmopolitizm, akkulturasiya, manqurdluq və ya kültür dəyişməsi bəşər tarixində nadir görünən hadisədir və sonunda millətin yoxluğuna səbəb olur.
Halbuki kültürün çağdaşlaşması deyilən yayğın hadisə də vardır. Bu, təməldən, mahiyyətdən, kökdən ayrılmadan yeni, modern şəkil almaqdır. Bizdə Üzeyir Hacıbəylinin xalq musiqisini notlaşdırmasıdır; Cəfər Cabbarlının Sevilinin modernləşməsidir; Alim Qasımovun muğam ifasıdır…
Zamanında Əhməd Ağaoğlu çağdaşlaşmanın milli mədəniyyətləri (kültürləri) aradan qaldıracağı, ya da ona zərbə vuracağı əndişəsi daşıyanlara bu düşüncənin əsassız olduğunu uzun-uzun izah etmişdir. Yuxarıda adıçəkilən məşhur Üç Mədəniyyət’də eyni Batı mədəniyyətində yer almış Rusların, Fransızların, İngilislərin və İtalyanların kültürlərinin nə qədər fərqli olduğunu örnək gətirir. Bu kültürləri təhdid edən təhlükənin olmadığını bildirir. Ağaoğlu iddia edir: “Milli şahsiyeti [özəlliyi, kimliyi] yalnız hareketsizlik öldürür. Gerek fertlerde ve gerek milletlerde hayat, ne kadar koyu ve kuvvetli ise, şahsiyet de o nispette ziyadedir. Kalbinin heyecanlarını yeni ahenklerle söylemeyen, zeka ve dimağının [təfekkürünün] mahsulleriyle insanlığa verimli kılmaya kudretli olamayan, faaliyetinin meyvelerini genel pazara çıkaramayan [bəşər mədəniyyətinə qazandırmayan] cemiyetler hangi şahsiyetten, hangi özlükten söz edebilirler.”[6]
Təqlid/yamsılama bir başqa fəlakətdir. Bu sahədə ən həssas təcrübəni Sovet dönəmində yaşadıq. Formaca dəyişdik, “Firənk qiyafəli olduq.” (Əli Bəy Hüseynzadə). Görünüşdə “heç kəsdən geridə deyilik” imajı verməyə çalışdıq. Sovet dövlətinin tələblərinə uyğun olaraq mərkəzdə olanın kiçik variantı ölkəmizdə yarandı. Amma daha keyfiyyətsiz və anlamsız şəkildə.
Bu böyük bəla – təqlid, bağımsızlıq dönəmində də davam etdi. Danışıq və yazı dilinin yad sözlərlə doldurulması bu təqlidə bir nümunədir. Başqa bir nümunə milli və modern təhsil sisteminin yaranması zərurətinə millət və dövlət olaraq önəm verməməkdir. Televiziya və günlük həyatımızdakı açıq-saçıqlığı müasirlik saymaqdır. Milli dəyərlərə və millətçiliyə düşmən kəsilməkdir…
Sanki Batının çağdaş dəyərlərini alarkən yolda bu dəyərlər mənasını, mahiyyətini itirir. Sirus Təbrizlinin Sovet dönəmindəki müqayisəsi indi də keçərlidir. Elmimiz normal elmə, ədəbiyyatımız normal ədəbiyyata… karikaturadır deyirdi Sirus Təbrizli. İndi də Milli Məclisimiz demokratik dövlətlərdəki parlamentin, seçki sistemimiz az-çox dərəcədə normal sayılacaq seçkinin, məhkəmə-hüquq sistemimiz ədalət anlayışının, universitetimiz qabaqcıl dünyadakı elm-təhsil ocaqlarının… karikaturasıdır.
Bu arada tablonu tamamlayan tarixi təcrübəyə də diqqəti çəkək. Avropa təzyiqlərinə və imperializminə qarşı duruş gətirmək, Batı dəyərləri qarşısında əzilməmək üçün Müsəlman Doğusunda özünə qayıdış cəhdləri də olmuşdur. Osmanlı tarixindən bir ibrətli örnək verək. 1595’dən 1700’ə qədər sürən ənənəvi düzənə dönmə fəaliyyətləri uğursuzluqla sonuçlandı. Daha sonrakı xeyli dərəcədə gecikmiş əskidən yeniyə keçid cəhdi natamam olmasına baxmayaraq labüd məhvi önləmiş oldu.[7] İranın keçmişdə qalmış fundamentalist dəyərləri geri gətirməklə imperializmi dizə çökdürmək cəhdi başqa bir ibrət dərsidir. Ayətüllah Xomeyni, Əli Şəriəti və başqa fundamentalist ideoloqların geniş təbliğ etdiyi və milyonlarla insanı hərəkətə gətirən özünə qayıdışın İran İslam Cümhuriyyəti adlı uğursuz bir praktika ilə nəticələndiyinin şahidiyik.
Sonuç
Avropa/Batı modernizm dönəmində əskiləşmiş dəyərlərdən qurtardı, gəlişdi, dünyaya hakim kəsildi. İndi Batı düşüncəsi post-modernizmdən bəhs edir, modernizm dəyərlərini yerdən yerə vurur. Böyük Sabir sağ olsaydı, “…biz hələ modernizm nədir bilməyiriz” deməzdimi?
İkinci neft bumu və yüz milyardlarla neft dollarının ölkəyə gəlişi Azərbaycanı 21. yüzilə daşımadı. Bu milyardlar paypuç edildi. Halbuki bu keçidin lokomotivi elm-təhsil, universitetlər olmalı idi. Təqlid yolu seçən iqtidar milli kültürün gəlişməsinə deyil, multikulturalizm deyilən əcaib siyasətə güc verdi. Məqsəd Batının gözündə mütərəqqi, liberal hakimiyyət görüntüsü yaratmaqdır. Halbuki daha səmərəli yolla getmək olardı. Tarixi missiyanı (1918-1920) yeni şərtlərdə gerçəkləşdirmək olardı. Bu şans hələ də qalır: 100 ildən sonra Azərbaycan yenidən Türk-İslam dünyasının demokratik, laik, rifah dövlət modelini ortaya qoya bilər.
Twitter, Facebook, Telegram kimi sosial media vasitələrinin həyatımıza daxil olması; ifadə azadlığı adlı anayasal haqqın gerçəkləşməsi üçün geniş imkanlar açır. Bu, fövqəladə böyük önəmə sahib bir fenomendir – yüzillərin problemi çözüm yoluna girmişdir! Mövcud hakimiyyətin modern dünyanın gətirdiyi bu imkanı heçə endirmək cəhdi anlaşılandır, amma uğursuzluğa məhkumdur. Yüzminlərlə vətəndaşın sərbəst düşünmək və düşüncəsini azad ifadə etmək haqqına qarşı bu azadlığı dar çərçivəyə soxmaq istəyən qurumlar və trol sürüsü durur. Əbəs cəhddir. Bu, milyonlarla ölçülən vəsaitin göyə sovrulmasıdır. Çünki cin artıq şüşədən çıxmışdır.
Ailədə, toplumda, ümumiyyətlə ölkədə sorğulama kültürünün yaranması çox önəmli problem olaraq qalır. Bu, çağdaşlaşmanın məhək daşlarından biridir. Çünki “sorğulamayan insan cahildir, sorğulatmayan isə zalim.” (Mustafa Kamal Atatürk).
Min təəssüf, hakim Yeni Azərbaycan Partiyası 29 illik təkbaşına hakimiyyəti dönəmində yeni, modern Azərbaycanı qura bilmədi. Köhnə Azərbaycandakı köklərindən qurtulmadı. Doğrudur, fasadı bir qədər dəyişdirə bildi, amma mahiyyətini yeniləyə bilmədi. Yeni Azərbaycanı qurmaq vəzifəsi yeni siyasi gücə qaldı. Azərbaycanın, geriliyini anlayıb çağdaş dünya ilə önündə-sonunda həmahəng irəliləməyə çalışacağına inanmaq istərdik. Ancaq inkişaf etmiş çağdaş Batı ilə kasıb, geridə qalmış Azərbaycan arasında uçurumun azalacağı ümidinin yaranması azdır. Ölkənin geridəqalmışlıq bəlasından qurtarması haqqında əsaslandırılmış cəsur nəzəriyyələrin və gerçək fəaliyyətlərin olması gərəkdir. Ata-babalarımız kimi qəflətdə olmamalıyıq. Çağa uymaq zorundayıq. Millətlər yarışında uduzan tərəf olmamalıyıq.
[1] Ahmet Ağaoğlu, Üç Medeniyet, İstanbul: Doğukitabevi, 2013, s. 25.
[2] Azerbaycan, Yıl 1, Sayı 8, Kasım 1952; Mehmet Emin Resulzade, Milli Tesanüd, Ankara: Kardeş matbaası, 1978, s. 22.
[3] Ayrıntılı bilgi üçün bu örnəklərə baxmaq olar: William H. McNeill, The Rise of the West. A History of the Human Community, Chıkago: University of Chikago Press, 1963, p. 565-794; Paul Kennedy, The Rıse and Fall of the Great Powers, New York: Vintage Books, 1989, s. 16-30.
[4] Bu yazıda Quzey Azərbaycanda çağdaşlaşma məsələlərini ələ alacağıq. Güney Azərbaycan borcumuz olsun.
[5] https://freedomhouse.org/sites/default/files/2021-04/NIT_2021_final_042321.pdf
[6] Ahmet Ağaoğlu, Üç Medeniyet, s. 27.
[7] Niyazi Berkes, Türkiye’de Çağdaşlaşma, İstanbul: YKY, 2013, s. 42 və sonrakı bölümlər.