Azərbaycanda Türkçülük mövzusunda sistemli elmi-nəzəri araşdırmaların aparılmaması üzündən düşüncə həyatımızda böyük bir boşluq yaranmışdı. Bu boşluğu doldurmaq, düşüncə həyatımızdakı qarışıqlıq və qaranlığı aydınlatmaq üçün, 20 sentyabr 2023-cü il tarixində Türkçü Düşüncə Birliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Birinci Türkçülük Çalışmaları” təşkil edilmişdir.
Azərbaycan Türk düşüncə taixinin ilk Türkçülük sempoziumu olan “Birinci Türkçülük Çalışmaları” Azərbaycanda Türk millətinin problemlərini ortaya çıxartmaq, bu problemlərin çözüm yollarını tapmaq, problemləri milli gündəmə daşımaq məqsədi ilə həyata keçirilmişdir.
Türkçülük Çalışmalarının birincisi üçün üstünlük verilmiş mövzular:
– Azərbaycanda Türk millətinin əsas problemləri; tək etnonim məsələsinin önəmi; millət, milliyət, etnik azlıq anlayışları;
– Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün gərəkənlər;
– Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi;
– Tarixi qəhrəmanlarımız sahəsində indiki durum; tarixi qəhrəman anlayışının parametrləri; bu siyahıda yer alacaq həqiqi qəhrəmanlarımız;
– Milli günlərimiz və simvollarımız mövzusunun önəmi; bu sahədəki əskiklərimiz;
– Türkçülük-çağdaşçılıq münasibətləri;
– Türkçülüyün İslama münasibəti;
– Turançılığın mahiyyəti; Türk Dünyasında bütünləşmənin problemləri və gələcəyi.
Qeyd edilən mövzularla bağlı məruzələr dinlənilmiş, vurğulanan sorunlar ətrafında dartışmalar aparılmışdır.